Prezidentin nümayiş etdirdiyi qətiyyət
ölkədəki islahatların dönməzliyinin təminatçısıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında COVID-19 pandemiyası dövründə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət, eyni zamanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, xüsusən vətəndaş haqqına göz dikən məmurların ifşa edilərək cəzalandırılması, eləcə də daha cavan və perspektivli kadrların olduqca mühüm vəzifələrə təyin edilməsi ən nüfuzlu beynəlxalq təsisatlar və yerli sadə vətəndaşlar tərəfindən dövlət başçısına olan rəğbətin daha da artmasına səbəb olmuşdur.
Azərbaycanın xarici siyasətinin son dövrlərdə ən mühüm hadisələrindən biri ölkə Prezidentinin təşəbbüsü ilə dünya dövlətlərinin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunan "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün videokonfrans vasitəsilə keçirilməsidir. BMT-dən sonra dünyanın ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatının bu formatda ilk görüşünün keçirilməsi qlobal miqyasda olduqca mühüm tarixi hadisə hesab edilir. Bu hadisə həm də Azərbaycan Respublikasının və onun rəhbərinin bəşəriyyətin, eləcə də əsrlər boyu formalaşmış birgəyaşayış dəyərlərinin yenidən dirçəldilməsi üçün dünya sivilizasiyasına töhfəsi kimi qiymətləndirilir. Çünki bu təşkilatın toplantılarında müzakirə edilən məsələlər Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxarılan məsələlərə də böyük təsir göstərir. Təşkilatın yeni formatda keçirilən toplantısına BMT Baş katibi Antonio Quterreşin, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun və Afrika İttifaqı Komissiyasının sədrinin qoşulması məhz Azərbaycanın bu təşkilata rəhbərlik etdiyi dövrdə xeyli yüksələn nüfuzundan xəbər verir. Həmçinin həm təşkilatın üzvü olan dövlətlərin, həm də beynəlxalq təşkilatların Azərbaycanın pandemiya ilə mübarizə modelinə maraq göstərməsi ölkəmizin prestiji baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, Prezident İlham Əliyevin pandemiya ilə mübarizənin Azərbaycan modelindən bəhs edərək konfransda "Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır” kimi söylədiyi fikirlər Zirvə görüşünün səlahiyyətli iştirakçıları tərəfindən xeyli maraq və rəğbətlə qarşılanmışdır. Həmin fikirlərə cavab olaraq, Azərbaycanın tətbiq etdiyi mübarizə modelinin uğurlu olması görüşdə çıxış edən müxtəlif təşkilatların və dövlətlərin təmsilçiləri tərəfindən xüsusi vurğulanmışdır. BMT-nin Baş katibi cənab Antonio Quterreşin çıxışında BMT-nin Azərbaycanın göstərdiyi bütün səyləri dəstəklədiyini qeyd etməsi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Gebreyesusun "Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir” deməsi qeyd olunanları bir daha təsdiq edir.
Bəşəriyyətin xilası naminə humanizm ideyalarının carçısı rolunda çıxış edən Azərbaycan dövləti təkcə çağırışları, mütərəqqi ideyaları təbliğ etmir, həm də beynəlxalq təşkilatlara, yardıma ehtiyacı olan ölkələrə müxtəlif formalarda dəstək olur. Necə ki, ölkəmiz dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olmaq vəsiləsilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı göstərməklə xalq olaraq humanizmə və birliyə qarşı həssaslığımızı bəşəriyyətə bir daha göstərmiş oldu. Təbii ki, Azərbaycan bütün bu addımları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində təmin etdiyi və möhkəmləndirdiyi maliyyə resursları əsasında atır.
Belə bir şəraitdə mərkəzi və yerli icra hakimiyyətlərində vəzifə daşıyan məmurların dövlətin humanist təşəbbüslərindən sui-istifadə etməyə çalışması, dövlət vəsaitini müxtəlif vasitələrlə mənimsəməsi Azərbaycan xalqına və dövlətinə ən böyük xəyanət, ən böyük zərbədir. Lakin dövlət strukturlarının sağlamlaşdırılması, o cümlədən dərhal zəruri addımların atılması, xüsusən idarəçilik sistemində gənc kadrlara lazımi etimadın göstərilməsi Azərbaycanda islahatların davamlılığı, eləcə də xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiqdir.
Azərbaycan Milli Elmlər Akademiyasında çalışan gənc alim və mütəxəssislər də dövlət başçısı cənab İlham Əliyevin bu qətiyyətli addımlarını dəstəkləyir və onun ətrafında sıx birləşir. Prezidentin nümayiş etdirdiyi iradə və qətiyyət ölkədəki islahatların dönməzliyinin qarantıdır. Bu mübarizədə gənc intellektuallar kimi xalqımız da dövlət başçısının yanındadır.
Famin SALMANOV,
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının
sədri,
fizika üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.-2020.- 2 iyun.- S.9.