Uşaqların layiqli
vətəndaş kimi formalaşması prioritet istiqamətdir
1
iyun Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür
Ailə
xoşbəxtliyinin ən böyük göstəricisi olan
uşaqlar sabaha aydın gözlərlə
baxmağımızın təminatçısıdır. Həyatda
ən saf qəlbə məxsus olan şəxslər elə məhz
uşaqlardır. Hətta deyiblər ki, uşaqlıq
saflığını itirməyən insan böyük insan
sayılır. Uşaq elə bir qüvvədir ki, o, ailənin
dayağına çevrilir, xoşbəxtlik cücərtilərinin
möhkəmlənməsinə yol açır. Bu xoşbəxtliyin
daha uzunömürlü və sağlam olması
üçün əlbəttə ki, uşaqları qorumaq,
onların hüquqlarının müdafiəsi yolunda
çalışmaq lazımdır.
Gələcəyimiz
olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən,
bütün təhlükələrdən qorumaq bəşəriyyəti
narahat edən əsas məsələdir. Dünyanın hər
yerində uşaqlara qayğı və onların qorunması
xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə
uşaqları qorumağı, onları müdafiə etməyi
özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin
daha möhkəm olması üçün müxtəlif beynəlxalq
təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər
qəbul olunur, beynəlxalq forumlar, tədbirlər, konfranslar həyata
keçirilir. Uşaq hüquqlarının beynəlxalq
miqyasda qorunması üçün 1950-ci il iyunun 1-də BMT
Baş Assambleyasının təşkilatçılığı
ilə keçirilən qadınların beynəlxalq
konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr
etmək qərara alınmışdır. Bundan sonra həmin
gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü
kimi tarixə düşmüşdür. Dünyanın bir
çox ölkələrində olduğu kimi, Azərbaycanda
da bu gün 70 ildir ki, ənənə halını alaraq, hər
il qeyd edilir.
Hazırda
ölkəmizdə 2 622 400 uşaq var. Uşaqların
sağlamlığının qorunması, keyfiyyətli təhsil
alması, onların zəruri maddi və məişət
şəraitində böyüyüb tərbiyə
olunması, cəmiyyət üçün layiqli vətəndaş
kimi formalaşması dövlət siyasətinin başlıca
istiqamətlərindəndir. Azərbaycanda həmişə
uşaqlara məhəbbətlə yanaşılır, onların
sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər
böyümələri üçün hər cür şərait
yaradılır. Dövlət müstəqilliyimizə
çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə
nail olmağımıza baxmayaraq, dövlətimiz
üçün uşaq hüquqlarının müdafiəsi
hər zaman prioritet olub. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra bu siyasətin uğurlu fəaliyyəti
üçün daha ciddi addımlar atılmışdır.
Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları
haqqında Konvensiya”nı ratifikasiya etmişdir. Uşaq fəlsəfəsini
mərkəz ideyası kimi ortaya qoyan Konvensiya dövlətimizin
qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər
siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə,
dövlətimiz bütün uşaqların, eləcə də
xüsusi qayğıya ehtiyacı olan uşaqların
hüquqlarının müdafiəsinə qərarlı
olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan
Hökuməti Konvensiya üzrə BMT-nin Uşaq
Hüquqları Komitəsinə dövri məruzələr təqdim
edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
əsasında 2012-ci və 2017-ci illərdə dövri məruzələrin
hazırlanması üçün işçi qrup
yaradılmış və bu qrupa rəhbərlik Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinə həvalə edilmişdir. Azərbaycan, eyni
zamanda, müvafiq Konvensiyanın iki əlavə protokoluna, eləcə
də "Ölkələrarası övladlığa
götürmə ilə bağlı uşaqların müdafiəsi
və əməkdaşlıq haqqında”,
"Uşaqların kənd təsərrüfatında işə
buraxılmasının minimum yaşı haqqında”,
"Uşaq əməyinin ən pis formalarının
qadağan edilməsinə və onların aradan
qaldırılması üçün təcili tədbirlərə
dair”, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan
müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına
(Lanzarotta) və digər Konvensiyalara da qoşulmuşdur.
Dövlət tərəfindən ratifikasiya edilmiş
konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm
islahatlar aparılmışdır.
Uşaqlara
dövlət qayğısının göstərilməsi,
uşaq hüquqlarının xüsusi diqqət mərkəzində
olması dövlət siyasətinin nə dərəcədə
reallaşmasından və əhəmiyyətindən xəbər
verir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə
olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər
üzərində qurulması və həyata keçirilməsi
üçün fəaliyyətinin mühüm istiqamətlərini
bu məsələyə yönəltmişdir.
"Uşaqlara qayğı hər bir vətəndaşın
borcudur” - deyən Heydər Əliyev həmişə
qızıl vaxtından ayıraraq böyük zövqlə
uşaqların bayram şənliklərində, tədbirlərində
iştirak edərək onların qayğısına
qalırdı. Ulu Öndər dövlət siyasətinin əsas
qollarından sayılan uşaq siyasətinin
inkişafını təmin etmək üçün beynəlxalq
sənədlərə qoşulmaqla yanaşı, ölkə
səviyyəsində mühüm qanunun qəbul edilməsini
önəmli hesab etmiş, vahid qanunvericilik bazasının
formalaşmasında mühüm rol oynamışdır.
Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri
tənzimləmək və bu hüquqların müdafiəsini
təmin etmək məqsədilə 19 may 1998-ci ildə qəbul
edilən "Uşaq hüquqları” haqqında qanun Azərbaycan
Respublikasında uşaqların hüquqlarını və
azadlıqlarını, onlar barəsində dövlət siyasətinin
əsas prinsiplərini, müdafiəsi sahəsində dövlət
orqanlarının, digər hüquqi və fiziki şəxslərin
vəzifələrini müəyyən edir, ailə, cəmiyyət
və uşaq münasibətlərinin əsas istiqamətlərini
tənzimləyir. 2009-cu ilin dövlətimiz tərəfindən
"Uşaq ili” elan edilməsi bu istiqamətdə
mühüm tədbirlərin həyata keçirilməsinə,
dövlət orqanlarının və vətəndaş cəmiyyətinin
diqqətinin uşaq problemlərinin həllinə yönəldilməsinə
xidmət etmişdir. Uşaq məsələləri ilə əlaqədar
dövlət qurumları arasında koordinasiya və nəzarət
sisteminin təkmilləşdirilməsi çox vacibdir. 2012-ci
ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
"Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”təsdiq edilmişdir.
Dövlət müəssisələrində uşaqların
qidalanma, nəzarət, təhlükəsizlik,
zorakılığa məruz qalma və digər məsələlərlə
bağlı monitorinqi aparılır və bu monitorinq nəticəsində
tövsiyələr hazırlanır.
"Azərbaycan
2020: Gələcəyə Baxış” İnkişaf
Konsepsiyası və 2016-2030-cu illər üçün
Dayanıqlı İnkişaf Məqsədlərini əsas
götürərək, uşaqların bütün sahələrdə
imkanlarının daha da genişləndirilməsi,
hüquqlarının müdafiəsi üçün
müvafiq sənədlər hazırlanır. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən "2018-2028-ci illər
üçün Azərbaycan Respublikasının "Milli
Uşaq Strategiyası” layihəsi tərtib edilmiş və
hökumətə təqdim edilmişdir. Eyni zamanda
"Uşaq Məcəlləsi” layihəsi
hazırlanmışdır və hazırda aidiyyəti
qurumlarla razılaşdırılma mərhələsindədir.
17 qlobal məqsədi, 169 hədəfi əks etdirən BMT-nin
Dayanıqlı İnkişaf Məqsədlərində 35 hədəf
bilavasitə uşaqların inkişafı ilə
bağlıdır. Belə ki, dünyada hələ də təhsil
və səhiyyə xidmətlərinə
çıxış imkanı olmayan, ərzaq
çatışmazlığından, münaqişələrdən
və böyüklərin sui-istifadəsindən əziyyət
çəkən milyonlarla uşaq var. Dünyada baş verən
münaqişələr nəticəsində minlərlə
uşaq valideynsiz qalır və amansızcasına qətlə
yetirilərək hüquqları tapdalanır.
Azərbaycan
uşaqları bu gün dövlətin və cəmiyyətin
hərtərəfli qayğısı ilə əhatə
olunsa da, təəssüf ki, torpaqlarımızın
işğalı nəticəsində uşaqlarımız
doğma ev-eşiklərindən didərgin
düşmüş, azad və sərbəst yaşamaq
hüquqları pozulmuşdur. Azərbaycan
uşaqlarının hüquqlarını amansızcasına
pozaraq, onları öz doğma yurd-yuvasından didərgin
salmış təcavüzkar Ermənistan Respublikası hələ
də beynəlxalq hüququn tələbləri ilə
hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək
istəmir. Bu hərbi münaqişə zamanı 175 uşaq qətlə
yetirilmiş, yaralanan uşaqların sayı isə yüzlərlə
olmuşdur. Dövlətimiz münaqişə müddətində
214 uşağın əsir və girovluqdan azad edilməsinə
nail olmuşdur, 66 uşaq itkin düşmüş, 29 uşaq
isə hələ də girovluqdadır. Əfsuslar olsun ki,
1994-cü ildə atəşkəs rejiminin elan olunmasına
baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə
yetirməsi faktları qeydə alınmaqda davam edir. Atəşkəs
dönəmində 34 uşaq erməni terrorunun qurbanı
olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-i isə
yaralanmışdır.
Uşaqların
yetişdirilməsində və qorunmasında valideynlərin
böyük rol oynadığı məlumdur. Şəxsiyyətin
ahəngdar və hərtərəfli inkişafı
üçün hər bir uşağa ailə
qayğısı, valideyn istiliyi, diqqət, sevgi və
anlayış lazımdır. 1 iyun tarixi 2012-ci ildə BMT
Baş Assambleyasının 66/292 qətnaməsi ilə həm
də Ümumdünya Valideynlər Günü kimi qeyd olunur.
Bu məqamda valideyn məsuliyyəti məsələsini
vurğulamaq lazımdır. Azərbaycan Respublikasının
Ali Qanunu olan Konstitusiyada da qeyd edildiyi kimi, uşaqların
qayğısına qalmaq və onları tərbiyə etmək
valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə
dövlət nəzarət edir. Təəssüflər olsun
ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə
valideynlik vəzifələrinin yerinə yetirilməməsi,
valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq,
laqeydlik kimi hallar baş verir. Bəzən valideynlər,
yanlış olaraq, övladlarını çox istədiklərini
əsas gətirsələr də, bununla bir araya
sığmayan üsullardan istifadə edir, tərbiyə məqsədilə
övladlarına qarşı fiziki cəza, təhqir, nəzakətsiz
davranış kimi hallara yol verirlər. Uşaqların təhsildən
yayınması, əməyə cəlb edilməsi və onların
məruz qaldığı digər sosial-psixoloji problemlər
valideyn məsuliyyətinin artırılmasını zəruri
edir. Hər bir valideyn anlamalıdır ki, uşaq
böyüdüb tərbiyə etmək onlardan böyük təmkin,
diqqət və sevgi tələb edir. Bu məsələlər
nəzərə alınaraq, Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsində və İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilərək
valideyn məsuliyyəti artırılmışdır.
Azərbaycan
Repsublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə daim uşaq və gənclər üçün
yaradılan imkanlar genişləndirilir. Bu imkanların
reallaşması üçün müasir tipli məktəblər,
tibb ocaqları, idman kompleksləri tikilir və ya təmir
edilir. Dövlət tərəfindən mütəmadi olaraq
qaçqın və məcburi köçkün
uşaqları üçün xidmətlərin təminatına,
böyüməkdə olan nəslin
sağlamlığına, təhsilinin inkişafına,
hüquqlarının müdafiəsinə, uşaq
iştirakçılığına yönəlmiş
genişmiqyaslı tədbirlər və bu istiqamətdə
görülən işlər gücləndirilməkdədir.
Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti xanım Mehriban Əliyevanın uşaq məsələlərinə
diqqəti bu sahəyə qayğının daha da
artırılmasına səbəb olur. Mehriban xanımın təşəbbüsü
ilə xüsusilə həssas təbəqədən olan
uşaqların hərtərəfli inkişafı, keyfiyyətli
təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin olunması, kimsəsiz, fiziki
sağlamlığında problemi olan uşaqların
sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin
yaradılması, bu uşaqların gələcəkdə məşğulluğunun
təmin edilməsi, eləcə də müxtəlif peşələrin
öyrədilməsi istiqamətində önəmli layihələr
həyata keçirilir. "Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
yüzlərlə təhsil ocağı tikilib istifadəyə
verilmişdir. "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı” və "Məktəbəqədər
uşaq tərbiyə müəssisələrinin yenidən
qurulması” layihəsi çərçivəsində 100-dək
körpələr evi, bağça və internat məktəbi
əsaslı təmir olunmuşdur. "Təhsilə dəstək”
və "İnklüziv təhsil” proqramları, eləcə
də "Məzun Evi Sosial” Müəssisəsi Fondun xidmətləri
sırasında xüsusi vurğulanmalıdır.
Azərbaycanda
uşaq hüquqlarının təmin edilməsi sahəsində
demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər
bu sahənin inkişafı prosesini daha da sürətləndirir.
"Uşaqların icbari dispanserizasiyası haqqında”,
"Uşaqların zərərli informasiyadan qorunması
haqqında” yeni qanunların qəbul edilməsi, təhsil
qanunvericiliyində, sağlamlıq imkanları məhdud,
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlarla bağlı qanunvericilikdə yeni təminatların
təsbit edilməsi, sosial təminatın gücləndirilməsi
dövlətin uşaqlara olan diqqətinin nəticəsidir.
Zaman keçdikcə uşaq hüquqları
anlayışı da dəyişir, yeni
çağırışlar, hədəflər ortaya qoyulur.
Bu gün ən ciddi məsələlərdən biri
uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir.
Uşaqlar kompüter yeniliklərini - sosial şəbəkələri,
onlayn oyunları, müxtəlif proqramları sürətlə
mənimsəyir. Bu gün internetdə xeyirli məlumatlarla bərabər,
bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur.
Uşaqlar valideynlərinin diqqətindən yayınaraq
şiddət, müxtəlif pis vərdişlər
aşılayan videolara asanlıqla çıxış əldə
edirlər. Bu isə onlarda hələ kiçik yaşlardan
aqressiya, şiddətə meyillilik və mənəvi
travmalara səbəb olur. Əsas təhlükələrdən
biri onların cinayətkarların hədəfinə
düşməsidir. İnternetdən, mediadan gələn zərərli
informasiyalardan uşaqların qorunması üçün
Komitə olaraq, tərəfimizdən internetdə uşaq
hüquqlarının müdafiəsi məqsədilə milli
qanunvericilk bazasının təkmilləşdirilməsi
istiqamətində işlər aparılır, maarifləndirici
tədbirlər keçirilir, təhlükəsizlik proqram
sistemləri yaradılır. "Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə
əsasən "uşaqların sağlamlığına və
inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq
qanunla tənzimlənir. Komitə tərəfindən
hazırlanan "Uşaqların zərərli informasiyadan
qorunması haqqında” qanun bu il qüvvəyə mindi. Qanun
layihəsində uşaqlar üçün zərərli
informasiyanın növləri müəyyənləşib.
Qanunun müvafiq bəndinə əsasən, uşaqlar
arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının
uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki
proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən
yayılmasına yol verilmir. Bu istiqamətdə həyata
keçirilən mühüm layihələrdən biri kimi
BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə
əsasən, komitənin təşəbbüsü, Kapital
Bankın dəstəyi ilə "Uşaqların internet təhlükəsizliyi”
layihəsi çərçivəsində "Valideyn-internet
təhlükəsizliyi və nəzarət” proqramını
(kidsafe) qeyd edə bilərik. Proqram təminatı
uşaqların internet məkanında müdafiəsinə,
valideynlərin uşaqların daxil olduğu elektron səhifələri
və sorğuları haqqında məlumatlandırılmasına
xidmət edir.
Daha
gözəl gələcək üçün uşaqları
həyatımızın mərkəzinə qoyaraq, dünyaya
onların gözü ilə baxmalıyıq. Əgər bunu
edə bilsək, o zaman onları daha təhlükəsiz cəmiyyətə
əmanət edə bilərik. Uşaqları əhatə edən
erkən nikah hallarının və uşaq əməyinin
qarşısının alınması üçün maarifləndirmənin
gücləndirilməsi, valideyn himayəsindən məhrum
uşaqların internat və uşaq evlərini tərk etdikdən
sonra onların məşğulluğunun təmin edilməsi,
eləcə də məişət
zorakılığının və insan alverinin qurbanı
olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə
inteqrasiyası istiqamətində komitə tərəfindən
ardıcıl tədbirlər həyata keçirilir. Köməyə
ehtiyacı olan, zorakılıqdan əziyyət çəkmiş
uşaqlarla mütəmadi işlərin aparılması
olduqca vacib məsələdir. Hazırda bütün yerli icra
hakimiyyətlərində müvafiq yerli icra orqanlarının
nümayəndələrindən ibarət Gender
zorakılığı və uşaqlara qarşı
zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır.
Monitorinq qrupları, eyni zamanda, profilaktiki işi təşkil
edir, zərərçəkmiş uşaqlara lazımi
psixoloji və hüquqi yardımlar göstərir. Komitənin
regionlarda fəaliyyət göstərən 11 Uşaq və
Ailələrə Dəstək Mərkəzləri icmada risk
qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək
göstərir, vətəndaşların müraciəti əsasında
onları müxtəlif xidmətlərə yönəldirlər.
Hər il mərkəzlərə təqribən 3 minə qədər
müraciət edilir. Müraciətlərin 50 faizi mərkəzlərin
köməyi ilə təmin olunur, digərləri isə
aidiyyəti orqanlarla əlaqələndirilir. Ötən il
müxtəlif mövzularda dair keçirilən tədbirlərdə
17 minə qədər şəxs iştirak etmiş, mərkəz
xidmətlərindən 6 minə qədər şəxs
faydalanmışdır. Ümumilikdə isə il ərzində
mərkəzlərin fəaliyyətindən bəhrələnənlərin
sayı 20 mindən artıq olur.
Bu
gün uşaqların öz hüquqlarını bilməsi,
ictimai həyatda iştirakçılığının
artırılması da aktual məsələlərdən
sayılır. Bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci
illərdə keçirilən Ümumrespublika Uşaq
Forumlarının xüsusi rolu vardır. Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə
UNİCEF-in birgə təşkilatçılığı və
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən
Uşaq Forumları uşaqların hərtərəfli
inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi,
liderlik keyfiyyətlərinin formalaşması
üçün stimul olmuşdur. Forumlarda idarəetməni
uşaqlar həyata keçirir, onları
düşündürən bütün məsələlər
barədə müvafiq dövlət rəsmiləri ilə
dialoq qurur, öz problemlərinin həlli ilə bağlı
aidiyyəti dövlət orqanlarına təkliflərlə
çıxış edirlər. Forumlarda bütün
regionlardan ümumilikdə 350-dən çox uşaq
iştirak edərək, öz bilik və
bacarıqlarını nümayiş etdirirlər. Komitənin
təşəbbüsü ilə uşaqlarda müstəqil
özünü ifadə etmə bacarığının, idarəetmə
mədəniyyətinin formalaşması ictimai fəallığının
artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi,
iştirak hüququnun təmin olunması istiqamətində
icra edilən layihələrdən biri də "Uşaq Səfirlər
Məclisi”nin yaradılmasıdır. Məclis üzvləri
olan uşaqlar tərəfindən uşaq
hüquqlarının müdafiəsi, uşaq inkişafı,
həmçinin uşaqları narahat edən məsələlər
barədə müzakirələrin aparılması,
onların həlli istiqamətində təkliflərin irəli
sürülməsi nəzərdə tutulmuşdur.
Uşaqların
əməyə cəlb edilməsi, dilənçiliyə məcbur
edilməsi məsələsi də daim diqqət mərkəzində
saxlanılır və bu istiqamətdə araşdırma və
təhlillər aparılır. İcra edilən layihələrdən
biri kimi UNİCEF ilə birgə uşaqların dilənçiliyə
cəlb edilməsinin qarşısının alınması,
onların təhsil, səhiyyə və sosial xidmətlərə
çıxış imkanlarının artırılması məqsədilə
2018-ci ildən Qazax və Ağstafa rayonlarında reallaşan
layihəni qeyd edə bilərik. Layihə çərçivəsində
3 ay müddətinə 4 sosial işçi Qazax və
Ağstafa rayon icra hakimiyyətləri orqanı yanında
Yetkinlik Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə
Komissiyanın fəaliyyətinə cəlb edilmişdir. Sosial
işçilər regionda baxımsız, aztəminatlı,
qaraçı ailələrdən olan uşaqların ilkin
sosial, psixoloji və hüquqi ehtiyaclarını qiymətləndirmiş,
icra hakimiyyətləri yanında Yetkinlik Yaşına
Çatmayanların İşləri üzrə
Komissiyanın müvafiq sahədə işinə dəstək
vermiş, uşaqların küçə həyatına,
uşaq əməyinin istismarına məruz qalmasının səbəbləri
araşdırılmış, onların hüquqlarının
müdafiəsi məqsədilə fərdi şəkildə
qayğı və inkişaf planları hazırlanmış,
müvafiq xidmətlərə cəlb edilmişdir.
Bu
gün bütün dünyanı çənginə alan
COVID-19 pandemiyası bir çox sahələrdə çətinliklər
yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq
üçün virusla mübarizə aparır, digər tərəfdən
isə bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər
içərisindədir. Bütün bu hadisələrin
fonunda narahatedici məqamlardan biri də ailədaxili
münaqişələrin, məişət
zorakılığı hallarının baş verməsi və
bundan da uşaqların əziyyət çəkməsidir.
Beləliklə, uşaqların hüquqlarının
böhran vəziyyətində də dayanıqlı şəkildə
müdafiəsini təmin etmək günümüzün ən
vacib məsələlərindən birinə çevrilməkdədir.
Pandemiya dövründə bu istiqamətdə çox
mühüm tədbirlər həyata keçirildi, kampaniyalar
elan edildi. Qeydiyyata alınmış və hər ay qan
köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək
olmaq və onlar üçün tədarük olunan qan
ehtiyatını artırmaq məqsədilə Heydər Əliyev
Fondu tərəfindən başladılan qanvermə
aksiyasına komitə də fəal şəkildə
qoşuldu və bu prosesdə bir çox təşkilatların,
vətəndaşların könüllü olaraq
iştirakı xalqımızın nə qədər humanist və
yardımsevər olduğunu sübut etdi.
Sosial
izolyasiya və karantin dövründə komitə tərəfindən
uşaqları maraqlandıran və əhatə edən bir
sıra məsələlər üzrə onlayn müzakirələr
təşkil edildi. "Həyati bacarıqlara yiyələn!”,
"Uşaqların asudə vaxtının səmərəli
təşkili”, "Uşaqların internet təhlükəsizliyi
və onun təmin olunması yolları”, "Uşaq və gənclərin
uğurlu ixtisas və peşə seçimi”, "Pandemiya
dövründə ailələrdə yaranan psixoloji problemlər
və onların həlli yolları”, "Karantin vəziyyətində
sağlamlıq imkanları məhdud uşaqların psixoloji
reabilitasiyası”, "Uşaqların inkişafında oyunun
vacibliyi”, "Ailədə uşaqlarla uğurlu ünsiyyət
və birgə fəaliyyətin vacibliyi”, "Ailə və mədəniyyət”
mövzularında komitənin rəsmi "Facebook” səhifəsində
əməkdaşlar və dəvət olunmuş ekspertlər
tərəfindən canlı yayım formasında təlimlər,
onlayn vebinarlar və müzakirələr təşkil edildi. Təlimlərə
edilən geri dönüşlər və sosial şəbəkə
istifadəçiləri tərəfindən gələn rəy
və təkliflərdən mövzuların
aktuallığı və marağa səbəb olması
müəyyən edildi.
Uşaqları
yalnız dünyaya gətirmək deyil, onları həm də
gələcəyin layiqli vətəndaşları kimi
böyüdərək formalaşdırmaq cəmiyyətin,
dövlətin və ailənin borcu və vəzifələridir.
Bu prosesdə iştirak edən hər bir valideyn
övladını vətənpərvər, millətə və
dövlətçiliyə şərəflə xidmət edəcək
şəkildə tərbiyə etməlidir. Buna nail olmaq
üçün də xüsusən valideynlərin maariflənməsi
işi davam etdirilməlidir. Bu məqamda medianın da üzərinə
böyük yük və məsuliyyət düşür.
Çünki hamı üçün əlçatan və
vizual olan kütləvi informasiya vasitələri uşaqlara və
böyüklərə daha çox təsir etmək
gücünə malikdir. Uşaqlarla bağlı daha çox
veriliş və proqramların hazırlanması və
nümayiş etdirilməsi müasir dövrün tələb
etdiyi əsas məsələlərdəndir. Uşaqların
sağlam və xoşbəxt böyüməsi həmişə
aktual olmuşdur, lakin qloballaşma dövründə,
xüsusilə də hərbi münaqişələr,
kataklizmlər, terrorizm, zorakı ekstremizm və
pandemiyaların fonunda bu məsələ özünü daha
qabarıq şəkildə göstərir. Əlbəttə,
uşaq hüquqlarının müdafiəsi yalnız bir
dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətinin,
həmçinin siyasi və sosial qüvvələrin birgə
səyləri nəticəsində mümkündür. Əgər
ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin
özəyidir. Onların hüquqlarının təmin edilməsi
həm valideynlərin, həm dövlətin, həm də cəmiyyətin
qarşısında duran əsas məqsəddir. Azərbaycanda
həyata keçirilən dövlət proqramları, layihələr,
tədbirlər uşaqların müdafiəsi sahəsinə
uğurlu töhfələr verir və bu istiqamətdə fəaliyyət
daha da güclənməkdədir.
Gələcəyimizin
qarantı olan ən qiymətli xəzinəmiz -
övladlarımızı vətənini, millətini sevən,
dövləti üçün çalışan bir şəxsiyyət
kimi yetişdirmək, həyatın bəxş etdiyi çətinliklərin
öhdəsindən gəlməyi bacaran, özünəinamlı,
özü qərar verə bilən, təşəbbüskar,
geniş düşüncəli, fədakar və istedadlı
bir gənc kimi yetişmələrini təmin etmək bizim
ümumi vəzifəmiz və məqsədimizdir.
Bahar MURADOVA,
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan.-2020.- 1 iyun.- S.12.