“Dünyanı uşaqlara
verin!”
1
iyun Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür
"...Uşaq evin gülü-çiçəyi”, " Körpə qığıltısı nota alınmayan ən zərif səs, bəstələnməyən musiqidir”, - deyirlər.
Belə epitetlər ilk andanca xoş təbəssüm yaradan fikirlərdir. Həm də ictimaiyyətdə və cəmiyyətdə yetərincə səslənir. Bəli, dünyanın xoşbəxti olmağa layiq körpələr nəinki evin, ailənin, əslində, bəşəriyyətin ülvi və saf varlıqları kimi bəxtəvər yaşamağa layiqdirlər.
Uşaqsız ailələrin bütövlüyünə daim şübhə yaranıb. Çünki onlar ailəni qoruyur, əbədiləşdirir. Deyirlər ki, uşaqlar bağların fidanları, bar ağaclarının budaqları - sevgi meyvəsidir. Həm də uşaqlar bəşəriyyətin gələcəyidirlər, onların müdafiəsi dövlətdən daha çox ailənin və cəmiyyətin borcudur.
1 iyun tarixi fidan balaların bayramıdır. Harada uşaq
varsa, orada səmimiyyət, sevinc, ümidlər çiçəkləyir,
arzular boy atır.
Uşaqların beynəlxalq
səviyyədə müdafiəsi
üçün 1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyası
qərar qəbul edib. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
kimi tarixə düşüb.
BMT-də uşaq
hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan da müstəqilliyini
bərpa etdikdən sonra bu konvensiyaya
qoşulub. Bütün demokratik
dövlətlərdə olduğu
kimi, ölkəmizdə
də uşaq hüquqlarının qorunmasına
xüsusi önəm verilir. Yəni onların sağlam,
hərtərəfli, vətənə
layiqli övladlar kimi böyümələri
üçün hər
cür şərait yaradılıb. Təbii ki,
uşaq hüquqları
da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən
biridir.
Ulu Öndər
Heydər Əliyevin ideyalarını fəaliyyəti
ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə
genişmiqyaslı tədbirlər
həyata keçirilir. Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara diqqət və qayğı ilə yanaşması cəmiyyətdə
böyük rəğbət
doğurur.
Ölkəmizdə uşaq hüquqlarının
təmin olunması, onların istedadının
üzə çıxarılması
istiqamətində fond tərəfindən
silsilə tədbirlər
keçirilir. Məhz bu nüfuzlu
qurumun təşəbbüsü
ilə qaçqın
və məcburi köçkün ailələrindən
olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır.
Əlilliyi olan uşaqların
cəmiyyətə inteqrasiya
olunması istiqamətində
davamlı tədbirlər
həyata keçirilir.
Azərbaycan Prezidenti İlham
Əliyev ölkədə
uşaqlara dövlət
qayğısının gücləndirilməsi,
onların problemlərinə
vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin
artırılması və
demoqrafik perspektivlərinin
müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il
tarixli sərəncam imzalayıb. Həmin sərəncama görə,
2009-cu il "Uşaq ili” elan olunub. Bu
sərəncamla uşaqların
problemlərinin həlli
istiqamətində müxtəlif
layihələr reallaşdırılır.
2009-cu ilin oktyabrında Bakıda "Gülüstan”
sarayında Azərbaycanda
Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının
20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı
üzrə keçirilən
ikigünlük konfransda
Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında
çox vacib mətləblərə toxunub.
Qeyd edilib ki, sivilizasiya
və mədəniyyətlərin
toqquşması, eləcə
də dünyada baş verən hərbi münaqişələr,
texnogen faciələr,
iqlim dəyişməsi,
xəstəliklər və
digər problemlər uşaqların taleyindən
izsiz keçmir.
Belə olan halda onlar
təkcə fiziki cəhətdən deyil, mənəvi baxımdan da şikəst olurlar. Bəzən də ata-anasından,
ailə mühitindən
ayrı düşən
uşaqlar müəyyən
mənəvi dəyərlərdən
də təcrid olunurlar.
Fond, demək olar
ki, yarandığı
gündən valideyn himayəsindən məhrum
olmuş, dövlət
müəssisələrində böyüyən uşaqların
taleyini daim diqqət mərkəzində
saxlayır. Təsadüfi deyil ki, doğmalarının himayəsindən
məhrum olan uşaqlar bu gün Mehriban xanım Əliyevaya mənəvi ana kimi baxırlar. Bu da səbəbsiz
deyil. "Uşaq evləri və internat məktəblərinin inkişafı
proqramı”çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən onlarla, yüzlərlə dövlət müəssisəsi
əsaslı təmir
edilərək avadanlıqlarla
təchiz olunub. Tez-tez uşaqların qonağı
olan Mehriban xanım Əliyeva çalışır ki,
onlarla həmişə
ünsiyyət qursun.
Bu gün ölkəmizdə "hər şey uşaqların sağlamlığı naminə”devizi ilə bir sıra sosial-tibbi, humanitar layihələr həyata keçirilməkdədir. Eləcə də uşaqlara tibbi xidmət göstərən 600-dən artıq poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə on minlərlə həkim-pediatr çalışır. Sosial-psixoloqların qənaətincə, ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı ildən-ilə çoxalmaqdadır ki, bu da, ümumiyyətlə, dövlətin sosial siyasətinin nəticəsidir. Uşaqların daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis kimi idman növlərinə maraq göstərmələri də təsadüfi deyil. Sevindirici hallardan biri də odur ki, uşaqlar belə idman yarışlarında beynəlxalq səviyyədə iştirak edir və yüksək mükafatlara layiq görülürlər.
Təəssüf ki, körpə fidanların heç də hamısı xoşbəxt böyümürlər. Son yüzillikdəki bir sıra etnik, dini, məhəlli və regional münaqişələrin qurbanlarına çevrilənlərin müəyyən faizi də uşaqların payına düşür. Böyüklərlə yanaşı, körpələr də qaçqın-köçkün həyatı yaşamağa məhkum ediliblər. Nə yazıqlar ki, hazırda insan haqlarını, uşaq hüquqlarını əldə bayraq edən sivil dünyanın, bir sıra beynəlxalq təşkilatların gözləri qarşısında onların ən ali haqq və hüquqları pozulmaqdadır. 1988-ci ildən Azərbaycana qarşı davam edən erməni təcavüzü nəticəsində öz doğma ata-baba yurdunda, evində azad yaşamaq haqqını itirmiş uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir ciddi və səmərəli addım atılmayıb.
Uşaq hüquqları ilə bağlı Avropada, Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olan "Uşaq Hüquqları Haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə hələ 1949-cu ildə BMT tərəfindən qəbul edilməsinə baxmayaraq, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının pozulması hallarına davamlı şəkildə rast gəlirik. Belə hallarla işğalçı Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan uşaqları da üzləşib. Ancaq özünün Qərbə inteqrasiya iddialarını ortaya qoymuş, demokratik inkişaf yolunu, hüquqi dövlət prinsiplərini prioritet elan etmiş Azərbaycana qarşı erməni təcavüzü nəticəsində çoxsaylı insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının pozulması hallarına indiyədək həmin Qərbdə göz yumulur, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmir.
Tarixi Azərbaycan torpaqlarının işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara heç bir aman verilməyib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Qarabağ müharibəsi illərində 1000-dən çox uşaq şəhid olub. Yüzlərlə günahsız körpə Xocalıda, işgal edilən digər şəhər və kəndlərimizdə erməni quldur ordusu tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalıb. Onlara qarşı tarixdə görünməmiş zorakılıq və işgəncələr tətbiq edilməsi haqqında yüzlərlə fakt məlumdur. Bu cür faktlar, hətta erməni yazarlarının, o cümlədən bədnam Zori Balayanın kitablarında açıq-aşkar əks olunub.
Hər kəsdən daha çox sevgiyə ehtiyacı olan uşaqlara dövlət tərəfindən hər cür diqqət yetirilir. Gələcəyimizin parlaq və işıqlı olması uşaqların əlindədir. Onların nə dərəcədə sevgiyə, qayğıya ehtiyacı olduqlarını öz gözlərimizlə görüb, gələcəyimizin aydın, işıqlı və parlaq olması üçün böyük işlərə imza atmalıyıq.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2020.-
1 iyun.- S.13.