Heydər
Əliyev Fondundan şamaxılı uşaqlara mühüm
töhfə
Heydər
Əliyev Fondu tərəfindən Şamaxı şəhərində
inşa edilən 2 nömrəli körpələr evi-uşaq
bağçasının və rayonun Meysəri kəndində
əsaslı təmir olunan körpələr evi-uşaq
bağçasının mayın 25-də
açılışları olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
açılışlarda iştirak ediblər.
Dövlətimizin
həyata keçirdiyi sosial-iqtisadi siyasətdə
uşaqların təlim-tərbiyəsinin təşkili,
onların sağlamlığının qorunması diqqət
mərkəzində saxlanılır. Bu sahədə həyata
keçirilən layihələrə Heydər Əliyev Fondu
mühüm töhfələr verir. Fondun ölkəmizdəki
məktəbəqədər tərbiyə müəssisələrinin
yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin
inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə
malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən
birini təşkil etdiyini "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” proqramı bir daha
təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə
bağlı fəaliyyət dairəsində məktəbəqədər
təhsil müəssisələrinin yenidən qurulmasına,
bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail
olunmasına geniş yer ayrılıb və bu sahədə
çox mühüm nəticələr əldə edilib.
Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu
rayonda inşa olunan 2 uşaq bağçası Fondun həyata
keçirdiyi bu cür layihələrin ardıcıl xarakter
aldığını bir daha aydın göstərir.
Şamaxıdakı
2 nömrəli körpələr evi-uşaq
bağçası ilə tanışlıq zamanı dövlətimizin
başçısına və birinci xanıma məlumat
verildi ki, 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi
ilə məşğul olmaq üçün hərtərəfli
şərait yaradılıb. Bir sözlə, binada
uşaqların gələcəyin sağlam vətəndaşı
kimi yetişmələri üçün hərtərəfli
şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə
qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və
əyləncəsi üçün geniş imkanlar
açılıb. Təhsil ocağındakı bütün
otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada
balacaların ilk yaşlarından intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxması, sağlamlıqlarının
qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində
saxlanacaq.
Bütövlükdə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc
məcburi köçkün ailələri üçün
16 mənzilli 1 yaşayış binası, rayonun Məlikçobanlı,
Birinci Çaylı, Quşçu, Avaxıl, Dədəgünəş
və Meysəri kəndlərində, ümumilikdə, 1212
yerlik orta məktəb binaları, Şamaxı şəhəri,
Şəhriyar qəsəbəsi, Quşçu kəndlərində,
ümumilikdə, 290 yerlik körpələr evi-uşaq
bağçaları, Həmyəli, Birinci Çaylı,
Quşçu, Mərzəndiyə, Avaxıl, Məlhəm və
Meysəri kəndlərində tibb məntəqələri
inşa edilib, Qaleybuğurd və Saqiyan kəndlərində
320 yerlik orta məktəblər, 210 yerlik Şamaxı Texniki
Humanitar və Təbiət Fənləri Təmayüllü
Liseyi və rayon Mədəniyyət Mərkəzi əsaslı
təmir olunub.
Açılışı
olan tədris-tərbiyə ocaqlarından biri də
Şamaxının Meysəri kəndindəki körpələr
evi-uşaq bağçasıdır. 1926-cı ildən fəaliyyətə
başlamış Meysəri kənd 120 şagird yerlik tam orta
məktəbinin köhnə binası istismar üçün
yararsız olduğuna görə 2018-ci ildə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə kəndin
giriş hissəsində 132 şagird yerlik yeni məktəb
inşa edildikdən sonra Fond tərəfindən məktəbin
köhnə binası körpələr evi-uşaq
bağçasına uyğunlaşdırılmış layihə
üzrə əsaslı təmir edilib. Körpələr
evi-uşaq bağçasında 2019-cu ildə
başlanılan təmir işləri 2020-ci ilin aprel ayında
yekunlaşdırılıb.
Qırx
yerlik körpələr evi-uşaq bağçasında yataq
və oyun otaqları, idman və musiqi zalları və digər
zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı
ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb,
uşaq əyləncə qurğuları, müasir
işıqlandırma sistemləri quraşdırılıb. Kənd
yerlərində belə bağçaların və digər
sosial, mədəni, təhsil obyektlərinin istifadəyə
verilməsi ölkəmizdə şəhərlə kənd
arasında fərqin getdikcə aradan qaldırılması
üçün atılan mühüm addımlardandır. Bu
cür layihələr göstərir ki, Azərbaycanda həyata
keçirilən sosial layihələrin miqyası və
coğrafiyası getdikcə daha da genişlənir.
Azərbaycan.-2020.- 1 iyun.- S.2.