Prezidentin
göstərişi ilə Şamaxı rayonuna çoxlu sayda
nəqliyyat vasitələri və xüsusi texnikalar
ayrılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı
rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi
texnikalara baxdılar.
AZƏRTAC
xəbər verir ki, bir sıra sahələrdə, o cümlədən
şəhər təsərrüfatı, kommunal, səyyar
tibbi və digər sahələrdə xidmətin keyfiyyətini
yaxşılaşdırmaq üçün Prezident İlham
Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı
rayonuna çoxlu sayda nəqliyyat vasitələri və
xüsusi texnikalar ayrılıb.
Şamaxıya
səfəri zamanı həmin nəqliyyat vasitələri və
texnikalar dövlətimizin başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim
olundu. Bildirildi ki, texnika və nəqliyyat vasitələri
seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə
yerləşməsi və landşaftı nəzərə
alınıb. Rayonda sərnişindaşımanın
lazımi səviyyədə təşkili üçün 10
avtobus ayrılıb. Rayonun kommunal təsərrüfatında
bundan sonra məişət tullantıları daşıyan,
küçə süpürən və yuyan, qartəmizləyən
və digər müasir texniki vasitələrdən istifadə
ediləcək. Şamaxının səhiyyə
potensialına 3 təcili tibbi yardım avtomobili və 1
reanimasiya maşını əlavə olunacaq. Bundan başqa,
rayonun bərpa-quruculuq və abadlıq işlərində
istifadə etmək üçün çoxlu sayda
ağır və yüngül tonnajlı yük
maşını, ağır tonnajlı buldozer,
çoxfunksiyalı ekskavator və digər texniki vasitələr
ayrılıb. Bu təşəbbüs dövlət
başçısının regionların daha da müasirləşməsi,
şəhər, qəsəbə və kəndlərdə
rahat həyat şəraitinin yaradılması
üçün apardığı sosial-iqtisadi siyasətin
daha bir əyani göstəricisidir.
Ölkənin
başqa şəhərlərinin də belə texnika və nəqliyyat
vasitələri ilə təchizatını təşkil etmək
üçün təkliflər hazırlanması barədə
tapşırıq verən Prezident İlham Əliyev dedi:
-Avtobuslar
gərək bu gündən xətlərə
çıxsın. Ondan sonra təcili tibbi yardım
maşınları. Şamaxı rayonunun təchizatı ilə
bağlı görülən işlər indiki mərhələdə
kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də
dövlət büdcəsindən vəsait ayrıldı. Gərək
biz prinsipcə bütün şəhərlərimizdə
texnika ilə təchizatı yüksək səviyyəyə
qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir.
Mən demişəm, digər şəhərlərdə, bir
çox yerlərdə şəhər nəqliyyatı bərbad
vəziyyətdədir. Kommunal texnikanın
çatışmazlığı problemlər yaradır, təkliflər
hazırlayın, bizim bütün şəhərlərimizdə
müasir texnika təchizatı təmin edilməlidir - həm
sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili
tibbi yardım maşınları. Bakı şəhərində
bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ
köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş
yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə
təcili tibbi yardım maşınlarının göndərilməsi
təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar
müddəti başa çatır, sıradan
çıxır, qəzaya uğrayır. İndi
Şamaxı rayonunun timsalında biz prinsipcə görürük
ki, əhalini nəzərə alaraq nə qədər texnika
lazımdır. Ona görə, digər rayonlarda da nə qədər
texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən
həll edək.
Prezidentin
köməkçisi Anar Ələkbərov: Oldu, cənab
Prezident, aydındır.
Prezident
İlham Əliyev: Mən göstəriş vermişdim ki,
Şamaxı şəhərinin avtomobil yollarının da təmiri
ilə bağlı tədbirlər görülsün. Kənd
yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə
də asfalt yollar çəkilib. Amma şəhər
yolları o qədər də yaxşı vəziyyətdə
deyil. Ona görə də həm kənd yollarının
çəkilişinin davam etdirilməsi, eyni zamanda,
Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi
ilə əlaqədar əlavə tədbirlər
görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir.
Ona görə bu yeni texnika bütün şəhər
infrastrukturunun müasirləşməsinə xidmət
göstərəcək. Əsas məsələ insanların
sağlamlığı və təhlükəsizliyidir. Bu
müasir təcili tibbi yardım maşınları hər
yerdə lazımdır, özü də ən aparıcı
şirkətlərin istehsalıdır. Əlbəttə ki,
yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də
təhlükəsizlik baxımından çox vacibdir.
Anar
Ələkbərov: Cənab Prezident, Sizə təşəkkür
edirik.
Azərbaycan.-2020.- 1 iyun.- S.2.