Şəhər meydanları
Səs-küylü məkan
İçərişəhərin meydanlarının müxtəlif təyinatları var idi. Əgər ölçüləri və memarlıq baxımından təşkili buna imkan verirdisə, eyni meydan hərdən bir neçə funksiyanı yerinə yetirirdi. Bunların içərisində ticarət-bazar meydanları xüsusı əhəmiyyət kəsb edirdi. Ətrafdakı memarlıq ansamblının kompozisiyasına tabe olmasına baxmayaraq, şəhər meydanları sırasında came məscidləri qarşısındakı böyük meydanlar birinciliyə iddialı idilər. Onları came meydanları adlandırırdılar.
Bunlardan savayı, ayrı-ayrı məhəllələrdə yerləşən məhəllə məscidləri yaxınlığında kiçik ölçülü meydanlar da mövcud idi. Heç nəyə baxmayaraq onlar məhəllənin kompozisiya mərkəzləri idilər və bu meydanların şəhərsalmada əhəmiyyəti bir o qədər də böyük deyildi. Məscidlər küçələrin daha böyük hissələrində və ya məhəllələrin kəsişməsində inşa edilirdi. Bu halda meydanlar trapesiya və ya üçbucaqşəkilli olurdu.
Bazar meydanları şəhərin ən əhəmiyyətli hissəsi idilər. Orta əsrlərdə Azərbaycan şəhərlərində bazar meydanları planlaşmasına, ölçülərinə və yer seçiminə görə çox müxtəlifdir. Bu dövrdə nizamsız bazar meydanları geniş yayılmışdı. Onlar hər üç tərəfdən çatmatağlı qalereya ilə əhatə olunurdu. Meydanı əhatə edən tağ sırası eyni zamanda onun ictimai əhəmiyyətini göstərirdi.
Ticarət inkşaf etdikcə bazar meydanlarının əhəmiyyəti artırdı. Həmin yerlərdə çox vaxt içərisi su ilə dolu hovuzlar tikilirdi. Bu cür hovuzlar quru və isti havanın nəmləndirilməsinə yardım edirdi, qızmar günəş şüaları altında alış-veriş edən insanların əhvali-ruhiyyəsinə müsbət təsir göstərirdi.
Orta əsr meydanları öz ölçülərinə görə çox da böyük olmurdu. Şəhər küçəsinin müəyyən hissəsinin genişləndirilməsilə kifayətləndirilirdi. Hədsiz sıx tikinti arasında bu kiçik meydanlar xüsusi əhəmiyyətə malik idilər. Dar küçə - koridorlara alışqan olan insanlar kiçik bir açıq fəzaya çıxdıqda, təbiidir ki, genişlik hissi keçirirdilər. Orta əsr inşaat ustaları küçə və meydanların təzadlı nisbəti ilə müəyyən miqyas-görünüş effekti yaradırdılar.
Şəhərin ərazisinə nisbətən
meydanlar az yer tuturdu. Böyükölçülü meydanlara çox nadir hallarda rast gəlinirdi. Şəhər planında meydanın
dominant yeri onunla vurğulanırdı ki, bunların yaxınlığında
küçələrin mürəkkəb
labirintində oriyentir
rolunu oynayan böyük binalar tikilirdi, eyni zamanda şəhərin ayrı-ayrı hissələrini
birləşdirən əsas
magistral ona tərəf istiqamətlənirdi.
Azərbaycan.-2020.- 31 iyul.- S.12.