İlham
Əliyev məcburi köçkünlərin problemlərini
ardıcıl şəkildə həll edir
Bakının
Qaradağ rayonunda məcburi köçkünlər
üçün salınmış "Qobu Park-3”
yaşayış kompleksinin mayın 28-də
açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
açılışda iştirak ediblər.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Rövşən
Rzayev və "Paşa Holding” şirkətinin nümayəndəsi,
layihə rəhbəri Kamil Əliyev dövlətimizin
başçısı İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya təməli ötən ilin
iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə
məlumat verdilər.
Bildirildi
ki, sifarişçisi "Paşa Holding”,
podratçısı isə "Kristal Abşeron” MTK olan yeni
qəsəbə Lökbatanda istifadəyə verilən
"Qobu Park-1” və "Qobu Park-2” yaşayış komplekslərinin
yanında inşa edilib. Bütün bu yaşayış
komplekslərinin inşası Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilib.
Qeyd
edildi ki, məcburi köçkünlər üçün
salınan bu yaşayış komplekslərinin yeri əvvəllər
baxımsız sahə olub. Burada yaşamaq üçün
heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə
bu ərazidə "Qobu Park-1”, ötən il isə "Qobu
Park-2” yaşayış kompleksləri istifadəyə verilib.
Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli
11 yaşayış binası, ikinci yaşayış
kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina
inşa olunub. Bu komplekslərin ərazisində məktəblər,
uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri,
idman zalları və digər zəruri sosial infrastruktur obyektləri
yaradılıb. "Qobu Park-3” yaşayış kompleksində
onmərtəbəli 13 yaşayış binası inşa
olunub.
Dövlətimizin
başçısına və birinci xanıma ərazidə
özəl şirkətlər tərəfindən inşa
olunan yaşayış kompleksi barədə də məlumat
verildi. Bildirildi ki, burada 2 bina inşa olunur və bu binalarda
100-ə yaxın mənzil olacaq.
Kompleksin
ərazisində 280 yerlik uşaq bağçası inşa
olunub.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
uşaq bağçasında yaradılan şəraitlə
tanış oldular.
Məlumat
verildi ki, bağçada balacalara bilik öyrətməklə
yanaşı, onların istedadlarını üzə
çıxarmaq, potensiallarını aşkarlamaq
üçün hərtərəfli imkan var.
Qeyd
edək ki, gələcəyimiz olan körpələrin
sağlam və bilikli böyüməsi üçün son
illərdə dövlət səviyyəsində və Heydər
Əliyev Fondu tərəfindən olduqca əhəmiyyətli
layihələr icra olunur. Bütün bunlar göstərir ki,
ölkədə həyata keçirilən strategiyanın əsas
prioritetlərindən biri də uşaqların sağlam,
firavan böyüməsi, gələcəklərinin tam təmin
olunmasıdır. Həyata keçirilən bütün bu
mühüm layihələr uşaqların sosial müdafiəsinin
daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda
aparılan siyasətin uğurlu və ardıcıl
olduğunu nümayiş etdirir.
Dövlətimizin
başçısı və birinci xanım kompleksdə
inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbində
yaradılan şəraitlə də tanış oldular.
Bildirildi
ki, 960 yerlik məktəb binası zəruri tədris
avadanlığı ilə təchiz edilib, şagirdlərin
yüksək səviyyədə təhsil alması
üçün hərtərəfli imkan yaradılıb.
Son
illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə
təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
yeni təhsil ocaqlarının inşası, mövcud məktəb
binalarının müasir səviyyədə yenilənməsi
baxımından çox mühüm layihələr icra
olunub. Dövlət səviyyəsində bu istiqamətdə
görülən işlərə birinci xanım Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
da böyük töhfələr verib. Belə müasir məktəb
binasının inşası bir daha göstərir ki, ölkədə
təhsilin inkişafı istiqamətində atılan
addımlardan doğma yurdlarından didərgin düşən
soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.
Sonra
Prezident İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin layihəsi olan "Xarı
bülbül” xalçaçılıq və naxış
emalatxanası haqqında məlumat verildi.
Qeyd
edildi ki, ilk dəfə həyata keçirilən bu layihənin
məqsədi məcburi köçkünlərin məşğulluğunun
artırılması, sosial rifah halının daha da
yaxşılaşdırılmasıdır. Burada həm
xalça toxumağın sirləri öyrədiləcək,
həm də istehsal prosesi təmin ediləcək. Layihəyə
il ərzində "Qobu Park-1”, "Qobu Park-2” və "Qobu
Park-3” yaşayış komplekslərində, həmçinin
Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi
köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə
daha dərindən yiyələnənlər emalatxanalarda
müəllim kimi çalışacaq, digərləri isə
evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik
xalçalar toxuyacaqlar. Layihə çərçivəsində
xalçaların satışı da təmin ediləcək.
Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik
nümunələrinin hazırlanması da
planlaşdırılır. Məhsullar yerli bazarla
yanaşı, məcburi köçkünlərin əl
işləri kimi xarici bazara da çıxarılacaq. Burada
uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin
və xarici dil kurslarının təşkili də nəzərdə
tutulur.
"Qobu
Park-3” yaşayış kompleksində inşa olunan mənzillərlə
tanışlıq zamanı dövlətimizin
başçısına və birinci xanıma məlumat
verildi ki, kompleksdəki mənzillərin ümumi sayı
1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü
üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər
mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz
edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı
yataqxanalarda məskunlaşan məcburi köçkünlərin
köçürülməsi nəzərdə tutulub.
Qeyd
edək ki, "Qobu Park-3” yaşayış kompleksi
qaçqın və məcburi köçkünlər
üçün salınmış 111-ci qəsəbədir.
Kompleksin ərazisində istehsalat sahələri, ticarət
obyektləri və digər zəruri infrastruktur
yaradılıb. Ərazidə sakinlərin asudə
vaxtının səmərəli təşkili məqsədilə
istirahət parkı salınıb, uşaq əyləncə
meydançaları quraşdırılıb, geniş
yaşıllıq və işıqlandırma işləri
görülüb. Burada həm də 3 idman meydançası
və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin
ixtiyarına veriləcək.
Prezident
İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə
də məlumat verildi.
Qeyd
olundu ki, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin və Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin birgə əməkdaşlığı
çərçivəsində reallaşdırılan layihələr
məcburi köçkünlərin məşğulluğunun
biznes-layihələr vasitəsilə təmin olunması məqsədi
daşıyır. İlk dəfədir ki, qaçqın və
məcburi köçkünlərin məskunlaşdığı
ərazidə istehsal müəssisələri qurulub.
Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının
istehsal olunacağı müəssisədə 40-dan çox
iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə
gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə
yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən
15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq.
Sterilizə
olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində
isə tibbi heyət üçün üst geyimləri və
kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə
təmin olunacaq. Müəssisələrdə
çalışacaq işçi heyətin 80 faizi "Qobu
Park 3”ün sakinlərindən formalaşdırılacaq.
Şirkətlər icarə xərclərindən azad olunub ki,
bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını
sahibkarlar üçün cəlbedici edir. Layihələr
yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar,
eyni zamanda, biznesyönümlüdür. Belə ki, hər iki
müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir
və idxalı əvəz edəcək.
Sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva məcburi köçkünlərlə
görüşdülər.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Bu
gün biz Respublika Gününü qeyd edirik. Sizi və
bütün Azərbaycan xalqını Respublika Günü
münasibətilə təbrik edirəm. Bu bayram günündə
məcburi köçkünlər üçün
salınmış "Qobu 3” yaşayış kompleksinin
açılışını qeyd edirik. Burada bütün
şərait yaradılıb. İndi mən şəraitlə
tanış oldum, ən yüksək səviyyədə
işlər görülüb. "Qobu Park-3” bu qəsəbədə
salınmış üçüncü böyük
yaşayış kompleksidir. "Qobu Park-3” kompleksində 1336
məcburi köçkün ailəsi yerləşəcək.
960 şagirdlik məktəb, - özü də çox
gözəl məktəbdir, - fəaliyyət göstərəcək
və böyük uşaq bağçası artıq tikilib,
istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində
3 layihədə toplam 3700-ə yaxın məcburi
köçkün ailəsi yerləşdiriləcəkdir.
"Qobu-1”
və "Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə
istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin
tikintisinin təşəbbüskarı Mehriban xanım olub və
2017-ci ildə onun iştirakı ilə burada təməl
daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə
yox idi və demək olar ki, 3 il ərzində
ardıcıllıqla burada gözəl bir şəhər
yaradılıb. Çünki bu 3 şəhərcikdə
toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu
göstərir ki, əgər iradə varsa, əgər siyasət
düzgün aparılırsa və əgər insanların
ürəyində ən ülvi hisslər reallıqda öz əksini
taparsa, istənilən təşəbbüs, istənilən
gözəl ideya həyata keçər. Beləliklə,
boş bir ərazidə böyük infrastruktur layihələri
icra edildi. Çünki bütün bu binaların
kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə
təşkil edildi – su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat
məsələləri öz həllini tapdı. Burada, eyni
zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri
yaradılıb, - bu da nəzərə alınıb, -
çünki burada yaşayacaq vətəndaşlar artıq
burada işlə də təmin ediləcək. Xüsusilə
qadınlar üçün burada xalçaçılıq
emalatxanası fəaliyyət göstərəcək və
digər istehsalyönümlü kiçik müəssisələr
artıq fəaliyyətə hazırdır. Nəzərə
alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox
ağır vəziyyətdə yaşayıblar, -
bugünkü təqdimatda onların indiki yaşayış
yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə
böyük sevinc bəxş edəcək.
Bu qəsəbənin
xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər
özəl sektor tərəfindən
görülmüşdür. Bu da çox sevindirici haldır.
Şadam ki, mənim bir neçə il bundan əvvəlki
çağırışımdan sonra özəl sektor
artıq bu önəmli sosial layihələrə də
qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət
etmişdim və şadam ki, mənim
çağırışım cavabsız qalmayıb.
Bütün tikinti işləri, bütün investisiyalar
özəl sektor tərəfindən təmin edilibdir. Burada
xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini
qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli
fəaliyyətlə məşğuldur. Bu şirkətin
bütün dövrlərdə sosialyönümlü layihələri
təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir
reklam etmədən, necə deyərlər, özünü tərifləmədən
bu işləri ardıcıl şəkildə görür.
Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti
və digər özəl şirkətlər ehtiyacı olan
insanların yanındadırlar. Bu böyük tikinti layihəsi
bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti
artır. Şadam ki, bu təşəbbüsə digər
özəl şirkətlər qoşuldu və bu
yaxınlıqda digər şirkətlər tərəfindən
iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz
də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda
bir çox böyük şirkətlər, holdinqlər var.
Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm
sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən
faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti
də lazımi səviyyədə olmalıdır. Ona görə
bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter
daşıyır. Birinci növbədə dövlət öz
iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi
köçkünlərin problemlərinin həlli Prezident kimi
mənim ən başlıca vəzifələrimdən
biridir. Digər tərəfdən, özəl sektor artıq
sosial məsuliyyət göstərərək belə gözəl
imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə
Azərbaycanda 300 mindən çox məcburi
köçkün bu günə qədər mənzillərlə,
fərdi evlərlə təmin olunub və onlardan təqribən
20 mini bir şirkət tərəfindən
görülmüş işlər nəticəsində evlərlə
təmin edilir.
Məcburi
köçkünlərin problemləri ardıcıl şəkildə
öz həllini tapır. Bildiyiniz kimi, hələ 2003-cü
ildə prezident seçkiləri ərəfəsində mənim
proqramımın tərkib hissəsi məhz bu məsələ
idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda
bir dənə də olsun çadır şəhərciyi
qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail
olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin
demək olar ki, bütün yerlərində çadır
şəhərcikləri var idi, köçkünlər
çox yararsız vəziyyətdə yaşayırdılar,
eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında,
çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin
ləğv olunması hesab edirəm ki, bizim çox
böyük uğurumuzdur və indiyədək 100-dən
çox qəsəbə-şəhərcik salınıb. Son
bir neçə il ərzində dünyada iqtisadi və maliyyə
böhranı hökm sürür. Son 4-5 il ərzində
neftin qiymətinin bir neçə dəfə kəskin
düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi
köçkünlərlə bağlı olan heç bir
layihədə heç bir yubanma yoxdur, heç bir proqramın
ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi
köçkünlər üçün rekord sayda evlər-mənzillər
tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf
qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi
köçkün ailəsi evlərlə, mənzillərlə
təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində
həm Bakı şəhərində, Sumqayıt şəhərində
və digər şəhərlərdə təqribən 40
minə yaxın insan yeni evlərə köçürüləcək.
Bu işlər ardıcıllıqla aparılır. Biz gələn
ilin İnvestisiya Proqramında da bu məqsədlər
üçün vəsait ayıracağıq.
Eyni
zamanda, məcburi köçkünlərin sosial təminatı
yaxşılaşır. Keçən il köçkünlərə
verilən müavinətin həcmi 50 faiz artmışdır.
Hər bir məcburi köçkün uzun illər ərzində
dövlət tərəfindən aylıq müavinətlə
təmin edilir. Əlbəttə, indi dünyada bir neçə
ölkədə məcburi köçkünlər vardır
və bu ölkələrin sayı artır. Çünki
müharibələr, toqquşmalar geniş vüsət
alır, yeni köçkün şəhərcikləri
salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə
göstərilən diqqət nümunəvi xarakter
daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə
təsdiqləyiblər. Çünki biz köçkünləri
belə gözəl evlərlə təmin edirik. Evlərin həm
quruluşu, həm daxili dizaynı, təchizatı göz
oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl
yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu
biz edirik və edəcəyik.
Ancaq
onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir
ki, bu, sizin üçün müvəqqəti
yaşayış yeridir. Torpaqlarımız işğaldan azad
ediləndən sonra biz bu gün hələ də
işğal altında olan torpaqlarda buna oxşar gözəl
binalar, şəhərciklər tikəcəyik, ermənilər
tərəfindən dağılmış şəhərlərimizi
yenidən quracağıq. Ermənilər tərəfindən
dağıdılmış və məhv edilmiş milli
irsimiz sənədləşdirilib. Biz öz tarixi
keçmişimizi yaxşı bilirik və yaxşı bilirik
ki, Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. İşğal olunmuş torpaqlar azad
ediləndən sonra bütün binalar yenidən qurulacaq, o
cümlədən dağılmış tarixi abidələrin
mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin
görülməsi də nəzərdə tutulur.
Mən
tam əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək, bunu deməyə
əsas verən bir çox amillər var - bizim hərbi
gücümüz və biz bunu göstərmişik.
2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar
nəticəsində minlərlə hektar torpaq
işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin
timsalında biz görürük ki, işğaldan azad olunacaq
digər torpaqlarda hansı işlər görüləcək
və hansı sürətlə görüləcəkdir. Biz
Cocuq Mərcanlını uğurlu hərbi qələbədən
sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada
həyat qaynayır, köçkünlər öz doğma
torpağına qayıdıblar. Bəzən belə fikirlər
səsləndirilir ki, bəzi köçkünlər torpaqlar
işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma
mən tam əminəm ki, bütün köçkünlər
öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl
köçkünləri. Onlar uzun illər başqa yerlərdə
yaşayıblar, o cümlədən Bakı şəhərində.
Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular
ki, tezliklə öz doğma torpağına qayıtsınlar.
Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi.
İndi orada da böyük şəhərcik salınıb.
O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində
yerləşən Azərbaycanın tarixi məkanıdır,
işğaldan azad olunan ərazidə böyük şəhərcik
salınıb. Biz bu gün işğal altında olan
bütün digər torpaqlarda da bərpa işləri görəcəyik.
Azərbaycan öz suverenliyini təmin edəcəkdir.
Yenə
də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz,
beynəlxalq təşkilatların münaqişə ilə
bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər
ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar
ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə
dəstəkləyir, dünyanın bütün
aparıcı ölkələri, həmçinin. Bu
yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma
"prezident seçkiləri” bunu bir daha göstərdi. O
saxta prezidenti, dırnaqarası prezidenti heç kim
tanımadı. Dünyanın aparıcı ölkələri
açıq formada bəyanat verdilər. ATƏT-in Minsk
qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra
Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və
digər təşkilatlar bəyanat verdilər ki, bu
seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan
torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi
qüdrətimiz, eyni zamanda, iqtisadi
üstünlüyümüz, əlbəttə ki,
torpaqlarımızın azad olunmasında əsas rol
oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi
dünyada siz də yaxşı görürsünüz ki,
güc amili ön plana çıxır, bəzi ölkələr,
hətta böyük demokratik ənənələri olan
ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl
qoymadan öz maraqlarını təmin edirlər. Nəyin
hesabına? Gücün hesabına. Ona görə ordu
quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə
ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu
yaratmışıq ki, istənilən vəzifəni icra edə
bilərik. Əlbəttə ki, sadaladığım
bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət
bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək.
Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir
və biz bu məsələni birdəfəlik və tam həll
etməliyik. Azərbaycanın ərazi bütövlüyü
tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən
və danışıqlar masasında olan məhz mərhələli
həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz
rəsmi populist çıxışlarında bunu inkar etməyə
çalışır, ancaq mahiyyət etibarilə
danışıqlar çərçivəsində həmin
bu mərhələli həll məsələsi müzakirə
edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır,
vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən
başqa heç bir həll mümkün deyil, o da nə deməkdir?
Birinci mərhələdə torpaqların bir hissəsi
işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma
mənim dediyim söz odur ki, bu, ancaq mərhələli
yanaşma ola bilər. Bizim məqsədimiz, əsas
amalımız suverenliyimizi tam və birdəfəlik təmin
etməkdir və biz bunu edəcəyik. Heç kimdə
şübhə olmasın. Sadəcə, daha güclü
olmalıyıq, məsələnin həlli üçün
vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.
Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim
mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə
bildirmişəm və bir daha demək istəyirəm ki,
Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapa bilər. Bir daha demək istəyirəm
ki, Dağlıq Qarabağ Azərbaycandır və nida
işarəsi.
Ancaq
yenə də bu məsələ ilə məşğul
olanda hər zaman mən keçmişə qayıdıram, tarixə
qayıdıram və sual verirəm. Nə üçün
torpaqlarımız işğal altına düşdü? Necə
oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər
xarici dəstəyin hesabına torpaqları işğal etdilər,
insanları öz doğma torpaqlarından didərgin
saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan
xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm
ki, əgər o vaxt Azərbaycanın başında Heydər
Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da
düşmən tərəfindən işğal edilə bilməzdi.
Çünki onun dövründə Azərbaycan hakimiyyəti
Dağlıq Qarabağda elə bir möhkəm iradəyə
sahib idi ki, bir nəfər erməni də səsini
çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya
donoslar yazırdılar ki, guya onları orada incidirlər və
yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan
idi. Çünki iqtisadi göstəricilər var, onlar
göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar
heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda
yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər
Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan
vermirdi ki, orada bir dənə də olsun hadisə baş
versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr
baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə
qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən
atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə,
Şuşada. Mən o ab-havanı görmüşəm,
1980-ci illərin əvvəllərində həm qış
aylarında, - o məşhur fotolar, videolar var, - həm də
yaz aylarında. Orada - həm Xankəndidə, həm də
başqa yerlərdə heç bir problem yox idi.
Mənim
gözümün qabağında ermənilər Heydər
Əliyevin qarşısında fərəqət
durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində
poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan
şairləri Azərbaycan dilində şeirlər deyirdilər.
Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti,
müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni
baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan
şəhərinin tarixini görərkən biz bir daha
görürdük ki, bizim nə qədər böyük
tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri,
Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər
göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti
orada daim yaşasın. Ermənilər və burada yerli
satqınlar Heydər Əliyev Moskvada işləyəndə
donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir
ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş
qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan
millətinin düşmənləri donos yazırdılar.
İndikilər də yazırlar. O vaxt Siyasi Büroya
yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə
donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar
ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər.
Onlar da özlərinə başqa ölkədə himayədar
axtarırdılar, bunlar da. Onların da, bunların da əsas
məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun.
Bax, buna görə torpaqlar işğal altına
düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan,
Sovet İttifaqının Nazirlər Sovetindən yüksək
vəzifələrdən gedəndən sonra iki həftə
keçməmiş nə baş verdi? Bir erməni millətçisi
məqalə ilə çıxış etdi ki, Dağlıq
Qarabağ Ermənistana verilməlidir. Özü də harada?
Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə
qoşulmuşdu. Sovet İttifaqının başında
dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər.
Biz bunu yaxşı bilirik və artıq hərəkət
başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi?
1987–ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən
gedəndə sonra cəmi iki həftə keçmişdi.
Buradakılar neylədilər? Heç nə. Veclərinə
də almadılar. Onlar elə bil ki, bu torpağın
övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər.
Vəziyyəti nəzarət altında saxlaya bilmədilər
və nəticə etibarilə, çox da keçmədi, təxribat
törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən
baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında
Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat.
Erməni quldurları orada dəstə yaradıb bir neçə
ermənini öldürüb bunu Azərbaycan xalqının
ayağına yazdılar. Bu da tarixi faktlardır.
İstintaqı
biz aparmamışıq. İstintaqı Moskvadan gələn
istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin
başında dayanan ermənidir. Onun təcavüz etdiyi
şahidlər üzünə demişdilər, o kadrlar var.
Onun qətlə yetirdiyi insanların qohumları,
yaxınları demişdilər ki, bizi öldürən budur.
Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm
verilir. Bir ildən sonra o cəza çəkmək
üçün Ermənistana göndərilir. Ermənistanda
nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri
öldürüb, bu da təsdiq olunub, istintaq materialları
var. Nə üçün siz onu buraxırsınız? Deməli,
bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı
ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan
xalqının üstünə. Bu da onlara fürsət verib
ki, Dağlıq Qarabağ məsələsini
qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə
edib? Heç nə. O vaxt Azərbaycanın başında duran
adam bilmirdi ki, Moskvanın o çinovniklərinin
dabanını necə yalasın. Budur milli rəzalət. Sovet
İttifaqı dağılandan sonra bir neçə ay
keçmədi, dərhal Xocalı soyqırımı törədildi.
Azərbaycan hakimiyyəti öz vətəndaşlarını
qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət,
soyqırımı törədildi. Ondan bir neçə ay
sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın
işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi.
Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı
hakimiyyətin də günahı var. Çünki öz
şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan
Xalq Cəbhəsi hakimiyyətə gəlmək
üçün xəyanət etmişdi. Şuşanın
guya müdafiəsini təşkil edən adamlar satqınlıq
edib, xəyanət edib, qaçıb gizlənmişdilər.
Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az
kontingentlə oranı illərlə müdafiə etmək
olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə
gəlsinlər. Belə də oldu. Sonra Laçını da
satdılar. Hakimiyyətə gəldilər. Onların əsas
məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri
talamaq idi.
Azərbaycan
Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla
bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində
Kəlbəcər işğal olundu. Müdafiəni
düzgün qura bilməmişdilər. Kim quracaqdı
müdafiəni? Kim məşğul idi müdafiə ilə?
Hərbi işdən heç bir xəbəri olmayan
savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin
başında? Xalq arasında heç bir hörməti olmayan
boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı
bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı,
qoyardımı ki, belə vəziyyət yaransın? Ona
görə biz bunu bilməliyik. Kəlbəcər əldən
gedəndən sonra neylədilər? Vəziyyəti bərpa
etmək əvəzinə başladılar öz ordumuza
qarşı mübarizəyə. Burada torpaqlar əldən
gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər,
Laçın, Şuşa rayonları işğal olunandan
sonra Dağlıq Qarabağla Ermənistan arasında
bağlantı yarandı. Onlar isə Gəncəni
bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu
gün elə orada-burada fırlananlar da bu işdə əli
olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları
süpürdü birdəfəlik atdı. Məhz ondan sonra
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə
gəldi və vəziyyət sabitləşdi.
Budur
səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti
düzəltmək, torpaqları işğaldan azad etmək
üçün nə qədər böyük səylər
göstərilir. Ancaq Aprel döyüşləri və
uğurlu Naxçıvan əməliyyatı göstərdi
ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə
bilər.
Bu
gün Respublika Günüdür. Əlbəttə ki, Azərbaycan
Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan
vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman
aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan
xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz
bu gün də tarixdən ibrət götürməliyik. Nə
üçün Respublika iki ildən də az yaşadı? Nə
üçün süqut etdi? Nə üçün müstəqilliyi
qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə
çıxarmaq üçün tarixi bilməliyik. Burada
heç bir mifologiyadan söhbət gedə bilməz.
Hansısa hadisələri şişirtməklə biz
özümüzü aldatmamalıyıq. Nə
üçün? Çünki o hadisələr təkrarlanmasın.
Nə üçün? Çünki müstəqilliyimiz əbədi
olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının
dağılması nəticəsində yaranmışdır.
Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli
addımlar atılmışdır. Müstəqillik elan
olundu, dövlət atributları təsis edildi. Milli Ordu,
Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi
qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o
müstəqillik şərti xarakter daşıyırdı.
Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq
Cümhuriyyəti öz addımlarını, hətta dövlət
atributları ilə bağlı planlarını gərək
onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə
tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt
unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk
qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi
Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq
və heç vaxt bağışlamaq olmaz. Ona görə biz
bu həqiqətləri bilməliyik və gənc nəsil də
bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik.
Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq
Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı,
müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın
başında duranların bir çoxu ölkəni tərk
etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl
şüarlar demək olar. Amma bu şüarların
arxasında gərək iradə, güc və əməl
olsun.
Bizim
1920-ci ildə endirilən üçrəngli
bayrağımızı 70 il sonra Heydər Əliyev
Naxçıvanda yenidən qaldırdı. Gücün varsa,
bayraq həmişə yüksəklərdə olacaq. O vaxt
Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq
kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət
qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər.
Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı
dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh
edəcəklər. Ona görə bu tarixi gün həmişə
həm qürur mənbəyimiz olmalıdır, həm də
daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi,
dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan
xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin
gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi,
ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə,
milli dəyərlərlə bağlı olan tədbirlərimiz,
gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi
güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə
olmasın, həmişə qürurlu, həmişə
möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və
xalqımız həmişə azad olsun.
Bir
daha sizi və bütün Azərbaycan xalqını təbrik
edirəm. Bu gözəl bayram münasibətilə
bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik
arzulayıram. Sağ olun.
Zəngilan
rayonundan məcburi köçkün İbrahim Teymurov dedi:
-Hörmətli
cənab Prezident.
Hörmətli
Birinci vitse-prezident Mehriban xanım.
İcazə
verin, bu əziz gündə Sizi 28 May - Respublika Günü
münasibətilə səmimi-qəlbdən təbrik edim. Bəli,
biz o vaxtlar yiyəsizlik ucbatından didərgin
düşdük. Gəlib respublikamızın müxtəlif
bölgələrində məskunlaşdıq. Allah rəhmət
eləsin, o vaxt Ulu Öndər bizə kim harada məskunlaşmışdısa
yaxşı şərait yaratdı və biz mümkün qədər
respublikanın o vaxtkı gücü səviyyəsində
lazımi şəraitdə məskunlaşdıq.
Düzdür, çətin zamanlar idi, yataqxanalar idi,
çadırlar yaradılmışdı. O vaxtdan bəri mərhələ-mərhələ,
davamlı olaraq bu çadır şəhərcikləri
yeni-yeni şəhərlərin tikilməsi ilə ləğv
olundu. Üzü bəri davamlı olaraq yenə də,
möhtərəm Prezident, Sizin sayənizdə, Sizin
quruculuğunuz nəticəsində davamlı surətdə
neçə-neçə şəhərcik salındı.
Bu, heç də sadə iş deyil. Bu gün biz buraya gələndə
girib evlərə baxdıq. Müasir məktəb, hər bir
şərait, infrastruktur çox gözəldir. Biz
hamımız Sizə çox böyük alqış edirik,
minnətdarlığımızı bildiririk. Çox sağ
olun ki, Siz məcburi köçkünləri həmişə
yadda saxlayırsınız, həmişə
qayğımıza qalırsınız. Minnətdarıq Sizə.
Möhtərəm Prezident, bayaq qeyd etdiniz, Allahın köməyi,
Sizin iradəniz və başçılığınız
ilə biz o bayrağı aparıb Şuşada və
işğal olunmuş digər torpaqlarda Sizinlə birgə
sancacağıq. Allah o günü bizə göstərsin.
Sağ olun.
Prezident
İlham Əliyev: Sağ olun.
Şuşa
rayonundan məcburi köçkün Könül
İsmayılova dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
Mehriban xanım.
Mən
də bu gözəl gündə çıxış etmək
istəyirəm. Biz elə bir gündə
qarşılaşmışıq ki, bu gün həm bu
gözəl "Qobu Park” açılır, həm də
Respublika Günü qeyd edilir. Hamımızı təbrik edirəm.
Bu gözəl gündə demək istəyirəm ki, məcburi
köçkünlərin üzərində Sizin daim
qayğınız və diqqətiniz olubdur. Bu, bizim nəzərimizdən
heç vaxt yayınmayıb. Biz həmişə Sizdən bu
qayğını və diqqəti görmüşük.
Mehriban xanım, Siz məcburi köçkünlərlə,
xalqla tez-tez ünsiyyətdə olursunuz, onlarla söhbət
edirsiniz. Səmimi söhbətlərinizə həmişə
qulaq asmışam, diqqətlə izləmişəm. Siz
onların dərdlərini həmişə dinləmisiniz və
köməyinizin də bəhrəsini biz həmişə
görmüşük. Ona görə biz Sizə xalqın
Prezidenti, xalqın Mehriban xanımı deyirik. Biz Sizi bu gözəl
gün münasibətilə ürəkdən
alqışlayırıq. Bu gözəl həyat,
övladlarımızın oxuyacağı bu gözəl məktəb,
uşaq bağçası, poliklinika üçün Sizə
təşəkkür edirik. Mən bir şuşalı məcburi
köçkün kimi arzu edirəm və inanıram ki, - Sizin
gördüyünüz işlərin, həyata
keçirdiyiniz layihələrin şahidiyəm, -
Şuşada da mənzillərimizin açarlarını Sizin
əlinizdən alacağıq. Biz buna inanırıq və Sizə
çox minnətdarıq. Bu gözəl gün münasibətilə
Sizi ürəkdən təbrik edirik. Sizin
yaxşılıqlarınız heç vaxt yadımızdan
çıxmayacaq, heç vaxt unudulmayacaq.
Gördüyünüz işlər davamlıdır, olub və
həmişə də olacaq. Sağ olun.
Prezident
İlham Əliyev: Çox sağ olun, təşəkkür
edirəm. Bir daha bayramınız mübarək olsun!
Qeyd
edək ki, dünya bazarında neftin qiymətinin kəskin
aşağı düşməsi, pandemiyanın qlobal
iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu
ciddi zərbələrə baxmayaraq, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi
inkişafa hesablanan layihələrin uğurlu icrası
ardıcıllıqla davam etdirilir. Bunun nəticəsini hər
bir vətəndaş, o cümlədən qaçqın və
məcburi köçkünlər öz həyatlarında
hiss edirlər. Ölkədə həyata keçirilən
dövlət siyasətinin əsas istiqamətlərindən
biri də bu qəbildən olan soydaşlarımızın
sosial problemlərinin həllidir. Bununla bağlı dövlətimizin
başçısı tərəfindən ümumilikdə
2004-2019-cu illər ərzində 75 fərman və sərəncam
imzalanıb, Dövlət Proqramı təsdiqlənib.
Həyata
keçirilən tədbirlər nəticəsində bu
günədək 315 min məcburi köçkünün, yəni,
62 min 494 ailənin mənzil-məişət şəraiti
yaxşılaşdırılıb. Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva da qaçqın və məcburi
köçkünlərin sosial məsələlərinin həllinə
olduqca həssaslıqla yanaşır, bu qəbildən olan
soydaşlarımızın həyat şəraitinin
yaxşılaşdırılması, məşğulluğunun
artırılması, sosial rifahının daha da yüksəldilməsi
məsələsinə xüsusi qayğı göstərir.
Bu qayğı özünü yeni inşa olunan "Qobu
Park-3” yaşayış kompleksində də aydın
nümayiş etdirir.
Azərbaycan.-2020.- 1 iyun.- S.1;4.