Rumıniyanın “News24hours” xəbər portalı Ermənistan təxribatı barədə məqalə yayıb

 

Rumıniyanın nüfuzlu "News24hours.ro” xəbər portalı Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun "Ermənistanın növbəti təxribatının arxasında nə dayanıb?” sərlövhəli geniş məqaləsini dərc edib. Məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın mövqelərini atəşə tutduğu, cavab atəşi nəticəsində Ermənistanın hücumstrateji əhəmiyyətli yeni ərazilərin ələ keçirilməsi cəhdinin qarşısının alındığı vurğulanıb. H.Nəcəfov Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə atəş açdığını və 12 hərbçimizin həlak olduğunu, habelə məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki insanları hədəfə aldığını, 76 yaşlı mülki şəxsin həlak olduğunu, çox sayda yaralıların olduğunu bildirib. Bu təxribatın düşünülmüş təcavüz aktı kimi qiymətləndirildiyini bildirən diplomat Ermənistanın bu yolla Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışdığını, regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərdiyini, üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatı Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışdığını, eyni zamanda, Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərdiyini və gərginlik yaratmaqla Ermənistanın ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışdığını qeyd edib. Azərbaycanın Tovuz rayonunun böyük regional layihələrin icrası baxımından strateji əhəmiyyətə malik olduğu, Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə töhfə verməklə Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün bütün infrastrukturun bu bölgədə yerləşdiyi qeyd edilərək, dövlət sərhədinin bu hissəsində strateji yüksəkliklərin ələ keçiriləcəyi təqdirdə, Ermənistanın Azərbaycan üçün əhəmiyyətli enerji və nəqliyyat kommunikasiyalarını təhdid edə biləcəyi vurğulanıb. Bundan əlavə, Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasının bəndini raket zərbələri ilə məhv etmək təhlükəsinin dəfələrlə ifadə olunduğu, Naxçıvana və Azərbaycanın digər ərazilərinə iddiaların irəli sürüldüyü diqqətə çatdırılıb.

Məqalədə Ermənistanın təxribatlarına qarşı Bakının mərkəzində, eləcə də respublikamızın digər şəhər və rayonlarında Azərbaycan Prezidentinə və Milli Ordumuza dəstək yürüşlərinin keçirildiyi, 50 mindən çox Azərbaycan vətəndaşının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edərək könüllü şəkildə orduda xidmət etmək və hərbi əməliyyatlarda iştirak etmək arzusunda olaraq qeydiyyatdan keçdiyi bildirilib. Son günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Ermənistanın təxribatlarına qarşı keçirdikləri etiraz aksiyaları barədə məlumatlar öz əksini tapıb. Qeyd olunub ki, Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiyaqeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Həmçinin, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünün və sərhəddə törətdiyi təxribatların bütün hüquq normalarına zidd olduğu, Ermənistanın BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonunu işğal etdiyi, bu ərazilərdə yaşayan bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, BMT Təhlükəsizlik Şurasının münaqışə ilə bağlı qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının bir daha təsdiq edildiyi, erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyi, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırıldığı diqqətə çatdırılıb. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən çoxsaylı sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin əks olunduğu qeyd edilib. Ermənistanın sərhəddə törətdiyi təxribatların rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutu kimi dəyərləndirilib və bu təcavüz aktının məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı layiqli cavab zərbəsi ilə sərhədlərimizin toxunulmazlığını və mülki əhalinin qorunmasını təmin etdiyi vurğulanıb.

 

 

Azərbaycan.-2020.- 29 iyul.- S.5.