Paşinyanın güc strukturları ilə qarşıdurması böyüyü

 

Ermənistan tənəzzül və siyasi xaosa sürükləni

 

 

Son dövrlərdə Ermənistanda baş nazir Nikol Paşinyanla güc strukturları, əsas etibarilə də Milli Təhlükəsizlik Xidməti arasında ciddi ziddiyyətlər müşahidə olunur. Bu arada yayılan məlumatlara əsasən, Ermənistanın təhlükəsizlik orqanlarında ciddi dəyişikliklər gözlənilir.

Belə ki, Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Eduard Martirosyan istefa verməyə hazırlaşırlar. Bu xüsusda Ermənistanın "Jamanak” nəşri də yazır ki, ölkənin hüquq mühafizə sistemində kadr dəyişiklikləri gözlənilir.

Nəşr qeyd edir ki, yaxın günlərdə, həqiqətən də, Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan və əslində Ermənistanın yeni hakimiyyəti tərəfindən həyata keçirilən antikorrupsiya siyasətinin təxribata məruz qoyduğu bir neçə "məşhur müstəntiq” tutduğu vəzifəsindən azad olunacaq. Bundan başqa, xüsusi olaraq vurğulanır ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə də Paşinyanın ciddi problemləri var. Bu qurumun keçmiş direktoru Artur Vanetsyanla yanaşı, indiki rəhbərlik də Paşinyanla çətinliklər yaşayır. Xüsusən də Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini vəzifəsinə Argişti Kərəmyanın təyinatından sonra burada qiyam başlayıb. Məlumata görə, təyinatdan narazı olan bir sıra şəxslər təşkilatdan istefa verdiklərini açıqlayıblar.

İstefa ərizəsi yazanlar arasında Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsinin rəisi və onun müavini də vardır. Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanın da istefa ərizəsi yazanlar sırasında olduğu vurğulanıb. Qeyd edək ki, Argişti Kərəmyan Ermənistan kəşfiyyatına Dövlət Nəzarət Komitəsindən gətirilib.

"Qraparak” qəzeti yazır ki, narazılığa daha bir səbəb Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının maaşlarından koronavirusla mübarizə fonduna məcburi pul tutulmasıdır: "Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bizə bildirib ki, mayor rütbəsindən aşağı olan əməkdaşlar fondun hesabına 5 min dram (10,4 ABŞ dolları), yüksək rütbəli zabitlər isə 10 min dram (20,80 ABŞ dolları) köçürməyə məcbur edilirlər”. Məlumata görə, Təhlükəsizlik Xidmətinin əməkdaşları keçmiş məmurların törətdikləri cinayətləri araşdırmaqla məşğul olduqlarını və bu məcburiyyətdən narazı qaldıqlarını bildiriblər.

Hesab edilir ki, Milli Təhlükəsizlik Xidməti ilə problemlər Paşinyan iqtidarına qarşı ciddi zərbələrlə müşayiət edilə bilər. Erməni ekspert Stepan Danielyan bu xüsusda bildirir: "Paşinyan güc strukturları üçün "persona non grataolur, yəni istənilməyən şəxs və onunla birlikdə görənlər gələcəkdə "koloborasionistlər” - əməkdaşlıq edənlər hesab ediləcək”.

O bildirib ki, bu tendensiya çoxdan hiss olunurdu, lakin indi aydın təzahürlər alır: "Polis və MTX mühafizəkar strukturdur, onların daxili davranış qaydaları və ənənələri vardır. Bu, yaxşı və ya pisdir, hazırkı anda vacib deyil, bu belədir. Silahlı Qüvvələrə gəlincə, Nikol orada da xarici elementdir. Nikol bunu hiss edərək həmin strukturları nüfuzdan salmağa çalışır. Lakin həm Paşinyan, həm də güc strukturlarını bir-birinin varlığına uyğunlaşmağa və alışmağa məcbur edən bir həqiqət var. Yəni bu strukturlarda Paşinyanla danışıqlar aparanlar olmalıdır. İndi vəziyyət dəyişir və əgər bu strukturların rəhbərləri "kənardan” təyin olunursa, o zaman Nikol "danışıqlar aparanlarsız” qalır. Bundan nə alınacağı maraqlıdır”.

Amma hakimiyyətin problemi təkcə Milli Təhlükəsizlik Xidməti ilə bağlı deyil. Ordu ilə də artıq problemlər özünü göstərir. Ermənistan müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan bu xüsusda bildirir: "Hakimiyyət dəyişikliyinin ilkin mərhələsində orduya qarşı başlamış isterik antitəbliğatla "millət-ordu” ideyası cəmiyyətin inkişafının kollektivsosial modeli olaraq unuduldu. Bu gün bunun əvəzinə nəyə sahibik? Yalnız bir şeyə, daimi yerləşmə yerlərində nisbətən baha qiymətlə daha gözəl qidalanan bölüklərə. Bu yaxşıdır? Əlbəttə, yaxşıdır. Kifayətdir? Əlbəttə, yox. Hərbi mütəxəssislər deyəcəklər ki, müdafiə və təhlükəsizlik məsələlərində bu, cüzi, hətta əhəmiyyətsiz mövzudur. Məgər hazırkı siyasi hakimiyyət milli təhlükəsizliyin artırılmasının yeni stratejitaktiki ideyalarına sahibdir? Təəssüf ki, sahib deyil, boşluqdur. Paşinyanın ordudan xəbəri yoxdurbu səbəbdən də onunla generallar arasında qarşıdurma yaşanır”.

Hesab edilir ki, güc strukturları ilə yaşanan qarşıdurma Paşinyan iqtidarının problemlərini daha da artıracaq.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 1 iyun.- S.14.