“Şimal-Cənub
nəqliyyat dəhlizi”nin ölkəmizin tranzit
imkanlarının artmasında rolu böyükdür
Prezident
İlham Əliyev pandemiya dövründə də aktiv fəaliyyət
göstərərək ölkənin iqtisadi inkişafı, əhalinin
sosial müdafiəsinin təminatı istiqamətində tədbirlər
görür, mühüm obyektlərin
açılışında iştirak edir, vacib bəyanatlar
səsləndirir.
Bununla
yanaşı, beynəlxalq videokonfranslara qatılır,
çox halda belə tədbirlərin keçirilməsinin təşəbbüsçüsü
olur, həmçinin bu formatda dünyanın
tanınmış şirkətlərinin rəhbər heyəti
ilə görüşür. Dövlət
başçısı bu fəaliyyəti ilə həm də
ölkəmizin postpandemiya dövründə görüləcək
işlərin təməlini qoyur.
Xəbər
verildiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü
ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti
Şiksin Çen və bankın rəhbərliyinin digər
nümayəndələri arasında videokonfrans keçirilib.
Sözsüz ki, dünyanın ən güclü maliyyə
imkanlarına malik bankın rəhbərliyinin Azərbaycan
Prezidenti ilə görüşmək istəməsi ölkəmizin
iqtisadi inkişafı ilə bağlıdır. Çünki
bankirlər maliyyə ayırdığı ölkələrin
iqtisadi və siyasi imkanlarını dərindən təhlil
edib sonra qərar verirlər.
Qeyd
edək ki, ölkəmizlə Asiya İnkişaf Bankı
arasında əlaqələr 1999-cu ildən bəri inkişaf
etməkdədir. Bank Azərbaycanla istər ölkəmizə
məxsus, istərsə də regional layihələrin
icrasında fəal əməkdaşlıq edir. AİB-in Rəhbərlər
Şurasının 48-ci illik toplantısının 2015-ci ildə
Bakıda keçirilməsi də ölkəmizə olan etimad
və hörmətin təzahürüdür.
Azərbaycanda
region və dünya üçün bir çox mühüm
layihələr icra olunur. Bunlardan biri də "Şimal-Cənub
nəqliyyat dəhlizi”dir. Bu, Asiyanı Azərbaycan və
Rusiya vasitəsilə Avropaya birləşdirən mühüm
bir marşrutdur. Layihənin icrası Asiyanın bir çox
ölkələrinin Avropa ilə ticarətini həm sürətləndirəcək,
həm də genişləndirəcək. Vurğulayaq ki, bu
layihənin təşəbbüskarı, eləcə də qəbul
edilən qərarların əsas icraçısı Azərbaycandır.
Prezident
İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri
ilə keçirilən videokonfransda onların diqqətini
"Şimal-Cənub nəqliyyat dəhlizi”nin əhəmiyyətinə
cəlb etdi: "Azərbaycan artıq bu dəhlizə
böyük həcmdə sərmayə
yatırmışdır. Onun çox böyük
potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan
ərazisindən qərb və cənub istiqamətində
yükləri qəbul edirik. Lakin İranla sərhəddən
başlayaraq Rusiya ilə sərhədə qədər dəmir
yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də
biz qatarların sürətini artırmaq üçün indi
artıq bəzi vəsaiti sərmayə olaraq
yatırmışıq və biz bunu etməyi
planlaşdırırıq... Bu gün artıq bizim Rusiya ilə
sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan,
həm də İrandan artan ixrac malların artıq yük
maşınları ilə gətirilməsini
mümkünsüz edir. Buna görə də bizə
"Şimal-Cənub dəhlizi”nin bir hissəsi olaraq
müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu
layihəni də nəzərdən keçirməyi xahiş
etmək istərdim. Gələcək kommunikasiya prosesində
ola bilsin sizə hansı işlərin görüldüyü
və bizim planlarımız ilə bağlı daha ətraflı
məlumat veriləcəkdir”. Bugünədək Asiya
İnkişaf Bankı ilə ölkəmiz arasında
mövcud olan əməkdaşlıq deməyə əsas
verir ki, "Şimal-Cənub dəhlizin”in maliyyələşməsində
də AİB yaxından iştirak edəcək. Çünki
həmin bankın ölkəmizə olan marağı və
etimadı böyükdür.
Yeri
gəlmişkən qeyd edək ki, ölkəmizdə icra edilən
bu kimi nəhəng infrastruktur layihələri beynəlxalq
qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Həmin qurumlar dəfələrlə Azərbaycanda
görülən işlərin təkcə ölkəmiz
deyil, dünya üçün böyük əhəmiyyət
daşıdığını bildiriblər. Azərbaycanda
icra edilən layihələr sayəsində ölkəmiz
dünyada mühüm nəqliyyat dəhlizləri - Şərq-Qərb,
Şimal-Cənub marşrutları üzrə önəmli
qovşağa çevrilib. İndi bu istiqamətlərdə
gedən bütün yollar Azərbaycanda birləşir.
Prezident
İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən
ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələrinin
beynəlxalq təşkilatlar tərəfindən də
yüksək dəyərləndirildiyini vurğulayaraq
demişdir: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda
nəqliyyat sahəsində görülmüş işlərə
yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın
nəqliyyat infrastrukturu Davosun hesabatında dünya
miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər
böyük göstəricidir. Bu göstəriciyə görə
biz bir neçə inkişaf etmiş ölkəni də
qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə
görə, biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının
səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının
səmərəliliyinə görə isə 12-ci yerdəyik”.
"Şərq-Qərb
nəqliyyat dəhlizi”nin yaradılması istiqamətində
ölkəmiz tərəfindən vaxtında atılan
addımlar öz bəhrəsini verir. Belə ki, ötən
il həmin nəqliyyat dəhlizi üzərindən yük
daşınması artıb. Çünki Bakı-Tbilisi-Qars dəmir
yolunun istismara verilməsi bu dəhlizə geniş imkanlar
yaradır. Ən başlıcası isə Azərbaycandan
keçən həmin dəhliz üzərindən təkcə
şərq istiqamətindən yox, eyni zamanda, Rusiya tərəfindən
yüklərin Türkiyəyə və Avropaya
daşınması müşahidə edilir. Bir sözlə,
"Şərq-Qərb nəqliyyat dəhlizi” ilə
yanaşı, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin də
işlək əmsalı ildən-ilə artır. Bu da ölkəmizin
həm iqtisadi inkişafına, həm də beynəlxalq aləmdə
nüfuzunun artmasına imkan verir.
Rüstəm KAMAL
Azərbaycan.-2020.- 4 iyun.- S.10.