Pandemiya vəziyyəti
davam edir,
arxayınlaşmaq hələ tezdir
Maskalardan istifadə
etməmək, sosial məsafəni qorumamaq ölkəmizdə koronavirusa
yoluxmanı qarşısıalınmaz edə bilər
Qlobal pandemiya elan edilən yeni koronavirus (COVID-19) infeksiyası dünyada sürətlə yayılmaqda davam edir. Amma bir çox ölkələrdə koronavirus səbəbi ilə tətbiq olunan sərt karantin rejimi nisbətən yumşaldılmağa başlanıb.
COVID-19-un ilk yarandığı zamandan etibarən Azərbaycanda ona qarşı çevik və təsirli addımlar atıldığına görə, hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət stabildir.
Elə bu səbəbdən də artıq karantin rejimi yumşaldılıb və ölkə üzrə mərhələli çıxış planı həyata keçirilir.
Amma təəssüflə bildirmək lazımdır ki, məhdudiyyətlər aradan qaldırıldıqca, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları çoxalır. Bunun əsas səbəbi isə Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmamasıdır.
Mütəxəssislər
bununla bağlı həyəcan təbili çalır və
tənəffüs yollarını qoruyan fərdi vasitələrdən
istifadə etməməyin ağır nəticələr
yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Tənəffüs yollarınızı qoruyun
Nazirlər
Kabineti "Xüsusi karantin rejimində tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
tələbləri barədə” qəbul etdiyi qərara əsasən,
Azərbaycan Respublikasının ərazisində yeni növ
koronavirus (COVID-19) infeksiyasının insanlar arasında
kütləvi yayılmasının qarşısının
alınması məqsədilə aşağıda qeyd edilən
hallarda sosial məsafəni gözləmək (insanlar arası
məsafə 1,5-2 metr) şərtilə tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən (tibbi
maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada
istifadə olunan nəqliyyat vasitələrində (avtobus,
taksi, metro, dəmiryolu və s.) bazarlarda, qapalı ictimai
iaşə, ticarət və xidmət obyektlərində (həmin
obyektlərdə göstərilən xidmət növündən
asılı olaraq tənəffüs yollarını qoruyan fərdi
vasitələrin çıxarılmasının zəruri
olduğu hallar istisna olmaqla) maska taxmaq məcburidir.
Açıq
havadakı ictimai yerlərdə də maska
taxılmalıdır
Həmçinin dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər qapalı obyektlərdə maska taxmaq zəruridir.
Nazirlər
Kabinetinin qərarına əsasən, ictimai nəqliyyat
dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və
ödəniş terminallarının, ticarət, iş və
xidmət obyektlərinin qarşısında növbədə,
habelə insanların toplaşdığı və yaxın təmasda
olduğu açıq havadakı ictimai yerlərdə onlar
arasında sosial məsafənin qorunmasının
mümkün olmadığı digər hallarda da maskadan
istifadə etmək lazımdır.
Qərarda
o da vurğulanır ki, tənəffüs yollarını
qoruyan fərdi vasitələrin istifadəsi yeni növ
koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri
(gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin
qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
Müəyyən
edilən tələbləri pozanlar cərimələnəcək
Bu qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bildirək ki, uzun müddətdir ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur.
Artıq
Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və
karantin rejimləri dövründə tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən tələblərin pozulmasına,
habelə vəzifəli şəxslər tərəfindən
həmin tələblərin pozulmasının
qarşısının alınmamasına görə cərimələr
müəyyənləşdirilib.
Koronavirusa yoluxmamaq mümkündür
İndi koronavirusla mübarizənin yeni mərhələsindəyik. Neçə vaxtdır virusla mübarizə apararaq, addım-addım onu yox etməyə doğru irəliləyirik. Həyatımızın normal məcraya düşməsinə çox az bir zaman qalıb. Və bunun tez bir zamanda olması isə birbaşa vətəndaşlarımızın sosial məsuliyyətindən və qoyulan qaydalara riayət etməsindən asılıdır.
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Bu bir həqiqətdir ki, koronavirusun yoluxma sürətinin insanlar arasında yüksək olmasına baxmayaraq, adi gigiyenik tələblərə və sosial izolyasiya qaydalarına riayət etməklə ona yoluxmamaq və qorunmaq mümkündür. Xüsusilə də maskadan istifadə, əllərin mütəmadi yuyulması, dezinfeksiya edilməsi və sosial məsafənin qorunması çox vacibdir.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 2 iyun.- S.1;7.