Davamlı inkişafı təmin edən islahatlar kursunun banisi

 

 

Tarix boyu hər bir xalqın davamlı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxaraq sabit dövlətçilik ənənələri formalaşdırması milli lider amili ilə sıx bağlı olmuşdur.

Bugünün özündə də dünyanın bir sıra nüfuzlu dövlətləri məhz öz liderlərinin müəyyənləşdirdiyi mütərəqqi strategiya əsasında irəliləyir, gələcək perspektivlərini bu uğur yolundan kənarda təsəvvür etmirlər. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət, dərin zəkası, fitri idarəçilik keyfiyyətləri və xarizması ilə Ümummilli Liderlik zirvəsinə yüksəlmiş Heydər Əliyev də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi bu gün böyük ehtiramla xatırlanır.

Müstəqil Azərbaycanın bu gün sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri həmin illərdə məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Ümumilikdə 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.

Həyata keçirilən islahatlar sayəsində Azərbaycan həmin illərdə aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilir, yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu. Müdrik rəhbərin səyləri nəticəsində respublikamız eyni zamanda keçmiş ittifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı. Həmin dövrdə keçmiş ittifaq miqyasında istehsal olunan üzümün 27, pambıq mahlıcının 9,2 faizi respublikamızın payına düşürdü.

Eyni zamanda Azərbaycan neftinin mərkəzə daşınmasından daxilən narazı olan Heydər Əliyev qeyri-neft sahəsinə diqqət yetirmiş, buna maliyyə vəsaitinin ayrılmasına nail olmuş, bununla da respublikamızın regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir.

Ötən əsrin 70-ci illərində neft sənayesinin inkişafında da yüksəliş hiss olunmuş, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Onun müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz dahi rəhbərinin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.

Bütün bunlar təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmiş liderdir. Xüsusi vurğulamaq istərdim ki, azərbaycanlı gənclərin, o cümlədən ali təhsildə fərqlənən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi də Ulu Öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Azərbaycanın gələcəyi naminə uzaqgörənliklə əsası qoyulmuş bu ənənə milli elmi potensialın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdı. Ümumiyyətlə, o dövrdə Heydər Əliyevin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq deyirdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olmuş, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, sınaqlarından üzüağ çıxarmış, milli xilaskara çevrilmişlər. Belə müdrik dövlət xadimləri ən çətin vəziyyətlərdən az itki ilə çıxış imkanı yaradan optimal qərarlar qəbul etmiş, xalqlarının mənafeyi naminə həyatlarını riskə atmaqdan belə çəkinməmişlər. Azərbaycan xalqının müasir tarixində əvəzolunmaz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev də məhz xilaskarlıq və quruculuq missiyası ilə sağlığında Ümummilli Liderə çevrilmişdir.

Hadisələrin gələcək inkişaf axarını böyük uzaqgörənliklə duymaq bacarığı, sözünü məqamında deməsi, bütöv və prinsipial xarakteri sayəsində Ulu Öndər hadisələrin fövqünə qalxaraq idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Böyük öndərin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması, milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilməsi, burada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağının ucaldılması, habelə keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkənin ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. 1993-cü ilin iyun ayında Gəncədə baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsi, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanması təhlükəsini alovlandırmışdı.

Ümummilli Liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir. Bu da təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və Qurtuluş mərhələsi kimi dəyərləndirilir.

Xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin 10 oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, dünya təsərrüfat sisteminə inteqrasiya, xarici iqtisadi əlaqələrin gücləndirilməsi, münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını təşviq edən liberal inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

Sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da strateji məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Bu müqavilə, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

Ulu Öndər Heydər Əliyevin həmin illərdə müəyyənləşdirdiyi iqtisadi islahatlar bir tərəfdən ağır iqtisadi böhran və tənəzzül şəraitində əhalinin sosial vəziyyətini qismən də olsa yaxşılaşdırmağa, digər tərəfdən iqtisadi inkişafa xidmət edən islahatları təxirə salmadan həyata keçirməyə xidmət edirdi. Sirr deyildir ki, 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır, əhalinin maddi və sosial vəziyyətini ağırlaşdırırdı. Həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılı idi. Bu reallığı düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımların həyata keçirilməsini təmin etdi. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanıldı və bu sahədə islahatlar qısa zamanda "Açıq qapı” siyasətinin tətbiqi zərurətindən irəli gəlirdi.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla bağlı olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Beləliklə, bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanmasına yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar həmin illərdə geniş beynəlxalq dəstək almış, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlayaraq ölkəmizə maliyyə yardımı göstərməyə başlamışdılar. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn islahatlar həyata keçirilmişdir. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təminatına nail olunmuşdur.

Bütün bunların nəticəsi olaraq 1996-cı ildən ölkədə ümumi daxili məhsulun artımına nail olunmuş, 1997-ci ildə bu artım 5,8 faiz təşkil etmişdir. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, 1998-ci ildə daha da inkişaf etmişdir. Qısa zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başlamış, bu, ilk növbədə, sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımların nəticəsi olmuşdur. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.

1997-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

 

1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdi. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdi.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında”, "İnvestisiyaların qorunması haqqında”, "İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli Lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümimi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

2003-cü ildən bu siyasəti uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident

İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən dövrdə xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Dövlət başçısı Azərbaycanı enerji resurslarından asılı olmayan müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, "Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.

Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə ötən 17 ildə 10 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 50 faizi ötmüşdür. Bundan əlavə, qısa müddətdə Azərbaycanın valyuta ehtiyatlarının 51 milyard dollar səviyyəsinə yüksəlməsi, ixracın idxalı üstələməsi makroiqtisadi sabitliyin və manatın məzənnəsinin qorunub saxlanılması baxımından uğurlu göstəricilərdir.

Xüsusilə hazırkı pandemiya dövründə ölkədə uğurla reallaşdırılan iqtisadi islahatlar, eləcə də sahibkarlığa dövlət dəstəyi tədbirləri davam etdirilir. Dövlət başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açmışdır.

Pandemiya dövründə xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Prezidentin 1 mart 2016-cı il tarixli "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır.

Ümumilikdə son illərdə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması, icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması,sahibkarların hüquqlarının qorunması məqsədilə apelyasiya şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə” prinsipinin tətbiq olunması, ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi, idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması həyata keçirilmişdir.

Azərbaycanın son illərdəki dinamik inkişafının real göstəricilərindən biri də mərkəzin dotasiyalarından asılı olan rayonların sayının ilbəil azalmasıdır. 2020-ci ildə Azərbaycanın 65 rayon və şəhərindən 34-nə mərkəzi büdcədən vəsait ayrılmayıb. Bu isə regionların iqtisadi və sənaye potensialının son illər əhəmiyyətli dərəcədə möhkəmlənməsindən xəbər verir.

2018-ci ilin 11 aprel seçkilərindən sonra genişmiqyaslı islahatlarda keyfiyyətcə yeni mərhələ başlanmış, əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir. Respublikamız daha da güclənmiş, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atmış, insan amili həyata keçirilən siyasətin prioritetini təşkil etmişdir. Sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində dövlət başçısı cənab

İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti postneft strategiyası dövründə həyata keçirilən çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmişdir.

Sistem xarakterli islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması istəyi özünü daha qabarıq büruzə verir. İndiki mərhələdə dövlət başçısının başlıca tələbi yeniliklərlə ayaqlaşmaq, aparılan islahatların mahiyyətini düzgün dərk edərək ona dəstək vermək, bürokratik və neqativ amillərdən tamamilə uzaq olmaq, xalq üçün işləmək, hər bir vətəndaşın mənafeyini uca tutmaqdır. Son aylarda korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirlərinin həyata keçirilməsi, yarıtmaz kadrlar barəsində sərt ölçülərin götürülməsi idarəçiliyin təkmilləşdirilməsi naminə ciddi siyasi iradənin mövcudluğunu bir daha təsdiqləyir.

Dünya ölkələrinin əksəriyyətinin son 6 ayda koronavirus pandemiyası qarşısında ciddi sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə üzləşdiyi, hətta vəziyyətə nəzarəti itirdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin reallaşdırılması dövlətimizin rəhbərinin müdrik və uzaqgörən siyasətinin nəticəsi kimi cəmiyyətdə yüksək qiymət alır. Son 3 ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən onlayn beynəlxalq tədbirlərin nüfuzlu əcnəbi iştirakçıları, dövlət və hökumət başçıları, müxtəlif təşkilatların nümayəndələri respublikamızın bu sahədə keçirdiyi tədbirləri mütərəqqi, öyrənilməsi və tətbiqi zəruri olan model kimi dəyərləndirirlər. İqtisadi tənəzzül keçirən 150-dən çox ölkənin Beynəlxalq Valyuta Fondu və Dünya Bankına yardım üçün müraciət etdiyi bir dönəmdə Azərbaycanın digər dövlətlərə və qurumlara yardım göstərməsi mühüm uğurlar sırasında qeyd olunmalıdır.

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 3,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketinin qəbulu cəmiyyətdə böyük razılıqla qarşılanmışdır. Pandemiya dövründə mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün ciddi güzəştlərin nəzərdə tutulması iş adamlarına dəyən zərərin kompensasiya edilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın, ümumilikdə 600 minə yaxın insanın dövlətdən maddi yardım alması ölkə rəhbərinin daim xalqın yanında olduğunun əyani təsdiqidir.

Ölkəmizdə istər sosial-iqtisadi inkişaf, istərsə də sahibkarlığın inkişafı istiqamətində atılan addımlar Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtda da özünü qabarıq göstərir. Şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin son illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Şəhər rəhbərliyinin ötən illərdə əldə etdiyi uğurlar - inkişafın əsasını müəyyən edən idarəetmənin elmi əsaslarla düzgün aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmişdir. Sumqayıt son illər yalnız yaşayış məntəqəsi kimi deyil, eyni zamanda sağlam ictimai iqlim zonası və ölkənin sosial-iqtisadi inkişafında yeri olan ərazi təsərrüfat kompleksi kimi inkişaf edir. İş adamı olaraq şəhərdə sahibkarlarla münasibətlərin sağlamlaşdırılması, qarşılıqlı faydalı əlaqələrin inkişafı, səmərəli layihələrin dəstəklənməsi istiqamətində atılan addımları da xüsusi vurğulamaq istərdik.

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində əminliklə deyə bilərik ki, Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə baxır. Mütləq əksəriyyət əmindir ki, Azərbaycan xalqının milli mənafeyinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2020.- 12 iyun.- S.1;7.