Əhalinin
içməli su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsi yaxşılaşdırılır
Qarabağ
torpağında yerləşən Ağcabədi rayonunun
inkişafı üçün son illərdə mühüm
işlər görülüb
İyunun
3-də Ağcabədi şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemləri istismara verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Cəbhəyanı
ərazidə yerləşən Ağcabədi şəhərində
əhalinin içməli su təchizatı və kanalizasiya
xidmətlərindən istifadəsinin
yaxşılaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində 2017-ci ildə
"Ağcabədi şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin
icrasına başlanıb. Azərbaycan hökuməti və
Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi
"Su təchizatı və kanalizasiya investisiya proqramı”
çərçivəsində icra olunan layihə 2035-ci ilədək
perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.
Prezident
İlham Əliyev Ağcabədi şəhərinə
içməli suyun verilməsini təmin edən qurğunu
işə saldı.
Rayon
İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov
dövlətimizin başçısına məlumat verdi ki,
Ağcabədi şəhərini içməli su ilə təmin
etmək üçün mənbə olaraq yeraltı sular
seçilib və bu məqsədlə 14 subartezian quyusu
qazılıb. Su mənbəyindən şəhərə 15
kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin
dayanıqlı su təchizatı məqsədilə hər
birinin tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə
çərçivəsində Ağcabədi şəhərində
350 kilometr içməli su xəti çəkilib, 8500
ünvana ev birləşməsi verilərək su
sayğacları quraşdırılıb. Suyun optimal idarə
olunması üçün 618 siyirtmə, yanğın təhlükəsizliyi
məqsədilə 905 yanğın hidrantı
quraşdırılıb. Hazırda şəhər əhalisi
yeni çəkilmiş şəbəkə vasitəsilə
24 saat keyfiyyətli içməli su ilə təmin olunur.
Ağcabədi
şəhərində tullantı sularının idarə
edilməsi məqsədilə 305 kilometr tullantı su şəbəkəsi,
4 kanalizasiya-nasos stansiyası, 9 kilometr kanalizasiya kollektoru
inşa edilib. Yeni yaradılmış tullantı su şəbəkəsindən
ünvanlara birləşmələr verilib. Şəhərdə
yaranacaq tullantı suların zərərsizləşdirilməsi
məqsədilə məhsuldarlığı sutkada 10 min
kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə son
tamamlama işləri aparılır. İstehlakçılara
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi
məqsədilə Ağcabədi Sukanal Sahəsi
üçün müasir tipli inzibati bina tikilib.
Azərbaycan.-2020.- 5 iyun.- S.2.