Avstraliya qəzeti
ermənilərin “ASALA” terror təşkilatını
bərpa etmək niyyətindən yazır
Avstraliyada ingilis dilində nəşr olunan "Turkish news press” qəzeti Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) bu ölkənin federal parlamentinə müraciəti əsasında ermənilərin "ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, "ASALA” qayıdır!” adlı məqalədə iyulun 12-dən 16-dək Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatla bağlı dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin bu ölkələrdəki azərbaycanlılara qarşı təcavüz və vandalizm aktlarına dair məlumatlara geniş yer verilib. Qeyd edilir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiya zamanı erməni gənclərin üzərində "ASALA” ("Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) yazılmış köynəklər geyərək hərəkət etməsi barədə internetdə yayılan fotolar böyük narahatlıq doğurur. Həmin aksiya zamanı 3 mindən çox erməninin polis səddini aşaraq oradakı 50 azərbaycanlıya hücum etməsi avstraliyalı oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, bu hücum nəticəsində ağır xəsarət alan altı nəfər, o cümlədən azərbaycanlı qadınlar xəstəxanaya yerləşdiriliblər. Buna bənzər cinayətlər Avropanın müxtəlif şəhərlərində də törədilib. Hazırda Los-Anceles polisi həmin hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.
Məqalədə iyulun 12-dən sonra internetdə Avropanın bir çox şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə hücum etməsi barədə çoxsaylı videoların olduğuna diqqət yönəldilir. Qeyd olunur ki, həmin videolarda ermənilərin dinc azərbaycanlıları izləməsi və onlara xəsarət yetirməsi aydın görünür.
Yazıda uzun müddət dünya ölkələrində törətdiyi terror aktları ilə tanınan "ASALA” təşkilatı barədə ətraflı məlumat da öz əksini tapır. Diqqətə çatdırılır ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü ildə tərtib etdiyi "Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında bu təşkilatın törətdiyi cinayətlər barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1980-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində türk diplomatlara qarşı terror aktı törədilib. Həmin cinayətlərə görə məsuliyyəti "ASALA” öz üzərinə götürsə də, heç kim həbs olunmayıb.
Vurğulanır ki, həmin hadisələri bu gün də yaxşı xatırlayan Avstraliyanın türk və Azərbaycan icmasının üzvləri bu ölkənin hökumət strukturlarını, yerli əhalini, deputatları sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa çağırırlar.
Məqalədə, həmçinin Ermənistandan Azərbaycana qarşı işğalçı siyasəti dayandırması, qonşu dövlətlərin əraziləri hesabına "Böyük Ermənistan dövləti” yaradılmasına xidmət edən siyasətindən əl çəkməsi tələb edilir. Qeyd edilir ki, bu regionda və bütün dünyada sülhün bərqərar olması məhz Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.
Məqaləyə
erməni vandalizmini təsdiqləyən fotolar da əlavə
olunub.
Azərbaycan.-2020.- 29 iyul.- S.5.