Parlamentin
yaz sessiyası başa çatdı
Milli
Məclisin iclasında
Mayın
31-də Milli Məclisin növbəti plenar iclası
keçirildi. Gündəlik təsdiq edildikdən sonra
deputatlar əvvəlcə cari məsələlərlə
bağlı fikirlərini bildirdilər.
İlk
çıxış edən deputat Nizami Səfərov Azərbaycan
Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı bəzi
hüquqi məsələlərə aydınlıq gətirdi.
Avropa İnsan Hüquqları Məhkəməsinin mayın
26-da çıxardığı qərarla bağlı ətraflı
məlumat verən deputat qeyd etdi ki, Azərbaycan
Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli
gələrək 31 avqust 2012-ci il ildə Prezident İlham
Əliyev tərəfindən Ramil Səfərov barəsində
verilən əfv fərmanı birmənalı olaraq beynəlxalq
hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin
öz üzərinə götürdüyü öhdəliklərin
hüquqi çərçivəsindədir. Ümumxalq səsverməsi
ilə, referendumla qəbul edilən Azərbaycan Respublikası
Konstitusiyasında təsbit edilmiş dövlət
başçısının əfvetmə səlahiyyətləri
suveren qaydada həyata keçirilir. Heç bir dövlət,
dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq
məhkəmə bu səlahiyyətlərin realizə
olunmasına müdaxilə edə bilməz.
Nizami
Səfərov dedi ki, erməni tərəfi
qarşısına qoyduğu məqsədinə nail ola bilməmişdir
və Budapeşt şəhərində baş vermiş hadisəyə
görə Azərbaycan Respublikasının substantiv mənada
məsuliyyət daşıması barədə sərsəm
iddiası tamamilə iflasa uğramışdır: "Məlum
hadisə ermənilərin provokativ və təhqiramiz
davranışına dözə bilməyən Azərbaycan
Ordusunun zabiti tərəfindən fərdi qaydada törədilən
hadisədir və Azərbaycan dövlətinin, yaxud onun
hansısa rəsmi orqanının bu hadisə ilə heç
bir bağlılığı olmaması barədə məhkəmə
aydın mesaj vermişdir”.
Erməni
tərəfinin ikinci uğursuzluğu Ramil Səfərovun
transferinə görə Macarıstan Respublikasının məsuliyyətinin
müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmənin
qənaətinə görə, bu məsələdə
Macarıstan beynəlxalq öhdəliklərinin pozulmasına
yol verməmişdir.
ABŞ
Dövlət Departamenti 25 ildən artıq vaxt keçdiyini nəzərə
alaraq, Dağlıq Qarabağla bağlı mühüm hərbi-siyasi
hadisələrə dair məxfi şifrəli onlarla sənədi
ictimaiyyət üçün açıq elan etdiyini deyən
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Orucun sözlərinə görə, sənədlərlə
tanışlıq bir daha sübut edir ki, Ulu Öndər Heydər
Əliyev Azərbaycanın hərbi və iqtisadi cəhətdən
ən zəif dövründə təslimçilik
aktlarına bərabər sayıla biləcək onlarla
diplomatik təklifləri, yaxud "sülh planı” adı
altında hazırlanan sənədləri rədd edib.
"Bundan ötrü böyük cəsarət və iradə
tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda
Azərbaycan Prezidenti yeganə dövlət
başçısı olub ki, belə mövqe tutub və Ermənistanın
işğal reallığını diplomatik sənədlər
üzərinə daşıyıb”, - deyə Zahid Oruc
bildirdi.
Parlamentin
Regional məsələlər komitəsinin sədri Siyavuş
Novruzov, deputatlardan Müşfiq Məmmədli, Cavid Osmanov, Bəhruz
Məhərrəmov, Şahin İsmayılov, Əli Məsimli,
Müşfiq Cəfərov, Etibar Əliyev bir sıra məsələlərə
dair fikirlərini bildirdilər, təkliflərlə
çıxış etdilər.
Milli
Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli dedi ki, Prezident İlham Əliyev "Qobu Park-3”
yaşayış kompleksinin açılışında
AXC-nin gördüyü işləri xatırlamaqla
yanaşı, həm də buraxılmış səhvləri,
İrəvanın Ermənistana verilməsi və digər
tarixi məsələlərlə bağlı problemləri
yada saldı. Əli Hüseynli qeyd etdi ki, dövlət
başçısı müasir Azərbaycan tarixi ilə
bağlı vacib məsələləri açıqlamaqla həm
də tarixçilərə dərs keçib: "Ölkə
rəhbərinin fikirləri həm tövsiyə, həm də
yanlışlıqlardan nəticə çıxararaq bir də
belə səhvlərə yol verməmək xarakteri
daşıyır. Heydər Əliyev hələ ötən əsrin
80-ci illərinin sonunda sovetlərin güclü dövründə
AXC-nin üçrəngli bayrağını
Naxçıvanda dalğalandırdı. Bu gün Azərbaycan
tarixdə olmadığı qədər güclüdür.
Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul
etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu
gün azadlıqdadır”.
Sonra
gündəlikdəki məsələlərin müzakirəsi
başladı. "Azərbaycan Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti arasında
Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”,
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında
qarşılıqlı olaraq vizadan azad etmə haqqında”
sazişin təsdiq edilməsi barədə, "Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı
haqqında” sazişin təsdiq edilməsi barədə,
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında təhlükəsizlik
üzrə əməkdaşlıq haqqında Saziş”ə
Əlavə Protokolun təsdiq edilməsi barədə layihələri
müzakirələrdən sonra qəbul olundu.
Qısa
fasilədən sonra iclasda "Azərbaycan Respublikası
Hökuməti ilə Türkmənistan Hökuməti
arasında Azərbaycan Respublikasının Türkmənistandakı
səfirliyinin və Türkmənistanın Azərbaycan
Respublikasındakı səfirliyinin yerləşməsi
üçün qarşılıqlı olaraq torpaq sahələrinin
ayrılması haqqında” saziş və "Azərbaycan
Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti
arasında beynəlxalq avtomobil əlaqələri haqqında
2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və
əlavələr edilməsi barədə” protokolun təsdiq
edilməsi haqqında qanun layihələri təsdiqləndi.
İlk
sənədlə bağlı məlumat verən parlamentin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov dedi ki, bu saziş Azərbaycan-Türkmənistan
münasibətlərinin daha da inkişaf etdirilməsinə
mühüm töhfə verəcək.
Parlamentin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili isə ikinci sənədlə
bağlı məlumat verərək dedi ki, protokola bir sıra
əlavələrin edilməsi təklif edilir.
Milli
Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun sədri,
deputat Fəzail Ağamalı sənədləri yüksək
dəyərləndirdi və qeyd etdi ki, sazişin ratifikasiya
edilməsi münasibətlərə yeni dinamizm gətirəcək.
İclasda
"Dövlət rüsumu haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi bir oxunuşda
müzakirəyə çıxarıldı. Qeyd edildi ki,
adlar verilən şərabçılıq məhsullarına
görə bir sıra dövlət rüsumları ləğv
edilir. Belə ki, "Dövlət rüsumu haqqında” qanunun
iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif
olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına
dövlət reyestrində qeydiyyata alınma üçün
10 manat və attestasiya üçün 10 manat dövlət
rüsumunun ləğvini nəzərdə tutur.
Sənəd
səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda, həmçinin "Yeyinti məhsulları
haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi barədə qanunn layihəsi də
təsdiqləndi.
Sonra
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, parlamentdə çıxış edən
deputat həmkarlarını narahat edən fikirlər səsləndirməməlidir.
Lakin təəssüf olsun ki, parlamentin iclasında belə bir
hal baş verir.
"Bu
zalda oturan deputatlar - əlisilahlı döyüşən
Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq
təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə
qədər hər kəs özünü qarabağlı kimi
hiss edir. Hər kəs burada Qarabağ deputatıdır. Burada
Ali Baş Komandanın tapşırıqlarını şərəflə
yerinə yetirən, Aprel zəfərində xüsusi xidmətləri
olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini
şübhə altına qoymağa cəhd edilir. Birmənalı
şəkildə bildirirəm ki, nəinki Yeni Azərbaycan
Partiyasının üzvü olan deputatlar, bitərəflər
və digər siyasi partiyaların üzvləri də bu
mövqedədirlər ki, hansısa şəxsi
maraqlarımız naminə ümumdövlət, Dağlıq
Qarabağ problemi və müdafiə kimi məsələlərdə
heç zaman başqa mövqe tutulmamalıdır”.
Milli
Məclis Sədrinin müavini Fəzail İbrahimli isə
çıxış edərək dedi ki, Şimaldan, Cənubdan,
Şərqdən və Qərbdən uzanan "iti caynaqlar” və
məsud baxışlar Azərbaycanı kifayət qədər
məsuliyyətli olmağa çağırır.
Çünki kifayət qədər düşmənlərimiz
var: "Belə bir məqamda bizim özümüzdən
başqa bir-birimizə söykənib, əl-ələ verib bu
çətin məqamlarda ağır vəziyyətdən
birlikdə çıxmaqdan başqa yolumuz yoxdur. Burada yeni
seçilən deputatlar var. Təbii ki, düşüncələrində
və fikirlərində səhvlərə yol verə bilərlər.
Bizim kifayət qədər təcrübəli
deputatlarımız da var. Müəyyən məsələlər
var ki, o məsələlərdə çox diqqətli
olmalıyıq. Burada deyilən hər bir söz dünya
ictimaiyyətinə çatır və eyni zamanda qarşı
tərəfə bir mesajdır. Ona görə də hər
bir sözümüzü ölçüb-biçməliyik.
Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz
haqqında danışanda məsuliyyətli olmaq
lazımdır”.
Sədr
Sahibə Qafarova da çıxış edərək
müavinlərinin fikirləri ilə həmrəy olduğunu
ifadə etdi.
İclasda,
həmçinin Mülki Məcəllədə və Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi
üçüncü oxunuşda təsdiqləndi. Birinci
oxunuşda müzakirəyə çıxarılan
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi isə geniş
müzakirə mövzusu oldu.
Məcəlləyə
edilən dəyişikliyə əsasən, karantin rejimləri
dövründə tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadə ilə bağlı tələblərin
pozulmasına görə cərimələr müəyyənləşdirilir.
Dəyişikliyə
əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və
karantin rejimləri dövründə tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən tələblərin pozulmasına,
habelə vəzifəli şəxslər tərəfindən
həmin tələblərin pozulmasının
qarşısının alınmamasına görə fiziki
şəxslər 50 manat məbləğində, vəzifəli
şəxslər 100 manat, hüquqi şəxslər 200 manat
məbləğində cərimə ediləcək. Bu xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və
karantin rejimləri dövrü başa çatanadək təkrar
törədilməsinə görə fiziki şəxslər
100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi
şəxslər 400 manat məbləğində cərimələnəcək.
Müzakirələrdə
çıxış edən parlamentin Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Milli Məclisin
deputatları bu dövr ərzində böyük təbliğat
işi ilə məşğul olub. Komitə sədrinin
sözlərinə görə, maska taxmayanlar cərimə
olunmalıdır: "Bu gün bu məsələdən
yayınmaq istəyənlər var. Başqa cərimələri
başa düşmək olar. Ancaq bu, sənin, ailənin,
qonşunun sağlamlığı üçündür. Bu
layihəyə bir maddə də salınmalıdır.
Şayiələrin yayılmasına qarşı ən sərt
tədbirlər görülməlidir. Kimsə maska taxmır,
bəziləri də durub deyir ki, həmin insanların maska
almağa imkanı yoxdur. Belədirsə, 30 qəpik verib maska
alsın, daha 50 manat cərimə olunmasın.
Bəzisi
deyir ki, cərimələr dövlət tərəfindən
bağışlanacaq, bəzisi deyir ki, koronavirusdan ölənlərə
şəhid statusu veriləcək. Yəni bunlar hər
şeyi düşünür, maska taxmaqdan başqa...”
Deputat
Fəzail Ağamalı isə dedi ki, karantin rejiminin
yumşaldılması cəmiyyətdə müsbət
qarşılansa da, məsuliyyətsiz vətəndaşlara
görə yoluxma sayı artmaqdadır. Deputat Fazil Mustafa isə
hesab edir ki, toy mərasimlərinin keçirilməsi məsələsinə
aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix
qoyulmalıdır. Çıxış yolu müəyyən
edilməlidir. Konkret vaxt ərzində, məhdud sayda
insanların iştirakı ilə bu tədbirlər
keçirilməlidir.
Deputat
Razi Nurullayev fərqli çıxış etdi. Onun fikrincə,
pandemiya ilə əlaqədar dünyada sanki xəstələr
gizlədilir. Buna görə də vətəndaşlar daha
çox şayiələrə inanır. Deputat bu məsələdə
bəzi sirlərin olduğunu desə də, Spiker Sahibə
Qafarova onun fikri ilə razilaşmadı və qeyd etdi ki,
koronavirusla bağlı Azərbaycanda hər hansı sirr
yoxdur, bütün proses şəffaf aparılır.
Müzakirələrdən
sonra sənəd səsverməyə çıxarılaraq
ilk oxunuşda qəbul edildi.
Sonra
iclasda "Ünvanlı dövlət sosial yardımı
haqqında” və İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihələri
ikinci oxunuşda təsdiqləndi.
Sonda
isə Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə
çatdırdı ki, mayın 31-də parlamentin yaz
sessiyasının sonuncu iclası keçirilsə də, 82
deputat növbədənkənar sessiyanın keçirilməsi
üçün müraciət edib. Bununla bağlı sərəncam
imzalanıb. Növbədənkənar sessiyanın ilk
iclasları - iyunun 1-i və iyunun 2-də keçiriləcək.
Sədr
bildirdi ki, ümumilikdə yaz sessiyasında 12 iclas
keçirilib, 123 qanun və qərar, o cümlədən 2
Konstitusiya Qanunu qəbul edilib: "Prezident İlham Əliyevin
parlamentin ilk iclasında verdiyi tövsiyə və
tapşırıqların yerinə yetirilməsi
üçün işlər görülüb. Yaz
sessiyasının ilk günündən Milli Məclisin
Aparatında və İşlər İdarəsində
islahatlar aparılıb. Milli Məclisin Aparatında 13 əvəzinə
9 şöbə, işlər idarəsində 9 şöbə
yerinə 4 şöbə saxlanılıb. İslahatlar
parlamentin işinin daha yaxşı keçirilməsini təmin
edəcək”.
Sədr,
həmçinin vurğuladı ki, Milli Məclisin
deputatları və əməkdaşları tərəfindən
Koronavirusla Mübarizə Fonduna 250 min manatdan çox vəsait
köçürülüb.
İclas
Dövlət himninin səslənməsi ilə başa
çatdı.
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 1 iyun.- S.8.