Ədibin
həyatının ən az öyrənilmiş üç
ili...
Əbdürrəhim
bəy Haqverdiyev – 150
Azərbaycan
ədəbi-bədii, elmi-pedaqoji, ictimai-siyasi fikir tarixinin
görkəmli nümayəndəsi Əbdürrəhim bəy
Haqverdiyev yazıçı, dramaturq, tərcüməçi,
publisist kimi olduqca zəngin bir irs qoyub getmiş, bir müddət
aktiv ictimai-siyasi fəaliyyət göstərmiş, diplomatik
işdə çalışmış, universitetdə ədəbiyyat
tariximizdən mühazirələr oxumuşdur. Doğrudur,
ömrünün axırlarına yaxın o da silahdaşı
Mirzə Cəlil kimi, Azərbaycanda "yuxarı dairələr”də
müəyyən mənada unudulmuş, etinasızlıqlarla
üzləşmiş, özünə ögey münasibətdən
incikliyini məktublarında dönə-dönə qeyd
etmişdir, lakin müasirləri, dövrünün
tanınmış şəxsiyyətləri onun
çoxşaxəli fəaliyyətini hələ
sağlığında ikən yüksək dəyərləndirmişlər.
Akademik
Kraçkovski, akademik Bartold, Leninqrad Şərq Dilləri
İnstitutunun rektoru Vorobyov və onlarla başqaları ədəbi
fəaliyyətinin 35 illiyi münasibətilə 1927-ci ildə
yazıçıya göndərdikləri məktub və
teleqramlarda ona məhz böyük yazıçı və
alim kimi müraciət etmişlər.
Ə.Haqverdiyevin
ədəbiyyat, mədəniyyət və mətbuat tariximizdəki
rolu və yeri barədə görkəmli tədqiqatçılar
Ə.Şərif, M.Cəlal, C.Xəndan, Ə.Sultanlı, C.Cəfərov,
A.Zamanov, Y.Qarayev, K.Məmmədov, M.Məmmədov,
Q.Kazımov, H.İsrafilov, C.Hacıyev, D.Hacıyev,
Ə.Saraclı, T.Mütəllimov və başqaları
dissertasiya, monoqrafiya və dəyərli məqalələr
yazmışlar. Lakin qeyd edək ki, uzun illər boyu obyektiv və
subyektiv səbəblərdən Ə.Haqverdiyevin ömür
yolunun bəzi məqamlarının üstündən ya
sükutla keçilmiş, ya ötəri bəhs olunmuş,
ya da ədibin müasirlərinə, dostlarına
yazdığı məktublarında, məqalələrində
və xatirələrində müəllifin özünə
aid epizodik məlumatlar olduğu kimi verilməklə kifayətlənilmişdir.
Halbuki yazıçının özünün 1927-ci ildə
yazıb Tiflisə, "Yeni fikir” qəzetinə, şəxsən
Əziz Şərifə göndərdiyi "Müxtəsər
tərcümeyi-halım” və 1933-cü ildə qələmə
aldığı, sonralar seçilmiş əsərlərinə
salınan "Tərcümeyi-halım” avtobioqrafiyası
araşdırıcılara ipucu verir ki,
yazıçının yalnız bir və ya bir neçə
cümlə ilə kifayətləndiyi tarixçələr,
faktlar daha geniş araşdırılsın, şərh
olunsun.
Təhlillər
göstərir ki, yazıçının tərcümeyi-halının
Gürcüstanla bağlı 1916-cı ilin axırları -
1919-cu ilin fevralınadək olan dövrünün yenidən,
dolğun şəkildə araşdırılmasına ciddi
ehtiyac duyulur. Bunun zəruriliyini yazıçının həyat
və yaradıcılığının tədqiqi ilə məşğul
olan tədqiqatçılarımızın bəziləri də
xüsusi vurğulamışlar. Professor Məmməd Məmmədov
ötən əsrin səksəninci illərində qələmə
aldığı, lakin ciddi araşdırıcı məsuliyyəti
ilə çapına tələsmədiyi "Əbdürrəhim
bəy Haqverdiyevin həyat və
yaradıcılığı” monoqrafiyasında
yazıçının ömür yolunun, ədəbi irsinin
öyrənilməsi sahəsində tədqiqatlar
aparmış alimlərimizin zəhmətini qədirbilənliklə
vurğulamaqla yanaşı, "indiyə qədər
Ə.Haqverdiyevin mükəmməl elmi tərcümeyi-halı
yazılmamışdır” qənaətinə təsadüfən
gəlməmişdi, əslində, bu sahədəki
boşluqların hökmən doldurulması zərurətini
irəli sürmüşdü.
Yazıçının
sağlığında dərc olunmuş ilk tərcümeyi-halın
müəllifi aralarında böyük yaş fərqi
olmasına baxmayaraq, onunla uzun illər dostluq etmiş görkəmli
tədqiqatçı, professor Əziz Şərifdir.
Bugünkü ədəbiyyatşünaslar nəsli Əziz
Şərifə minnətdar olmalıdırlar ki, ədəbiyyatımızın
bir neçə başqa korifeyi kimi, Ə.Haqverdiyevin də həyatı
və fəaliyyəti ilə bağlı olduqca qiymətli tədqiqatlar
aparmış, onun məktublarını qorumuş, çap
etdirmiş, xatirələrini qələmə almaqla
araşdırıcıların ixtiyarına zəngin
materiallar vermişdir. 1927-ci il fevralın 4-də Tiflisdə
Rustaveli teatrında yazıçının ədəbi fəaliyyətinin
35 illik təntənəli yubileyinin təşkilinin
ağırlığını da xüsusi komissiyanın
yaradılmasına baxmayaraq, dövrünün
tanınmış ziyalısı, "Yeni fikir” qəzetinin
redaktoru Rzaqulu Nəcəfov (şair Əliqulu Qəmküsarın
qardaşı - Ş.Ş.) və Əziz Şərif çəkmişlər.
Ə.Haqverdiyevin məktublarından da görürük ki, ədib
onların bu xidmətini heç zaman unutmamış, bənzərsiz
bir yubiley gecəsinin baş tutmasında onların zəhmətini
dönə-dönə xatırlamışdır. Məhz
yubiley ərəfəsində Ə.Haqverdiyev özünün
"Müxtəsər tərcümeyi-halım”ı yazaraq
"Yeni fikir” qəzetində çalışan Əziz Şərifə
göndərmişdir. Əziz Şərif Ə.Haqverdiyevin
qeydlərini əsas götürərək, yubiley
günündə "Yeni fikir” qəzetinin 1927-ci il 4 fevral
tarixli sayında "Ə.Haqverdiyevin tərcümeyi-halı”
adlı yazısını dərc etdirmişdir.
Əbdürrəhim
bəyin ilk professional bioqrafı kimi Əziz Şərif
yazıçının əlimizdəki arxivinin çox da zəngin
olmadığını təəssüf hissi ilə qeyd
etmişdir: "Öz dilindən eşitdiyimə görə,
onun bir çox əlyazmaları və ədəbi
materialları 1916-cı ildə Ağdamdan köçəndən
sonra arada itib-batmışdı. Ədibimizin Mirzə Fətəli
Axundzadə kimi daimi məskəni yox idi. Müxtəlif
vaxtlarda o, Peterburq, Bakı, Şuşa, Ağdam, Tiflis şəhərlərində
yaşamağa və çalışmağa məcbur
olmuşdu. Ancaq həyatının son illərini
köçüb Bakıda qalmışdı. Bu köçəri
həyat nəticəsidir ki, Əbdürrəhim bəy öz
yazıları və materiallarını səliqə ilə
saxlaya bilməmişdi. Buna görə də, mən biləsi,
əlimizdə olan arxiv onun son on üç illik həyat və
yaradıcılığını əhatə edir...”
Maraqlıdır, ədib Ağdamdan köçəndən
sonra arada itib-batan "bir çox əlyazmalar və ədəbi
materiallar” nələrdən ibarət olmuşdur?
Yazıçı Əziz Şərifə də konkret
heç bir şey söyləməmişdir. 1916-1919-cu illərdə
- Gürcüstanda olduğu dövrdə isə
Ə.Haqverdiyev bədii yaradıcılıqla çox nadir
hallarda məşğul olmuşdur. Təxminən həmin illəri
nəzərdə tutan Ə.Şərif yazırdı: "Bu
zaman Əbdürrəhim bəy ədəbiyyatdan bir növ
uzaqlaşmışdı və heç nə
yazmırdısa da, ictimai-mədəni işlərdə
olduqca fəal iştirak edirdi”. Tədqiqatçı M.Məmmədov
ədibin həmin illərdə ədəbi
yaradıcılıqdan qismən, ədəbiyyatşünas
Ə.Saraclı isə tamamilə
uzaqlaşdığını yazmış, onlar Haqverdiyevin əsasən
ictimai-siyasi, diplomatik işlərlə məşğul
olduğunu vurğulamışlar. Ədəbiyyatşünas
alimlər bu qənaətə gəlməkdə ona görə
haqlıdırlar ki, həmin illərdə Əbdürrəhim
bəyin yalnız üç hekayə yazıb çap
etdirdiyi məlumdur: "Həmşəri pasportu”,
"Röya” və "Mirzə Səfər”. Deməli,
"itib-batan ədəbi materiallar” deyiləndə
yazıçının 1916-1919-cu illərdə qələmə
aldıqlarından söhbət belə gedə bilməz. Bəlkə
də ehtimal etmək olar ki, "itib-batan”lar
yazıçının hələ Ağdamda olarkən qələmə
aldığı, lakin çapa vermədiyi əlyazmalardır.
Ə.Haqverdiyevin
1916-1919-cu illərdə Gürcüstandakı fəaliyyəti
ilə bağlı əldə detallarına qədər məlumatların
olduğunu söyləmək də düzgün olmazdı.
Yazıçı özünün tərcümeyi-hallarında
bəlkə də fəaliyyətinin ən zəngin,
çoxspektrli həmin illərindən olduqca "xəsisliklə”
bəhs etmiş, cəmi 9-10 cümlə ilə kifayətlənmişdir.
Zənnimizcə, bu da təsadüfi deyildir.
Yazıçı öz tərcümeyi-hallarını Sovet
hakimiyyəti illərində qələmə
aldığından ola bilsin ki, olduqca mürəkkəb
1916-1919-cu illərdəki həyat və fəaliyyətindən
təfərrüatı ilə bəhs etməyi məhz siyasi
baxımdan lazım bilməmişdir. Yazıçının
əldə olan arxivinin əsasən həyatının
yalnız son on üç ilini (1920-1933) əhatə etməsi
də bir qədər düşündürücüdür.
Bəlkə də Haqverdiyev 1920-ci il aprel çevrilişindən
əvvəlki illərlə bağlı bəzi əlyazmalarının,
məktublarının, sənədlərinin
saxlanılması qayğısına bilərəkdən
qalmamışdır. Bu ehtimalı Haqverdiyevin qeydlərindəki
bəzi nüanslar da qüvvətləndirir. Məsələn,
"Tərcümeyi-halım”da Cümhuriyyət dövründə
Ermənistandakı diplomatik işindən geri
çağırılmasını özünün "xətti-hərəkətinin”
"hökumətin xətti-hərəkətinə” zidd gəlməsi
ilə bağlamasını da təsadüfi hesab etmirik. Bunu
yazıçının siyasi senzuradan yayınmaq istəyi ilə
əlaqələndirmək daha doğru olardı.
Ədibin
tərcümeyi-halı ilə bağlı mövcud bilgilərin
zənginləşdirilməsi üçün əsasən həyat
və fəaliyyətinin 1916-1919-cu illəri əhatə edən
dövrlərini daha geniş araşdırmaq lazımdır:
Şəhərlər İttifaqının Qafqaz şöbəsindəki
işini; Borçalı qəzasında komissarlıq fəaliyyətini;
Gürcüstan Demokratik Respublikası parlamentində təmsilçiliyini;
Dağıstanda və Ermənistanda Azərbaycanın
diplomatik nümayəndəsi kimi
çalışmalarını.
Ə.Haqverdiyev
Şəhərlər İttifaqının Qafqaz şöbəsində
cəmi üç ay və yaxud bir qədər çox
işləmişdir. Yazıçının qeydlərindən
görünür ki, 1916-cı ilin axırlarında həmin
qurumda işə başlamış, 1917-ci il fevral
inqilabından sonra işindən ayrılmışdır.
Haqverdiyevin yazdığına görə, qurumun "Qafqaz
şöbəsi əxbarının rus dilində aylıq
jurnalının müdiriyyətini” ona həvalə etmişlər.
Söhbət hansı ad altında çıxan jurnaldan gedir?
Ədibin özü bu barədə heç nə
yazmamışdır. Ə.Haqverdiyevin həyat salnaməsinə
çox yaxından bələd olan Əziz Şərif də,
görünür, konkret bilgiyə malik deyildir. Çünki
tədqiqatçı Ə.Haqverdiyevlə bağlı xatirəsində
açıqca yazır ki, o, Əbdürrəhim bəy
Ağdamdan Tiflisə köçüb gəlməzdən bir
qədər əvvəl, 1915-ci ildə Moskvada ali məktəbdə
oxuyurmuş, 1917-ci ilin yayından 1918-ci ilin yanvarınadək
isə Naxçıvanda olmuş, Tiflisə yalnız 1918-ci
ilin yanvarında qayıtmışdır. Ona görə də
Ə.Şərifin Haqverdiyevin Şəhərlər
İttifaqı Qafqaz şöbəsinin jurnalında fəaliyyəti
ilə bağlı ətraflı məlumata malik olmaması
tamamilə təbiidir. "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi” kitabında isə ədibin "Şəhərlər
ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı
məcmuəyə müdirlik etdiyi göstərilmişdir.
Professor Əflatun Saraclı isə ədibin adıçəkilən
qurumun "Xəbərlər” adlı rus dilində
çıxan aylıq topluya müdirlik etdiyini
yazmışdır. Tədqiqatçı K.Məmmədov
sözügedən mətbuat orqanının "Şəhərlər
ittifaqının Qafqaz şöbəsi xəbərləri”
olduğunu qeyd etmişdir. Prinsipcə, hər üç mənbədə
jurnalın (yaxud məcmuənin, toplunun) adı təxminən
eyni cür göstərilmişdir.
Ə.Haqverdiyev
1927-ci ildə qələmə aldığı "Müxtəsər
tərcümeyi-halım”da "Molla Nəsrəddin”, "Zənbur”,
"Həyat”, "Təzə həyat”, "İrşad”,
"Yeni irşad”, "Tərəqqi”, "Açıq
söz” kimi qəzet və jurnallarda
çalışdığını qeyd etmiş, lakin Şəhərlər
İttifaqı Qafqaz şöbəsindəki redaktorluğundan
ətraflı bəhs etməmiş, rəhbərlik etdiyi
jurnalın adını da çəkməmişdir. Bu, bir
neçə səbəblə bağlı ola bilər. Əvvəla,
Şəhərlər İttifaqının Qafqaz şöbəsindəki
fəaliyyəti uzun sürmədiyindən, təxminən
üç ay çəkdiyindən Ə.Haqverdiyev bu barədə
ətraflı danışmağı bəlkə də
lüzumsuz saymışdır. Digər bir səbəb isə,
görünür, yenə siyasi motivlərlə bağlı
olmuşdur.
1916-1919-cu
illərdə Gürcüstanda yaşadığı dövrlərdə
Ə.Haqverdiyevin imzasına "Molla Nəsrəddin”,
"Qardaş köməyi”, "Tartan-partan”da və rusca
çıxan "Qruziya” qəzetində rast gəlirik.
Əbdürrəhim bəy bu zaman öz fəaliyyətini əsasən
siyasi əqidə çərçivəsində məhdudlaşdırmaqdan
uzaq olmuş, mənsub olduğu xalqın üzləşdiyi
çoxçeşidli problemlərin həllinə əsl vətəndaşlıq
yanğısı ilə qoşulmuşdur. Ümumiyyətlə,
uzun illər boyu müxtəlif mətbuat orqanlarında
ayrı-ayrı siyasi baxışlara malik şəxslərlə
çiyin-çiyinə işlədiyi zamanlarda da ədib
öz fəaliyyətini milli problemlərin həllinə
yönəlmiş çalışmalarla
uzlaşdırmağı bacarmış, bu məqamda hər
cür siyasi əqidə məsələsinin fövqündə
olduğunu göstərmişdir. M.Ə.Rəsulzadə,
Ə.Qarayev və onlarla başqalarının timsalında
bir-birinə tamamilə zidd siyasi cəbhələrdə olan
şəxslərlə birgə çalışmaları onu
göstərir ki, əslində, Ə.Haqverdiyevin ən
böyük amalı harada olursa-olsun xalqına xidmət etmək,
onu mədəni millətlər sırasında görmək
idi. Təsadüfi deyil ki, biz onu "Molla Nəsrəddin”də
Mirzə Cəlil, "Həyat”, "İrşad” və
"Tərəqqi”də Əhməd bəy Ağaoğlu və
Əli bəy Hüseynzadə, "Tazə həyat”da
Haşım bəy Vəzirov, "Açıq söz”də
M.Ə.Rəsulzadə, "Tartan-partan”da Əliheydər
Qarayevlə birgə görürük...
Ə.Haqverdiyevin
özünün qələmə aldığı tərcümeyi-hallardan
və ədibin bioqraflarının qeydlərindən də
göründüyü kimi, görkəmli yazıçı
tanınmış ictimai xadim olaraq 1917-ci il fevral
inqilabından sonra Tiflis İcraiyyə Komitəsi və onun Mərkəzi
Şurasının üzvü seçilmişdir.
Ə.Haqverdiyev Tiflisdə Tamadovun sədrliyi ilə təzəcə
fəaliyyətə başlayan 115 nəfərlik Müsəlman
Komitəsi və onun idarə heyətinin üzvü idi.
"Açıq söz” qəzeti yazırdı: "Tiflisdə
Tamadov sədarəti altında 115 əzadan ibarət müsəlman
komitəsi təşkil edilmişdir. Komitə müsəlmanlarla
məskun olan yerlərdən hədsiz teleqramlar alır.
Teleqramlarda indiki hadisədən dolayı müsəlmanların
şadlığı bəyan edilir...” Komitənin heyət
üzvləri arasında Ə.Haqverdiyevlə yanaşı,
H.Minasazov, M.Abaşidze, E.Sultanov və bir çox başqa
müsəlman ziyalılar var idi. Həmin ilin mart ayında isə
Ə.Haqverdiyev Borçalı qəzasında yerli idarə məclisinin
komissarı vəzifəsini icra etmək üçün
Şulaver qəsəbəsinə getmişdir. Ədib
Şulaverdə Gürcüstan Demokratik Respublikası elan
olunana qədər işləmişdir.
Ə.Haqverdiyevin
Gürcüstan Milli Şurasının - parlamentinin üzvü
seçilməsi ilə ictimai-siyasi fəaliyyətinin ən
parlaq dövrü başlanmışdır. O, 1918-ci il
sentyabrın 29-dan 1918-ci il yanvarın 31-dək - parlamentin fəaliyyətinin
dayandırılması və Müəssisələr Məclisinin
yaradılmasınadək deputat kimi olduqca səmərəli fəaliyyət
göstərmişdir. Qeyd edək ki, Gürcüstanın
müstəqilliyinin elan olunmasından sonra Ə.Haqverdiyev
Borçalıdan Tiflisə gəlmiş və paytaxtda azərbaycanlılar
üçün təzə açılmış ali-ibtidai
məktəbə inspektor təyin edilmiş, bu vəzifədə
çalışarkən Gürcüstan Müsəlmanları
Milli Şurası tərəfindən qurumun sədri
Əliheydər Qarayev, Tiflis şəhər 2-ci Xarpux Azərbaycan
ibtidai məktəbinin müəllimi Mirzə Hüseyn Həsənzadə
və o dövrdə şəhərin ictimai-siyasi-mədəni
həyatında fəal rol oynayan gənc Əziz Şəriflə
birlikdə parlamentə üzv göndərilmişdir.
Əbdürrəhim bəy M.Həsənzadə ilə birlikdə
parlamentdə gürcü deputatlar - L.Natadze, N.Sinsadze, T.Kiknadze
və N.Çiqoqidzenin daxil olduğu maarif komissiyasının
tərkibində fəaliyyət göstərmişdir.
Ə.Haqverdiyev deputat kimi ölkə konstitusiyasının
verdiyi imkanlardan istifadə edərək gürcüstanlı
soydaşlarının ana dilində təhsil alması, bu sahədəki
mövcud problemlərin aradan qaldırılması, məktəblər
şəbəkəsinin genişləndirilməsi,
bütövlükdə milli mədəniyyətin
qorunması, inkişafı üçün yorulmadan
çalışmışdır. Tanınmış tədqiqatçı
Gülnara Qoca-Məmmədova arxiv sənədlərinə
istinad edərək Gürcüstan Demokratik Respublikası
parlamentində türk deputatların, o cümlədən
Ə.Haqverdiyevin milli-mədəni, xüsusən də maarifin
inkişaf etdirilməsi sahəsindəki çalışmalarına
dair maraqlı faktlar üzə çıxarmışdır.
Məsələn, parlamentin maarif komissiyasının 1918-ci il
18 dekabr tarixli iclasında Ə.Haqverdiyev ölkə ərazisində
toplam 15 müsəlman məktəbi olduğunu, onlardan isə
yalnız 10-nun fəaliyyət göstərdiyini vurğulamış,
tədbirlər görülməsini istəmişdir. Yaxud
parlament məktəblərdə dini tədrisin ləğvi məsələsini
müzakirə edərkən Ə.Haqverdiyev dövrün tələblərindən
çıxış edərək "şəriət din dərsi
deyil, Məhəmməd dini əsasında əxlaq təlimidir”
deyərək öz mövqeyini ortaya qoymuşdur. Qeyd edək
ki, Gürcüstan Demokratik Respublikası dövründə
(1918-1921) türklərin təhsil aldığı geniş məktəblər
şəbəkəsi yaradılmış, milli-mədəni
sahədə sonrakı illərdə əldə olunmuş gəlişmələrin
sağlam bünövrəsi qoyulmuşdur. Bu işdə
deputat kimi fəaliyyət göstərmiş Ə.Haqverdiyevin
də müstəsna xidmətləri olmuşdur. Hazırda
qarşıda duran ən mühüm vəzifələrdən
biri Gürcüstan arxivlərində türk parlamentarilərin
fəaliyyətini özündə əks etdirən
bütün sənədlərin toplanması və dilimizə
tərcümə edilərək çap olunmasıdır. Məhz
həmin sənədlər sayəsində həm də ədibin
ictimai-siyasi fəaliyyətinin bütün spektrləri ilə
tanış olmaq imkanı əldə edə bilərik.
Nəhayət,
Ə.Haqverdiyevin Dağıstanda və Ermənistandakı
çox qısa sürən, obyektiv və subyektiv səbəblərdən
uğursuzluqla nəticələnən diplomatik fəaliyyəti
barədə. "Tərcümeyi-halım”da oxuyuruq:
"1919-cu sənədə müsavat hökuməti məni
Bakıya çağırıb Dağıstana göndərdi.
Orada mənim işləməyim Denikinə xoş gəlməyib
onun əmri ilə 24 saatda Bakıya sürgün olundum.
Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər.
Lakin orada mənim xətt-hərəkətim hökumətin xətt-hərəkətinə
müğayir gəldikdən və Xanxoyski ilə
uzun-uzadı mübahisədən sonra istefa verdim”.
Denikinin
Ə.Haqverdiyevin simasında Azərbaycan diplomatına
Dağıstanda işləməyə imkan verməməsi, ədibin
təbirincə desək, onu "sürgün etməsi”
sırf siyasi motivlərlə bağlı olmuşdur. 1919-cu
ildə regionda olduqca mürəkkəb vəziyyət hökm
sürürdü. Müstəqilliyini təzəcə elan
etmiş Güney Qafqaz ölkələri Denikinin israrlı təhdidləri
ilə üzbəüz qalmışdı. Aralarındakı
sərhəd mübahisələrinə baxmayaraq, Denikin
ordularının hücumlarından qorunmaq məqsədilə
Azərbaycan və Gürcüstan 1919-cu il iyunun 16-da Tiflisdə
10 maddədən ibarət hərbi müdafiə sənədi
imzalamışdı. Müqavilənin birinci bəndinə
görə razılığa gələn dövlətlər
razılığa gələn respublikalardan birinin, yaxud hər
ikisinin müstəqilliyini və ərazi
toxunulmazlığını hədələyən hər
cür hücumlara qarşı bütün silahlı qüvvələrlə
və hərbi vasitələrlə birgə
çıxış etməyi öhdələrinə
götürürdülər. İkinci tərəfdən, Azərbaycan
Xalq Cümhuriyyətinin sərhədləri müəyyənləşdirilərkən
Dağıstan vilayətinin Kürə və Samur dairələri
ilə bağlı ortaya müəyyən mülahizələr
çıxmışdı. Yetkililərin yazılı ifadəsinə
görə, həmin məsələnin yaxın gələcəkdə
Dağlı Respublikası ilə danışıqlar yolu ilə
həll olunacağı planlaşdırılmışdı.
Ümumiyyətlə, müstəqil Azərbaycanın müstəqil
xarici siyasət yeritməsi, ona boyun əyməməsi səbəbindən
Denikin Xalq Cümhuriyyətinə qarşı düşmənçilik
siyasəti yeridirdi. Qeyd edək ki, Azərbaycan və
Gürcüstandan fərqli olaraq Ermənistanda Denikin ordusunun
yolunu səbirsizliklə gözləyirdilər. V.Qurko-Kryajin
yazırdı: "Gürcüstanın və Azərbaycanın
əksinə olaraq Ermənistan hökuməti Denikin ordusu ilə
o dərəcədə dostluq əlaqəsi saxlayırdı
ki, İrəvanın siyasi xadimlərindən birinin dediyi kimi,
"Ermənistan respublikası öz qüvvələri ilə
birlikdə Denikin ordusunun 7-ci korpusudur”. Ona görə də Azərbaycan
diplomatı kimi Ə.Haqverdiyev Denikinin xüsusi
tapşırığı ilə təcili surətdə
Bakıya qaytarılmışdır.
Beləliklə,
qeyd edə bilərik ki, bu vaxta qədər
yazıçının həyatının ən az öyrənilmiş
dövrü 1916-1919-cu illəri əhatə edir. Həmin
dövrün elmi araşdırılması üçün
Ə.Haqverdiyevin öz əli ilə yazdığı tərcümeyi-hallar,
onun qələmə aldığı və ona
ünvanlanmış məktublar, müasirlərinin xatirələri
yenidən işlənilməli, ən başlıcası isə,
Gürcüstan arxivləri, xüsusən də
Gürcüstan Milli Şurası ilə bağlı arxivlərdə
saxlanılan sənədlər mükəmməl şəkildə
incələnməlidir.
Şahbaz ŞAMIOĞLU,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.-2020.- 2 iyun.- S.10.