Pir
Ömər Sultan ziyarətgahının yerləşdiyi ərazinin
arxeoparka çevrilməsi planlaşdırılır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir
Ömər Sultan ziyarətgahında olublar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.
Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparılır. Arxeoloqlar hesab edirlər ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. 133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvarı formada olan giriş qapısı cənub tərəfdəndir. Türbənin içərisində kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası, şirəli və şirəsiz keramika nümunələri, müxtəlif tarixi dövrlərə aid pullar aşkar olunub. Ziyarətgahın ətrafında çoxlu sayda insan dəfn olunub. Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər.
Tədqiqatların davamlı və səmərəli
aparılması, ziyarətgahın təbii və antropogen təsirlərdən qorunması məqsədilə
abidənin üstü yüngül
konstruksiyalardan istifadə olunmaqla
örtülüb.
Azərbaycan.-2020.- 1 iyun.- S.3.