Yüksək kredit reytinqi Azərbaycana dünyanın aparıcı bank-maliyyə institutları ilə səmərəli əməkdaşlıq imkanı verir

 

Dünyanın aparıcı maliyyə-kredit institutları pandemiya dövründə də Azərbaycanla əməkdaşlığa üstünlük verərək, onu yeni mərhələyə çıxarmaq üçün müraciətlər edirlər. Bu, ölkəmizin, dövlətimizin başçısının həm nüfuzunun, həm də Azərbaycanın etibarlı tərəfdaş olmasının göstəricisidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, hətta pandemiya dövründə nüfuzlu bankların, maliyyə qurumlarının ölkəmizə qarşılıqlı səmərə verən əməkdaşlıq üçün müraciət etməsi bir çox reallıqlardan xəbər verir.

Bu ilin əvvəlinə birbaşa xarici dövlət borcumuzun 8,32 milyard, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklərin 771 milyon, ümumilikdə xarici dövlət borcumuzun 9,1 milyard dollar olduğunu deyən icraçı direktor bildirib ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcumuzun ÜDM-ə nisbətinin azalan tendensiya üzrə davam edəcəyini söyləmək olar: "Hətta dövlətin borc strategiyasında bildirilir ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb edilən yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faizə düşəcəyi proqnozlaşdırılır”. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanlarının geniş olduğunu deyən iqtisadçının sözlərinə görə, bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında yer almağımızı göstərir: "Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadır - 238 faiz. Bizim bölgədə isə ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. Bu gün COVID-19 pandemiyası səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, Böyük 20-lik və s. qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-yə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır. Azərbaycanda isə ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olmuşdur ki, bu da borc strategiyasında nəzərdə tutulan 15 faizdən əhəmiyyətli dərəcədə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institusional altyapıdır”.

Yeri gəlmişkən, qeyd edək ki, dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənsə də, Azərbaycanda bu göstərici 20 faiz ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu, faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada - ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır.

Dünyada borclanma ilə bağlı son vəziyyəti şərh edən V.Qasımlı deyir ki, qlobal olaraq dövlət borclarının cari il ərzində 13 faiz bəndi qədər artaraq dünya ÜDM-in 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstəricinin orta dünya səviyyəsindən beş dəfə aşağı olduğunu bildirən icraçı direktor eyni zamanda fiskal balansın inkişaf edən ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9.1 və

-5.7 faizinə qədər çataçağının gözlənildiyini diqqətə çatdırır: "İnkişaf edən ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu ilin yanvar ayının sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb. Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, belə ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb. Bundan başqa, BVF tərəfindən Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına daxil olan, inkişaf edən 76 ölkə və 13 ada ölkəsinə, eyni zamanda 25 ən yoxsul ölkəyə borcların restrukturizasiyası və ödəmələrin qismən saxlanılması təklif olunub”.

Azərbaycanın strateji valyuta ehtiyatları ola-ola xaricdən borc cəlb etməsinə aydınlıq gətirən icraçı direktor bunları deyib: "Məsələn, 2019-cu ildə dövlət büdcəsi hesabına imzalanmış kredit müqavilələrinin faiz dərəcəsi Euribor və LİBOR stavkası əsasında müəyyənləşib. Hər iki indeks isə hazırda mənfi işarəyə malikdir, yeni kreditlər üzrə faiz dərəcəsi 1 faizin altındadır. Əlbəttə, burada valyuta riskini də nəzərə almaq lazımdır. Müqayisə üçün deyək ki, 2019-cu ildə Dövlət Neft Fondunun portfelinin ümumi gəlirliliyi daha yüksək həddə olub - 5,3 faiz. Təsəvvür edin ki, ötən il biz xarici vəsaiti 0-1 faiz xərclə cəlb etdiyimiz halda, xaricdə yerləşdirilən aktivlərimizdən 5,3 faiz qazanmışıq. Aradakı təxminən 5 faizlik fərq bizim qazancımızdır. Üstəlik, nəzərə almaq lazımdır ki, ötən il Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankından cəlb etdiyimiz kreditlərin 3-6 il güzəşt dövrü var”.

Digər tərəfdən, dünyanın aparıcı maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin tədiyyə qabiliyyəti və etibarlı partnyor kimi imicini gücləndirir. Eyni zamanda bu yolla beynəlxalq standartların tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi, şəffaflılıq və hesabatlılıq, həmçinin səmərəlik sahəsində irəliləyiş əldə edirik. Azərbaycana sərmayə qoyan ciddi investorlar həm də ölkəmizin inkişafında maraqlı olurlar. Bu isə əlavə qarantiyalar deməkdir. Xaricdən cəlb edilən vəsaitin tədiyyə balansına, fiskal balansa və yerli valyuta bazarına müsbət təsirlərini də qeyd etmək lazımdır. Hətta Asiya İnkişaf Bankının ayıracağı bəzi kreditlərin manatla ifadə olunması mümkündür ki, bu da yerli valyutaya inamı gücləndirir. "Amma bütün hallarda xaricdən cəlb edilən kreditlər o dərəcədə səmərəli istifadə olunmalıdır ki, gəlirlilik səviyyəsi həm xərcləri bağlasın, həm də ölkə üçün əlavə dəyər yaransın. Xarici borcdan səmərəli istifadə əsas prioritet olmalıdır”, - deyə V.Qasımlı vurğulayıb.

Bəs ölkəmizdə xarici kreditlərdən nə dərəcədə səmərəli istifadə olunur? Bu suala cavab verən icraçı direktor deyib ki, məsələn, Asiya İnkişaf Bankı müxtəlif ölkələrdə öz layihələrinin uğur dərəcəsini qiymətləndirir. Azərbaycanda bu göstərici 80 faizdir və bu, regionumuz üçün yaxşı göstəricidir: "Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda 75, Qırğıstanda 67,6, Özbəkistanda 65,5 və Qazaxıstanda 53,8 faizdir”. Elə həm də bu səbəbdən beynəlxalq maliyyə qurumları Azərbaycana kredit verməkdə maraqlıdırlar. Bundan əlavə, Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə rəy yaradıb. "Bu gün ölkəmizin strateji ehtiyatları onun xarici borcundan beş dəfə çoxdur. Üstəlik, ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların emissiyasına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur”, - deyə iqtisadçı bildirib.

Bütün bunların fonunda isə indiki mürəkkəb zamanda - qlobal böhranın astanasında olan əksər ölkələrin maliyyə mənbələri axtardığı dövrdə nüfuzlu maliyyə-kredit institutlarının əməkdaşlıq üçün Azərbaycana müraciət etmələri təbiidir.

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 12 iyun.- S.1;9.