Məhsulumuz
yenə də bol olacaq
Prezident
İlham Əliyev: "Kənd təsərrüfatının
inkişafı bizim üçün prioritet sahə olaraq
qalır”
Prezident
İlham Əliyevin həyata keçirdiyi islahatlarda aqrar
sektorun inkişafı xüsusi önəm daşıyır.
Azərbaycanın əvvəllər şöhrəti
bütün keçmiş SSRİ-yə yayılan, sonralar isə
məlum səbəblərdən tənəzzülə
uğrayan kənd təsərrüfatının bütün
sahələri artıq dirçəldilib və getdikcə
daha da inkişaf etdirilir.
Aqrar
sektorda görülən işlər Prezidentin daim diqqət mərkəzindədir.
Dövlət başçısı kənd təsərrüfatının
inkişafının prioritet olduğunu, demək olar ki,
bütün çıxışlarında vurğulayır.
Cari
il mayın 22-də Prezident İlham Əliyevlə
"Signify" şirkətinin baş icraçı direktoru
Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və rəhbərliyinin
digər nümayəndələri arasında keçirilən
videokonfransda da həmin məsələyə toxunulmuşdur.
"Signify" şirkətinin təşəbbüsü ilə
baş tutan videokonfransda şirkətin baş icraçı
direktoru Erik Rondolat bu mövzudan ətraflı bəhs
etmişdir. Belə ki, o, kənd təsərrüfatında, o
cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik
sahələrində məhsuldarlığın əhəmiyyətli
dərəcədə artırılması, ekoloji təmiz kənd
təsərrüfatı məhsullarının istehsalı, su
istehlakının azaldılması sahələrində əməkdaşlıq
məsələlərinə toxunmuşdur. Eləcə də
bildirmişdir ki, Azərbaycanla bu istiqamətlərdə təcrübəni
bölüşməyə hazırdırlar.
Videokonfransda
kənd təsərrüfatı üçün vacib daha bir
məsələ - müasir texnologiyaların tətbiqi və
bu məqsədlə gənc kadrların hazırlanması
müzakirə olunmuşdur.
Prezident
İlham Əliyev tədbir zamanı demişdir: "Bu sahədə
aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd
təsərrüfatı üzrə mütəxəssis olmaq
istədiyini və Aqrar Universitetdə bu peşəni
seçmək istəyən gənclərin sayının
artdığını görürük. Biz yeni elektron kənd
təsərrüfatı sistemini həyata keçiririk. Bu,
artıq bizə həyatımızın və
iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini
artırmağa çox kömək edir.
Çünki
ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində
yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə
həyata keçirə biləcəyimiz çox mühüm
yeni layihə ola bilər.”
Bildirilmişdir
ki, ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara
hazırdır. Bunun üçün artıq ölkədə
əhəmiyyətli insan kapitalı yaradılıb və
dövlət xidmətləri, sosial xidmətlərlə
bağlı texnologiyalarımız xaricdə də istifadə
olunur. Başqa sözlə, ölkəmiz yeni texnologiyalara tam
açıqdır. Çünki bu texnologiyalar yeni miqyasa,
dinamizmə, tərəqqiyə, iş yerlərinə və
rifaha gətirib çıxarır.
Dövlət
başçısı Ağstafa və İmişli Rayon
İcra hakimiyyətləri başçılarının təyin
olunmaları ilə əlaqədar videoformatda qəbul
zamanı da kənd təsərrüfatı mövzusunu önə
çəkmişdir. Bu sahədə yerli icra
orqanlarının görəcəyi işlərin çox
olduğunu bildirmişdir. Belə ki, kənd təsərrüfatının
inkişafı ölkə üçün prioritet sahə
olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının
müasir üsullarla inkişafı ilə əlaqədar
çox geniş proqramlar icra edilir. Ona görə də
müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının
inkişafı ilə bağlı işlər görülməlidir.
İnsanların işlə təmin edilməsi, məhsuldarlığın
artırılması və sahənin inkişafını
şərtləndirən bütün amillərin təmin
edilməsi gündəlikdə qalmaqdadır.
Hazırda
suvarma suyunun ədalətli bölüşdürülməsi
də böyük əhəmiyyət kəsb edir. Bu il də
keçən ildəki kimi quraqlıq olduğu
üçün suvarma suyundan böyük qənaətlə
istifadə edilməlidir. Prezident bu məsələni bir daha
önə çəkmişdir: "Bütün bu işləri
düzgün təhlil etmək və tədbirlər planı
hazırlamaq üçün mənim sərəncamımla
xüsusi komissiya yaradılıb və artıq komissiyanın
ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu,
demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50
faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə
israfçılıq böyük problemlərə gətirib
çıxarır.”
Odur
ki, su itkilərinə yol vermək olmaz. Eləcə də
suyun ədalətli bölüşdürülməsi məsələsi
çox aktualdır.
Bu və
digər məsələlərdə sahibkarlara kömək
göstərilməlidir. Çünki indiki şəraitdə
ölkəmizin uğurlu inkişafı, ilk növbədə,
qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə
ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev bu gün Azərbaycanda
böyük sahibkarlıq sinfinin
formalaşdığını vurğulayaraq bəzi hallarda
sahibkarların çətinliklərlə üzləşdiyini
də qeyd etmişdir: "Hansısa layihəni icra etmək,
hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən
problemlərlə üzləşirlər. Bəzi məmurlar
onların layihələrinə şərik çıxmaq istəyirlər,
bəzi məmurlar onların gəlirlərinə göz dikirlər.
Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz
sahibkarları cəlb etməlisiniz, siz onları
inandırmalısınız. İndi dünyada investisiyalar
uğrunda mübarizə aparılır. Ölkələr
öz təkliflərini irəli sürürlər ki,
investorları cəlb etsinlər. Ona görə siz, ilk
növbədə, yerli sahibkarları
inandırmalısınız ki, onlar gəlib məhz sizin
rayonlarınıza sərmayə qoysunlar, iş yerləri
yaratsınlar və beləliklə, rayonların
inkişafına töhfə versinlər. Amma bəzi hallarda
sahibkar iş görmək istəyir, ona min cür əziyyət
verirlər. Buna yol vermək olmaz.”
Bütün
bunlar dövlətin sahibkara, xüsusilə kənddə
yaşayıb fəaliyyət göstərən sahibkara dəstəyinin
davamlı olduğunun bariz nümunəsidir. Təsadüfi
deyil ki, son aylar koronavirus pandemiyası ilə əlaqədar
sahibkarlara hərtərəfli kömək göstərilmişdir.
Ona görə də indi Azərbaycan kəndində
bütün mövsümi işlər öz qaydasında
gedir. Dövlət çoxsaylı tədbirlər həyata
keçirir ki, məhsulumuz yenə də bol olsun.
Flora SADIQLI
Azərbaycan.-2020.- 3 iyun.- S.1;7.