Gənclər
tarixi olduğu kimi bilməlidirlər
Dövlət
başçısının tapşırığı ilə
cəbhə bölgəsində müxtəlif infrastruktur
layihələri həyata keçirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər
Olimpiya İdman Kompleksinin açılışında iştirak
edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
kompleksdə yaradılan şəraitlə tanış olub.
Prezident
İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə
inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi
10 min 773 kvadratmetr, açıq idman meydançalarının
sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman
növləri üzrə məşqlərin və
yarışların keçirilməsi üçün nəzərdə
tutulan universal zal, üzgüçülük hovuzu, sauna,
güləş, boks, basketbol və trenajor zalları, tennis
kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans
zalı, restoran, qış və yay kafeləri, mətbəx,
həkim otaqları, inzibati kabinetlər, digər texniki və
köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları
məhdud olan tamaşaçıların və
idmançıların kompleksdən tam və təhlükəsiz
istifadə etmələri üçün zəruri şərait
yaradılıb. Kompleksin ərazisində 1043
tamaşaçı yerlik tribunası olan stadion, mini futbol,
voleybol və basketbol meydançaları, transformator, qazanxana,
nasosxana, hər biri 400 kubmetrlik içməli və
yanğın su anbarları, avtodayanacaq, nəzarət
buraxılış məntəqəsi də inşa edilib.
Qeyd
edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na əsasən aparılıb.
Tərtər
şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi
cəbhə bölgəsində yaşayan gənclərin
sağlam həyat tərzi sürmələrində,
onların idmanla sərbəst məşğul olmalarında
mühüm rol oynayacaq. Komplekslə tanışlıqdan sonra
Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə
görüşdü.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Bu
gün Tərtər rayonunda müasir Olimpiya İdman Kompleksi
açılır. Bu münasibətlə sizi təbrik edirəm.
Komplekslə tanış olarkən görürəm ki,
bütün işlər çox yüksək səviyyədə
görülüb. İndi Tərtərdə də idmanla məşğul
olmaq üçün çox gözəl imkanlar olacaq.
Bildiyiniz
kimi, Azərbaycanın bölgələrində idman
qurğularının tikintisi geniş vüsət alıb.
Hesab edirəm ki, Azərbaycan bu parametr üzrə dünya
miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə
tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya
çatıbdır. Onu da bildirməliyəm ki, 5 rayonda
Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr
də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda
51 idman kompleksimiz olacaqdır.
Əlbəttə,
bu, imkan verəcək ki, rayon idmançıları öz
peşəkarlığını artırsınlar. Burada
bütün şərait yaradılıb – böyük oyun
zalı, güləş, boks, trenajor zalları,
üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə
heç vaxt üzgüçülük hovuzu olmayıb.
Böyük stadion inşa edilib. Stadion da heç vaxt
olmayıb. Mini futbol, voleybol, yəni, idmanın əksər
növləri ilə burada məşğul olmaq olar. Əminəm
ki, Tərtər idmançıları bu imkanlardan istifadə
edərək həm ölkə daxilində, həm beynəlxalq
arenada yaxşı nəticələr göstərəcəklər.
Tərtərdə idman həmişə inkişaf edib.
İndiki şəraiti nəzərə alsaq, əlbəttə
ki, daha da böyük ümidlərimiz vardır.
Bütövlükdə
isə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq
yarışın keçirilməsi üçün imkan
yaradır. Bakı şəhərində artıq iki çox
böyük beynəlxalq idman yarışı keçirilib.
Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz
miqyasına görə Avropa Oyunları ikinci yeri tutur.
Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə
keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda
keçirilib. Çünki bir çox ölkələr
bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox
ölkələr tərəddüd edirdilər ki, bunu
bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də
yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm
Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunlarının
Azərbaycanda keçirilməsi idman potensialımızı
gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada
müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi
oyunlarında 100-dən çox ölkədən 10 mindən
artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm
ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla
ayrılıb. Ölkəmizin tarixi, inkişafı,
xalqımızın qonaqpərvərliyi, müasir həyatı
ilə bağlı onlarda dolğun təsəvvür var.
Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi
dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar,
həqiqəti əks etdirməyən saxta informasiyalar
yayırlar. Ona görə Azərbaycana gələn hər bir
qonaq, - əgər o, qərəzsizdirsə, - öz
gözü ilə ölkəmizin inkişafını,
xalqımızın rahat yaşamasını, ölkəmizdə
hökm sürən sabitliyi görür. Onu görür ki, bu
gün müasir və müstəqil Azərbaycan dövləti
ən yüksək zirvədədir. Mən tam əminliklə
deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt
indiki qədər güclü, indiki qədər müstəqil
və azad olmamışdır.
Bizim
idmanla bağlı tədbirlərimizin əsas məqsədi
insanların sağlamlığını təmin etməkdir.
Çünki idmançılar yaxşı bilirlər ki,
idman insan sağlamlığı üçün ən əsas
amillərdən biridir. Ona görə mən həm
idmançılarla görüşlərdə, həm də
digər auditoriyada çıxışlarımda həmişə
vurğulayıram ki, hər bir insan idmanla məşğul
olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı
olsun. Amma idmanla məşğul olan insan sağlam olur.
İdman insanı fiziki cəhətdən gücləndirir,
eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə
də bir çoxları üçün nümunədir. Beləliklə,
idmanın kütləviliyini təmin edərək biz
xalqımızın sağlamlığını
qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil
sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi
baxımdan. Çünki fiziki cəhətdən güclü
insan adətən öz gücündən yalnız çətin
məqamda istifadə etməlidir. Güclü insanda
özünə əminlik var. Fiziki cəhətdən
güclü insan heç vaxt ondan zəif insana qarşı
zor tətbiq etməməlidir. Ancaq özünü, öz
yaxınlarını, öz torpağını
qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə
olaraq, idman nəticələri əldə etmək
üçün vasitə deyil, idmanın inkişafı
xalqın sağlamlığıdır və Azərbaycan
xalqı sağlam olmalıdır.
Mən
bir neçə il bundan əvvəl təşəbbüs irəli
sürdüm ki, Azərbaycanda hər bir insan ildə bir dəfə
pulsuz müayinədən keçsin. Buna nail olmaq
üçün əlbəttə ki, bütün şəhərlərdə
müasir xəstəxanalar olmalı idi və biz artıq bunu
təmin etmişik. Bir neçə ildir ki, 5 milyondan çox
insan hər il pulsuz müayinədən keçir, öz fiziki
vəziyyətini müəyyən edir və xəstəlik
aşkar olunan təqdirdə lazımi müalicə alır.
Beləliklə, bu və digər tədbirlər nəticəsində
Azərbaycanda insanların ömrünün uzunluğu
artıb. Azərbaycan xalqı indi daha sağlamdır və həm
tibbi müayinədən keçmək, həm idmanla məşğul
olmaq - bu iki amil hesab edirəm ki, insanların
sağlamlığı üçün əsas rol
oynayır. Əlbəttə, biz
çalışmalıyıq ki, uşaqlarımız,
yeniyetmələr idmanla müntəzəm məşğul
olsunlar. İdmançılar yaxşı bilirlər ki,
yalnız müntəzəm məşqlər nəticəyə
gətirib çıxarır. Ümid edirəm ki, bu imkanlardan
həm idmançılar, həm də rayonun digər sakinləri
istifadə edəcəklər. Hesab edirəm ki, bu Olimpiya
İdman Kompleksi rayon üçün gözəl
sağlamlıq və istirahət mərkəzinə
çevriləcək.
Tərtər
rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan
xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər
rayonu cəbhə bölgəsində yerləşir və təbii
ki, bu rayona diqqət həmişə yüksək səviyyədə
olub. Təsadüfi deyil ki, Tərtər rayonunun sosial-iqtisadi
inkişafı üçün son illər ərzində bir
çox işlər görülüb. Bu, mənim rayona sayca
6-cı səfərimdir və hər dəfə burada olanda
açılışlarda iştirak edirəm, vəziyyətlə
tanış oluram, müvafiq tapşırıqlar verirəm
ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm
ki, son illər ərzində rayonun infrastrukturunun
inkişafı çox sürətlə gedir. Bu gün
açılacaq yeni yarımstansiya Tərtərin elektrik
enerjisi ilə təchizatında mühüm rol oynayacaq.
Baxmayaraq ki, bu günə qədər görülmüş tədbirlər
nəticəsində bu sahədə çox böyük irəliləyiş
var. Tərtərdə yaşayan insanlar yaxşı bilirlər
ki, vaxtilə burada elektrik enerjisi ilə böyük problemlər
var idi, fasilələrlə verilirdi, tez-tez kəsilirdi.
İndiki dövrdə artıq bu, tarixdə qalır.
Düzdür, hərdənbir qəzalar baş verir, ancaq
bütövlükdə enerji təminatının
dayanıqlığı təmin edilir. Bu gün
açılacaq yarımstansiya həm Tərtər rayonu, həm
də qonşu rayonlar üçün əlavə imkanlar
yaradacaq.
Tərtərdə
qazlaşdırma 98 faizə çatır. Təqribən 10 il
bundan əvvəl ümumiyyətlə, qazlaşdırmadan
söhbət getmirdi. Nəinki kəndlərdə, şəhərdə
qaz yox idi. İndi isə əksər kəndlərə qaz xətləri
çəkilib və əlbəttə, 98 faiz göstərici
bu işlərə xüsusi diqqət yetirildiyini göstərir.
Yol təsərrüfatı
tamamilə yenilənir. Bu gün biz yeni yolun
açılışını qeyd etdik və təqdimatda o
yolun əvvəlki vəziyyəti əks olunmuşdu. Heç
asfalt da yox idi, payız-qış aylarında keçilməz
torpaq yollar idi. Hazırda Tərtər rayonunda yolların
salınması və təmiri ilə bağlı çox
böyük işlər görülür. Yolların 80 faizi əsaslı
təmir edilib və bir layihə də icra ediləndən
sonra 100 faiz olacaq.
Beləliklə,
əsas infrastruktur layihələri – elektrik enerjisi, qaz və
yollarla bağlı məsələlər öz həllini
tapıb. Sosial infrastruktur, gözəl Olimpiya İdman Kompleksi
yaradılıb, bir neçə il əvvəl rayon mərkəzi
xəstəxanası əsaslı təmir edilib və ən
müasir avadanlıq quraşdırılıb. Tərtər
şəhərinin su-kanalizasiya layihəsi artıq 4 il bundan əvvəl
tamamlanıb və mənim iştirakımla onun
açılışını qeyd etmişik. Hazırda
içməli su və suvarma layihələrinin icrası davam
etdirilir.
Təkcə
subartezian quyularının qazılması nəticəsində
rayonun su ilə təminatı böyük dərəcədə
yaxşılaşıb. Bu günə qədər 72
subartezian quyusu qazılıb. İmzalanacaq yeni sərəncamla
əlavə 21 subartezian quyusunun qazılması nəzərdə
tutulur. Beləliklə, Tərtər rayonunun suvarma ilə
bağlı olan problemləri öz həllini tapacaq və bu,
təbii ki, kənd təsərrüfatının
inkişafına xidmət göstərəcəkdir.
Taxılçılıq,
pambıqçılıq Tərtər üçün ənənəvi
kənd təsərrüfatı sahələridir.
Pambıqçılığa gəldikdə, Tərtərdə
məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan
üstündür. Hər hektardan 34 sentner pambıq
götürülüb. Ölkə üzrə bu göstərici
də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər
burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq
ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin
suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun
yığılması ilə bağlı vaxtilə, 1970-ci
illərdə böyük işlər görüb. Sərsəng
su anbarının inşası Azərbaycan Respublikası tərəfindən,
respublika büdcəsi tərəfindən həyata
keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər.
Bu, ekoloji terrordur.
Sirr
deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət
dəfələrlə göstərib, hətta öz rəhbərlərinə
qarşı terror törədiblər. İyirmi il bundan əvvəl
Ermənistan rəhbərliyinin bir çox üzvü bu
ölkənin parlamentində qətlə yetirildi və o cinayətin
üstü açılmayıb. Halbuki hər kəs bilir ki,
o cinayətin sifarişçiləri kimdir. Ancaq onu
ört-basdır edirlər. Çünki onların
terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə
suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür
və təsadüfi deyil ki, Ermənistanda faşistlərə
abidələr ucaldılır. Azərbaycanda quruculuq,
abadlıq işləri aparılır, hər bir şəhərdə
sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri,
xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir,
qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə
ondan-bundan dilənə-dilənə, güc-bəla ilə
yaşayırlar, amma faşistlərə 6 metrlik abidə
ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı
sənədlərlə təsdiq edilib. O adam ki, müharibə
zamanı demişdir: "Almaniya uğrunda ölən, Ermənistan
uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının
müvafiq orqanları tərəfindən həbs olunub, ona 25
il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya
olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və
bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman
kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir
ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu
ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz
olaraq qalır və bunu hər kəs bilməlidir.
Bütün dünya bilməlidir.
Bu
gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti
əks etdirir. Bizim səylərimiz nəticəsində
bütün aparıcı beynəlxalq təşkilatlar
münaqişənin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunması ilə əlaqədar müvafiq bəyanatlar
vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli
formatda imzaladığımız strateji tərəfdaşlıq
haqqında bəyannamələrdə ölkəmizin ərazi
bütövlüyü dəstəklənir və
münaqişənin məhz bu prinsiplər əsasında həll
olunması təsbit edilir.
Bildiyiniz
kimi, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ
respublikası”nda qondarma prezident seçkiləri
keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib.
Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt
etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir.
Ermənistanın əvvəlki rejiminin bəd əməlləri
haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi
açıbdır, ictimaiyyətə təqdim edibdir.
Onların generalları oğru, onların dırnaqarası
"qəhrəmanları” cinayətkar, onların rəhbərləri
rüşvətxordur. Keçmiş rejimin nə qədər
nümayəndələri həbs olunub, nə qədər
axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki,
2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar
rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o
birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən
çıxışına qadağa qoyulub. Yəni, bir
ölkənin müstəqilliyi hələ 30 ilə
çatmayıb, ölkənin 20 ili cinayətkarların
ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar
dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki,
bütün milli azlıqları əzibdir. Orada bir dənə
də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim
torpaqlarında bir dənə də olsun azərbaycanlı
qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz
dağıdılıbdır, azərbaycanlıların tarixi
irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir
başqa millətin nümayəndəsi orada yoxdur. Baxın,
dünyanın əksər ölkələrində müxtəlif
xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir.
Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm
sürən millətlərarası münasibətlər, dinlərarası
dialoq dünya üçün nümunədir. Ermənistanda
isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal
rejim bütün digər millətlərdən olan
insanları müxtəlif yollarla qovub. İndi Dağlıq
Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə,
xunta rejimi tərəfindən keçirilmiş saxta
seçkilər bir şoudur, bir təlxəklər
tamaşasıdır. Bütün aparıcı ölkələr
bu dırnaqarası "seçkiləri” qınayıb və
tanımayıb. Baxın, özü də bəyanatlar qəbul
ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika,
Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar.
Avropa İttifaqı bəyan edib ki, seçkiləri
tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar
- bütün aparıcı beynəlxalq təşkilatlar bu
seçkiləri qınadı, təkcə Avropa
Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə
görə? Bəllidir. Çünki Avropa Şurası
Parlament Assambleyasının əsas hədəflərindən
biri Azərbaycanı ləkələmək, ölkəmizi
gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq,
saxta məruzələr qəbul etdirmək, Azərbaycanda
"beşinci kolonu”, satqınları və münaqişə
ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.
Ona görə Avropa Şurası bu saxta seçkilərlə
bağlı səsini belə çıxarmadı. Bu halda
hansı obyektivlikdən, hansı ədalətdən söhbət
gedə bilər!
Mən
deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan
ilə əlaqədar qəbul edilmiş sənədlər mənim
üçün bir kağız parçasından artıq
deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan
ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan
mövqedədir və bu təşkilatda anti-Azərbaycan
meyilləri, azərbaycanafobiya hökm sürür və bizə
ünvanlanmış bütün ittihamların təməlində
məhz azərbaycanafobiyadır. Biz bütün bu
ittihamları artıqlaması ilə onların özlərinə
qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu
dünyada bəzi ölkələrdə nələr baş
verir. Polis zorakılığı, nümayişçilərə
qarşı tətbiq edilən güc, nümayişçilərin
öldürülməsi, onların gözlərinin
çıxarılması, kütləvi surətdə həbs
edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi,
bunlar harada baş verir? Qərb ölkələrində.
Açsınlar gözlərini, baxsınlar və
utansınlar ki, susublar. Nəyə görə? Çünki
güclü dövlətlərdən qorxurlar. Hesab edirlər
ki, bu, məsələnin insan haqlarının qorunmasına
aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti
heç kim üçün sirr deyil və bizi də heç
maraqlandırmır, onlar bu saxta seçkiləri
tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın
sanballı və hörmətə layiq olan təşkilatları
Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri
tanımayıb və qınayıblar.
Ona
görə bu beynəlxalq təşkilatların və bir
çox ölkələrin mövqeyi, əlbəttə ki,
bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi
baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın
mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə
Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik,
o cümlədən döyüş meydanında. Onlar bizə
hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad
etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi
bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel
döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri
görmüşdüm, evlərə getmişdim. Tərtər
şəhərini, Tərtərin, Ağdamın kəndlərini
bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə
qarşı müharibə aparıla bilməz. Onların bizim
ordumuza gücü çatmayıb, öz mövqelərini
qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə
qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu,
tərtərlilərə, ağdamlılara təsir edəcək.
Bir nəfər də tərpənmədi yerindən, bir nəfər
də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı
böyük xalqdır. Mən Aprel döyüşlərindən
sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini
gördüm. Gördüm ki, onlar öz torpağından
heç bir yerə gedən deyillər. Gördüm ki,
bütün təhlükələrə baxmayaraq, öz
torpağında möhkəm dayanıblar. Aprel
döyüşləri mənfur qonşumuza dərs olmalı
idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı.
Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə
keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan
Ordusu gücünü göstərdi. Bizim
gücümüzün mənbəyi Azərbaycan
xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir
və bunu açıq etiraf edirlər ki, xarici dəstək
olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi
yoxdur. Çünki demək olar ki, onların bütün
qonşulara - Azərbaycan ilə Türkiyəyə
qarşı açıq şəkildə, digər qonşu
ölkəyə gizli şəkildə ərazi iddiaları
var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda
yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə
gənclər bilməlidir, olduğu kimi bilməlidir.
İndiki Ermənistan Respublikasının ərazisi qədim
Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi
faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin
əvvəllərində çar Rusiyası tərəfindən
dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər
kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki
toponimlərin demək olar ki, mütləq əksəriyyəti
Azərbaycan mənşəlidir. Mən xahiş edirəm,
bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs
görsün. Balaca bir kitabça dərc etsinlər.
İndiki
Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin,
kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci
ildə dəyişdirilib? Ona görə biz deyəndə ki,
indiki Ermənistan tarixi Azərbaycan torpağında
yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik
ki, ermənilər bizim torpağımıza, o cümlədən
indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində
köçürülüblər, Rus-İran müharibəsindən
sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan
xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin
birində ermənilərin bu bölgəyə gəlməsinin
150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən
150 ili çıxın, deməli 1828-ci ildə gəliblər.
Müharibə başlayan kimi o abidəni dağıdıblar,
amma onun qalıqları qalıb və indi istənilən adam
gedib baxa bilər. Onun şəkillərini də göstərmək
lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan
və İrandan bizim torpaqlarımıza
köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən
başlanmışdır və sonralar daha geniş vüsət
almışdır. Mən deyəndə ki, İrəvan bizim
qədim torpağımızdır, tam həqiqəti deyirəm.
Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan
Demokratik Respublikası nə üçün onda qərar qəbul
edib ki, İrəvanı Ermənistana versin,
bağışlasın. Özü də nə vaxt? Müstəqillik
elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın
28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul
edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə
çıxanlar da olubdur, amma onların rəyi nəzərə
alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən
qərar qəbul edilib ki, İrəvan Ermənistana
bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və
bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya
ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər
iddialarından əl çəkəcəkdi. Amma əl
çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur
da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə
böyük türk dünyasında coğrafi parçalanma
baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə
ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə
ilə sərhədimiz yalnız Naxçıvan Muxtar
Respublikasındadır. İrəvan onlara veriləndən
sonra ermənilər öz iddialarından əl çəkdilərmi?
Dağlıq
Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl
çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların
tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana
verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy
dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik
Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona
görə bilirsiniz mifologiyaya düçar olmaq ən
axırıncı şeydir. Siz gənclər, bütün gənclər
tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu
hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu
tarixi faktla bağlı məsələni mən
qaldırdım. Mənə qədər heç kim bunu
qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək
bəlkə nadir hallarda mümkündür. Sanki belə bir
fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif
kürsülərdən, o cümlədən xaricdə olarkən
qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir,
bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.
Münaqişəyə
gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi
bütövlüyünün bərpasıdır. Başqa yol
yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz
güc toplayırıq, daha da güclü olmalıyıq və
olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə
olmalıdır ki, bizim bütün addımlarımız
uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ
Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm:
Qarabağ və onun tərkib hissəsi olan Dağlıq
Qarabağ Azərbaycandır və nida işarəsi.
Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu
mövqeyi dəstəkləyir. Mənim apardığım
siyasəti, o cümlədən bu məsələ ilə
bağlı apardığım siyasəti dəstəkləyir.
Mən
bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik
etmək istəyirəm. Olimpiya Kompleksinin Tərtərdə
açılması böyük məna daşıyır.
Burada öz gücünü artıran gənclər ölkəmizin
uğurlu inkişafına töhfələrini verəcəklər.
Mən buna əminəm. Sizi bir daha təbrik edirəm!
X X X
Sonra
yaradılan gözəl şəraitə görə dövlətimizin
başçısına tərtərlilərin minnətdarlığını
çatdıran boks üzrə Əməkdar məşqçi
Faiq Məmmədov dedi:
-Möhtərəm
cənab Prezident, Sizi Tərtər idmançıları
adından səmimi qəlbdən salamlayır, bu gözəl
Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə
görə Sizə ürəkdən təşəkkürümüzü,
minnətdarlığımızı bildiririk.
Cənab
Prezident, mən idmanın boks növü üzrə Əməkdar
məşqçi və İdman ustasıyam. Eyni zamanda, qeyd
etmək istəyirəm ki, Tərtər rayonunda idmanın
inkişafı davam edib. Bundan sonra bu möhtəşəm
Olimpiya İdman Kompleksi və içərisindəki müasir
avadanlıqlar imkan verəcək ki, biz daha da böyük həvəslə
məşq edək və yeni-yeni uğurlara imza ataq.
Cənab
Prezident, onu da demək istəyirəm ki, bu gün
bütün dünyada yayılmış koronavirus
pandemiyasına görə sosial layihələrin və eyni
zamanda, idman tədbirlərinin keçirilməsi
dayandırılmışdır. Ancaq buna baxmayaraq, Siz və
Mehriban xanım ölkəmizdə yeni-yeni sosial layihələrin
həyata keçirilməsini davam etdirirsiniz. Bu gün cəbhə
bölgəsində yerləşən Tərtər rayonunda
açılışını qeyd etdiyiniz bu möhtəşəm
Olimpiya İdman Kompleksi bunu deməyə əsas verir. Biz bunu
da qeyd etməliyik ki, bu gün pandemiya ilə əlaqədar
insanların sağlamlığını nəzərə
alaraq bütün qabaqlayıcı tədbirləri həyata
keçirmisiniz. Buna görə Sizə və Mehriban xanıma
dərin minnətdarlığımızı bildiririk. Azərbaycan
xalqı Sizi sevir və dəstəkləyir. Tanrı Sizi və
ailənizi qorusun, cənab Prezident.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Azərbaycan.-2020.- 4 iyun.- S.2-4.