Qalibiyyət üçün birlik, dəstək və məsuliyyət əsas şərtlərdir

 

"Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir. İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir. …Gənclərdən bir şey tələb olunur ki, onlar yaxşı oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər”.

 

 

İlham ƏLİYEV

 

 

 

Son illər Azərbaycan xalqının siyasi həyatında baş vermiş bütün müsbət dəyişikliklərin, o cümlədən müstəqilliyin möhkəmlənməsində xalqın həmrəyliyi və dəstəyi həlledici mahiyyət kəsb etmişdir. Şübhəsiz ki, ölkəmizdə xalq və hakimiyyət arasında belə bir sistemli tandemin təşkili və siyasi idarəetmədə tətbiqi nümunəsinin banisi Ulu Öndər Heydər Əliyev olmuşdur.

Bu tandemin təməli 1993-cü ilin 8 iyununda Azərbaycanda yaranan daxili siyasi proseslərin müstəqilliyimizi qorumaq və həmçinin dövlət idarəçiliyində düzənin pozulmasına yol verməmək məqsədilə Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin respublika televiziyasından xalqına müraciəti və öz növbəsində vətəndaşlarımızın Ümummilli Liderə tam dəstək nümayiş etdirilməsi ilə qoyulmuşdur. Daha sonra ölkədə hərbi-siyasi şəraitin kəskinləşməsi, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzkar həmlələrin genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli növbəti müraciəti və xalqın yekdilliklə həmin müraciətə adekvat cavab verməsi artıq xalq və hakimiyyət arasında sarsılmaz birliyin tam bərqərar olmasına rəvac vermişdir. Ulu Öndərin siyasi baxışlarını ən yüksək səviyyədə mənimsəyən və çağdaş dövrün tələblərinə uyğun onları məharətlə tətbiq edən Prezdent İlham Əliyevin siyasi strategiyası da bu baxımdan göz oxşayır. Dövlət başçısının ən mürəkkəb vəziyyətlərdə etdiyi bütün siyasi manevrlərdə yalnız xalqın dəstəyinə və inamına arxalanmaq kimi ənənəvi tendensiya yerlidünya mətbuatının diqqətini cəlb etməkdədir.

Son günlər işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə təxribatlar törətməsi, Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa nəzarəti və göstərişləri ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatçı həmlələrini darmadağın etməsi, atəş nöqtələrini, zirehli texnikasını, canlı qüvvəsini sıradan çıxarması xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Ordumuza dəstək ifadə etmək istəyən xalqımızın, onun gələcəyi olan gəncliyimizin üçrəngli bayrağımıza sarılaraq yürüşlərə çıxması Ali Baş Komandana, o cümlədən Silahlı Qüvvələrimizə olan sevginiböyük inamı bütün dünyaya nümayiş etdirdi.

Lakin Azərbaycanın iki cəbhədə - işğalçı Ermənistanla bərabər, bütün dünyanı çənginə almış COVID-19 epidemiyası ilə savaşdığını nəzərə alsaq, hər bir vətəndaşın məsuliyyətli davranışı daha zəruridir. Çünki sözügedən pandemiyanın hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda dəstək aksiyalarının keçirilməsi, minlərlə insanın bu hərəkata qoşulması virusun daha geniş yayılması üçün əlverişli mühit yaradır.

Doğrudur, Azərbaycanda qısa zamanda pandemiya ilə əlaqədar idarəçilik mexanizmi formalaşdırılmış, yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi müəssisələrin qorunması üçün vəsaitlər ayrılmışdır. Bu gün koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Bu xəstəxanaların 36-sı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə inşa edilmişdir. Pandemiyanın yayıldığı qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilmiş, əlavə olaraq koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunmuşdur. Ölkədə xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən çoxdurbu rəqəm davamlı olaraq artırılır. Həmçinin qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatı ölkəyə gətirilmişdir. Ən müasir ECMO cihazlarının sayı artırılmış, əhaliyə evlərdə xidmətin yüksək səviyyəli təşkili üçün xaricdən sifariş olunmuş 84 avtomobil alınaraq tibb müəssisələrinə paylanılmışdır. Əgər fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idisə, indi laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Məhz görülən işlərin, həmçinin əhalinin maarifləndirilməsinin nəticəsidir ki, son dövrlərdə yoluxanların sayında stabillik əldə edilmiş, sağalanların sayı artmağa başlamışdır.

Lakin proseslərin müsbət istiqamətdə inkişafı insanlarımızın, o cümlədən gənclərimizin məsuliyyətindən çox asılıdır. İyulun 14-də keçirilən aksiyada lazımi məsafənin gözlənilməməsi, bəzi hallarda maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmasların adi hala çevrilməsi kimi davranışlar, şübhəsiz ki, gözəgörünməz düşmənin sürətli hücumu və insanların kütləvi yoluxması ilə nəticələnə bilər.

Bu baxımdan daşıdığımız gənc ziyalı statusu üzərimizə bu məsələ ilə əlaqədar topluma davamlı maarifləndirici müraciətlər etmək kimi ümdə məsuliyyətlər formalaşdırır. Kütləvi yürüşlər hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirir. Həmçinin hər kəs şəhidlərimizi son mənzilə ehtiramla yola salmaq arzusu ilə alışır. Lakin vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara kütləvi şəkildə toplanması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan izdiham virusun yayılma sürətini daha da artırır. Bu, daha acı nəticələrə gətirə bilər. Gözəgörünməz düşmənin məğlub edilməsi naminə hər birimiz məsuliyyətli vətəndaş olaraq qaydalara riayət etməliyik. Bununla həm də dəfn mərasimlərində iştirak edən hərbçilərimizin yoluxmasının qarşısını almış olarıq. Axı onların qarşısında vətəni qorumaq, qələbə qazanmaq kimi daha müqəddəs vəzifələr durur.

 

Famin SALMANOV,

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

 fizika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2020.- 30 iyul.- S.6.