Bizə şərəfli vəzifə
tapşırılıb
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan olunmuşdur. Bu qərar ölkə gəncliyinə qayğı və diqqətin, eyni zamanda böyük inam və etibarın parlaq nümunəsidir. Hər kəsə məlumdur ki, son illər ölkəmizin ictimai-siyasi və sosial həyatında könüllülər hərəkatının fəal rolu cəmiyyətdə böyük məmnunluq yaradır.
Dövlət başçısının Mingəçevirə gerçəkləşən səfərinin yaratdığı xoş ovqat nur şəhərində görüşlərin, söhbətlərin hələ də əsas mövzusu olaraq qalır. Prezident İlham Əliyev şəhərimizdə uğurla davam etdirilən tikinti, abadlıq, quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, indiki çətin və qayğılı pandemiya dövründə daha fəal və məsuliyyətli olmaq, yaşlılara, əlillərə, ehtiyac duyan şəxslərə zəruri qayğı və diqqət göstərmək üçün dəyərli tapşırıq və tövsiyələrini verdi.
Mən Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatı könüllülər qrupunun sədr müaviniyəm. Qrupumuz 20 nəfər gənc fəalı birləşdirir. Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir Şəhər Təşkilatı tərəfindən verilən tapışırıqları operativ qaydada və yüksək məsuliyyət hissi ilə yerinə yetirməyə çalışırıq. Koronavirusun törədə biləcəyi fəsadlara qarşı mübarizənin gərgin şəkil aldığı bu günlərdə fəaliyyətimizin əsas istiqaməti yaşı 65 və ondan yuxarı, tənha yaşayan ahıl şəhər sakinlərini qayğı ilə əhatə etməkdir. Şəhər icra hakimiyyətinin xətti ilə 450-dən çox imkansız ailəyə ərzaq yardımları, tibbi ləvazimatlar çatdırmışıq.
Fəaliyyətimizin digər istiqaməti vətəndaşlar arasında pandemiya dövrünün qaydaları ilə əlaqədar maarifləndirmə işi aparmaqdır. Hər gün müxtəlif məhəllələrdə olur, mərkəzi Operativ Qərargahın müəyyən etdiyi qaydalar barədə şəhər sakinlərini məlumatlandırırıq.
İndi çox həssas bir zamanda yaşayırıq. Gözəgörünməz virus qarşıya ciddi bəlalar çıxarıb. Bir-birimizə qarşı daha diqqətli, qayğıkeş
və xeyirxah olmalıyıq. Biz könüllülər çalışırıq
ki, ahıl və qocalara dəstək olaq, etdiyimiz maddi və mənəvi yardıma ehtiyac duyanlara təmənnasız
xidmət edək.
Bu, dövlət başçısının bizə
tapşırdığı şərəfli vəzifədir.
Cavid MƏMMƏDOV,
YAP Mingəçevir
Şəhər Təşkilatı
könüllülər qrupunun
sədr müavini
Azərbaycan.-2020.- 30 iyul.- S.6.