Qobustan
və İsmayıllı rayonları əsl inkişaf
dövrünü yaşayır
Üç
korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri
olan yeni modul tipli xəstəxana istifadəyə verildi
İyulun
29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi
üçün nəzərdə tutulan modul tipli xəstəxananın
açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin
başçısına modul tipli xəstəxanada
yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.
Bu korpus zərurət olmadıqda – yəni, pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.
Qeyd edək ki, Prezident
İlham Əliyevin müvafiq
tapşırıqlarına əsasən, pandemiyanın
qarşısının alınması, əhalinin
sağlamlığının qorunması məqsədilə
həyata keçirilən önləyici kompleks
tədbirlər çərçivəsində ölkə ərazisində
ümumilikdə 10 modul tipli
xəstəxana kompleksinin
quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki
Tibbi Mərkəzdə ilk,
iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində
Birləşmiş Şəhər Xəstəxanasının,
1 saylı Sumqayıt Şəhər Xəstəxanasının
və Abşeron rayonunun
Saray qəsəbə xəstəxanasının,
iyunun 24-də 1 saylı Gəncə
Şəhər Xəstəxanasının modul
tipli infeksion xəstəliklər
korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə
verilib. Növbəti modul
tipli infeksion xəstəliklər
korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi
xəstəxanalarının yaxınlığında
quraşdırılaraq onlara təhkim olunur ki, bu
da koronavirus xəstələrinin
lazımi tibbi xidmətlərlə əhatə
olunması üçün vahid idarəetməni və tibbi
koordinasiyanı təmin edir.
Azərbaycan.-2020.- 30 iyul.- S.2.