Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb

 

İyulun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVID-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyi vurğulanıb.

Səfir Örl Litzenberqer Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova təbriklərini çatdırıb və yeni vəzifəsində ona uğurlar arzulayıb. Səfir fürsətdən istifadə edərək Qurban bayramı münasibətilə də təbriklərini bildirib.

Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkəsi olduğu və tərəflərin bir sıra qarşılıqlı maraqları bölüşdüyü qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2020.- 31 iyul.- S.9.