Sosial
layihələrin icrası pandemiya dövründə də
davam edir
Prezident
İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən
regional "ASAN xidmət” mərkəzinin açılışında
iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə
yaradılan şəraitlə tanış oldu.
Prezidentin
köməkçisi, Prezident Administrasiyasının
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə
məlumat verdilər ki, bir hektara yaxın ərazidə
inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən,
Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla
yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti
olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Dövlətimizin
başçısına dezinfeksiya tuneli barədə məlumat
verildi.
Qeyd
olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena
qaydalarına riayət etmələri və steril şəkildə
hər hansı məkana daxil olmalarını təmin edən
qurğudur. Temperaturun məsafədən ölçülməsi
və məlumatların yaddaşda saxlanılması
xüsusiyyəti daşıyan tunelin içərisində
dezinfeksiyaedici zona yerləşdirilib.
Prezident
İlham Əliyev Balakən "ASAN xidmət” mərkəzini
işə saldı.
Qeyd
edək ki, hazırda ölkədə 19 "ASAN xidmət” mərkəzi
fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində,
digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə,
Qəbələ, Masallı, Quba, Mingəçevir,
İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və
Ağcabədidədir. Balakəndə
açılışı olan "ASAN xidmət” mərkəzi
sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50
könüllü çalışacaq. Digər mərkəzlərdə
olduğu kimi, burada da vətəndaşlara 12 dövlət
orqanı, həmçinin özəl şirkət və
müəssisələr tərəfindən ümumilikdə
320-dən çox xidmət göstəriləcək.
Bu
günədək "ASAN xidmət” mərkəzlərinə
7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti
daxil olub. Keçirilən rəy sorğusuna əsasən vətəndaşların
"ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4
faiz təşkil edir.
Prezident İlham Əliyevə digər innovativ
yeniliklər barədə də məlumat verildi. Bildirildi ki,
ultrabənövşəyi hava təmizləyiciləri
qapalı yerlərdə havanı ultrabənövşəyi
şüalar vasitəsilə virus və bakteriyalardan təmizləmək
üçün istifadə olunur. Qurğunun aşağı
hissəsindən daxil olan hava mexaniki süzgəclərdən
keçərək ultrabənövşəyi şüalar
kamerasına daxil olur. Bu kamerada havada olan virus və
bakteriyaların 99 faizi məhv edilir.
Dövlətimizin başçısına ozon
generatorları barədə də məlumat verildi. Qeyd edildi ki,
bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv
etmək, havanı və suyu dezinfeksiya etmək
üçün geniş istifadə olunur. Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə
müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən
təmiz alternativdir. Dezinfeksiya
qapıları ultrabənövşəyi şüalar sayəsində
içərisindən keçən hər kəsin üzərindəki
virus və bakteriyaları məhv edir. Dezinfeksiya robotu isə
qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək
müxtəlif növ virus və infeksiyaların
yayılmasının qarşısını alan
xüsusi təchizatdır. Ultrabənövşəyi
hava və səth təmizləyiciləri, həmçinin
ozon generatorları ictimai binalarda, əhalinin sıx
toplaşdığı məkanlarda koronavirusla mübarizə
məqsədilə havanın təmizlənməsi
üçün səmərəli vasitələrdir.
Diqqətə çatdırıldı ki, "Elektron
Hökumətin İnkişafı İndeksi” Birləşmiş
Millətlər Təşkilatı tərəfindən iki ildən
bir keçirilən sorğu üzrə formalaşan və
ölkələrinin e-hökumət hazırlığı ilə
bağlı hesabatdır. Azərbaycan reytinqdə 2018-ci ilə
nisbətən öz indeksini 71 bala yüksəldərək
dünya üzrə orta göstəricini 11 bal
üstələyib.
Elektron hərrac sisteminin məqsədi isə hərraclarda
iştirakın əlçatanlığının
artırılması, hərracda iştirak prosesinin
rahatlaşdırılması və vahid hesabatlılıq
üçün şərait yaratmaqdır. Sistemdən
istifadə proseslərin elektronlaşdırılması və
resurslara qənaət imkanı, şəffaflığın təmin
edilməsi, elektron ödəniş və SMS məlumatlandırma
kimi üstünlükləri əlçatan edir.
Bildirildi ki, daha bir yeni layihə "Elektron Su Təsərrüfatı”
informasiya sistemidir. Bu sistem ölkə ərazisində su
ehtiyatlarından istifadənin səmərəliliyinin
artırılması, bu sahədə uçotun və idarəetmənin
təkmilləşdirilməsi məqsədilə hazırlanan
DATA əsaslı informasiya sistemidir. Sistem
su ehtiyatlarının qiymətləndirilməsi,
inventarlaşdırılması, modelləşdirilməsi və
su obyektləri ilə bağlı aktual məlumatların
toplanması, həmçinin həmin məlumatların
"Elektron hökumət” informasiya sistemi üzərindən
aidiyyəti digər sistemlərlə inteqrasiyası məqsədilə
hazırlanır.
Mərkəzlə tanışlıqdan sonra Prezident
İlham Əliyev ASAN könüllüləri ilə
görüşdü.
Dövlətimizin başçısı
görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Bu
gün Balakən rayonunun həyatında çox əlamətdar
bir gündür. Balakəndə "ASAN xidmət”
mərkəzi açılır. Bu
münasibətlə sizi ürəkdən təbrik edirəm.
Çox gözəl mərkəzdir, həm xarici
görünüşü gözəldir, təbii ki, daxili tərtibatı
göz oxşayır. Üç il bundan əvvəl mən
Balakəndə olanda "ABAD mərkəz”in
açılışında iştirak etmişəm. İndi
isə mənim göstərişimlə Balakəndə tikilən
"ASAN xidmət” mərkəzinin
açılışını qeyd edirik. Bu, Balakənə
göstərilən diqqətin növbəti əlamətidir.
Rayonun
inkişafı daim diqqət mərkəzindədir. Mən
müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə
tanış oluram, müvafiq göstərişlər verirəm
ki, rayonda işlər sürətlə getsin. Son illərdə
Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı
inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən
bütün əsas sosial obyektlərin
açılışlarında şəxsən iştirak
etmişəm. Mərkəzi rayon xəstəxanası, Olimpiya
mərkəzi, Gənclər mərkəzi, Mədəniyyət
mərkəzi, bir çox məktəblər tikilib və əsaslı
şəkildə təmir edilib. Bu gün Uşaq İncəsənət
Mərkəzinin açılışını qeyd etdik. Yəni,
bütün bu obyektlərin tikintisi, əlbəttə ki,
böyük vəsait tələb edir və biz bunu edirik.
Bu layihələr
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr
edilir. Balakən "ASAN xidmət” mərkəzi də məhz
proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki
mərhələdə burada "ASAN xidmət” mərkəzinin
tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb
zonasında artıq bir neçə mərkəz var. Adətən
birinci mərhələdə hər bir mərkəz dörd,
beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə
isə cəmi üç rayon əhatə olunur - Balakən,
Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz
mənim xüsusi tapşırığım əsasında
inşa edilib. Artıq balakənlilərin sərəncamına
gözəl bir mərkəz verilibdir.
Mən bu
mərkəzlə tanış olarkən əlavə
tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin
fəaliyyətinə uyğun əlavə sahələr
yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən
maraqlandım, icra başçısı dedi ki, Balakəndə
kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr
olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün sahə, təlim mərkəzi
olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu
mərkəzin yanında yeni bir mərkəz yaradılsın,
bütün lazımi sahələr burada öz həllini
tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə,
onların sayı 320-dir. Bu gün mənə verilən məlumata
görə, "ASAN xidmət” mərkəzlərində yeni
xidmətlərin mövcudluğu haqqında təkliflər irəli
sürülüb və gələcəkdə bu da həll
olunacaqdır.
Balakən
rayonunda infrastruktur layihələri ilə bağlı olan digər
önəmli məsələlər də həll edilir.
Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır.
Yol-nəqliyyat infrastrukturu yenilənir, həm kənd
yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən
qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm
və yolboyu görülən işlər məni sevindirir.
Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi
inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə,
İsmayıllı rayonu ərazisində. Orada yeni bir
körpü tikiləcək və yol çəkiləcək,
beləliklə, daha təhlükəsiz və rahat şərait
yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir
yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə
deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən
qurulması ilə bağlı müvafiq göstərişlər
veriləcək. Əvvəlki dövrlərdə verilmiş
bütün tapşırıqlar yerinə yetirilib. Bakı,
Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən,
ta Gürcüstan sərhədinə qədər yolun tikintisi
təmin edilibdir.
Balakəndə
mövcud problemlər arasında içməli su məsələsi
çox ciddi problemdir. Bu məsələ ilə bağlı
artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər
verilib və biz tezliklə Balakən şəhərində
içməli su-kanalizasiya layihəsinin icrasına
başlamalıyıq. Bu günə qədər biz içməli
su və suvarma problemlərinin həlli üçün daha
çox artezian quyularından istifadə edirik. Balakən
rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə
tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi
mütləq icra edilməlidir və icra ediləcəkdir. Son
vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı
önəmli addımlar atılıb. Bu gün "Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin
açılışı da nəzərdə tutulur. Vaxtilə
Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və
elektriklə təchizat böyük dərəcədə
yaxşılaşmışdır.
Bir
sözlə, rayonun inkişafı üçün
bütün lazımi tədbirlər görülür.
Dövlət proqramları xətti ilə investisiyalar qoyulur,
özəl sektor da bu işlərə fəal qoşulur. Kənd
təsərrüfatı sahəsində yaxşı nəticələr
var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi
kənd təsərrüfatı sahəsi olan
fındıqçılığın inkişafı ilə
bağlı mənim təşəbbüsümlə konkret
addımlar atılır. Mən fındıqçılıq
üzrə xüsusi müşavirə keçirmişdim. Bir
neçə il bundan əvvəl mövcud bağların sahəsi
32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min
hektara çatdırmışıq. Balakən rayonunda 5 min
hektarda fındıq bağları mövcud idi, indi onların
sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz
ki, burada yaşayan bir çox insanlar üçün əsas
qazanc mənbəyi fındıqçılıqdır. Biz bu
bağları salmaqla, fermerlərə kömək göstərməklə
Balakən və qonşu rayonların əhalisinin maddi
rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan
dünyada fındıq ixrac edən ölkələr
arasında üçüncü yerdədir. Bu, çox gəlirli,
perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur.
İsmayıllı rayonundan ta Balakənə qədər, eyni
zamanda, cənub zonasında, həmçinin Xaçmazda,
Qusarda fındıqçılığın çox
böyük perspektivləri var. Hər bir rayonun öz
ixtisaslaşması olmalıdır. Burada da ənənəvi
olaraq fındıqçılıq,
tütünçülük inkişaf edib. Bu gün də bu
sahələrə böyük diqqət göstərilir. Əsas
məsələ odur ki, insanlar daha da yaxşı
yaşasınlar, öz maddi vəziyyətlərini
yaxşılaşdırsınlar. O insanlar ki, hələ
öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər,
onların köməyinə dövlət gəlir. Bu gün
Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım
alır. Bu il 90 min insan üçün ictimai ödənişli
iş yerləri açılır. ABAD mərkəzlərinin
yaradılması, əslində, özünüməşğulluq
proqramının tərkib hissəsidir. İlk
ABAD-çılar məhz Balakən rayonunun sakinləridir.
Onların istehsal etdikləri məhsullar indi ölkəmizin
müxtəlif yerlərində satılır, ixrac edilir.
Məhz
bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə
inkişaf edir. İnkişafımız dayanıqlıdır
və perspektivlərimiz də çox gözəldir.
Çünki biz öz addımlarımızı plan üzrə
və yerlərdən gələn təkliflər əsasında
atırıq. Hazırda ən ciddi problem suvarma ilə
bağlıdır. İki ildir ki, quraqlıq bizə çox
böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ
ilə bağlı xüsusi müşavirə keçirilib.
Üç ay bundan əvvəl yaradılmış komissiya, o
cümlədən su təsərrüfatının
elektronlaşdırılması ilə məşğuldur və
bu vacib sahəni "ASAN xidmət”ə həvalə ediblər.
Bu gün təqdimat zamanı mənə məlumat verildi ki,
artıq qısa müddət ərzində, - komissiya aprelin
15-də yaradılmışdır, - elektron su təsərrüfatı
sistemi hazırdır. Biz buna nəyin hesabına nail
olmuşuq? Məhz intellektual potensialın hesabına. "ASAN
xidmət” mərkəzlərinin ən vacib amillərindən
biri də innovasiyalar, intellektual məhsul, müasir təlim
prosesi və gənclərin bu işlərə cəlb edilməsidir.
Təbii
ki, biz "ASAN xidmət” konsepsiyasını işləyəndə,
ilk növbədə, mənim əsas məqsədim o idi ki,
ictimai xidmətlər sahəsində korrupsiyanı,
rüşvətxorluğu, bürokratiyanı aradan
qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul
yaradaq ki, xoşagəlməz işlərlə məşğul
olmaq istəyənlərə imkan verilməsin. Artıq biz
buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün "ASAN
xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma,
intellektual məhsulların istehsalı sahəsində
çox önəmli bir amildir. Təsadüfi deyil ki, bu
gün bizim üçün ən vacib məsələlərdən
biri olan içməli su və suvarma ilə bağlı
problemlərin vacib hissəsi artıq "ASAN xidmət” tərəfindən
tənzimlənir.
O ki
qaldı, "ASAN xidmət” mərkəzlərinin
coğrafiyasının genişlənməsinə, bu da
planlı şəkildə həyata keçirilir. Bu mərkəz
sayca 20-cidir. Hazırda yeddi mərkəzin tikintisi davam edir.
Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda
27 "ASAN xidmət” mərkəzi olacaqdır. Sirr deyil ki, bu,
ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik
idi. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq
edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə
çox problemli sahə olubdur. Həm pozuntular olub, həm diqqətsizlik,
vətəndaşlara bir çox hallarda hörmətsizlik
edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar
onlara çatacaq sənədləri, arayışları
günlərlə, həftələrlə ala bilmirdilər,
yaxud da ki, onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər
irəli sürülürdü. Ona görə ictimai xidmətlər
sahəsində "ASAN xidmət”in xətti ilə aparılan
islahatlar nəinki bu sahəni nümunəvi sahəyə
çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə
də çox müsbət təsir göstərdi.
Burada mən "ASAN xidmət” mərkəzlərinin
işçilərini xüsusilə qeyd etmək istəyirəm.
Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin
simasıdır. Azərbaycan gəncləri məhz belə
olmalıdır - bilikli, savadlı, mədəni, yaşlı
nəslə həmişə hörmət göstərən,
öz doğma torpağına bağlı olan insanlar
olmalıdır. "ASAN xidmət”in ordusu artıq kifayət qədər
böyükdür. Minlərlə gənc "ASAN xidmət”də
çalışıb, təcrübə qazanıb. Bu gün
onların nümayəndələri çox önəmli vəzifələrdə
çalışırlar, o cümlədən
könüllülər. Bizdə, əslində,
könüllülər hərəkatı "ASAN xidmət”
mərkəzlərində başlamışdır. O vaxta qədər
könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda
artıq minlərlə könüllü fəaliyyət
göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə
onlar mühüm rol oynayırlar. Böyük, mötəbər
idman yarışlarında könüllülər fəal
iştirak ediblər. Misal üçün, Şamaxı
rayonunda baş verən zəlzələnin fəsadlarının
aradan qaldırılmasında könüllülər fəal
iştirak ediblər. Bir neçə il bundan əvvəl bu
zonada - Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ
baş vermişdir. Onu da bildirməliyəm ki, dövlət xətti
ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə
könüllülər yox idi ki, vətəndaşlara xidmət
göstərsinlər. Şamaxıda zəlzələ baş
verən kimi, ilk növbədə, könüllülər
oraya gəldilər, vətəndaşlara əl tutdular, əlbəttə
ki, dövlət dəstəyi də göstərildi. Ona
görə "ASAN xidmət”in bir çox müsbət əlamətləri
var. Ölkəmizin imici üçün bu mərkəzlərin
fəaliyyəti çox önəmlidir. "ASAN xidmət”
beynəlxalq müstəviyə çıxıb, BMT tərəfindən
mükafatla təltif edilib. Bir neçə ölkə bu təcrübəni
bizdən öyrənib və artıq bəzi ölkələrdə
"ASAN xidmət” adı altında oxşar xidmətlər
göstərilir. Bu, bizim intellektual məhsulumuzdur, milli
brendimizdir. Bu gün Azərbaycan o ölkələrdəndir
ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz
demək olar ki, ölkəmizin bütün bölgələrini
əhatə edir. Əgər avtobusları əlavə etsək,
onda artıq hər bir yerdə "ASAN xidmət” var. Amma əlbəttə
ki, növbəti illərdə yeni mərkəzlərin
yaradılması da nəzərdə tutulur.
"ASAN
xidmət” artıq bir neçə ildir ki, fəaliyyət
göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi
düşmür. Mən bunu nə üçün deyirəm?
Çünki bəzən hansısa yeni müəssisə,
yaxud da yeni xidmət sahəsi açılanda əlbəttə
ki, ilkin mərhələdə bütün məsələlər
yüksək səviyyədə həll olunur. Amma sonra vaxt
keçdikcə və əgər müştərilərin
sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti
aşağı düşür. "ASAN xidmət” isə
yüksək səviyyəni saxlayır. Bu gün xidmətin əhali
tərəfindən bəyənilmə əmsalı 99,4
faizdir. Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim "ASAN xidmət”i
bəyənməyə bilər? Yəqin ki, elələri də
var. Ancaq mən hesab edirəm ki, burada bütün ən
mütərəqqi texnologiyalar, eyni zamanda, insan kapitalına
qoyulan investisiyalar özünü büruzə verir.
Çünki bizim inkişafımızı,
gücümüzü, ölkəmizin qüdrətini insan
kapitalı müəyyənləşdirir. Təbii resurslar,
sadəcə olaraq, bir vasitə kimi bizə kömək
göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin
tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə
inkişaf var, o ölkələr problemləri uğurla həll
edir.
Əlbəttə,
bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz
biliklidir, savadlıdır, vətənpərvərdir. Bu
yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni
silahlı təxribatının qarşısını alarkən
Azərbaycan əsgərləri, zabitləri, - onların
mütləq əksəriyyəti gənclərdir, - öz
peşəkarlığını, cəsarətini göstərdilər,
düşməni yerinə oturtdular. İmkan vermədilər
ki, düşmən öz mövqelərini
yaxşılaşdırsın. İmkan vermədilər ki,
bizim torpaqlarımıza onların ayağı dəysin.
Bildiyiniz
kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi
və beynəlxalq ekspertlərin ümumi rəyinə görə
qələbənin qazanılması cəmiyyətdə ruh
yüksəkliyini daha da artırdı. Yenə də ön
sıralarda gənclər olub. Mən bu ayın ortasında
Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə
bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş
50 mindən çox Azərbaycan gənci Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə üz tutdu və
özlərini könüllü olaraq Vətəni qorumaq istəyən
insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində
50 mindən çox insan.
Mən
demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və
bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur.
Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində
qeydiyyata alınmış 50 mindən çox insan Vətən
uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır.
Bilirsiniz,
bu hadisələr Ermənistanın faşist mahiyyətini,
onların qorxaq xislətini bir daha göstərdi.
Çünki birinci dəfə deyil ki, təcavüzkar
döyüş meydanında məğlubiyyətə
uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə
keçir. Bizim kəndlərimiz atəşə
tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində
76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir.
Müharibəni ordular, əsgərlər, könüllülər
aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə
qarşı aparır, necə ki, Xocalıda
soyqırımı törətmişdir, günahsız
işanları - uşaqları, qadınları qətlə yetirmişdir.
Xocalıda 613 insan düşmən tərəfindən
öldürülmüşdür, mindən çox insan itkin
düşmüşdür. Bu insanların "günahı”
o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə
kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar
idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin
zəif olmasından istifadə edərək xalqımıza
qarşı vəhşi cinayət, soyqırımı törətmişlər.
Eyni addımları bu dəfə də atmaq istəyirdilər.
Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə,
minomyotlarla atəşə tutmağın səbəbi nədir?
Yenə də deyirəm, onlar döyüş meydanında
acizliyini görərək ən çirkin əməllərə
əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də
məhz bu ssenari əsasında təşkil edilmişdir. O
vaxt da Ermənistan tərəfindən zəbt edilmiş
mövqelərdən kəndlərimiz müntəzəm olaraq
atəşə tutulurdu. Azərbaycan Ordusu çox
böyük peşəkarlıqla əks-hücum əməliyyatı
keçirərək zəbt olunmuş strateji yüksəklikləri
geri qaytardı və düşməni qaçmağa məcbur
etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin
ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik
ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik.
Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç
vaxt Xocalı soyqırımını yaddan
çıxarmamalıyıq və
çıxarmayacağıq! Biz düşmənə növbəti
dəfə sarsıdıcı zərbə vurandan sonra yenə
də gördük ki, onlar nə qədər acizdirlər və
heç özləri-özlərinə hörmət etmirlər.
Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına – KTMT-yə üz
tutdular, onlardan yardım istədilər. Mən demişəm,
bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə
heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan
təcavüzkardır. Onların əsas məqsədi məhz
bu idi - dövlət sərhədində münaqişə
yaratmaq, sonra bu münaqişədə Azərbaycanı
günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi
yardım istəmək. Onların çirkin məqsədləri
bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini
cəlb etmək istədilər, amma alınmadı. KTMT
heç bir bəyanat vermədi, məsələ ilə
bağlı ümumi sözlərdən ibarət şərh
verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə
dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və
mütəxəssislər bilirlər ki, bu münaqişəni
törədən Ermənistandır. Bir daha demək istəyirəm
ki, bizim Ermənistan ərazisində hər hansı bir
marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz
yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox
yaxşı bilir. Məhz buna görə və təkcə
buna görə yox, ümumiyyətlə Azərbaycanın
artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat
açıq şəkildə bizi dəstəklədi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq
Təşkilatı 57 ölkədən ibarətdir.
Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir.
Bir sıra ölkələr, ilk növbədə, qardaş
Türkiyə Azərbaycana birmənalı dəstək verdi.
Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb
Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ
ilə bağlı çox açıq, kəskin və
prinsipial mövqe nümayiş etdirdi. Bu, bir daha göstərir
ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi,
bir yerdədir, yaxşı günlərdə də, çətin
günlərdə də. Biz bir-birimizə arxalana bilərik və
bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar
və bir neçə ölkə, onların rəsmi şəxsləri
bəyanatlar verərək Azərbaycana dəstək göstərdilər.
O ki
qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın
altı üzvündən dördü beynəlxalq təşkilatlarda
bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar
vasitəsilə Azərbaycanı dəstəklədi.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının üzvüdür. Qazaxıstan və
Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür.
Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat
vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının
üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı,
o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq
Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq
Təşkilatı bu sərhəd münaqişəsi ilə
bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd
ölkə artıq Azərbaycanın yanındadır və
Ermənistanı kim dəstəklədi? Mən görmədim,
gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri
Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə
bilər?
Heç
kəs üçün sirr deyil ki, Ermənistanın
bugünkü rəhbərliyi Soros fondunun təsiri altında
olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına
baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə,
parlamentdə, məhkəmə hakimiyyətində, digər
önəmli vəzifələrdə
çalışanların bir çoxu Soros fondunun və ona
yaxın təşkilatların əməkdaşları olub.
Aydın
məsələdir ki, Ermənistanda baş vermiş
"inqilab” Sorosun və ona yaxın dairələrin növbəti
təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki
hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın
əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə
gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər
də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu
pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600
min dollar maliyyə yardımı göstərib. Başqa
hansı ölkəyə göstərib? Postsovet məkanında
heç bir ölkəyə göstərməyib. Azərbaycana
göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da
qalmayıb. Çünki onlar burada təxribatla məşğul
idilər, gənclərin beyinlərini zəhərləyirdilər.
Gəncləri öz dövlətinə qarşı
qaldırmaq istəyirdilər. Ona görə onların
ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad
açıblar və gizlətmirlər, bu, açıq bir
ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi
Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir,
onların sifarişini icra edir. Ona görə bu gün Soros
fondu açıq-aydın Ermənistan rəhbərliyinə
600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri
düşündürməməlidir? Əlbəttə ki,
düşündürməlidir. Bir də Ermənistan
qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən
yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın
baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində
onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə
bir il ərzində yeni baş katibin təyin olunmasına imkan
vermirdi.
Bir də
ki, Ermənistanın indiki baş nazirinin partiyasının
adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər
Azərbaycan dilinə tərcümə etsən, bunun adı
"çıxış”dır. Çünki bu adamlar
hakimiyyətə bu şüarla gəliblər.
"Çıxış!”, haradan çıxış?
İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi
Birliyindən. Budur onların məramı, budur onların əsl
sifəti!
Əlbəttə,
indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut
etməyə çalışırlar ki, onlar bu təşkilatlara
sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər
kəsə bəllidir. Sorosun tör-töküntüləri
KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır.
Ona görə indi Ermənistan elə vəziyyətdədir
ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki
təxribat hesab edirəm ki, onlar tərəfindən bir
sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna
kim nə reaksiya verəcək. Gördülər ki,
onların müttəfiq saydıqları bütün ölkələr
ya bizi dəstəklədilər, ya da neytral qaldılar.
Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi
nə qədər güclüdür. Ona görə bu, onlar
üçün dərs olmalıdır. Erməni xalqı nəhayət
başa düşməlidir ki, əgər onlar normal ölkədə
yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri
mütləq bizim torpaqlarımızdan
çıxmalıdır. Bu, bizim tarixi, əzəli
torpağımızdır. Biz heç vaxt işğalla
barışmayacağıq. Ərazi
bütövlüyümüzün bərpası bizim
üçün bir nömrəli məsələdir. Digər
tərəfdən, Ermənistan bütün regional layihələrdən
təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin
yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə
baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər,
o cümlədən bizim təşəbbüsümüzlə
reallaşdırılan layihələr Ermənistandan yan
keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə
kənardadırlar. Bunu biz etmişik və gizlətmirik.
Bütün imkanlarımızı səfərbər edib
bundan sonra da onları təcrid vəziyyətində
saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz
öz torpaqlarımıza qayıdacağıq, mütləq
qayıdacağıq, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək.
Mənə
bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş
naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab
edirəm, ağlı başında olan hər bir adam
açıq-aydın görə bilər ki, bu şərtlərin
heç biri qəbuledilən deyil. Bu şərtlərdən
biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ
respublikası” ilə danışıqlar aparsın. Bu,
mümkün deyil. Biz bunu dəfələrlə
bildirmişik. Çünki "Dağlıq Qarabağ
respublikası” yoxdur. Belə bir "respublikanı” heç
kim tanımır. Ermənistanın hünəri varsa,
tanısın "Dağlıq Qarabağ
respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti,
tanıyın onu. Bu gün tanıyın,
tanımırsınızsa, deməli qorxursunuz. Gedin,
ağlınızı başınıza yığın!
Quldur, kriminal rejimlə heç bir danışıqlar
aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər
ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər
də buna bənzər şərtlərdir. Qəbuledilməz
şərtlər irəli sürməklə Ermənistan
faktiki olaraq danışıqlar prosesini məhv edir və
danışıqlar formatını dəyişdirmək istəyir.
Çünki danışıqlar Azərbaycanla Ermənistan
arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin
açıq mövqeyidir. Dəfələrlə bu mövqe
onlara çatdırılıb, həm rəsmi qaydada, həm
də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə
baxın, yenə də bu şərti irəli sürürlər
ki, Azərbaycan dırnaqarası "Dağlıq Qarabağ
respublikası” ilə danışıqlar aparmalıdır.
"Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni
xalqı özünü aldatmasın. Biz bütün qalan
şərtləri də rədd edirik, o kağızı da
zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı
düşünsün, yaxşı fikirləşsin. Əgər
onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə,
onda indiki hakimiyyətin ağılsız və təhlükəli
addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə
Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə
Soros rejiminin girovudur.
Onlar
başa düşməlidirlər ki, erməni silahlı
qüvvələri bizim torpaqlarımızdan çıxmasa,
sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə
qədər ki, gec deyil, erməni silahlı qüvvələri
bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq
hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb
edir. Çünki Dağlıq Qarabağ bizim tarixi
torpağımızdır. Ermənistanın baş naziri deyir
ki, "Dağlıq Qarabağ Ermənistandır” və ondan
sonra hansı danışıqlardan söhbət gedə bilər.
Çünki danışıqların əsas mahiyyəti
ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun.
Biz bunun ətrafında danışıqlar aparmalıyıq.
Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası
"Dağlıq Qarabağ respublikası”na müstəqilliyin
verilməsi haqqında heç vaxt danışıqlar
aparmamışıq, heç vaxt! Bu, heç vaxt
danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə
heç vaxt danışmamışam və danışmaq
fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar
aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt,
hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın
baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”,
əgər deyirsə ki, "biz qondarma "Dağlıq
Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”,
deməli o, danışıqları məhv edir. Mən 7
şərtin qarşısına bir şərt qoyuram, bir
şərt - erməni silahlı qüvvələri
işğal edilmiş bütün torpaqlardan
çıxarılmalıdır, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları
öz doğma dədə-baba torpaqlarına
qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət
görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz
doğma torpaqlarımıza qayıdacağıq və bu
gün işğal altında olan şəhərlərimizdə
"ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə
bizim gənclərimiz çalışacaqlar. Erməni
vandalları tərəfindən dağıdılmış
şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa
edəcəyik və öz torpağımızda
yaşayacağıq. Başqa ölkələrin
torpağında bizim gözümüz yoxdur, öz
torpağımızı da heç kimə verən deyilik.
Biz Qurban
bayramı ərəfəsindəyik. Mən Qurban bayramı
münasibətilə Azərbaycan xalqını təbrik
etdim, bir daha təbrik etmək istəyirəm. Sizi, Balakən
rayonunun bütün sakinlərini, bütün Azərbaycan
xalqını gözəl bayram münasibətilə təbrik
edirəm. Sizə, bütün Azərbaycan xalqına yeni
uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.
X X X
Balakən
"ASAN xidmət” mərkəzinin əməkdaşı Aytac
Balagözova dedi:
-Möhtərəm
cənab Prezident, mən də Sizi salamlayıram. Sizi doğma
Balakənimizdə görməyimizə çox şad olduq. Təhsil
aldığım dövrdə ASAN könüllüsü
olmuşam və hazırda Sizin Sərəncamınızla
açılmış Balakən "ASAN xidmət” mərkəzinin
əməkdaşı kimi qarşınızda
çıxış etmək mənim üçün
qürurverici bir hissdir.
Möhtərəm
Prezident, çox təəssüf ki, bir müddətdir
dünyanın hər yerində olduğu kimi, ölkəmizdə
də insanlar koronavirusla mübarizə şəraitindədirlər.
Hətta ən inkişaf etmiş ölkələrdə belə
kütləvi insan ölümləri və yoluxmalar baş
verdi. Təəssüflər olsun ki, hazırda da bu virus
dünyada davam edir. Sizin rəhbərliyinizlə dövlətimiz
qlobal səviyyədə çox fəal və təşəbbüskar
rol oynayır. Dəfələrlə Sizin təşəbbüsünüzlə
həm xarici dövlət və hökumət
başçılarının, həm də transmilli şirkətlərin
rəhbərlərinin iştirakı ilə pandemiya ilə
mübarizəyə həsr olunan onlayn Zirvə
görüşləri və konfranslar təşkil
edilmiş, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına
pandemiya ilə mübarizə üçün müəyyən
maddi yardımlar göstərilmişdir.
Cənab
Prezident, Sizin Qoşulmama Hərəkatının sədri
statusu ilə BMT-nin Baş Assambleyasının koronavirusla
mübarizəyə həsr olunan xüsusi sessiyasının
keçirilməsi barədə təşəbbüsünüzü
xüsusilə vurğulamaq istəyirəm. Sizin bu təşəbbüsünüzü
BMT-yə üzv olan 130-dək ölkə təsdiqlədi,
yalnız mənfur qonşumuz Ermənistan belə bir humanist
addımın əleyhinə çıxdı. Bu, bir daha beynəlxalq
ictimaiyyət tərəfindən ölkəmizə olan
etimadın növbəti göstəricisidir və bizi
çox qürurlandırır.
Onu da qeyd
etmək istərdim ki, bir müddət əvvəl
çoxsaylı digər vətəndaşlarımız kimi,
mən də Sizə bütün dünyanı aciz vəziyyətdə
qoyan koronavirusla mübarizədə böyük əzmlə
çalışmağınızla bağlı təşəkkür
məktubu ünvanlamışdım. Düzünü desəm,
Sizə minnətdarlığımı ünvanlayarkən
bunları nə vaxtsa, canlı şəkildə deyəcəyimi
heç düşünməmişdim. Bu gün mənim
Prezidentim heç bir təhlükəyə baxmayaraq bizimlədir
və yenə də bizi düşünür.
Cənab
Prezident, biz dövlətimizin və xalqımızın
güc birliyi sayəsində bu bəlanı da minimum itki ilə
dəf edəcəyimizə inanırıq. Bu gün Balakən
"ASAN xidmət” mərkəzinin açılmasına sakinlərimiz
çox sevinirlər. Artıq onlar yeni mərkəzimizdə
şəffaf və operativ şəkildə xidmət ala biləcəklər.
Cənab
Prezident, biz növbəti "ASAN xidmət” mərkəzinin
Qarabağımızda, düşmən tapdağı
altında olan rayonlarımızda açılmasını
böyük səbirsizliklə gözləyirik. Bu gün həm
ASAN könüllüsü, həm də "ASAN xidmət” mərkəzinin
əməkdaşı kimi Sizə söz verirəm ki, dövlətimizin
inkişafı naminə qazandığımız təcrübədən
yararlanaraq əlimizdən gələnin ən
yaxşısını etməyə
çalışacağıq və vətəndaşlarımıza
layiqincə xidmət göstərəcəyik. Bir daha bizə
yaratdığınız bütün şərait
üçün Sizə dərin minnətdarlığımızı
bildiririk, cənab Prezident. Çox sağ olun.
Prezident
İlham Əliyev: Çox sağ ol. Təşəkkür
edirəm.
ASAN
könüllüsü Şölə Tanrıverdiyeva dedi:
-Möhtərəm
cənab Prezident, Sizi region gəncləri adından
salamlayıram. Çox sevincliyəm ki, bu gün Balakən
"ASAN xidmət” mərkəzinin ilk könüllülərindənəm.
Cənab
Prezident, ilk könüllülük fəaliyyətimi "ASAN
xidmət”dən başlamaq istəyim heç də təsadüfi
deyil. Çünki bilirəm ki, həm vətənpərvər
bir gənc, həm də məsuliyyətini dərk edən vətəndaş
olaraq ölkəmə öz dəstəyimi verə bilərəm.
Çünki burada vahid bir ideologiya var. Yaşından və vəzifəsindən
asılı olmayaraq hər kəs dövlət
üçün, ümumi rifah üçün
çalışır.
Cənab
Prezident, yaşım az olsa da, dərk edirəm ki, bu Vətənin
övladlarıyıqsa, son nəfəsimizədək dövlətimizin
və xalqımızın mənafeyi üçün
çalışmalıyıq. Elə bu günlərdə cəbhə
xəttində ermənilərin növbəti təxribatı
zamanı əsgərlərimiz öz canları bahasına
mübarizə apararaq mövqelərimizi qorudular. Düşmən
isə çoxlu itki verərək geri çəkilməyə
məcbur oldu. Cəmiyyətimizin də bu məsələyə
münasibəti birmənalıdır. Biz bunu ASAN
könüllülərinin "Əsgərə məktub”
layihəsində də gördük. Xalqımız öz
ordusuna güvənir, hər zaman öz ordusunun
yanındadır və Sizin rəhbərliyinizlə də
ordumuzun qələbə çalacağına əmindir. Biz gənclər
könüllü olaraq cəbhəyə də yollanmağa
hazırıq.
Cənab
Prezident, Siz hər zaman öz
çıxışlarınızda bizə olan
etimadınızı və güvəninizi dilə gətirirsiniz.
Bu isə bizi gələcəkdə öz məqsədlərimizə
doğru daha qətiyyətli addımlar atmağa
ruhlandırır. Belə bir deyim var: "Yolu ağıl
seçir, iradə hərəkətə gətirir, inam isə
yola işıq saçır”. Öz ağlımız və
sərbəst iradəmizlə seçdiyimiz bu yolda bizə
olan inamınız üçün təşəkkürlər.
Çox sağ olun, cənab Prezident.
Prezident
İlham Əliyev: Çox sağ ol, təşəkkür
edirəm. Sağ olun, uşaqlar, bir daha sizi təbrik edirəm,
uğurlar arzulayıram.
X X X
Sonra
Prezident İlham Əliyevə "ASAN xidmət” mərkəzi
üçün alınan və Gəncə avtomobil zavodunun
istehsalı olan "MAZ” markalı avtobuslara baxdı. Qeyd
olundu ki, bu avtobuslarla sərnişindaşıma həyata
keçiriləcək.
Azərbaycan.-2020.- 31 iyul.- S.2;4.