Tarixin sınağında...

 

Bakı əsilzadələri

 

 

Hacınskilər barədə araşdırmalarda belə bir məlumata rast gəlirik ki, Bakıda keçən əsrin birinci yarısında üç məşhur Hacınski nəsli olub. Onlardan biri neft milyonçusu, mədənləri və kerosin zavodları, Qız qalasının qarşısında gözəl mülkü olan, 1896-cı ildən 20 il müddətinə Şəhər Dumasının üzvü seçilmiş, Balaxanski (Füzuli) küçəsində yerləşən imperator III Aleksandr Bakı Kişi Gimnaziyasının hamisi İsa bəy Hacınski, digəri Şillerin "Qaçaqlar” pyesini Azərbaycan dilinə tərcümə etmiş, səhnəmizdə "Qaçaqlar”da Karl Moor, "Nadir şah”da Nadir şah kimi rollar oynamış, məqalələri "Tərcüman”, "Kaspi”, "İqbal”, "İrşad” qəzetlərində, "Molla Nəsrəddin”, "Zənbur” jurnallarında dərc edilmiş, Cümhuriyyət dövründə parlament üzvüolmuş Mehdi bəy Hacınski, onun qardaşı, Sankt-Peterburq Universitetini bitirmiş, "Qubalı” imzası ilə publisistika və teatr tənqidinə dair məqalələr yazmış Camo bəy Hacınski və nəhayət, maarifçi-demokrat, ictimai xadim Məmmədhəsən Hacınskidir.

Qədim Bakının, xüsusilə İçərişəhərin memarlıq abidələri ilə zənginləşməsində böyük xidmətləri olan Hacınskilərdən söz açarkən Əbdülsalam bəyin məşhur, böyük nüfuz sahibi olan iki oğlunun - İsa bəy və Kazım bəy Hacınskilərin adlarını xüsusi qeyd etməliyik.

İsa bəy 1860-cı ildə Bakıda dünyaya gəlib. Ona atasından bir neçə mülk, böyük torpaq sahələri miras qalıb. Həmin sahələrdə neft yataqları aşkar edilib. İsa bəy Hacınskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi bir neçə ilə yarım milyon puda çatıb.

XIX əsrin sonlarından Azərbaycanın neft sənayesində yeni inkişaf mərhələsi başlayıb. Həmin dövrdən neft sənayesinin inkişafında milli neft milyonçuları - Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev daha fəal iştirak ediblər. Bakıda ilk səhmdar neft şirkəti olan "Bakı Neft Cəmiyyəti” 1874-cü ildə yaradılıb.

Dövrün ən varlı neft sənayesi sahibkarlarından biri olan İsa bəy Hacınski 1903-cu ildə özünün neft şirkətini qurub.1904-cü ildə Bakıda "Hidayət” Cəmiyyəti yaradılıb. İsa bəy Hacınski həmin cəmiyyətin idarə heyətinin üzvü olub.

1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə "Müsəlman Xeyriyyə Cəmiyyəti” yaradılıb. Kasıblara, imkansızlara yardım, qocalara himayədarlıq, təhsilə dəstək və başqa xeyirli işlər həyata keçirən cəmiyyətin sədri Hacı Zeynalabdin Tağıyev idi. Cəmiyyətin təsisçilərindən biri də İsa bəy Hacınski idi.

Onun Balaxanıdakı müəssisəsində gün ərzində iki neft quyusunun işlədiyini 1910-cu ilin rəsmi rəqəmləri də təsdiq edir. Həmin quyularda çalışan yüksəkixtisaslı fəhlələr Nobelin, Rotşildin, Montaşovun işçilərindən qat-qat çox əmək haqqı alırdılar.

İsa bəy Hacınskinin Bibiheybətdə də zəngin neft mədənləri vardı. Xəzər dənizindəki Çələkən adası onun və qardaşı Kazım bəyin ixtiyarındaydı. Qara Şəhərdə isə İsa bəyin kerosin zavodu vardı.

İsa bəy Hacınski Bakıya ilk avtomobil gətirən şəxs kimi də tanınırdı.

O, maarifpərvər milyonçularımızdan biri idi. İsa bəy Bakı Kişi Gimnaziyasının fəxri himayədarı olub. Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil alırdılar. Məktəbin azərbaycanlı məzunlarından 25 nəfəri İsa bəyin maddi köməyi ilə Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilib. Gimnaziyanın bütün xərcini öz üzərinə götürən İsa bəy Hacınski şagirdlərin yay tətilində istirahət etmələri üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb və gözəl mülk tikdirib.

İsa bəy Hacınskinin Bakı şəhərinin müxtəlif yerlərində mülkləri vardı. Ən möhtəşəmi Qız qalasının yaxınlığında yerləşən və "Hacınskinin evi” kimi tanınan binadır...

İlk bulvar sahəsi indiki Kukla teatrının binasından "Azneft”in binasınadək olan sahəni əhatə edirdi. İsa bəy Bakı bulvarının salınmasına xeyli pul ayırıb. O, öz mülkünü də dəniz kənarında tikdirməyi qərara alıb və Neftçilər prospekti 103 ünvanında yerləşən binanın inşası üçün İtaliyadan memar dəvət edib. Bina 1912-ci ildə tikilib. İnşası yekunlaşan binanı İsa bəy elə bəyənib ki, memara vəd etdiyindən xeyli artıq pul verib.

İsa bəyin kontoru da bu binanın birinci mərtəbəsindəydi. Mülkün girişində iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri vardı. 1918-ci ilin martında, ermənilərin törətdikləri soyqırımda həmin heykəlləri düşmənlərin atdıqları qumbaralar parçalayıb.

1918-ci il mart qırğınları İsa bəy Hacınskinin həyatını da darmadağın edib. Doğma şəhərinə, evinə, biznesinə vurulan zərbələr onu sarsıdıb. Elə bu sarsıntı ilə 1919-cu ilin yanvarında dünyadan köçüb.

İsa bəydən sonra da çox faciələr baş verib. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyulub. Bəy, xan soyadlılarının, varlıların qara günləri başlayıb.

İsa bəy Hacınskinin həyat yoldaşı Xeyransa xanım Məhəmməd bəy Xanlarovun qızı idi. Onların Sadıq bəy, Əhməd bəy və Əli bəy adlı üç oğlu və Zibeydə xanım adlı bir qızı vardı.

İsa bəy Hacınski özü evdə təhsil alıb. O, savadlı insan olub, ərəb, fars, ingilis, fransız və alman dillərini bilib. Övladlarının da təhsillərinə xüsusi diqqət yetirib. 1890-cı il təvəllüdlü oğlu Əhməd bəy 1918-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

İsa bəyin oğlu Sadıq bəy 1887-ci ildə Bakıda dünyaya gəlib. 1913-cü ildə Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub. Sonra Kazan Universitetində oxuyub. 1916-cı ildə universitetin hüquq fakültəsini bitirib. Hüquqşünas işləyib.

Sadıq bəy, Əhməd bəy və Əli bəy Fransada yaşamaq məcburiyyətində qalıblar. Əhməd bəyin Parisdə fabriki vardı. O, 1960-cı ildə vəfat edib. Sadıq bəy isə Parisdə 1940-cı ildə dünyasını dəyişib.

Xeyransa xanım və qızı Zibeydə xanım Bakını tərk etməyiblər. Amma buna görə başları çox bəlalar çəkib. Yaşadıqları təmtəraqlı imarətlərindən qovulublar. Onları Mərdəkandakı bağ evlərində də yaşamağa qoymayıblar. Bir həftədən sonra oradan da çıxarıblar. Ana-balaya qohumları yardım əli uzatmağa qorxublar. Sonradan onları küçədə qalmaqdan Xeyransa xanımın yaxın qohumlarından biri xilas edib, birotaqlı mənzildə sığınacaq verib.

Beləcə, zəngin ailənin övladları olmaları bir çoxu kimi sonda onlara da yalnız problemlər, dərd-bəla, ayrılıq gətirib...

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2020.- 31 iyul.- S.12.