Rəmzlər
muzeylərinin yaradılması ideyası Prezident İlham
Əliyevə məxsusdur
Dövlət
başçısının tapşırığı ilə
cəbhə bölgəsində müxtəlif infrastruktur
layihələri həyata keçirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə
Dövlət Rəmzləri Muzeyinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, rayon icra hakimiyyətinin
başçısı Müstəqim Məmmədov dövlətimizin
başçısına muzeydə nümayiş etdirilən
eksponatlar barədə məlumat verdi.
Bildirildi
ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış
və noyabr ayında başa çatdırılmış muzey
binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi
zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada
Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri
sərgilənir.
Prezident
İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək
öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl
adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı
veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.
Müstəqim
Məmmədov: Baş üstə.
Prezident
İlham Əliyev: İndiki Ermənistan Respublikasının
toponimlərinin mütləq əksəriyyəti Azərbaycan
mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri
dəyişdiriblər.
X X X
Muzeydə
xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə
aid döyüşçüləri əks etdirən manekenlər,
orta əsrlərdə xanlıqların istifadə etdiyi
bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri,
qədim metal sikkələr, kağız pullar, Azərbaycan
Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik
dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər,
bayraqlar, Silahlı Qüvvələrin geyim formaları,
ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə
dair fotoşəkillər, dövlət rəmzləri
haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin
tarixi fotoşəkillər, poçt markaları, orden və
medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin
yerləşdiyi ərazidə hündürlüyü 72 metr
olan dövlət bayrağı ucaldılıb, ətrafındakı
fəvvarə kompleksi yenidən qurulub.
X X X
Xatırladaq
ki, xalqımızın qədim tarixinin öyrənilməsində,
gənclərdə vətənpərvərlik ruhunun
formalaşmasında və inkişafında muzeylərin
mühüm əhəmiyyəti var. Onların sırasında
mədəni dəyərləri və milli rəmzləri əks
etdirən dövlət atributlarının bir arada ictimaiyyətə
təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər
muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı
üçün çox mühüm yenilikdir. Belə muzeylərin
yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur.
Çünki dövlətimizin başçısı bu
ideyanı reallaşdırmaqla dövlət
atributlarının tariximizdəki əhəmiyyətinə
diqqət çəkib. Dövlət Rəmzləri Muzeylərinin
əhəmiyyətini artıran və onları dünyada
mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət
də buradakı eksponatların Azərbaycanın dövlətçilik
tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə
aid dövlətlərin bayraqları, sikkələr, tarixi
keçmişə dair bir çox materiallar bu muzeylərin
qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tərtər
rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də
eksponatlarla zəngindir.
Azərbaycan.-2020.- 4 iyun.- S.2.