İlham
Əliyevin 111-ci hədiyyəsi
Prezident
qlobal pandemiya ilə mübarizə dövründə də
xoşməramlı missiyasını davam etdirərək daha
1336 məcburi köçkün ailəsinə sevinc bəxş
etdi
"İndi
dünyada bir neçə ölkədə məcburi
köçkünlər vardır və bu ölkələrin
sayı artır. Çünki müharibələr,
toqquşmalar geniş vüsət alır, yeni
köçkün şəhərcikləri salınır.
Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən
diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq
təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər.
Çünki biz köçkünləri belə gözəl
evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm
daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan
bu sahədə də qabaqcıl yerlərdədir və hesab
edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik”.
Artıq
illərdir ölkəmizdə əlamətdar günlərdə,
bayramlarda Prezident İlham Əliyevin iştirakı ilə
sosial, ictimai əhəmiyyət kəsb edən obyektlərin
istifadəyə verilməsi ənənəyə
çevrilib. Ötən həftə, may ayının 28-i -
Respublika günündə dövlət
başçısı bu ənənəyə bir daha sadiq
qaldı.
1336
mənzil, 280 yerlik uşaq bağçası, 960 yerlik məktəb
binası, xalçaçılıq və naxış
emalatxanası
Cənab
İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım
Əliyeva daha 1336 məcburi köçkün ailəsinə
sevinc bəxş etdilər. Dövlət
başçısı bu münasibətlə keçirilən
tədbirdə geniş çıxış edərək
indiyədək həyata keçirilən layihələrdən,
görülən işlərdən söz açdı.
Lökbatan
qəsəbəsinin şimal-şərqində, bir az da dəqiq
desək, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində
yerləşən bu qəsəbədə sayca 3-cü
kompleks istifadəyə verildi. Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
bu layihələr minlərlə ailənin mənzil problemini həll
edib.
"Qobu
Park-1”-də 1026 ailəlik doqquzmərtəbəli 11
yaşayış binası, "Qobu Park-2”-də 1300 ailəlik
onmərtəbəli 13 bina, "Qobu Park-3” yaşayış
kompleksində isə onmərtəbəli 13 yaşayış
binası inşa olunub və 20 min əhalinin məskunlaşmasına
xidmət edən bu işlər 2 il ərzində, qısa bir
müddətdə icra edilib. Bütövlükdə, Qobu qəsəbəsində
3 layihədə toplam 3700-ə yaxın məcburi
köçkün ailəsi yerləşdiriləcək.
Cənab
İlham Əliyev xüsusi olaraq vurğuladı ki, əgər
iradə varsa, əgər siyasət düzgün
aparılırsa və əgər insanların ürəyində
ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən
təşəbbüs, istənilən gözəl ideya həyata
keçər.
Yeni
kompleksin ərazisində 280 yerlik uşaq bağçası,
960 yerlik məktəb binası inşa olunub. Məktəb zəruri
tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin
yüksək səviyyədə təhsil alması
üçün hərtərəfli imkan yaradılıb.
Bundan başqa, ərazidə "Xarı bülbül”
xalçaçılıq və naxış emalatxanası
inşa edilib. İlk dəfə həyata keçirilən bu
layihənin məqsədi məcburi köçkünlərin
məşğulluğunun artırılması və sosial
rifah halının daha da
yaxşılaşdırılmasıdır. Burada həm
xalça toxumağın sirləri öyrədiləcək,
həm də istehsal prosesi təmin ediləcək. Layihəyə
il ərzində "Qobu Park-1”, "Qobu Park-2” və "Qobu
Park-3” yaşayış komplekslərində, həmçinin
Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi
köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə
daha dərindən yiyələnənlər emalatxanalarda
müəllim kimi çalışacaq, digərləri isə
evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik
xalçalar toxuyacaqlar. Layihə çərçivəsində
xalçaların satışı da təmin ediləcək.
Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik
nümunələrinin hazırlanması da
planlaşdırılır. Məhsullar yerli bazarla
yanaşı, məcburi köçkünlərin əl
işləri kimi xarici bazara da çıxarılacaq. Burada
uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin
və xarici dil kurslarının təşkili də nəzərdə
tutulur.
Yaşayış
kompleksində 1336 mənzil var. Onların 156-sı bir, 580-i
iki, 384-ü üç, 216-sı dördotaqlıdır.
Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi
kombi sistemi ilə təchiz edilib.
Kompleksə
əsasən Yasamal rayonundakı yataqxanalarda məskunlaşan
məcburi köçkünlərin köçürülməsi
nəzərdə tutulub.
Məcburi
köçkünlərin məşğulluğu, uğurlu
biznes-layihələri həyata keçirilir
"Qobu
Park-3” yaşayış kompleksi qaçqın və məcburi
köçkünlər üçün salınmış
111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri,
ticarət obyektləri və digər zəruri infrastruktur
yaradılıb. Ərazidə sakinlərin asudə
vaxtlarının səmərəli təşkili məqsədilə
istirahət parkı salınıb, uşaq əyləncə
meydançaları quraşdırılıb, geniş
yaşıllıq və işıqlandırma işləri
görülüb. Burada həm də 3 idman meydançası
və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin
ixtiyarına veriləcək.
Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin və
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin birgə
əməkdaşlığı çərçivəsində
reallaşdırılan layihələr isə məcburi
köçkünlərin məşğulluğunun
biznes-layihələr vasitəsilə təmin olunması məqsədi
daşıyır. İlk dəfədir ki, qaçqın və
məcburi köçkünlərin məskunlaşdığı
ərazidə istehsal müəssisələri qurulub.
Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının
istehsal olunacağı müəssisədə 40-dan çox
iş yerinin açılması nəzərdə tutulur.
Müəssisədə gün ərzində 1000-ə
yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal
ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastik
oyuncaqlar isə 10 çeşiddə olacaq.
Sterilizə
olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində
isə tibbi heyət üçün üst geyimləri və
kombinezonlar istehsal ediləcək. Müəssisədə 25 nəfər
işlə təmin olunacaq. Ümumilikdə müəssisələrdə
çalışacaq işçi heyətin 80 faizi "Qobu
Park-3”ün sakinlərindən formalaşdırılacaq.
Şirkətlər icarə xərclərindən azad olunub ki,
bu da müvafiq layihələrin kompleksdə
reallaşdırılmasını sahibkarlar üçün cəlbedici
edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə
seçilmir. Onlar eyni zamanda biznesyönümlüdür. Belə
ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar
rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.
Bu il
hədəf 7-8 min məcburi köçkün ailəsinin mənzillərlə
təmin edilməsidir
Prezident
İlham Əliyev indiyədək həyata keçirilən bu
xoşməramlı missiyadan danışarkən
vurğuladı ki, məcburi köçkünlərin problemləri
ardıcıl şəkildə öz həllini tapır. Yeni
kompleksə köçəcək insanlar uzun illər
çox ağır vəziyyətdə yaşayıblar. Yeni,
tam təmirli mənzillər, əlbəttə ki, bu ailələrə
böyük sevinc bəxş edəcək.
Göründüyü
kimi, dövlət qaçqın və məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
mühüm işlər görür. İndiyədək 111
şəhərciyin salınması böyük uğurdur.
Prezidentin
də söylədiyi kimi, son bir neçə il ərzində
dünyada iqtisadi və maliyyə böhranı hökm
sürsə də, Azərbaycanda məcburi
köçkünlərlə bağlı olan heç bir
layihədə heç bir yubanma yoxdur və heç bir proqram
ixtisar edilməyib. Hətta ötən il məcburi
köçkünlər üçün rekord sayda (5 minə
yaxın) evlər-mənzillər tikilib.
Bu il
isə qarşıya qoyulan hədəf 7-8 min məcburi
köçkün ailəsinin evlərlə, mənzillərlə
təmin edilməsidir: "Əgər biz buna nail olsaq, bir il ərzində
həm Bakı şəhərində, Sumqayıt şəhərində
və digər şəhərlərdə təqribən 40
minə yaxın insan yeni evlərə köçürüləcək.
Bu işlər ardıcıllıqla aparılır. Biz gələn
ilin İnvestisiya Proqramında da bu məqsədlər
üçün vəsait ayıracağıq”.
Onu
da əlavə edək ki, dövlət məcburi
köçkünlərin sosial təminatının
yaxşılaşdırılması üçün də
ciddi addımlar atır. Keçən il məcburi
köçkünlərə verilən müavinətin həcmi
50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər
ərzində dövlət tərəfindən aylıq
müavinətlə təmin edilir.
Bir
sözlə, Azərbaycanda bu sahəyə göstərilən
diqqət nümunəvi xarakter daşıyır. Cənab
Prezidentin açılış mərasimindəki
çıxışı, məcburi köçkünlərə,
qaçqınlara və xalqa olan müraciəti həm
dövlət başçısının, həm də
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
qayğısının, diqqətinin təzahürüdür.
Bütün
bunlar qaçqınların və məcburi
köçkünlərin Azərbaycan Prezidentinin, Heydər
Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində
olduğunu aydın şəkildə nümayiş etdirir. Bu
diqqət və qayğını daim öz üzərində
hiss edən məcburi köçkünlər cənab
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
tezliklə doğma yurda qayıdacaqları günün uzaqda
olmadığına əmindirlər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 2 iyun.- S.1;7.