Vətəndaşlıq borcu

 

"Bizim nəslin üzərinə daha çox oxumaq və mübariz ruhlu olmaq düşür”

 

 

G.Əsgərova adına Bakı şəhər 200 saylı tam orta məktəbi 2018-ci ildə fərqlənmə ilə bitirərək, 671 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin ingilisdilli maliyyə ixtisasına daxil olmuşam. Universitetin həm əlaçısı, həm də ən yüksək nəticələr əldə etmiş tələbələri arasında keçirilən "TOP-15” müsabiqəsinin 2 dəfə qalibiyəm.

Təhsil ocağında oxuduğum dövrdə "Rabitəbank” ASC tərəfindən "Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolumövzusunda keçirilən esse müsabiqəsinin qalibi və təqaüdçüsüyəm.Eyni zamanda yay tətili müddətində bankın "Marketinq”departamentində təcrübədə olmuşam. Bir çox yüksəkreytinqli dünya universitetlərinin kurslarında iştirak edirəm, biliklərimi artırmaqdayam. Bunlarla yanaşı, paralel olaraq seçdiyim ixtisasa uyğun Beynəlxalq ACCA F3 (maliyyə uçotu) imtahanında da 91 faizlik nəticə göstərməklə sertifikatlar əldə etmişəm.

Təhsildə dil biliklərinin çox böyük əhəmiyyəti var. Təhsil ingilis dilində olduğundan rus,türk dili, eləcə də ərəb qrafikalı əski Azərbaycan əlifbasını öyrənirəm. Boş vaxtlarımda əsas hobbim kitab oxumaqdır.İqtisadi,siyasi,tarixi mövzularda olan araşdırma yazılarına xüsusi maraq göstərirəm. Dünya iqtisadçılarının elmi məqalələrini müntəzəm olaraq mütaliə edirəm.

Bütün bunları söyləməklə, heç də üzərimə düşən vəzifəni bir gənc və tələbə kimi yerinə yetirməyə çalışmağımı nəzərə çarpdırmıram. Bu gün bəşəriyyət özünün yeni iqtisadi, siyasi dönəmini yaşamaqdadır. Eramız informasiya və texnologiyaların necə mənimsənilməsi və onlardan səmərəli istifadə etməklə Yer kürəsini gözlənilən bəlalardan xilas etməkdir. Buna görə də biz gənclərin üzərinə daha çox oxumaq, bilmək və mübariz ruhlu böyümək kimi missiya düşür.

Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaz daim Avropa və əslində, dünya üçün maraqlı region olub. Burada siyasi, iqtisadi baxışlar daim toqquşub. Ona görə də istər milli, istərsə də məhəlli və ya etnik münaqişələrlə bölgəni daim təhlükə altında saxlayıblar. Dünyanın böyük gücləri hesab olunan, hegemonçuluq siyasətindən əl çəkməyənlərin iddiası respublikanı da bu münaqişələrə cəlb edib. Ermənistanın illərdir ki, əl çəkmədiyi Dağlıq Qarabağ iddiası fonunda süni şəkildə yaratdığı münaqişənin hər iki tərəfə sarsıdıcı zərbə olması danılmaz faktdır. Ermənilərin saxta göz yaşları Avropanı inandırsa da, region dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr olduğu dövlətlərin rəsmiləri yaxşı bilirlər ki, Azərbaycan təcavüzə məruz qalan tərəfdir. Lakin 1994-cü ildən imzalanan atəşkəs bu gün də Ermənistan tərəfindən birtərəfli şəkildə pozulur. Təəssüf ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları bu ikili siyasətə susqunluqla yanaşır, yaxud təcavüzkarla ərazisi işğala məruz qalanı ayırmaqda maraqlı görünmürlər. İyul ayının 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu ərazisinə yaxın dövlət sərhədini pozan Ermənistan təxribata əl ataraq, sərhəd məntəqəsində hərbçilərimizi ağır artilleriya ilə atəşə məruz qoydu. Nəticə cavabsız qalmasa da, əsgər və zabitlərimizin, hətta generalımızın qəfil hücum nəticəsində qətlə yetirilməsi haqlı olaraq Azərbaycanın vətənpərvər gənclərini ayağa qaldırdı. Əlbəttə, bir gecənin içərisində on minlərlə gəncin öz dövlətini, torpağını düşməndən qorumağa səfərbər olması, milli hisslərin coşması bu ölkədə vətənpərvərliyin daim diqqətdə saxlanması deməkdir. Ali Baş Komandanın razılığı ilə könüllü olaraq səfərbərliyə qoşulan gəncliyimiz xalqımızın qürur hissini birə-min artırdı!

Bütün bu qürurverici hallarla yanaşı, yenə də 1990-cı illərdə olduğu kimi, Azərbaycanın inkişafını istəməyən, daxildə parçalanmaya səbəb olacaq siyasi avantüraya çağırışlar eşidildi. Xalq-hakimiyyət birliyi isə buna imkan vermədi. Mitinq-yürüşçülərin qaynar hisslərindən istifadə edən bir qrup təxribatçının çox utancverici və məyusluq yaradan hərəkətləri geniş ictimaiyyət tərəfindən pisləndi. Əlbəttə, onlar törətdikləri cinayətin məsuliyyətini daşıyacaq və layiq olduqları cəzanı alacaqlar. Belə gənclər sanki Azərbaycan mühitində deyil, hansısa bir dövlətin ideloji silahından bəhrələndiklərini, öz ölkəsinə düşməncəsinə yanaşdıqlarını göstərdilər.

Lakin biz gənclər elələrini heç vaxt öz sıralarımızda görmək istəməzdik! Biz Vətən uğrunda canından şərəflə keçən şəhidlərimizin müqəddəs ruhlarına borcumuzu qaytarmaq üçün düşməni məhv etməliyik, gücümüzü, qüdrətimizi ön cəbhədə göstərməliyik. Buna qadirik! Ali Baş Komandanımızın söylədiyi kimi, "Biz birlikdə qalibik!”

Bu gün şəffaflıq, bürokratik maneələrin aradan qaldırılması, haqq-ədalət normalarının qorunması, vətəndaşlara layiqli xidmət Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərini təşkil edir.

 

Nihad PAŞAZADƏ,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Azərbaycan.-2020.- 30 iyul.- S.6.