Kəşfiyyat quyusu yüksək
hasilatla istismara daxil olub
Quyunun qazılmasında ilk dəfə
ən son texnologiyalardan
istifadə edilib
"Bulla-dəniz” sahəsində
91 nömrəli kəşfiyyat
quyusunun qazması uğurla başa çatıb. 12 nömrəli
stasionar özüldən
qazılmış quyu
bu günlərdə yüksək qaz və qaz-kondensat məhsulu ilə istismara daxil olub. Sutkalıq 420 min kubmetr qaz
və 163 ton kondensat bir quyu üçün
çox yüksək
nəticə kimi qiymətləndirilir.
Mütəxəssislər bu hadisəyə böyük dəyər verirlər. Belə ki, sözügedən
quyu "Bulla-dəniz”
sahəsində 12 nömrəli
dəniz stasionar özülündən strukturun
şimal-şərq qanadında
I tektonik blokun geoloji quruluşunu, Məhsuldar Qatın VIII horizontunun litofasial xüsusiyyətlərini, neft-qazlılığını
müəyyənləşdirmək və qiymətləndirmək
üçün layihələndirilmişdi.
Bu səbəbdən də kəşfiyyat quyusunda əldə edilmiş nəticə Kompleks Qazma İşləri Tresti kollektivinin qələbəsi
olmaqla yanaşı, həm də ölkənin neft-qaz sənayesinin uğuru kimi qiymətləndirilir.
Qazma işləri
mürəkkəb şəraitdə
həyata keçirilib. Çünki mütəxəssislər "Bulla-dəniz”in Bakı arxipelaqında kəşf
olunmuş yataqlar arasında karbohidrogen zənginliyi və gələcək axtarış-kəşfiyyat
işlərinin perspektivliyi
baxımından mühüm
əhəmiyyət kəsb
edən çox mürəkkəb geoloji-tektonik
quruluşa və hidrodinamiki şəraitə
malik olduğunu söyləyirlər. Onların
fikrincə, karbohidrogen
ehtiyatlarının toplandığı
məhsuldar qat çöküntülərinin yer təkinin çox dərinliklərində
yerləşməsi, anomal
yüksək lay və
məsamə təzyiqlərinin
mövcudluğu, qazma
prosesinin aparılmasında
mühüm rol oynayan qazma məhlulunun
ekvivalent sıxlıq
pəncərəsinin dar
olması və bir sıra digər
səbəblər qazma
işlərinin çətin
şəraitdə aparılmasına
gətirib çıxarır.
"Bulla-dəniz” yatağında
qazma işlərinin asanlaşdırılması və
keyfiyyətlə başa
çatdırılması üçün ABŞ və
Çin Xalq Respublikasından ən müasir texniki-texnoloji tələblərə cavab
verən, dünyada qazma sahəsində son nailiyyətlərdən olan
qurğu və avadanlıqlar alınmışdır. 91 nömrəli kəşfiyyat
quyusunda qazma işləri də məhz "Top Drive” mexanizmi
ilə təchiz olunmuş, böyük yükqaldırma qabiliyyətinə
malik ZJ 70 DBS qazma qurğusu ilə həyata keçirilmişdir.
Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə
nəzarət edən
LWD/MWD telemetrik ölçü
cihazlarından, litoloji
kəsilişə uyğun
yüksək texniki göstəricilərə malik
və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış
QKAH-dan, qazmaya geoloji-texnoloji nəzarəti
həyata keçirən
DNV serifikatlı Shenkay
firmasının istehsalı
olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından və
FİD xromotoqrafdan istifadə
olunmuşdur. Dünyanın
geoloji cəhətdən
nadir hallarda rast gəlinən çox mürəkkəb yataqlarında
qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində
istifadə edilən
"MPD” qazma vaxtı
təzyiqlərin idarə
edilməsi sistemi Azərbaycan qazmaçıları
tərəfindən milli
sektorda ilk dəfə
olaraq məhz 91 nömrəli kəşfiyyat
quyusunda tətbiq edilmişdir. MPD texnologiyasının
istifadəsi həmin quyuda nəinki baş verə biləcək mürəkkəbləşmələrdən
sığortalanmağa, həmçinin
qazma işlərində
yüksək kommersiya
sürətinə və
maliyyə xərclərinin
azaldılmasına imkan
vermişdir. Nəticədə
bu il
mayın 13-də istismar
kəməri 574 atmosfer
təzyiqdə kipliyə
yoxlanılmış və
quyuda qazma müvəffəqiyyətlə başa çatmışdır.
Böyük perspektivi olan
quyuda sınaq mənimsəmə işləri
təsdiqləniş tamamlama
planına uyğun davam etdirilmişdir. Mayın 26-da
isə quyu istismara daxil olmuşdur.
Sözügedən resurslardan düzgün
istifadə olunması,
qurğuda çalışan
qazma briqadası üzvlərinin peşəkarlığı,
trestin mühəndis-texniki
heyətinin qazma prosesinə ciddi nəzarət etməsi və ekstremal şəraitdə vaxtında
dəqiq qərarların
verilməsi nəticəsində
6703 metr dərinliyə
kimi qazılmış
91 nömrəli quyuda
belə bir nailiyyətə imza atılmışdır. Quyunun qazma
xərclərinə və
müddətinə ciddi
şəkildə qənaət
edilmiş, növbəti
intervalların qazılması
prosesində gözlənilən
bir sıra risklər aradan qaldırılmışdır.
Kəşfiyyat quyusu kateqoriyasına uyğun olaraq, qazılmış quyunun başlıca vəzifələrindən biri də qazma zamanı bir sıra geoloji-geofiziki tədqiqatların aparılması ilə yatağın geoloji-litoloji quruluşunun dəqiqləşdirilməsi idi. Bu istiqamətdə də layihədə nəzərdə tutulmuş geoloji-geofiziki tədqiqat işlərinin çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirilməsinə nail olunmuşdur. Belə ki, təsdiqlənmiş plana uyğun olaraq, Məhsuldar Qatın VII horizontundan "Azlab” MMC-nin mühəndis - texniki xidməti ilə birlikdə 6075-6084 metr intervalında 8,5 metr uzunluqda və 6165-6174 metr intervalında 8,2 metr uzunluqda kern nümunələri qaldırılmışdır. Hazırda həmin süxur nümunələrinin (kern) "Azlab” tərəfindən laboratoriya analizləri aparılmaqdadır. Bundan əlavə, dünya şöhrətli "Schlumberger” şirkəti tərəfindən açıq quyu lüləsində lay təzyiqinin ölçülməsi, Akustik karotaj, Neytron məsaməlilik və Nüvə-Maqnit karotajı işlərinin uğurla həyata keçirilməsinə nəzarət edilmişdir. Əldə olunmuş geoloji-geofiziki məlumatlar kəsilişi əks etdirən layların təzyiqinin öyrənilməsi, kollektorluq və petrofiziki xüsusiyyətlərinin, su-neft, qaz-neft, qaz-su kontaktlarının dəqiqləşdirilməsində mühüm rol oynayacaq. 91 nömrəli quyudan əldə olunan məlumatlar həmçinin yatağın tammiqyaslı işlənməsi proqramının həyata keçirilməsi, I tektonik blokda layların işlənməsi, modelləşdirilməsi və VIII horizont, o cümlədən kəsilişdə üstdə yatan məhsuldar layların cari karbohidrogen doyumluluğunun dəqiqləşdirilməsi, növbəti quyuların qazılmasının əsaslandırılması və optimal quyu quruluşlarının seçilməsində, quyu lüləsinin sabitliyinin təmin olunmasında əvəzsiz mənbə kimi istifadə ediləcək.
Qeyd edək ki, milli neft sənayemizin parlaq səhifələrindən olan "Ümid” yatağını kəşf edən quyunu da məhz SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi qazmışdır. Bütövlükdə isə ötən müddətdə qazmaçılar "Qoşadaş”, "Ələt-dəniz”, "Ağburun”, "Qum adası”, "Cahandar”, "Türkan” və bir çox digər yataqlarda yüksək geoloji-texnoloji nəticələrə imza atmışlar.
Peşəkar qazmaçılar bütün sahələrdə əməyin təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə ciddi əməl edirlər. Yeraltı zənginliyə yolaçanlar ölkəmizin dəniz və quru sahələrində axtarış-kəşfiyyat və istismar quyularının uğurla qazılması üçün bütün imkanlarını səfərbər ediblər.
Flora SADIQLI
Azərbaycan.-2020.- 1 iyun.- S.15.