Azərbaycan
pandemiya ilə mübarizədə nümunə hesab olunur
İyunun
1-də Asiya İnkişaf Bankının təşəbbüsü
ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti
Şiksin Çen və bankın rəhbərliyinin digər
nümayəndələri arasında videokonfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, Bankın prezidenti Masatsuqu Asakavanı
salamlayan Prezident İlham Əliyev dedi:
-Sabahınız
xeyir, cənab prezident. Sizi görmək çox xoşdur.
Masatsuqu
Asakava: Sabahınız xeyir, cənab Prezident. Çox sağ
olun. Gərgin iş qrafikinizə baxmayaraq, vaxt tapıb bizimlə
görüşdüyünüzə görə təşəkkür
edirik. Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq
1999-cu ildən bəri dərinləşməkdədir. Burada
söhbət təkcə bir sıra layihələrdən
getmir, həmçinin bizim birgə regional əməkdaşlığımız
da mövcuddur. Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci İllik Toplantısının 2015-ci
ildə Bakıda uğurla keçirilməsi
qarşılıqlı etimad və hörmət üzərində
qurulmuş tərəfdaşlığımızın bariz
nümunəsi olmuşdur.
Şəxsən
Sizinlə və hökumətinizlə birbaşa əlaqə
mən və heyətim üçün olduqca vacibdir. Biz
etibarlı tərəfdaşınız olaraq COVID-19
pandemiyasının yayıldığı və neftin qiymətinin
kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın
atdığı addımları tam şəkildə dəstəkləyirik.
Bu, bizə ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri
hazırlamağa imkan verəcəkdir.
Bu
videokonfransa Asiya İnkişaf Bankının Direktorlar
Şurasında Azərbaycan üzrə icraçı direktor
Antoni Makdonald, bankın vitse-prezidenti Şiksin Çen, Mərkəzi
və Qərbi Asiya üzrə baş direktor Verner Lipax və
bankın Azərbaycan ofisinin direktoru Nariman Mannapbekov da
qoşulub.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, cənab
prezident. İlk növbədə, sizi Asiya İnkişaf
Bankının prezidenti seçilməyiniz münasibətilə
təbrik etmək və fəaliyyətinizdə uğurlar
arzulamaq istərdim. Əminəm ki, sizin rəhbərliyiniz
dövründə Azərbaycan və Asiya İnkişaf
Bankı son 20 ildə olduğu kimi, sıx şəkildə
işləməyə davam edəcək. Qeyd etdiyiniz kimi, biz
çox güclü tərəfdaşlıq qurmuşuq. Biz
hamımız Asiya İnkişaf Bankının illik
toplantısının 2015-ci ildə Bakıda keçirildiyini
xatırlayırıq. Bu, həqiqətən də əməkdaşlığın
çox yaxşı əlaməti idi və görüş
çox uğurla keçdi.
Bildiyiniz
kimi, biz bir sıra mühüm layihələr üzərində
işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana
ayırdığı kredit və zəmanətlərin
ümumi məbləği 3 milyard ABŞ dollarını
ötür. Bu vəsait bizə infrastruktura investisiya
yatırmağa kömək edib. Biz elektrik enerjisinin
istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və
kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini
dəstəklədiyinə görə Asiya İnkişaf
Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub
Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə
sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə
görə sizə çox minnətdarıq. Mən sizə
deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə
kredit verən ilk böyük beynəlxalq banklar arasında
birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz
dəstək bizə, həmçinin çox geniş
kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub
Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə
artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik
boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən
də əməkdaşlığın çox yaxşı əlamətidir.
Hazırda
biz yeni layihələr üzərində işləyirik. Mənə
verilən məlumata görə, bizim portfelimizdə suvarma və
təhsillə bağlı icra olunacaq bəzi layihələr
var. Bütün bunlar çox böyük əhəmiyyət
kəsb edir. Əminəm ki, qarşıdakı illərdə
əməkdaşlığımız davam edəcək. Sizin
burada - Bakıdakı və mənzil-qərargahınızdakı
komandanız bizim prioritetlərimizi, inkişafımız
üçün prioritetlərin nədən ibarət olduğunu
bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun
inkişafı, kiçik və orta müəssisələrə
dəstək məsələləri ilə əlaqədardır.
Əlbəttə
ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər
insanları necə xilas etmək, onların
sağlamlığını, həyatlarını necə qorumaq
məqsədi daşıyıb. Azərbaycanın vaxtında
gördüyü tədbirlər sayəsində biz minimum itki
vermişik. Ümumdünya Səhiyyə Təşkilatının
bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə
mübarizədə nümunə hesab olunur. Biz, həmçinin
böyük həcmdə vəsait ayırmışıq.
İqtisadiyyatın pandemiyadan zərər çəkən
sektorlarını dəstəkləmək, eləcə də
işsizliyi, işini itirmiş insanları, aztəminatlı
insanları və hətta qeyri-formal məşğulluğa cəlb
olunmuş insanları dəstəkləmək
üçün 2 milyard avrodan çox vəsait
ayırmışıq.
Biz
qeyri-formal məşğulluqla mübarizə aparırıq və
ciddi tədbirlər görmüşük. Təkcə bu il
işçilərlə şirkətlər arasında 100 mindən
çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu
insanların bu problemdən əziyyət çəkdiyini
başa düşürük. Bu səbəbdən də 4 ay ərzində
iqtisadi artımımız çox az olmuşdur, bununla belə,
0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda
bir çox ölkələr, əfsuslar olsun,
resessiyadadır. Beş ayın nəticələri hələ
ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində
məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin
öhdəsindən gələ biləcəyik. Sizin doğru
olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi bizim üçün əlbəttə
ki, çağırışdır. Lakin biz
addımlarımızı, büdcəmizi yeni reallıqlara
uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar
necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial
layihələrin heç birini ixtisara salmamışıq,
onların hamısı büdcəmizdə qalır. Lakin o
layihələr ki, bir neçə il gözləyə bilər,
onlar, əlbəttə, ola bilsin bir qədər təxirə
salınsın. Düşünürəm ki, ümumilikdə,
Azərbaycan yaxşı nəticələr nümayiş
etdirən ölkələr arasında olacaq.
Mən
bilirəm ki, çox ölkələr, eşitdiyimə
görə, 150-dən çox ölkə maliyyə dəstəyi
üçün artıq beynəlxalq maliyyə
institutlarına müraciət edib. Azərbaycan onların
arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən
işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz
daim mənfəətimizdən aşağı olub. Mən deyərdim
ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca
iqtisadi hədəfimiz olub.
Masatsuqu
Asakava: Təşəkkür edirəm, cənab Prezident. Pandemiya
ilə mübarizə və onun Azərbaycana təsiri ilə
bağlı həyata keçirdiyiniz nəhəng islahat paketi
barədə mənə məlumat verilib. Sizin rəhbərliyinizlə
beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı
çərçivəsində pandemiyaya qarşı səylərin
əlaqələndirilməsi məndə dərin təəssürat
yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına
COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları,
o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama
Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ
dolları həcmində ianə ayırması da təqdirəlayiq
haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət
çəkən 13 ölkəyə, o cümlədən
Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan,
Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən
yardım göstərilib.
Bununla
yanaşı, fürsətdən istifadə edərək,
hökumətinizin 13-cü Asiya İnkişaf Fonduna töhfə
vermək qərarına görə Sizə təşəkkürümü
bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas
vəziyyətdə olan ölkələri bu imkandan
yararlanacaqdır. Təşəkkür edirəm.
COVID-19-la
bağlı vəziyyətə gəldikdə, mənə
hökumətiniz tərəfindən pandemiya əleyhinə
atılan qabaqlayıcı tədbirlər, ölüm
hallarının aşağı səviyyədə olması
və aparılan test sayının artması barədə məlumat
verilib. Bu, onu nümayiş etdirir ki, ölkədə səhiyyə
sahəsində risklər çox yaxşı idarə edilir.
Cari
ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi
göstəriciləri kifayət qədər sabit olmuşdur.
Dövlət büdcəsinə daxilolmalarda artımın
olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında
güclü azalma riskləri ehtimalı mövcuddur. Bu
baxımdan, tərəfinizdən ümumi daxili məhsulun 4,3
faizinə bərabər, geniş iqtisadi yardım paketinin
qısa müddətdə qəbul edilməsini, pandemiyanın
yayılmasının qarşısının alınması
üçün səhiyyə sahəsində
addımların atılmasını, sosial tədbirləri və
biznesin dəstəklənməsini alqışlayırıq.
Bildiyim qədər, Azərbaycanın Mərkəzi Bankı
da maliyyə sektorunun dəstəklənməsi
üçün bir sıra tədbirlər həyata
keçirmişdir.
Asiya
İnkişaf Bankının prezidenti Masatsuqu Asakava rəhbərlik
etdiyi qurumun COVID-19-la mübarizə sahəsində dəstək
paketi haqqında məlumat verdi. Bildirdi ki, bu paketə tibbi ləvazimat
və şəxsi qoruyucu vasitələrin alınması
üçün qrantların ayrılması, iqtisadiyyata və
cəmiyyətə təsirin azaldılması
üçün büdcə dəstəyi, özəl
sektorda işlə təminatın və fəaliyyətin
dayanıqlı olması üçün kredit və zəmanətlərin
verilməsi məsələləri daxildir. O, 2016-cı ildə
neftin qiymətinin kəskin aşağı
düşdüyü bir şəraitdə iqtisadiyyatın
şaxələndirilməsi ilə bağlı bankın Azərbaycanla
əməkdaşlığı məsələsinə də
toxundu. Bildirdi ki, bank tərəfindən hazırda ölkələrin
bütün ehtiyaclarının qarşılanması və
Asiya İnkişaf Bankı ilə uzunmüddətli əlçatanlığın
təmin edilməsi məqsədilə müvafiq meyarlara
cavabvermənin dəyərləndirilməsi aparılır və
beləliklə, hər bir ölkə üçün kreditin
maksimal məbləğı müəyyən edilir.
Prezident
İlham Əliyev: Çox sağ olun, cənab prezident.
Əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə
və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə
bağlı yaxşı məlumatlı olmağınız məni
çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan
hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata -
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına və Qoşulmama Hərəkatına sədrlik
edir. Ötən il bizim çox uğurlu Zirvə
görüşümüz olmuşdur və Azərbaycan 120
ölkənin yekdil qərarı ilə bu təşkilata sədr
seçilmişdir. Buna görə düşündük ki,
bütün dünya üçün bu önəmli vaxtda
liderlik göstərmək və çox mühüm əməkdaşlıq
formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə
görüşü uğurla keçdi. Sizə deyə bilərəm
ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində
fikir mübadiləsi apardıq, eyni zamanda,
qarşılıqlı dəstək göstərdik. Zirvə
görüşündən sonra üzv ölkələrin
müvafiq nazirlərinin iştirakı ilə koronavirusla
mübarizə sahəsində birgə səylərlə
bağlı çox mühüm məsələlərə
həsr olunan bir sıra konfranslar keçirilmişdir.
Həmçinin
bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz
haqqında da sizin yaxşı məlumatınız var.
Düşünürəm ki, biz ilk dəfə beş milyon
dollar ayıran ölkələr arasında birinci ölkələrdən
idik, sonra isə Qoşulmama Hərəkatının sədri
qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan
tərəfindən verilmiş humanitar dəstəklə
artıq 14 ölkəni əhatə etmişik. Bu, həm
maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar
dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə
Təşkilatı vasitəsilə biz yardıma ən
çox ehtiyacı olan 15 ölkəyə dəstək
göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı
ilə razılaşmada bu 15 ölkə müəyyən
olunub. Ona görə də bu müddət ərzində Azərbaycan
demək olar ki, 30 ölkəyə dəstək verib.
Düşünürəm ki, bu, bizim üzərimizə
düşən məsuliyyətdir. Çünki bu çətin
zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.
Əməkdaşlığımızla
bağlı yeni ideyalara gəlincə, biz bunda çox
maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6
il bundan əvvəl bizim maliyyə dəstəyinə
ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez
reaksiya göstərdi. Həqiqətən də bu, mənə
çox xoş təsir bağışladı və mən
bir daha çox vaxtında göstərilmiş dostcasına
yanaşmaya görə minnətdarlığımı ifadə
etmək istəyirəm. Biz bunun əməkdaşlığın
çox yaxşı əlaməti olduğunu nəzərə
aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi
layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən,
biz Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının illik toplantılarını təşkil
edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə
maliyyə öhdəliyini nəzərdən keçirdiyi
vaxtda qeyd etdim ki, "Şahdəniz”dən hasil olunan qaz
Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ
proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni
təmin etdi. Düşünürəm ki, sizin çox
dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində
mühüm rol oynadı.
Sonra
çıxış edən Azərbaycanın Maliyyə
naziri Samir Şərifov dedi: Çox sağ olun, cənab
Prezident, prezident Asakava. Cənab Prezident, söhbətinizin
davamı olaraq bildirmək istərdim ki, hazırda biz Asiya
İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları
strategiyası əsasında işləyirik. Bu strategiya
çərçivəsində Asiya İnkişaf Bankı
qarşıdakı 3-4 il üçün Azərbaycanla
bağlı kredit prioritetlərini müəyyənləşdirməyə
çalışır. Bildirmək istərdim ki, hazırda
onlar, həmçinin Azərbaycanla bağlı çox
mühüm texniki yardım proqramlarında olduqca fəal
iştirak edirlər. Onların bir neçəsi həqiqətən
də çox mühümdür, xüsusilə layihəyə
hazırlıq mexanizmi. Bu da, həmçinin kredit vasitəsilə
tamamlana bilən texniki yardım proqramıdır. Cənab
Prezident, başqa bir mühüm layihə startapların
yaradılması üçün texniki yardım layihəsidir.
Bunlar olduqca mühüm layihələrdir.
Maliyyə
naziri Samir Şərifov Azərbaycanda peşə təlimi
sisteminin gücləndirilməsi məsələsi ilə
bağlı bankla əməkdaşlığa toxunaraq bildirdi
ki, hazırda Asiya İnkişaf Bankının təqdim etdiyi
peşə təhsili təlimi layihəsi ilə əlaqədar
bu qurumla Təhsil Nazirliyi arasında müzakirələr
başlayıb. Nazir qeyd etdi ki, digər layihə əsasən
özəl və maliyyə sektoru ilə bağlıdır.
Bildirdi ki, ənənəvi layihələr arasında suvarma
layihələri var. Asiya İnkişaf Bankı dövlətimizin
başçısının imzaladığı Fərmanla
Azərbaycanda sudan istifadə məsələləri ilə məşğul
olmaq üçün hökumət yanında Operativ Qərargahın
yaradılmasından məlumatlıdır və bu məsələyə
töhfə vermək niyyətindədir. Samir Şərifov
dedi ki, Asiya İnkişaf Bankı bu sahədə
Naxçıvan Muxtar Respublikasında layihəni nəzərdən
keçirməyi təklif edir.
Masatsuqu
Asakava: Azərbaycanın dayanıqlı inkişafına
verdiyimiz töhfənin hansı şəkildə olması
aydın oldu. İcazə verin, bir neçə məqamı
qeyd edim. Asiya İnkişaf Bankı Sizin hökumətinizin
iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə
və inklüziv artımın təşviqinə, eləcə
də koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa
olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə
verdiyi dəstəyi davam etdirəcək. Bu halda, şaxələndirilmiş
iqtisadiyyatın tələbatlarına daha yaxşı cavab
vermək, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı
təşviq etmək üçün infrastrukturun da
inkişafı nəzərdə tutulur. Bütün bunlar Sizin
ölkənizlə apardığımız tərəfdaşlığın
strateji prioritetləridir. Dövlət və özəl
sektorlar arasında tərəfdaşlıq hökumətlə
həyata keçirdiyimiz layihələrin əsas mövzusu
kimi qalmaqdadır. İdarəçilik sahəsində olduqca
fəal mövqedən çıxış etməliyik. Bu sahəyə
xarici borcun ümumi daxili məhsula nisbəti məsələsi
aiddir və bu nisbət gözlənildiyindən daha sürətli
templə azalmaqdadır. Mən mövqeyinizi tam anlayıram ki,
Siz innovativ, tam yeni texnoloji layihələrə sərmayələrin
yatırılmasını dəstəkləyirsiniz. Bundan irəli
gələrək, rəhbərlik etdiyim heyət əlindən
gələni edir ki, bütün həmin layihələrin hiss
olunan nəticələri yüksək texnologiyalar sahəsində
olsun. İstərdik ki, onların hökumətin strateji hesab
etdiyi sahələrə böyük təsiri özünü
göstərsin. Məsələn, su ehtiyatları, idarəçilik,
maliyyə, enerji səmərəliliyi və digər sahələr.
Bir
sözlə, yuxarıda qeyd olunanlardan irəli gələrək
və hökumət orqanları ilə məsləhətləşərək,
mənim əməkdaşlarım bir sıra sənədləri
hazırlayıblar. Birincisi, cənab Prezident, Siz də qeyd etdiyiniz
kimi, suvarma və drenaj sistemlərinin inkişaf etdirilməsi
layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə,
ikincisi, peşə təhsili və ticarətin
liberallaşdırılması da nəzərdə
tutduğumuz proqramın bir hissəsidir. Nəhayət
üçüncüsü katalizator rolunu oynayacaq kiçik və
orta sahibkarlığın maliyyələşdirilməsidir.
Biz, həmçinin elektrik enerjisinin paylanması sahəsində
götürdüyümüz öhdəliklərə sadiq
qalırıq. Bu məqsədlə, elektrik şəbəkəsinin
təkmilləşdirilməsinə sərmayə proqramı nəzərdə
tutulur. Əgər Sizin hökumət müsbət qərar verərsə,
bu proqramlar icra oluna bilər.
Cənab
Prezident, Siz, həmçinin Cənub Qaz Dəhlizi layihəsini
qeyd etdiniz. Mən bu layihənin əsas mərhələlərinin
başa çatması münasibətilə Sizi təbrik edirəm.
Asiya İnkişaf Bankı da bu layihənin cari il ərzində
tam başa çatdırılması məqsədilə
maliyyə dəstəyini davam etdirəcək.
Sonra
bankın Mərkəzi və Qərbi Asiya departamentinin baş
direktoru Verner Lipax çıxış edərək dedi: Təşəkkür
edirəm, cənab Prezident. Burada olmağıma çox
şadam. İcazənizlə xatırladım ki, biz Sizinlə
2018-ci ildə görüşmüşük. Həmin vaxt Siz
bizi kənd təsərrüfatı torpaqlarında
suvarmanın yüksək texnologiyalarını tətbiq etməyə
dəvət etdiniz. Siz Asiya İnkişaf Bankının
Naxçıvan Muxtar Respublikasında aparılan işlərə
verdiyi töhfəsini qeyd etdiniz. Bunun əsasında, biz
Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsini
hazırlamağa başladıq. Bu ilin yanvar ayında suvarma
sistemlərinin texniki əsaslandırılması məqsədilə
1,2 milyon dollar həcmində qrant ayrılmışdır. May
ayında biz bu sənədi Sizin Sərəncamınızla
2020-ci ilin aprel ayında yaradılmış Dövlət Su
Ehtiyatları Komissiyasına rəy almaq üçün təqdim
etmişik. Əslində, bu layihə su kanallarında geomembran
texnologiyasının tətbiqini, kanal istiqamətinin
seçilməsində Coğrafi İnformasiya Sistemindən
istifadəni, nəzarət qurğularını və məlumat
bazasının qurulmasını, o cümlədən SKADA
sistemindən istifadəni nəzərdə tutur. Həmçinin
kənardan idarə edilməsi, peyklə baxış üsulu
ilə suyun məhsuldarlığı və sistemin işləməsi
də sınaqdan keçiriləcək. Bütün bu işlər
torpaqların şoranlaşmasının azaldılmasına və
kənd təsərrüfatında məhsuldarlığın
artırılmasına yönəlib.
Verner
Lipax peşə təhsili sistemində ölkəmizlə əməkdaşlığın
genişləndirilməsi sahəsində görülən tədbirlərdən
danışdı. Qeyd etdi ki, bu ilin fevralında peşə təhsilinin
inkişafı ilə bağlı təklif edilmiş proqram
Dördüncü Sənaye İnqilabına uyğunlaşmaq
baxımından seçilmiş sənaye sahələrinə
və peşə bacarıqlarının
formalaşdırılmasına yönəlir. Bu, həm də
Davosda əldə olunmuş razılıq əsasında Bakıda
Dördüncü Sənaye İnqilabının regional mərkəzinin
yaradılması ideyası ilə üst-üstə
düşür. Daha sonra o, kiçik və orta müəssisələr
üçün maliyyə işlərinin tənzimlənməsi
layihəsi barədə danışdı və bildirdi ki,
kiçik şirkətlərin həvəsləndirilməsi,
onların maliyyəyə çıxışının təkmilləşdirilməsi
üçün hökumət ilkin mərhələ üzrə
maliyyələşdirmə portfelini hazırlaya bilər.
Verner Lipax bu məqsədlə hökumətə pul vəsaitləri
ayırmalarının və həmin kreditlər portfelinin
yerli valyuta ilə, yəni, manatla formalaşdırılmasının
mümkünlüyünü vurğuladı.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm. Burada
qaldırılmış bütün məsələlər
böyük əhəmiyyətə malikdir və mən
onların bəziləri ilə bağlı şərhlərimi
bildirəcəyəm. Peşə təlimi ilə
bağlı məsələlər üzərində
uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim
üçün prioritet məsələlərdən biridir.
Biz artıq bəzi ölkələrlə təmaslar
yaratmışıq və bəzi layihələri icra
etmişik. Biz Azərbaycanda binalar inşa etməklə,
avadanlıq almaqla bütün infrastruktura sərmayə
yatırmışıq və onlar da öz texnologiyalarını
gətiriblər. Buna görə də xüsusilə indi, fəal
sənaye inkişafını yaşadığımız bir
dönəmdə yaxşı mütəxəssislərin
hazırlanması böyük əhəmiyyətə malikdir.
Bu ilin bir göstəricisini sizə deyə bilərəm.
İlk dörd ay ərzində ümumi daxili məsul
artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin
dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16
faizdən çox artım müşahidə olunmuşdur. Bu,
həqiqətən onu göstərir ki, bizim sənayeləşmə,
şaxələnmə və sənaye inkişafına təkan
verən infrastruktura sərmayə üzrə səylərimiz
həqiqətən yaxşı nəticələr verir. Buna
görə də qeyri-enerji sektorunun sürətli
artımı əminəm ki, davam edəcəkdir və bunun
üçün də bizə bu biznesi apara bilən
yaxşı mütəxəssislər lazım olacaqdır.
Odur ki, mən peşə təlimi ilə məşğul
olmağımızı çox dəstəkləyirəm və
həmçinin kiçik və orta müəssisələrə
yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə
özəl sektora dəstəyiniz də çox
faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə
bağlı strategiyamız çox mühafizəkardır və
bu, bizə öz milli valyutamızda borc götürməyə
imkan verəcəkdir.
Suvarma
ilə bağlı məsələlərə gəldikdə,
sizin mənim müraciətimə cavabınız
üçün minnətdaram. Mənə verilən məlumata
görə, Naxçıvandakı suvarma layihəsi indi
artıq razılaşdırılmağa çox
yaxındır. Mənə məlumat verildi ki, kreditin ümumi
məbləği təqribən 100 milyon ABŞ dolları
olacaqdır. Hesab edirəm ki, bu, Naxçıvanda kənd təsərrüfatının
inkişafı üçün çox faydalı
olacaqdır. Biz dövlət investisiya proqramı vasitəsilə
Naxçıvanın irriqasiya sahəsində inkişafına
hər il sərmayə yatırırıq. Lakin əlbəttə
ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis
təcrübəniz çox faydalı olacaqdır. Bundan əlavə,
sizin bütün ölkə ərazisində suvarma ilə
bağlı planlarımızı nəzərdən
keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti
qiymətləndiririk və çox böyük su itkiləri
ilə üzləşdiyimizi görürük. Bəzi
hallarda köhnəlmiş infrastruktura və səmərəli
olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50
faizini itiririk. Buna görə də müxtəlif nazirlərin
təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik
etdiyi, digər nümayəndələrin iştirak edəcəyi
xüsusi hökumət komissiyası
yaradılmışdır. Onlar bizim bütöv su
potensialımızı qiymətləndirəcək və
prioritetləri, hansı işləri görməli və
hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən
edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən
keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki,
bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin
ilk nəticələri bizdə olacaq. Biz suvarmanın
inkişafı üzrə dövlət proqramının qəbul
edilməsi və suvarmanın daha da səmərəli
olması ilə nəticələnəcək addımları
müəyyən etməyə başlaya bilərik. Buna
görə də texniki dəstək və maliyyə dəstəyi
baxımından biz bu məsələ üzərində
sizinlə çalışmağa məmnun olarıq.
Bu
gün toxunmaq istədiyim digər bir məsələ, - siz
artıq onu qeyd etdiniz, - enerji səmərəliliyi məsələsidir.
Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda
bu işləri aparırıq. Bu il və ötən il
yatırılmış müəyyən investisiyalara görə
Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud
elektrik enerjisi stansiyalarının məhsuldarlığını
artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük
və Qafqazda ən böyük olan Mingəçevir elektrik
stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin
ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən
sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa
olunan enerji mənbələri üzərində fəal şəkildə
işləyirik və bu sahədə fəaliyyət göstərən
iki böyük şirkətlə bu ilin yanvar ayında
artıq iki ilkin müqavilə imzalanmışdır.
Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır.
İnvestisiya tamamilə xaricdən gələcəkdir və
Günəş və küləklə işləyən iki
elektrik stansiyası olacaqdır. Buna görə də kifayət
qədər Günəş və külək mənbəyinə
malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu
inkişaf etdirmək üçün bizim planlarımız
var. Ona görə də sizdən bu variantı da nəzərdən
keçirməyi xahiş edərdim.
Həmçinin
sizin də düzgün qeyd etdiyiniz kimi, Davos Dünya
İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə
qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və
mən Davosda Azərbaycanda region üzrə
Dördüncü Sənaye İnqilabının regional
habının yaradılması üzrə sənədi imzaladıq.
Hesab edirəm ki, bu, bizim sənaye inkişafında
gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin
bir nümunəsidir. Biz nəinki təkcə Azərbaycan
üçün, eyni zamanda, region üçün çox
güclü platformanın necə inkişaf etdirilməsi ilə
bağlı sizinlə işləməyə hazırıq ki,
çox imkanlar yaratmaq məqsədilə mövcud
infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın
coğrafi mövqeyindən istifadə etmək mümkün
olsun.
Toxunmaq
istədiyim digər bir məsələ budur ki, biz dəmir
yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik.
Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir
yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan
artıq bu dəhlizə böyük həcmdə sərmayə
yatırmışdır. Onun çox böyük
potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan
ərazisindən qərb və cənub istiqamətində
yükləri qəbul edirik. Lakin İranla sərhəddən
başlayaraq Rusiya ilə sərhədə qədər dəmir
yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də
biz qatarların sürətini artırmaq üçün indi
artıq bəzi vəsaiti sərmayə olaraq
yatırmışıq və biz bunu etməyi
planlaşdırırıq. Çünki belə ola bilər
ki, bütün yüklərin öhdəsindən gəlmək
üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə
bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə
tıxaclar var. Çünki Azərbaycandan, həm də
İrandan artan ixrac malların artıq yük
maşınları ilə gətirilməsini
mümkünsüz edir. Buna görə də bizə
Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir
yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də
nəzərdən keçirməyi xahiş etmək istərdim.
Gələcək kommunikasiya prosesində ola bilsin sizə
hansı işlərin görüldüyü və bizim
planlarımız ilə bağlı daha ətraflı məlumat
veriləcəkdir.
Masatsuqu
Asakava: Çox sağ olun, cənab Prezident. Çox şadam
ki, biz Asiya İnkişaf Bankının suvarma, peşə təhsili,
kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi
layihələri vasitəsilə Azərbaycanın
dayanıqlı inkişafına hansı şəkildə
töhfə verəcəyi ilə bağlı eyni fikirdəyik.
Cənab Prezident, Siz, həmçinin bərpa olunan enerjini qeyd
etdiniz. Bu sahəyə də biz böyük töhfə vermək
istərdik. Eyni zamanda, Siz dəmir yolu sisteminin bərpasını
qeyd etdiniz. Asiya İnkişaf Bankının ciddi şəkildə
hansı töhfə verə biləcəyi üzərində
düşünəcəyik və qısa zamanda Sizə cavab
verəcəyik.
Verner
Lipax: Bir sözlə, əvvəlki təcrübəmizə əsaslanaraq,
yeni işləri icra edə bilərik. Fikrimcə, həmkarlarımız
Sizinlə bu gündəliyin icrası üçün işləməkdən
çox məmnun olardı. Sağ olun.
Prezident
İlham Əliyev: Çox yaxşı.
Masatsuqu
Asakava: Biz Azərbaycandakı vəziyyətlə bağlı
çox faydalı müzakirə üçün olduqca minnətdarıq.
Biz qadağalar aradan götürülən kimi mümkün qədər
qısa müddətdə və Sizin vaxtınız olarsa, Azərbaycana
səfər etməyi arzulayırıq.
Prezident
İlham Əliyev: Çox sağ olun, cənab prezident. Bu
mühüm məsələlərlə bağlı sizinlə
müzakirə aparmaq imkanına görə təşəkkür
edirəm. Cənab prezident və iştirakçılar, əminəm
ki, pandemiya bitən kimi bizə sizi Azərbaycanda qəbul etmək
şərəfi nəsib olacaq. Mən sizi dəvət edirəm,
bu məsələləri həll etməyə də sizi dəvət
edirəm. Komandalarımız bu gün müzakirə etdiyimiz
məsələlər üzərində
çalışmağa davam edəcəklər. Çox
sağ olun.
Masatsuqu
Asakava: Sağ olun.
Azərbaycan.-2020.- 2 iyun.- S.1-2.