Dövlət
qayğısı Tərtəri şöhrətə
qovuşdurub
Tərtər
rayonu cəbhə bölgəsidir, düşmənlə 48
kilometr təmas xətti var. Əhali düşmənlə
üz-üzə, göz-gözə yaşayır,
bütün risklərə baxmayaraq, təsərrüfat
işləri ilə məşğul olur, tikinti-abadlıq
işləri aparır. Rayonda dövlət-xalq-ordu birliyi
çox güclüdür. 2016-cı ilin aprel hadisələri
bunu bir daha sübut etdi. O zaman düşmən Tərtərin
yaşayış məntəqələrini atəşə
tutdu, Əskipara kəndinə ağ fosforlu bomba atıldı,
evlər dağıldı, mülki şəhidlər verildi.
Ancaq tərtərlilər öz doğma yurdlarını tərk
etmədilər. Belə bir ağır zamanda Prezident İlham
Əliyev ölkənin birinci xanımı Mehriban Əliyeva ilə
birlikdə düşmənin 200 metrliyində müharibədən
daha çox zərər çəkmiş Qapanlı kəndinin
sakinləri ilə görüşə gəldi.
O həyəcanlı
günlərdə güvəndiyi, gücünə, qüdrətinə
inandığı dövlət başçısını
yanında görən tərtərlilərin ürəyi
dağa döndü. Hər bir ölkə vətəndaşının
Prezidenti olacağını söyləyən İlham
Əliyevin verdiyi tarixi vəd isə beləcə şərəflə
doğrulurdu. Top mərmilərinin dağıtdığı
yaşayış evlərinin vəziyyəti ilə yerində
tanış olan, cəbhə bölgəsinin sakinləri ilə
unudulmaz səmimi görüşlər keçirən
Prezident İlham Əliyev səfərdən dərhal sonra
xüsusi sərəncam imzaladı, rayonda
dağılmış evlərin bərpası
üçün 3 milyon manat vəsait ayırdı.
Dövlət
başçısının qayğısı ilə 17
yaşayış məntəqəsində 256 fərdi
yaşayış evinə dəymiş zərər ən
qısa zaman kəsiyində aradan qaldırıldı.
Müharibədən zərər çəkmiş şəhər
6 saylı Tam və Qazyan kənd ümumi orta məktəblər
təmir olundu. Dövlət qayğısı sayəsində
Tərtərdə aparılan tikinti, abadlıq, quruculuq işləri
yenidən geniş vüsət aldı. Qayğının məntiqi
nəticəsi olaraq 2016-cı ildə Tərtər şəhərində
içməli su və kanalizasiya sisteminin yenidən
qurulması layihəsi uğurla başa
çatdırıldı. Yeni Azərbaycan Partiyasının
rayon təşkilatı üçün inzibati bina, Uşaq-gənclər
şahmat məktəbi, 100 yerlik Körpələr evi-uşaq
bağçası, Tərtər çayı üzərində
yeni körpü inşa edilib rayon sakinlərinin istifadəsinə
verildi.
2017-ci
ilin 28 noyabrında Tərtər rayonuna növbəti səfəri
çərçivəsində Prezident İlham Əliyev
Tarix-diyarşünaslıq muzeyinin, 1170 məcburi
köçkün ailəsi üçün salınan yeni
yaşayış kompleksinin və Tərtər-Seydimli-Qaradağlı-Sarov
avtomobil yolunun açılış mərasimlərində
iştrak etdi. Rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə tərtərlilərin fədakarlığına
verdiyi yüksək dəyəri vurğulayan Prezident İlham
Əliyev demişdir: "Tərtər rayonunda işlər
düzgün qurulub. Mən rayonda dəfələrlə
olmuşam. Xüsusilə son vaxtlar burada gedən
quruculuq-abadlıq işləri məni çox sevindirir.
Əminəm ki, sizi də sevindirir. Keçən dəfə
biz may ayında görüşmüşdük. O vaxt mən
dağılmış evlərə baş çəkdim və
bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar.
Onlar burada-döyüş bölgəsində düşmənlə
üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə
dəyən mərmilər onların iradəsinə zərrə
qədər təsir etməmişdir”.
Dövlətin
davamlı qayğısı bu cəbhə bölgəsində
əhalini narahat edən sosial problemlərin uğurlu həllinə,
elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təminat
məsələlərinin
yaxşılaşdırılmasına əhəmiyyətli təsir
göstərir, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının
sürətli inkişafına təkan verir. Prezident İlham
Əliyevin kənd təsərrüfatında ənənəvi
sahələrin, xüsusilə
pambıqçılığın və
baramaçılığın inkişaf etdirilməsi, bu sahədə
əvvəlki şöhrətin qaytarılması
çağırışına Tərtər kəndlisi
sanballı əmək töhfələri ilə cavab verir. Son
illər Tərtərdə
pambıqçılığın əvvəlki şöhrətini
qaytarmaq məqsədilə həyata keçirilən məqsədyönlü
təşkilat-təsərrüfat tədbirlərinin nəticələri
yetərincə fərəhlidir. Ötən təsərrüfat
ilində 3.427 hektar sahədə pambıq əkilmiş, becərmədə
aqrotexniki tələblərə ciddi əməl olunaraq
tarlalarda bol məhsul yetişdirilməsi təmin olunmuşdur.
Nəticədə 11.924 ton "ağ qızıl” tədarük
edilmişdir. Hər hektar pambıq sahəsinin orta məhsuldarlığı
34.8 sentner olmuşdur ki, bu da ölkənin
pambıqçılıq rayonları arasında qazanılan ən
yüksək göstəricidir.
Ədalət
naminə qeyd etmək lazımdır ki, Tərtər zəhmətkeşlərinin
qazandıqları hünər ikiqat alqışa layiqdir. Ermənistan
silahlı qüvvələri illərdi ki, digər ərazilərimizlə
yanaşı, Sərsəng su anbarını da işğal
altında saxlayır, Tərtər rayonunda kənd təsərrüfatının
inkşafına, əkinlərin suvarma suyu ilə təmin
olunmasına ciddi problemlər yaradırlar. Məkrli
düşmənlərimiz öz mənfur xislətlərinə
uyğun olaraq suya daha çox ehtiyac duyulduğu yaz
aylarında, kənd təsərrüfatı bitkilərinin becərilməsi
dövründə Tərtər çayına gələn
suyun qarşısını kəsir, cəbhə bölgəsinin
sakinlərini ciddi çətinliklərlə üz-üzə
qoyurlar. Dövlət başçısının cəbhə
bölgələrinə xüsusi qayğı və diqqəti
tərtərlilərin üzləşdikləri bu çətinliklərdən
asılılığını da əhəmiyətli dərəcədə
yüngülləşdirir. Prezidentin imzaladığı sərəncamlar,
ayırdığı vəsaitlər hesabına rayonun daha
çox ehtiyac duyulan ərazilərində hər il yeni-yeni
subartezian quyuları qazılır, əkinlərin su təminatı
yaxşılaşdırılır. Minnətdarlıqla qeyd
etmək lazımdır ki, hazırda rayon üzrə istismar
olunan 531 subartezian quyusunun 150-si dövlət
başçısının müvafiq sərəncamları
ilə son illərdə vurulmuşdur. Tərtər kəndlisinin
fədakar əməyi sayəsində 2019-cu ildə rayonda kənd
təsərrüfatı məhsullarının ümumi həcmi
72 milyon 361 min manat təşkil etmişdir. Bu, əvvəlki
illə müqayisədə 7.965 min manat çoxdur. Bunun 8
milyon manata yaxını yalnız pambıqçılıqdan
əldə edilmişdir. Ötən mövsümdə 3.995 nəfər
pambıq sahələrində çalışaraq evinə
halal qazanc aparmışdır.
İndi
yenə pambıqçıların qayğılı günləridir.
Cari ilin məhsulu üçün 3933 hektar sahəyə
çiyid səpilmişdir. Çiyid səpininin optimal
müddətdə, yüksək aqrotexniki qaydalar əsasında
aparılmasının nəticəsidir ki, hər yerdə
normal bitiş alınmışdır. Hazırda pambıq
tarlalarında kompleks becərmə işləri müvəffəqiyyətlə
davam etdirilir.
Pambıq
Tərtər kəndlisinin firavan həyatı, xoş güzəranı
olmaqla yanaşı, həm də şöhrət mənbəyidir.
Rayonun qabaqcıl fermerlərindən Bəyimsarov kəndindən
Fazil Vəliyev birinci dərəcəli, Qaraağacı kəndindən
İlkin Qurbanov isə ikinci dərəcəli "Əmək”
ordenləri ilə təltif olunmuşlar. "Əmək”
ordeninə layiq görülənlər arasında Tərtər
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədovun da olması, əslində, bütün rayon zəhmətkeşlərinin
əməyinə verilən yüksək qiymətdir.
Tərtərdə
pambıqçılıqla yanaşı, aqrar sektorun digər
sahələrinin inkşafına da böyük önəm
verilir. Keçən il 42.352 ton buğda, 11.936 ton şəkər
çuğunduru, 6584 ton günəbaxan dəni, 4.515 ton
kartof, 15.741 ton tərəvəz, 10.530 ton meyvə və giləmeyvə
istehsal olunmuşdur. Gəlirli sahə olan
baramaçılıqda böyük uğurlar
qazanılır. Əgər 2016-cı ildə rayonun təsərrüfatlarında
1 ton barama tədarük olunmuşdursa, keçən il bu rəqəm
18.3 tona çatdırılmışdır.
Baramaçılıqda cari ilin hədəfi isə 20 ton səviyyəsini
keçməkdir.
Dövlət
qayğısı Tərtər rayonunda dinamik iqtisadi
inkişafı təmin etmişdir. 2003-cü ilə nisbətən
2019-cu ildə məhsul buraxılışının həcmi
6,6 dəfə, əhalinin gəlirləri 5,6 dəfə, orta
aylıq əməkhaqqı 12.5 dəfə, kənd təsərrüfatı
məhsulunun həcmi 4.9 dəfə
artırılmışdır. Son altı ildə 3.992 yeni fərdi
sahibkarlıq subyekti yaradılmış, 13.457 yeni iş yeri
açılmışdır. Bu dövrdə 33
yaşayış məntəqəsi
qazlaşdırılmış, rayon əhalisi 100 faiz təbii
qazla təmin olunmuşdur.
Rayonda
təsərrüfat işləri ilə yanaşı, tikinti,
abadlıq, quruculuq işləri də müvəffəqiyyətlə
davam etdirilir. Son beş ildə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 54 mənzilli
bina və 25 nəfərə fərdi yaşayış evi
tikilib istifadəyə verilmişdir. Hazırda Qarabağ əlilləri
və şəhid ailələri üçün 31 fərdi
yaşayış evinin tikintisi davam etdirilir. 10 cəbhəyanı
kəndi birləşdirən uzunluğu 33.5 kilometr olan Səhlabad
- Əskipara -Qaraağacı-Yuxarı Qaradağlı-
Qapanlı - Qaynaq -Yuxarı Qapanlı - Qazyan - Təzəkənd
- Hüsənli kəndarası avtomobil yolu yenidən qurulur.
Son
illər ərzində 112 ictimai yaşayış
binasının dam örtükləri, fasad və giriş hissələri
əsaslı təmir olunmuş, həyətləri
bütünlüklə asfaltlanmışdır. Dörd
küçədə abad məhəllə
yaradılmış, iki futbol meydançası
quraşdırılmışdır.
Dövlətin
qayğısından güc alan tərtərlilər doğma
yurdun hər qarışını cənnətə döndəriblər.
Düşmənlə üz-üzə yaşayan insanların
yüksək əhvali-ruhiyyəsi, əmək qələbələri
bu bölgəyə yolu düşən hər kəsi heyran
edir. Tərtərlilər dövlətə və Prezidentə
hər zaman sədaqətli olmaqla, xalq-dövlət birliyinin
sarsılmazlığını parlaq şəkildə təcəssüm
etdirirlər.
Lazım QULİYEV
Azərbaycan.-2020.- 3 iyun.- S.7.