Azərbaycanda
dini qurumlara maliyyə yardımı göstərilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda
mövcud olan mədəni müxtəliflik və yüksək
tolerantlıq mühiti əsrlərdən bəri burada
ayrı-ayrı xalqların, fərqli konfessiyaların nümayəndələrinin
qarşılıqlı hörmət şəraitində
yanaşı yaşamasının bariz nümunəsidir. Cəmiyyətdə
qarşılıqlı mənəvi zənginləşmə
üçün möhkəm bünövrə rolunu oynayan
etnik-dini rəngarəngliyin qorunub saxlanmasının müstəqil
dövlətçiliyin daha da möhkəmləndirilməsi
baxımından əhəmiyyətini nəzərə alaraq və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud
dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycanda
dini qurumlara maliyyə yardımı göstərmək
üçün Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qafqaz
Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min
manat, Bakı şəhəri Dağ yəhudiləri dini
icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin
Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan
Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini
qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan
Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz
əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına
maddi dəstək məqsədilə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin
Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.5.