Azərbaycanla
birlikdə “AZƏRBAYCAN” bunu da yaşadı
Qəzetlər
də insanlar, bir az da geniş anlamda götürsək, xalqlar
kimidir. Aralarında bəxtlisi və bəxtsizi də var,
şanslısı və şanssızı da. Hədsiz
imkanlara malik müasir İKT (informasiya kommunikasiya
texnologiyaları) dövründə kütləvi informasiya
vasitələrinin (KİV) "ağsaqqal”ı sayılan qəzetlərin
nəinki duruş gətirə, hətta bütün sivil
ölkələrdə yerini və sanbalını qoruya bilməsi
bu klassik "bir parça kağız”ın hələ
faydasının tükənməməsindən, yəni bəxt
və şansından xəbər verir. Yox, əgər bir qəzet
ən müxtəlif səbəblərdən, məsələn,
vaxtı ötmüş, dövrün tələbləri ilə
ayaqlaşa bilməyən KİV kimi münasibətdən
haradasa bağlanırsa, yaxud çox az tirajla
çıxırsa, deməli, onun bəxti bağlanıb,
şansı tükənib.
Bugünümüzdə
qəzetin "kollektiv təbliğatçı, təşviqatçı
və təşkilatçı” funksiyalarının
icraatçısından daha çox sözün yaxşı
və birbaşa mənasında xəbərçilik etməli
olduğunu danmırıq. Xəbər tapıb yaymaqsa,
bildiyimiz kimi, müasir dövrümüzdə bütün digər
məqsədləri ilə yanaşı, eyni zamanda gəlir və
biznes sahəsidir (Bu haşiyəyə ona görə
çıxdıq ki, qəzetlərin bağlanması və
ya az tirajla çıxması üzündən bəxtsizliyinin
həm də biznes tərəfi olduğunu biz də bilirik.
Amma bütün hallarda KİV-in, o sırada qəzetlərin
ilkin vəzifəsinin bu və ya digər tərəfə
ideoloji dəstək verməkdən çox pul qazanmaq
olduğu hələ indiyəcən sübut edilməyib.
İdeologiya isə siyasi, yəni hakimiyyət məsələsidir).
Amma
hazırda oxuduğunuz "Azərbaycan” qəzetinin ötən
əsrin 90-cı illərinin əvvəlinəcən
yaşadığı bəxtsizlik tamam fərqlidir.
Hamımızın qürur və öyünc mənbəyi
sayılan, iki il əvvəl böyük coşqu ilə
yaradılmasının bir əsrlik yubileyi qeyd edilən Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) rəsmi mətbu orqanı
olmuş bu qəzetin bəxti təmsil etdiyi dövlətin
taleyi ilə üst-üstə düşür.
Gəncənin
Bulatov küçəsindəki evdə müvəqqəti
yerləşən redaksiya 1918-ci il sentyabrın 15-də həmin
şəhərdəki Yelizavetpol quberniyasının mətbəəsində
"Azərbaycan” adlı qəzetin ilk sayını
buraxdı. Azərbaycan və rus dillərində, A-3
formatında, dörd səhifə həcmində
çıxan qəzet "Türk və
islamçılığa aid məqalələrə "Azərbaycan”ın
səhifələri açıqdır”
çağırışı ilə
çıxmışdır. Özünü rəsmən
dövlət qəzeti elan etmədən, amma AXC hökuməti
başçısının təşəbbüsü və
dəstəyi ilə nəşrə başlayan, dövlət
tərəfindən maliyyələşən "Azərbaycan”
o dövr həmin vəzifəni uğurla yerinə
yetirmişdir.
Çünki
məsuliyyəti böyük idi. Bu barədə
redaksiyamızın hazırlayıb nəşr etdirdiyi
"100 yaşlı "Azərbaycan” adlı kitabında
yazılır: "Azərbaycan” bir millətin qürurverici
tarixinə sadəcə yol yoldaşı olmayacaqdı. O, Azərbaycan
Xalq Cümhuriyyətinin ən mötəbər
tribunalarından birinə çevriləcəkdi. Səhifələrindən
cümhuriyyət hökuməti öz vətəndaşlarına
müraciətlərini ünvanlayacaq, dostlarına,
düşmənlərinə mövqeyini nümayiş etdirəcəkdi.
Belə müqəddəs vəzifəni daşımaq
üçün yaradılan qəzetin ən münasib, ən
doğru adı elə "Azərbaycan” idi”.
Bəlkə
də buna, yaxud taleyin bəxt oyununa görə o dövrkü
"Azərbaycan”ın ömrü məqsəd, məram və
ideyalarını təbliğ etdiyi AXC-nin ömrü qədər
oldu. Ana dilində 443, rus dilində 438 nömrəsi
işıq üzü görmüş "Azərbaycan”ın
sonuncu nömrəsi cümhuriyyət hökuməti ilə
köçdüyü Bakıda 1920-ci il aprelin 27-28-də
çıxmışdır. "Azərbaycan Xalq Cümhuriyyətinin
ikinci ildönümünə az qalırdı. Cəmi bir il
qabaqkı kimi millətsevərlərin ölkəsi də, qəlbləri
də bayram şadyanalığı ilə coşub çağlamayacaqdı.
Milli Şura günahsız insanların qətllərinə
yol verməmək üçün od-alovla, qan-qadayla gələn
XI qırmızı orduya hakimiyyətin könüllü təhvil
verilməsi barədə qərar qəbul etmişdi... Azərbaycanın
dövlət müstəqilliyi ilə birlikdə "Azərbaycan”
qəzetinin fəaliyyətinə də son qoyuldu” ("100
yaşlı "Azərbaycan” kitabından).
"Azərbaycan”ın
o dövrkü redaktorlarının da taleləri cümhuriyyətin
özündən az fərqlənmişdir. Qəzetin ilk
redaktorlarından olmuş Ceyhun bəy Hacıbəyli AXC
süqut edərkən Azərbaycan nümayəndə heyətinin
üzvü kimi Parisdə keçirilən Versal Sülh
Konfransında iştirak edirdi. Bolşeviklərin onu
bağışlamayacaqlarını bilən Ceyhun bəy vətənə
qayıtmır və ömrünün sonunacan qürbətdə
yaşayır, özü də çətin durumda. Üzeyir
bəyin Azərbaycandan göndərdiyi vəsait olmasaydı,
necə yaşayacağı müşkül idi. Ceyhun bəydən
sonra bir müddət "Azərbaycan”a rəhbərlik
etmiş Üzeyir bəy Hacıbəylini isə kommunistlərin
cəzasından onun musiqi dühası xilas etmişdir. Əvəzində
qəzetin rus variantının redaktoru olmuş Şəfi bəy
Rüstəmbəyli Azərbaycanın bolşeviklər tərəfindən
işğalından sonra əvvəl Tiflisə, sonra Türkiyəyə
köçməyə məcbur olmuş və elə orada
torpağa tapşırılmışdır. Qəzetin 49
nömrəsinə redaktorluq etmiş Xəlil İbrahimin də
həyatı faciəli sonluqla bitmişdir. O, 1938-ci ildə
"xalq düşməni” kimi güllələnmişdir,
baxmayaraq ki, bütün dövrlərdə bütün
xalqların onun kimi aydın şəxslərə ehtiyacı
olur. Ümumiyyətlə, "Azərbaycan”ın
adlarını çəkdiyimiz redaktorlarının və
çəkmədiyimiz əməkdaşlarının hər
biri hələ bundan sonra neçə illər təkcə
milli mətbuatımızın yox, bütünlükdə Azərbaycan
tarixində nümunə götürüləsi şəxsiyyətlər
və ziyalılar kimi xatırlanacaqlar.
Və
xatırlandıqca da ideyaları, əməlləri
yaşayacaq, necə ki, bugünkü rəsmi dövlət qəzeti,
Milli Məclisin orqanı olan "Azərbaycan” qəzetinin
timsalında bunun təsdiqini görürük. Bəli, 1992-ci
ildə "Azərbaycan”ın ilk bəxtsiz dövrü 72 ildən
sonra artıq 28 ildir müntəzəm nəşr edilən,
dövlətin və dövlətçiliyin ideoloji cəbhəsində
öndə olan şərəfli, müasir dönəmlə əvəzlənmişdir.
Özlüyündə
bu mərhələ də qəzetimiz üçün asan
olmamışdır. Təkcə "Azərbaycan” öz sələflilik
hüququnu bərpa edib rəsmi dövlət qəzeti statusunu
alandan sonra gənc müstəqil ölkəmizdə baş
verən ictimai-siyasi hadisələri, sosial-iqtisadi
böhranları, mənəvi-psixoloji aşınmaları və
nəhayət, vətəndaş müharibəsi
reallığını, eləcə də dövlət
çevrilişlərinə cəhdləri xatırlamaq kifayətdir
ki, həmin dövrün mürəkkəb mənzərəsi
bir daha gözümüz önündə canlansın.
Canlansın ki, hətta belə bir çətin dövrdə
də "Azərbaycan”ın sələfi kimi dövlətçilik
prinsipinə sadiq qaldığı və güclü ideoloji
vasitə kimi hər zaman dövlətin yanında olduğu bir
daha təsdiqlənsin.
Heydər
Əliyev 1994-cü il dekabrın 6-da "Azərbaycan” qəzetinin
1000-ci nömrəsinin çapdan çıxması
münasibətilə redaksiyanın kollektivinə ünvanladığı
təbrik məktubunda yazırdı: "Xalqımız əsrin
əvvəllərində itirdiyi müstəqilliyini bərpa
etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə
başladı və müstəqil Azərbaycan
Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai
həyatda layiqli yerini tutdu. Müstəqilliyimizə
düşmən kəsilmiş daxili və xarici qüvvələr
öz çirkin məqsədlərinə çatmaq
üçün bu gün də azğın niyyətlərindən
əl çəkmirlər. Məlum oktyabr hadisələri
onların mürtəce təbiətini bir daha
aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə
ayağa qalxaraq öz qanuni Prezidentini, müstəqil dövlətçiliyini
müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici
məqamda "Azərbaycan” qəzeti öz
sayıqlığını bir an belə itirmədi”.
Yəqin
ki, müstəqilliyimizin bərpasının ilk illərində
ölkəmizdə mövcud olmuş mürəkkəb vəziyyətdə
qəzetimizin fəaliyyətinə və tutduğu mövqeyə
bundan yüksək qiymət vermək mümkün deyil!
Ümumiyyətlə, "Azərbaycan” ölkədə yeganə
qəzetdir ki, onun fəaliyyətinə üç dəfə
Prezident səviyyəsində məxsusi məktub vasitəsilə
qiymət verilmişdir. Bu, böyük etimaddır və o,
bizi təkcə şərəfləndirmir, həm də
üzərimizə daha məsul vəzifələr qoyur.
Həmin
vəzifələrin necə icra olunması isə indi
yaşadığımız pandemiya dövründə daha
qabarıq üzə çıxır. Bəli, artıq
beşinci aydır bütün dünyanı çənginə
almış koronavirus ölkəmizin də normal həyat
ritmini pozdu. Martın 24-dən tətbiqinə
başlanmış sərt karantin tədbirləri əhalinin
həm yaşam tərzinə, həm də iş-gücünə
təsirsiz ötüşmədi. Tədbirlər mərhələ
ilə yumşaldılanadək ölkə sakinlərinə tələb
olmadıqda evdən çıxmamaq əvvəl tövsiyə,
sonra qadağan edildi, bir sıra vacib müəssisə və
təşkilatlardan savayı qalan bütün təsərrüfat
subyektlərinin fəaliyyəti müvəqqəti
dayandırıldı.
Amma
belə bir vaxtda da qəzetimizin nəşri davam etdi.
Çünki pandemiya ilə bağlı dövlətin
gördüyü tədbirləri, ölkədəki vəziyyəti
xalqa çatdırmaq, əhalini virusdan qorumaq
üçün maarifləndirmək lazım idi. Eyni zamanda
redaksiyanın əməkdaşlarının
sağlamlıqlarını da riskə atmaq olmazdı. O
üzdən biz internetin imkanlarından istifadə etməklə
evdən işləməyə qərar verdik və maksimum
çalışdıq ki, oxucularımız bunu hiss etməsinlər.
Bunun
üçün baş redaktorun rəhbərliyi ilə
redaksiyamızda xüsusi iş rejimi quruldu. Adətən hər
gün səhər saatlarında baş redaktorun yanında
aparılan planlaşdırma indi baş redaktorun birinci müavini,
məsul katib və şöbə redaktorlarının
iştirakı ilə telefonla həyata keçirilirdi. Baş
redaktor tərəfindən verilmiş tapşırıqlara
uyğun olaraq müxbirlərin hazırladığı
yazılar elektron poçt vasitəsilə şöbə
redaktorlarına ötürülürdü. Şöbə
redaktorları lazımi redaktələrdən sonra
materialları yenə də elektron poçt vasitəsilə
korrektorlara, onlar isə öz vəzifələrini icra edərək
redaksiyada iş başında olan katibliyə göndərirdi.
Bundan sonra materiallar katiblikdə səhifələnərək
PDF formatında baş redaktora təqdim olunurdu. Baş
redaktorun müəyyən tövsiyə və
tapşırıqları əsasında edilən düzəlişlərdən
sonra qəzet çapa göndərilirdi.
Həmin
dövr redaksiya regionlarla da əlaqəsini üzmədi.
Bölgə müxbirlərimiz imkanlarında olan vasitələrlə
ölkənin əksər rayon və şəhərləri ilə
əlaqələr quraraq redaksiyanı lazımi materiallarla təmin
edirdilər.
Etiraf
edək ki, ölkədə sərt karantin tədbirlərinin
hökm sürməsinə, o cümlədən
çoxsaylı müəssisə və təşkilatların
işləməməsinə, təhsil ocaqlarının, ticarət
və xidmət obyektlərinin bağlanmasına baxmayaraq, qəzetimiz
mövzu sarıdan korluq çəkməmişdir. Bununsa əsas
səbəbi pandemiya dövründə Prezident İlham
Əliyevin daha intensiv fəaliyyət göstərməsi və
həmin səbəbdən əməkdaşlarımızın
üzərinə çoxsaylı vəzifələrin
düşməsi idi. Dövlət
başçısının keçirdiyi beynəlxalq səviyyəli
videokonfransları, davam etdirdiyi struktur və kadr
islahatlarını, karantin tədbirlərindən ziyan çəkən
əhalinin, xüsusən özəl sektorda
çalışanların sosial müdafiəsinin gücləndirilməsi
üçün atdığı addımları,
imzaladığı sərəncamları, müxtəlif təyinatlı
mühüm obyektlərin açılışında
iştirakını və bu zaman
çıxışlarında verdiyi bəyanatları şərh
və təbliğ etmək həmin günlər qəzetimizin
ən çox diqqət yetirdiyi mövzular olmuşdur. Bununla
yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın
qəbul etdiyi qərarlar çərçivəsində əhalinin
maarifləndirilməsi də unudulmurdı.
İndi
budur, Operativ Qərargahın növbəti yumşaldılma tədbirlərindən
sonra biz işimizə - əvvəlki kimi redaksiyamızın
ofisinə qayıtmışıq, baxmayaraq ki, ölkəmizdə,
bütün dünyada olduğu kimi, karantin tədbirləri
davam edir. Bu səbəbdən əməkdaşlarımızın
sağlamlıqlarının qorunmasının təmin
olunması üçün redaksiyada bütün tədbirlər
tələb edilən səviyyədə həyata
keçirilir.
Doğrusu,
yatsaq yuxumuza da girməzdi ki, vaxt gələcək, biz qəzeti
məcburiyyət üzündən işə - redaksiyaya gəlmədən
çıxaracağıq. Amma, necə deyərlər,
ağlımıza gəlməyən başımıza gəldi
və "Azərbaycan” bunu da yaşadı. Həm də təkcə
yaşamadı, pandemiyanın sərt sınağından
üzüağ çıxdı.
Bununla
belə, kim nə deyir desin, müasir İKT nəyə imkan
verir versin, jurnalist evin yox, redaksiyanın divarları
arasında, məişət qayğılarının deyil,
hadisələrin içində, doğmalarından daha
çox əhalinin yanında olmalıdır. Əks halda
KİV, o cümlədən qəzet o deyil, dünyanın ən
qabaqcıl İKT-sindən istifadə edilsə belə. Odur
ki, koronavirusun tezliklə ölkəmizdən çəkilib
gedəcəyi, qalan karantin tədbirlərinin də ləğv
olunacağı, tam normal həyata dönəcəyimiz
günü səbirsizliklə gözləyirik.
Bəli,
"Azərbaycan” belə bir çətin dövrü
yaşadı və bu tarixi də öz səhifələrində
tarixə həkk etdi!
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 2 iyun.- S.8.