Mütərəqqi
dövlət siyasəti gənclərə geniş imkanlar
yaradıb
Hər
bir ölkədə və cəmiyyətdə gənclik
böyük qüvvə sayılır. Çünki
bugünkü gənclik sabahın inkişafı, dövlətin
və dövlətçiliyin qüdrətlənməsi, milli
genefondun qorunması deməkdir. Ona görə də təsadüfi
deyil ki, hər bir ölkənin inkişafı və qüdrətlənməsi
bir çox amillərlə yanaşı, gənclərin
inkişaf səviyyəsi ilə də bağlıdır.
Ulu
Öndər Heydər Əliyev gənclərin cəmiyyət
həyatındakı rolunu düzgün qiymətləndirirdi.
Təsadüfi deyil ki, Heydər Əliyev 1993-cü ildə
respublikamıza yenidən rəhbərliyə başlayandan
sonra atdığı ilk addımlardan biri gənclərlə
bağlı yeni dövlət siyasətinin həyata
keçirilməsi, bu sahədə əvvəlki hakimiyyətlərin
dövründə buraxılmış kobud səhvlərin
acı nəticələrinin aradan qaldırılması oldu.
Heydər Əliyevin təməlini qoyduğu yeni gənclər
siyasətində gənclərin qarşısında duran vəzifələr
müəyyənləşdirildi, gənc nəslin hərtərəfli
inkişafı, problemlərinin həlli sahəsində hərtərəfli
tədbirlərin görülməsi əlaqədar təşkilatların
qarşısında vəzifə kimi qoyuldu.
1996-cı
ildən başlayaraq Azərbaycan gənclərinin forumları
keçirilməyə başladı. I Forumda iştirak edən
Ulu Öndər Heydər Əliyev gənclər
qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir
Azərbaycan gənci hər şeydən çox, hər
şeydən artıq müstəqil Azərbaycanın bu
günü, gələcəyi haqqında düşünməlidir”.
Heydər Əliyevin bu sözləri hər bir gəncin həyat
kredosu oldu. Eyni zamanda geniş meydan verilməsi nəticəsində
gənc nəslin təmsilçiləri dövlət
quruculuğunda, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında fəal iştirak etməyə
başladılar.
Ümummilli
Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
gənclər siyasəti bu gün onun layiqli
davamçısı olan Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Fərəhli haldır ki, bu siyasət
17 ildə müasir dövrün çağırış və
tələblərinə uyğun olaraq keyfiyyətcə yeni mərhələyə
qaldırılıb. Gənclərin adı ilə
bağlı dövlət qurumu - Gənclər və İdman
Nazirliyi, Gənclər Fondu, 200-ə yaxın gənclər təşkilatı,
o cümlədən son illərdə yaradılan gənclər
evləri, gənclərlə bağlı ardıcıl qəbul
edilən dövlət proqramları Azərbaycanda gənc nəslə
olan yüksək qayğını özündə əks
etdirir.
Azərbaycan
iqtisadi yüksəlişinə görə dünyada
aparıcı ölkələrdən biridir. Bu nailiyyət gənclərlə
bağlı məsələlərin qısa müddət ərzində
həyata keçirilməsinə təkan verdi. Bu baxımdan gənclər
proqramlarına əsasən daim yeni proqram və layihələr
həyata keçirildi. Gənclər evlərinin
yaradılması da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”na əsasən həyata keçirilən
layihələrdəndir. Həmin layihə bu gün də
uğurla davam etdirilir. Artıq 40-dan çox Gənclər evi
sosial xidmət müəssisələri şəbəkəsi
kimi səmərəli fəaliyyət göstərir. Gənclər
evlərinin yaradılmasında əsas hədəf kimi ilk
növbədə gənclər arasında
sağlamlığın, təhsilin, ailə və ictimai
münasibətlərin təbliğ olunması, onların məşğulluğunun
təmin edilməsidir. Həmçinin gənc kadrların
hazırlanması prosesi diqqət mərkəzində
saxlanılır. Belə ki, gənclər burada təşkil
olunan peşəyönümlü dərnəklərdə,
kurslarda həvəslə iştirak edirlər. Əlillərə
də xüsusi diqqət yetirilir. Onların əl işlərindən
ibarət sərgilər təşkil edilir. Xüsusilə
ölkəmizin tarixi, əlamətdar günləri ilə
bağlı tədbirlər keçirilir.
Biz gənclər
unutmamalıyıq ki, sabahın təməli bu gün qoyulur.
Əldə olunan uğurlarımızla özümüzü,
ətrafımızdakıları daha yaxından
tanıyırıq. Bakı Gənclər Mərkəzinin
kollektivi də üzərinə düşən vəzifələrin
məsuliyyətini, aktuallığını dərk edir. Mərkəzin
binasında 300 nəfərlik konfrans zalı, elektron kitabxana, gənclər
kafesi, kinozal, dərnək otaqları yerləşir. Kreativ gənclərdən
ibarət kollektivimizdə böyük ruh yüksəkliyi var. Onlar
mərkəzdə əsl yaradıcılıq mühitini
yarada bilmişlər. Qarşıda maraqlı layihələrimiz
var və onların həyata keçirilməsi
üçün səylərimizi daha da gücləndiririk.
2020-ci
il ölkəmizdə "Könüllülər ili” elan
olunub. Gənclərin bir çox sahələrdə ilk dəfə
könüllü kimi fəaliyyəti onların gələcəkdə
işlə təmin edilməsinə təkandır. Prezident
İlham Əliyev bu barədə bildirib: "Bu, insanlara və
dövlətə ürəkdən gələn, təmənnasız
kömək etmək hərəkatıdır. Mən bunu belə
qəbul edirəm və şadam ki, artıq Azərbaycanda
könüllülər institutu formalaşıb”.
Gənclər
evlərində də könüllülər klubu
yaradılıb. Hər bir gənc bura müraciət etməklə
könüllü surətdə tədbirlərin təşkilində
iştirak edir, təcrübə qazanır. Ümumiyyətlə
isə Gənclər evinin yeni, müasir düşüncəli,
milli-mədəni dəyərlərimizi, tariximizi, məişətimizi
dərindən bilən, ictimai həyatımızda fəal həyat
mövqeyi ilə seçilən gənclərə
böyük ehtiyacı var.
Ötən
il Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısında iştirak edən
Prezident İlham Əliyev çıxışı zamanı
ölkəmizin hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu olduğunu, gənclərin müxtəlif
sahələrdə uğurla fəaliyyət göstərdiklərini,
ölkəmizin ümumi inkişafına böyük töhfə
verdiklərini qeyd edərək deyib: "Gənclər
üçün əsas istiqamət, əlbəttə ki, təhsildir.
Mən bütün gənclərə üz tutub deyirəm ki,
təhsilə çox böyük fikir versinlər.
Çünki bugünkü dünyada bilik, savad ön
plandadır. Bu gün dünya o qədər sürətlə
inkişaf edir, texnologiyalar o qədər sürətlə
qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini
tapmaq çox çətindir. Gənclər peşəkar
olmalıdırlar. İstənilən sahədə işləyən
gənclər çalışmalıdırlar ki, öz
peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz
milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə
almalıdırlar”.
Gənclik
sağlam təməl üzərində yaranıb inkişaf
edirsə, dövlət və gənclər siyasəti
sarsılmaz bir qüvvəyə çevrilir. Prezident İlham
Əliyevin bu sözləri gənc nəslə inkişaf etmələri,
cəmiyyət həyatında daha fəal olmaları ilə
bağlı edilən müdrik tövsiyədir.
Azərbaycanda
həyata keçirilən mütərəqqi gənclər
siyasəti gənc nəslin inkişafı və bilik və
bacarıqlarını realizə etmələri
üçün geniş qapılar açıb. Dövlətimiz
gənclərin məhz sağlam dəyərlər və təməllər
üzərində yetişməsində maraqlıdır. Mənəvi,
fiziki gücə malik olan gənclərimiz də bu imkanlardan səmərəli
yararlanmalı və zamanın nəbzini tutmağı
bacarmalıdırlar. Ömrün yeganə baharı olan gənclik
illərini hər kəs gözəl və mənalı
yaşamalıdır. Gənclik həm də
sağlamlıqdır, gözəllikdir, sonsuz ümiddir.
Əminik ki, gənclərimiz dövlətin onlara göstərdiyi
etimadı və üzərlərinə düşən
öhdəlikləri bundan sonra da şərəflə
doğruldacaqlar.
Nərgiz BABAYEVA,
Bakı Gənclər Mərkəzinin
direktoru
Azərbaycan.-2020.- 2 iyun.- S.8.