Ana dilinin inkişafı dövlətin prioritet istiqamətlərindəndir
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
"Ana dilimizə hörmət
və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici
təsirdən qorumalıyıq.
Ana dilimiz bizim
toxunulmaz sərvətimizdir”.
İlham
ƏLİYEV
Dünyanı başına götürmüş
COVID-19 pandemiyasının yaratdığı
çətinliklərə baxmayaraq, 1 Avqust Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü bu il də ictimaiyyət tərəfindən ölkəmizdə
qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il
tarixli sərəncamı
ilə avqustun 1-dən
respublıkada kril qrafikasından latın qrafikasına keçilmişdir.
Milli varlığımızın əsas
atributlarından olan ana dilimizlə bağlı bu tarixi gün yer üzündə yaşayan hər bir azərbaycanlı və Azərbaycanı sevənlər üçün
əziz və əlamətdardır. Dil millətin
milli birliyini təmin edən əsas amillərdəndir.
Xalqlar işğala məruz qalanda onların dili də yad
təsirlər altına
düşür. Hazırda
istifadə etdiyimiz latın əlifbasından
ilk dəfə 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan
sonra istifadə edilib. Lakin sovet hakimiyyətinin
işğalçılıq siyasəti nəticəsində
milli dövlətçiliyimiz
kimi, bu əlifba da repressiyaya uğrayıb.
Beləliklə, imperiyanın
məkrli siyasəti sayəsində 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Azərbaycan xalqı ikinci
dəfə 1991-ci ildə
öz tarixi müstəqilliyinə sahib çıxandan
sonra onun dili də azadlığa
qovuşub.
XX əsrdə Azərbaycanda
üç dəfə
əlifba dəyişdirilib:
1929-cu ildə ərəbdən
latına, 1939-cu ildə latından kirilə, 90-cı illərdə
yenidən kirildən latına. Azərbaycan xalqı kimi
heç bir xalqın, heç bir millətin bir əsrdə üç dəfə əlifbası dəyişdirilməyib.
Qeyd etdiyimiz kimi, ərəb əlifbasından (1929) latın qrafikasına
və nəhayət, kiril əlifbasına (1939)
keçid bir-birinin yazısını oxuya bilməyən nəsillər
arasında uçurumun
yaranmasına səbəb
olmuşdu. Sovet dönəmində imperiya qüvvələri
millətimizin bu yaddaş kodunu sındırmaqla, zəiflətməklə
millətin dilinin, tarixinin, ədəbiyyatının,
mədəniyyətinin, bir
sözlə, milli-mənəvi
xəzinələrinin üstünə
qara pərdə çəkmək istəyirdi.
Bu zaman minlərlə
Azərbaycan ziyalısının
səsinə səs verən xalq şairi Süleyman Rüstəm üzünü
şimala tutub "Dilimə dəymə” şeirində deyirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə
dəymə,
Sənin
də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə
dəymə!
Yenicə
sağalır vurduğun
yara,
Mənim
bu yaralı könlümə dəymə!
Tarixdən məlumdur ki, Azərbaycan dili və Azərbaycan əlifbası zaman-zaman müxtəlif təzyiqlərə
məruz qalsa da, öz varlığını
qoruyub saxlaya bilmişdir. Hər dili və əlifbanı, ilk növbədə,
onun daşıyıcısı
olan xalq yaşadır. Bu, təkcə xalqdan, millətdən, yaradıcı
ziyalılardan asılı
məsələ deyil.
Tarix dönə-dönə sübut
etmişdir ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil
olan liderlərin adı ilə bağlıdır. Bu mənada, nəinki adlı-sanlı dilçi
mütəxəssislər, hətta ən sadə peşə adamları da məmnunluqla etiraf edirlər ki, Azərbaycan dilinin hərtərəfli inkişafında
Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür.
Milli Məclisin deputatı, tanınmış dilçi
alim, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələlərini
şərh edərək
bildirir ki, Ulu Öndərin bu sahədə rolu əvəzsizdir.
Akademik Ümummilli Lider Heydər Əliyevin "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən
biri onun dilidir. XX əsrdə
xalqımızın əldə
etdiyi uğurlar yüksək təqdirə
layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının
dövlət dili olan Azərbaycan dili son bir əsrlik
dövr ərzində
lüğət tərkibini
xeyli zənginləşdirmiş,
qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz
layiqli yerini tutmuşdur” fikrini xatırladaraq bildirir ki, onun hazırlayıb
həyata keçirdiyi
dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Heydər
Əliyev Azərbaycan
Respublikasına rəhbərlik
etməyə başladığı
ilk illərdə ana dilinə böyük əhəmiyyət vermiş,
bu dilin Azərbaycan SSR Konstitusiyasında
dövlət dili kimi xüsusi maddədə göstərilməsinə
nail olmuşdur. Ali məktəblər üçün
yazılmış "Müasir
Azərbaycan dili” dərsliklərinin respublika
dövlət mükafatına
layiq görülməsi,
anadilli ədəbiyyatın
inkişafı üçün
hər cür şəraitin yaradılması,
Azərbaycan ədəbiyyatı
klassiklərinin təbliği
bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən
dövlət başçısı
Azərbaycan dilinə
böyük siyasi, ideoloji nüfuz qazandırmışdı.
Zəngin dövlətçilik təcrübəsinə
malik, dünya şöhrətli siyasətçi
Heydər Əliyev ötən əsrin
60-cı illərinin sonundan
(1969) Azərbaycana rəhbərlik
etməyə başladığı
vaxtlardan ana dilimizə və əlifbamıza böyük
qayğı göstərmişdir. Rəhbərin şəxsi təşəbbüsü,
qətiyyəti və
siyasi uzaqgörənliyi
sayəsində 1978-ci ildə
Azərbaycan Sovet Sosialist Respublikasının
Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir.
Ulu Öndərin ölkəyə
ikinci dəfə rəhbərliyə qayıdışı
zamanı müstəqil
Azərbaycan Respublikasının
1995-ci il noyabrın 12-də referendum yolu
ilə qəbul olunmuş Konstitusiyasında
Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit
edilmiş və dövlət statusu almışdır. Dil siyasətinin
əsaslarını yaradan
Heydər Əliyev hakimiyyətdə olduğu
dövrdə istər
siyasi-ictimai, istərsə
də mədəni aspektdə Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirmişdir.
Ümummilli Liderin bu sıradan imzaladığı sənədlər
arasında "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun
2001-ci il tarixıli fərmanı da xüsusi yer tutur. Bu tarixi fərmanda Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən
sayılan Azərbaycan
dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi
və cəmiyyətdə
işlənmə mexanizminin
təkmilləşdirilməsinə, eləcə də bu sahədə həyata keçiriləcək
tədbirlərə nəzarətin
gücləndirilməsinə dövlət qayğısı
genişliyi ilə öz əksini tapmışdır.
Ümummilli Lider Azərbaycan
dilinin yaddaş kodunun - Azərbaycan əlifbasının əbədiyaşarlığını
tarixiləşdirmək və
dünya dilçilərinə
bəyan etmək üçün 9 avqust
2001-ci il tarixli məlum fərmanına əsasən
ölkəmizdə Azərbaycan
əlifbası və Azərbaycan dili günü böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin
Azərbaycan dilinin inkişafı ilə əlaqədar apardığı
islahatlar və imzaladığı fərmanlar,
milli-mənəvi dəyərlərin
qorunub saxlanmasında,
azərbaycançılıq ideyasının formalaşması
yolunda müstəsna əhəmiyyətə malikdir.
Ulu Öndərin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı bu sahənin inkişafı ilə bağlı mühüm sənədlər imzalamışdır. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün ana dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi neçə il bundan öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etmişdir. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 12 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” məlum sərəncamıdır. Bu sərəncamın nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynamışdır. Proses bu gün də davam etdirilməkdədir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Dövlət başçısı elm adamlarının, şair və yazıçıların təmsil olunduqları yığıncaqlarda, paytaxtda və bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşılmasını, xüsusi dəyər verilməsini diqqətə çatdırmışdır. Ana dilimizə qayğıdan söz açarkən Prezident demişdir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Bu gün Azərbaycan dilinin inkişafı və qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan əlifbasına diqqət və qayğı Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun ifadəsinə, azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafına, gənc nəslin ana dilinə qayğı və hörmət ruhunda tərbiyə olunmasına, ədəbi dilin normalarına ciddi əməl edilməsinə, o cümlədən dilçilik elmi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına münbit şərait yaratmışdır.
Rəhman SALMANLI
Azərbaycan.-2020.- 31 iyul.- S.10.