Gənclər dövlətinin və vətəninin keşiyində hər an dayanmağa hazırdır

 

Bu günlərdə 50 min nəfərdən çox Azərbaycan vətəndaşının ön cəbhəyə can atması da bunu təsdiqləyir

 

 

Yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarı olan Dağlıq Qarabağın bütövlüyünü təmin etmək üçün gənclərimiz hər zaman dövlətin və onun başçısının yanındadır.

Əminliklə bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi və ürəyimizi dağlayan Qarabağ yarasının tezliklə sağalması yolunda YAP Yasamal Rayon Təşkilatının gənc üzvləri də Azərbaycanın digər vətənpərvər oğul və qızları kimi, hər an döyüş əmrinə hazırdır. Cənab Ali Baş Komandan İlham Əliyevin dönə-dönə bəyan etdiyi kimi, Azərbaycan Ermənistanın bu işğalı ilə heç vaxt barışmayacaq.

Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyev gəncliyin vətənpərvərliyini və coşqusunu bu günlər daha böyük və dəyərli fikirləri ilə təsdiqləmişdir: "...Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.

Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”.

Biz Azərbaycan övladları canımızı Vətən uğrunda - Azərbaycan yolunda fikirləşmədən qurban verərik. Ölkənin igid əsgərləri düşmən gülləsindən qorxmadan, Vətən, torpaq uğrunda şəhid olmağa, hünəriylə şanlı hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazmağa hər an hazırdır. Yaşasın gecəli-gündüzlü Vətən torpağının keşiyini çəkən yenilməz Azərbaycan Ordusu! Ulu Öndər Heydər Əliyevin yandırdığı ocaq heç vaxt sönməyəcək. Şuşa, Ağdamişğal altında olan digər torpaqlarımızı azad edib, qələbəmizi Qarabağımızda qeyd edəcəyik!

 

 

Əsmər NƏBİYEVA,

YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini

Azərbaycan.-2020.- 30 iyul.- S.6.