Şirvan hakimlərinin iqamətgahı

 

Memarlıq inciləri

 

Orta əsr memarlığının şah əsərlərindən olan Şirvan hakimlərinin iqamətgahı - Şirvanşahlar Saray Ansamblı bugünə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində Şirvanşahlar Sarayı ucaldılır.

Sarayın ansamblı 9 tikilidən - Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Keyqubad məscidindən, saray türbəsindən, hamamovdandan ibarətdir. Kompleks binalarının biri digərindən 5,6 metr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün saray vahid memarlıq planına malik deyildir. Lakin buna baxmayaraq binalar təzad təşkil etmir, əksinə biri digərini gözəlləşdirir. Ən müxtəlif nöqtələrdən baxarkən tikililərin saray ansamblının tərkib hissələri olduğu aydın görünür.

 

 

Saray binası

 

 

Saray 2 mərtəbəli düzgün olmayan düzbucaqlı formaya malik bir binadır. Onu yaxşı işıqlandırmaq üçün binanın cənubi-şərq bucağı girintili-çıxıntılı hazırlanmışdır. İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si I, 25-ci isə II mərtəbədə yerləşirmişdir. Otaqlar simmetrik şəkildədir. II mərtəbədə tağ tavanla örtülmüş şahın özü və ailəsinin otaqları yerləşirdi. II mərtəbənin pəncərələri Bakı Buxtasının gözəl mənzərəsinə açılır. Onları daş şəbəkələr daha da gözəlləşdirir. Mərtəbələr arasında əlaqələr 2 ensiz pilləkən və 8 bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hazırda II mərtəbədə cəmi 16 otaq vardır. Girişdəki 8 guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Qalan 14 otaq da bərpa edilmişdir.

 

 

Divanxana

 

 

Divanxana kompleksi yuxarı həyətdə yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişmişdir. Tədqiqatçıların fikrincə, belə bir ehtimal var ki, Şirvanşah Fərrux Yasər Divanxana kompleksini özü üçün məqbərə olaraq tikdirmişdir. Lakin tikinti işləri başa çatmamışdır. Sütunlar üzərindəki izlər göstərir ki, onlarvaxtsa incə daş barelyeflərlə bəzədilib. Sütunlu yer tanınmış feodalların yığıncağı üçün təyin olunubmuş. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş vardır.

Rotondanın da 2 giriş qapısı vardır. Qərb girişi uca nəfis işlənmiş portal ilə seçilir. Portalın çərçivəsində 2 ədəd 6 guşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin üzərində "Allahdan başqa Allah yoxdur”, digərində "Məhəmməd Allahın elçisidir”, sonuncuda isə "Əli Allaha yaxındırsözləri yazılıb. Sağ tərəfdəki 6 bucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində "Allah təkdir”, digər 6 ədədinin üzərində isə "Məhəmmədsözləri yazılmışdır. Portalla yanaşı rotondaya gedən daxili keçid gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda Quranın 10-cu surəsi ("Yunussurəsi 25, 26, 27-ci ayələr) yazılmışdır. "Uca pak olan Allah dedi: Allah xalqı behiştə çağırır istədiyi şəxsi düz yola hidayət edir, ona düz yol göstərir. Yaxşı gözəl əməl sahiblərindən ötrü əcr savab vardır. Onların üzərini günah pərdəsi örtmədiyi kimi, zəlil olmazlar, onlar əhli-dildirlər, həmişəlik orada qalacaqlar. Allah doğru deyir”. Burada bədiilik effekti hörgünün xüsusiyyətindən asılı olaraq işıq-kölgə oynaqlığı ilə verilir. Rotonda tağlarının oxları üzərində 6 bucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq 3 oyuq formada "Əliadı həkk olunmuşdur. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki müharibələr dövründə dayandırılıb.

Divanxananın memarlıq üslubunun kamilliyi, ornamentlərin yüksək dərəcədə hazırlanma səviyyəsi Azərbaycan xalqının zəngin memarlıq irsinə malik olduğunu göstərir. Bura gözəlliyinə incəliyinə görə nəinki Azərbaycanın, həm Yaxın Şərqin uyğun memarlıq abidələrənin şah əsəri sayılır.

 

 

 

Dərviş türbəsi

 

 

Xalq arasında "Dərviş türbəsi” adı ilə məşhur olan və ərazinin cənub hissəsində yerləşən türbə orta həyətdə mərkəzi yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlışlıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə əsassız olaraq sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla Xanəgah tikililəri kompleksinə aid edirlər.

Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullah dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdıqlarına görə, o, hicri tarixi ilə 862-ci ildə vəfat etmişdir. Bizə Seyid Yəhya Bakuvinin 30 adda əsəri gəlib çatmışdır. Onlar əsasən sufizm-mistik xüsusiyyətini daşıyır və Türkiyənin Manisa şəhərində "Muradiyyə” kitabxanasında saxlanılır.

Türbə Keyqubad məscidinin bünövrəsi olan kompleksdədir. Onu da qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı olmamışdır. Türbə incə quruluşu ilə diqqəti cəlb edir.

Epiqrafçı alim Məşədixanım Nemətin ehtimalına görə, Şirvanşahlar Sarayı kompleksindəki Dərviş türbəsi adlanan yerdə dəfn olunan Şirvanşah Şeyx İbrahim (1382-1417) vaxtında hicri tarixi ilə 805-ci ildə (1402-03) Mərəzə yaxınlığında "Diri baba” türbəsinin kitabəsini yazmış şəxsdir.

 

 

Hazırladı:

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 31 iyul.- S.12.