Ölkəmizin
uğurlu inkişafında öz fəallıqları ilə
seçilənlər
İlham
ƏLİYEV: "...Şadam ki, bu gün bizim gənclərimiz
ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq,
yenilik, müasirlik baxımından”
Əhalinin
rifah halının yüksəldilməsi, sosial məsələlərin
həlli, həssas qrupların hərtərəfli dövlət
qayğısı ilə əhatə olunması istiqamətində
ölkədə görülən bir sıra işlər Azərbaycan
Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.
Ona görə də həyata keçirilən tədbirlər
etibarlı sosial müdafiə sisteminin formalaşmasına
imkan yaradıb. Eyni zamanda, son illər icra olunan sosial islahatlar
proqramının əsas hədəfi də dövlət
sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan
modern, çevik və optimal mexanizmlər üzərində
qurulmasıdır . Bu da birbaşa sosial ədalət, şəffaflıq,
ünvanlılıq, bərabərlik kimi mühüm prinsiplərin
təmin edilməsidir.
Azərbaycan
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva mayın 19-da Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
Bakının Nizami rayonunda 3 saylı DOST mərkəzinin
açılışında iştirak edərkən bildirildi
ki, burada paytaxtın Nizami, Suraxanı və Sabunçu
rayonlarının sakinlərinə pensiya, sosial sığorta,
sosial müavinət, övladlığa götürmə, əlillik,
əmək və məşğulluq, bank, notariat, həmçinin
Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək,
eyni zamanda 130 nəfərdən çox işçi və
"Könüllü DOST” proqramı üzrə 50
könüllü çalışacaq. Mərkəz gün ərzində
500, il ərzində isə ümumilikdə 150 mindən
artıq vətəndaş qəbul edə biləcək.
Məlumat
üçün qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST
mərkəzinin istifadəyə verilməsi nəzərdə
tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda
açılacaq. Ümumiyyətlə isə "DOST” mərkəzlərində
"bir pəncərə” prinsipi ilə 2,8 milyon nəfərə
132 adda xidmət göstərilməsi nəzərdə
tutulub. Ötən il istifadəyə verilən 1 və 2
saylı Bakı DOST mərkəzlərində 100 mindən
çox şəxsə xidmət göstərilib.
Bütün bu xidmətlərdən razı qalan ölkə vətəndaşlarının
məmnunluq səviyyəsi isə 96 faiz olub.
"Könüllü DOST” proqramı üzrə artıq
300-dən çox könüllü, o cümlədən 22
yaşlı insan bu mərkəzlərə işə cəlb
edilib.
DOST
Mərkəzi əməkdaşlarının əksəriyyətinin
gənclərdən ibarət olması heç də təsadüfi
deyil. Azərbaycan Prezidenti mərkəzlə
tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi
müsahibəsində bu məsələyə bir daha
xüsusi diqqət ayıraraq bildirdi ki, gənclərin rolu həmişə
çox yüksək qiymətləndirilib: "...Bu gün də
Azərbaycan gəncləri ölkəmizin uğurlu
inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm
ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir
və bu gün gənclərə geniş imkanlar
yaradılır. Gənclər önəmli vəzifələrə
təyin olunur: nazir, icra başçısı vəzifələrinə...”
Azərbaycan
Prezidentinin qeyd etdiyi kimi, gənclər hazırda bir sıra məsul
işlərə irəli çəkilir, onlara etimad göstərilir.
Ən əsası odur ki, onlar tapşırılan işlərin
icrasında xüsusi fəallıq göstərirlər.
Artıq beynəlxalq birlik də görür ki, Azərbaycanda
dövlət gənclər siyasəti mühüm məsələyə
çevrilib. Bu gün bütün sahələrdə
çalışanların əksəriyyətini gənclər
təşkil edir: "Şadam ki, bu gün bizim gənclərimiz
ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq,
yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm
ki, gənclər xoşagəlməz hallara qarşı da
mübarizədə bizə böyük dəstək olurlar.
Bütövlükdə gələcəkdə Azərbaycanı
idarə edəcək insanlar bugünkü gənclərdir.
Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi
bizim müstəqilliyimizi daim gücləndirəcək və
ölkəmizin uzun illər, onilliklər bundan sonra
dayanıqlı inkişafını təmin edəcək”.
Azərbaycan
Prezidenti dünyanı cənginə almış, pandemiyaya
çevrilərək, ölkələri iflic halına salan,
insanların sağlamlığına qənim kəsilən,
iqtisadiyyatına ağır zərbə vuran koronavirusla
bağlı görülən tədbirlərə və əldə
edilən son nəticələrə diqqət ayırarkən
gənclərin bu sahədə də fəallıqlarını
vurğuladı: "İşlər əvvəldən Azərbaycanda
çox düzgün istiqamətdə aparıldı və
bunu həm Azərbaycan xalqı görür və təqdir
edir, həm də beynəlxalq təşkilatlar. Bu günə
qədər mən vətəndaşlardan gündə
yüzlərlə məktub alıram...Təsadüfi deyil ki,
Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə
gördüyümüz işləri yüksək qiymətləndirir
və Azərbaycanı nümunəvi ölkə
adlandırır. Bu, bizim gördüyümüz işlərə
verilən böyük qiymətdir”.
Səhiyyə
sisteminin qısa müddətdə yenidən
qurulmasını, xüsusilə İcbari Tibbi Sığorta
Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək
qiymətləndirən dövlət başçısı
onu da vurğuladı ki, bu sahədə xidmət göstərənlərin
əksəriyyəti gənclərdir. Doğrudan da belə
çətin bir şəraitdə heç bir ölkənin
səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin
şəraitdə bütün təşkilati işləri
görmək doğrudan da böyük nailiyyətdir. Bu nailiyyətlərdə
gənc mütəxəssislərin, o cümlədən
peşəkarlıqları və vətənpərvərlikləri
ilə seçilən gənclər oldular. Azərbaycan
Prezidenti İlham Əliyev məhz bu kimi amilləri nəzərə
alaraq dedi: "Mən gənclərin rolunu həmişə
çox yüksək qiymətləndirmişəm. Bu gün
də Azərbaycan gəncləri ölkəmizin uğurlu
inkişafında öz fəal rolunu oynayırlar...
Bütövlükdə gələcəkdə Azərbaycanı
idarə edəcək insanlar bugünkü gənclərdir.
Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi
bizim müstəqilliyimizi daim gücləndirəcək və
ölkəmizin uzun illər, onilliklər bundan sonra
dayanıqlı inkişafını təmin edəcək”.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 2 iyun.- S.9.