Dünyanın ən gözəl
bulvarı Bakıdadır
Dənizkənarı Milli Park
"Bakı bulvarı, mən şəxsən belə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır”.
İlham ƏLİYEV
Millilikdən müasirliyədək
Bir çox tarixi mənbələrə əsasən, Bakı bulvarının tikintisinə 1909-cu ildə başlanıb. Ötən 111 il ərzində bulvar ərazisinin forması dəfələrlə dəyişib. Müxtəlif tikinti işləri aparılıb, sahəsi genişləndirilib. Dənizkənarı Milli Parkın ərazisi köhnə, yeni və Ağ Şəhər bulvarı olmaqla, 3 hissəyə ayrılıb. 1998-ci ildən Dənizkənarı Bulvar Milli Park statusunu daşıyır. Hazırda parkın uzunluğu 16 km.-dir və gələcəkdə ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.
Milli Parkın ötən il 110 illiyi qeyd ediləndə onun tarixini əks etdirən fotosərgi açılmışdı. XX əsrdə bir çox tanınmış yerli və əcnəbi fotoqrafların lentə aldığı fotoşəkillər orada nümayiş olunurdu. Həmin sərgidə Bakı bulvarının 1860-1990-cı illəri əhatə edən tarixi ilə bağlı 100-dən artıq nadir tapıntı hasab edilən şəkillərdə bulvarın dənizdən çəkilmiş ilk fotosu da vardı...
Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılıb. Həmin dövrdə esplanadanın inşası aparılırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. 1860-cı ildən sonra "Qafqaz və Merkuri” paroxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirir. Bu qurğuların inşası nəticəsində sahil zolağı 2 hissəyə bölünür: qərb istiqamətində, qala boyunca - Aleksandrovski sahili, şərq istiqamətində - Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili.
Sahil küçəsinin salınması
Sahildə aparılan işlərlə
bağlı ilk addımlar 1868-ci ilədək
Bakı şəhərinin memarı olmuş
Qasım bəy Hacıbababəyov tərəfindən
atılıb. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra sahil zolağı
nizamlanıb və o zaman
imperator II
Aleksandrın adını daşıyan sahil
küçəsi, yəni bulvar
küçəsi 1865-1868-ci illərdə salınıb.
Şəhərin sürətli inkişafına 1863-cü ildə
icazə verilib.1867-ci ildə bu ərazidə
su kəməri çəkilib, fontan və digər tikililər də inşa edilib. Bundan sonra dəniz sahili bulvar statusu
alıb və şəhərin incisinə
çevrilib. Bu dövrə
sahilboyu ərazidə
ilk evlərin tikilməsi
də aiddir.
1902-ci ildə Şəhər
Duması Bakının
dənizkənarı şəhər
olduğunu, sahil zolağında çoxsaylı
körpüləri nəzərə
alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi
qərara alır. Sahil zolağının
abadlığı zəruri
idi, bunu sahilyanı ərazinin mülki mühəndis K.B.Skureviç tərəfindən
tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf edirdi. Bağ Komissiyasının
1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilir.
Dənizkənarı bulvarın yaradılması
məsələsi Şəhər
Upravası tərəfindən
dəfələrlə müzakirə
edilsə də, yalnız 1909-cu ildə praktiki addımlar atılır. Əvvəlcə "Qafqaz və
Merkuri” cəmiyyətinin
körpüsündən Seyid
Mirbabayevin evinə (Kukla teatrından "Azneft” meydanına kimi) qədər olan sahilboyu ərazinin abadlaşdırılması
qərara alınmışdı.
1909-cu ilin aprelində
Bakı Şəhər
Upravasının tikinti
şöbəsinin rəisi,
mühəndis Məmmədhəsən
Hacınski Şəhər
Dumasının iclasında
Dənizkənarı bulvarın
tikintisi ilə bağlı məsələnin
müzakirəyə çıxarılmasına
nail olur. Onun alovlu çıxışı
Dənizkənarı bulvarın
salınmasında önəmli
rol oynayır. Aprelin 9-da
"Kaspi” qəzetinin
77-ci sayında Hacınskinin
Dənizkənarı bulvarın
tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında
şəhərdə yeganə
olan Mixaylovski bağının azlıq
etdiyini, əhalinin asudə vaxtını keçirməsi üçün
geniş bir yerin ayrılmasının
zəruriliyini vurğulayır.
M.Hacınski ilk gündən
bu vəzifədə Bakı şəhərinin
Baş planının
həyata keçirilməsində,
bağ və bağçaların, bulvarın,
yolların və meydanların genişləndirilməsində,
yeni binaların tikintisində yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən
biri - Şirvanşahlar
tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün
dəniz sahilinin qurudulub torpaq tökülməsi və
s. haqqında məsələ
qaldırmışdır. M.Hacınski eyni
zamanda Bakının ictimai və siyasi həyatında da yaxından iştirak etmişdi.
Sahilyanı bulvarın tikintisi
üçün Duma vəsait ayırır.
Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən
Dənizkənarı bulvarın
kompleks tikintisinə rəhbərlik etməsi M.Hacınskinin əməkhaqqını
ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində yerinə yetirilərək başa çatır
Ağ Şəhərdən Bibiheybətəcən...
Bu gün Dənizkənarı Milli Park ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. 1998-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "Milli Park” statusu verilib. Son illər burada böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru xeyli genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib.
Bulvarda attraksionların, kafelərin, səyyar ticarət və xidmət obyektlərinin sayı getdikcə artır. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və s. gəzinti marşrutları işləyir, səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər, istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir.
Bu istirahət məkanı Ümummilli Lider Heydər Əliyevin yadigarlarından biridir. Bura ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2010-cu ildən etibarən bulvar ərazisində genişmiqyaslı yenidənqurma işləri aparılıb. Bulvarın ərazisi Ağ Şəhər və Bibiheybət istiqamətinə qədər genişləndirilib.
Bulvarda dövlət səviyyəsində abadlıq, quruculuq, genişləndirmə işləri davam edir. 2010-cu ildə Dənizkənarı Milli Parkın ərazisində Dövlət Bayrağı Meydanının açılışı olub. Bundan əlavə, Köhnə bulvar ərazisində Park Bulvar, Bakı Biznes Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Yeni Bulvar ərazisində Bakı Kristal Zalı, Bayıl bulvarı ərazisində "Yarat” Müasir İncəsənət Mərkəzi, "Daş salnamə” muzeyi, Su İdmanı Sarayı kimi müasir əhəmiyyətli memarlıq obyektləri inşa olunub.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 31 iyul.- S.12.