İlham Əliyev:
"Bu mübarək bayram günlərində ölkəmizin
firavanlığı və əmin-amanlığı
naminə etdiyiniz dualara qatılıram"
Ramazan bayramı
münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli
həmvətənlər!
Sizi
və dünyanın müxtəlif guşələrində
yaşayan bütün soydaşlarımızı mübarək
Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edir, hamınıza ən səmimi arzu və diləklərimi
yetirirəm.
İlahi
hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu
olaraq bəşəriyyətə göndərildiyi Ramazan
ayı insanları saflığa, vəhdətə, şəfqət
və mərhəmətə dəvət edir. Bu ayda möminlər
Uca Yaradan qarşısında mənəvi borclarını
ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin
nəfs üzərində qələbəsinin sevincini
yaşayırlar.
Builki
Ramazan ayını dünyanın böyük təhlükə
ilə üz-üzə qaldığı mürəkkəb
bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin
sağlamlığı və rifahı üçün təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qarşılaşdığımız qlobal bəla ilə
mübarizənin uğuru daha çox cəmiyyətin hər
bir üzvünün yüksək məsuliyyəti və
intizamlı davranışından asılıdır. Müqəddəs
kitabımız Quran da daim birlik və bərabərliyə,
sosial yardımlaşma və xeyirxahlığa
çağırır. Əminəm ki, həmişə belə
nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi
dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi
və həmrəyliyi sayəsində bu çətinliyi də
geridə qoyacaqdır.
Əziz
bacı və qardaşlarım!
Orucluğun
sınaqlarından alnıaçıq çıxan
inanclı vətəndaşlarımız Ramazan ayını
qürur və şükranlıq duyğuları ilə yola
salırlar. Bu mübarək bayram günlərində ölkəmizin
firavanlığı və əmin-amanlığı naminə
etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canından
keçən qəhrəman Vətən
övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.
Oruc
və ibadətlərinizin Allah dərgahında qəbul
olunması diləyi ilə hər birinizə möhkəm
cansağlığı, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə xeyir-bərəkət
arzulayıram.
Ramazan
bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 may
2020-ci il.
Azərbaycan.-2020.-
23 may.- S.1.