Sumqayıt
şəhərində müasir işıqlandırma sistemlərinin
quraşdırılması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasında regionların davamlı inkişafı ölkədə
həyata keçirilən sosial-iqtisadi inkişaf
konsepsiyasının prioritetlərindəndir. Son illərdə
uğurla həyata keçirilən dövlət
proqramlarının icrası nəticəsində paytaxtda və
regionlarda, eləcə də Sumqayıt şəhərində
mühüm infrastruktur layihələri həyata
keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi
və keyfiyyəti daha da yaxşılaşmış,
abadlıq işləri geniş vüsət
almışdır.
Bu tədbirlərin
davamı olaraq, növbəti dövrlərdə də əhalinin
elektrik enerjisi ilə təminatında, habelə küçə
və prospektlərin işıqlandırılmasında idarəetmə,
nəzarət, ölçmə və hesabatlılıq, habelə
enerji sərfiyyatına və xidmət xərclərinə qənaət
kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini
proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə
əsaslanan işıqlandırma sistemlərinin
quraşdırılması diqqət mərkəzində
saxlanılacaq aktual məsələlərdəndir. Yeni və
müasir işıqlandırma sistemləri
funksionallığı ilə yanaşı, şəhərin
estetik görünüşünü də dəyişərək
onun simasını müasir çalarlarla daha da zənginləşdirir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Sumqayıt şəhərində ən
müasir və qabaqcıl texnologiyaların imkanlarından
istifadə etməklə enerjiyə qənaətə imkan verən
və enerji səmərəliliyini artıran, fasiləsiz
işıqlandırmanı təmin edən müasir
işıqlandırma sistemlərinin
quraşdırılması məqsədilə qərara
alıram:
1.
Sumqayıt şəhərində müasir
işıqlandırma sistemlərinin
quraşdırılması üçün Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra
Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.3.