"Asan
Həyat" kompleksi - yeni xidmət, istirahətlər, əyləncə
mərkəzi
Qarabağ
torpağında yerləşən Ağcabədi rayonunun
inkişafı üçün son illərdə mühüm
işlər görülüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də
Ağcabədidə "ASAN Həyat” kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Prezidentin köməkçisi - Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov və
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin
başçısına məlumat verdilər.
Bildirildi
ki, Ağcabədi "ASAN Həyat” kompleksinin tikintisinə
2018-ci ilin aprel ayında başlanılıbvə bu ilin
iyunundaişlər başa çatdırılıb. Kompleksin
ümumi sahəsi 7290 kvadratmetrdir.
Prezident
İlham Əliyev "ASAN Həyat” kompleksini işə
saldı.
"ASAN
Həyat” kompleksinə "ASAN xidmət”, "ASAN kommunal” mərkəzləri,
"ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial
İnkişaf Mərkəzi və vətəndaşların
istirahəti və əylənməsi üçün bir
sıra sahələr daxildir. Ağcabədi regional "ASAN
xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl,
Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab
rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa
xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş
və 45 könüllü çalışacaq.
Ağcabədi
"ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci "ABAD
Food Hall” fəaliyyətə başlayıb. Digər "ABAD
Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən
qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların
sərgi-satışı təşkil edilib. "ABAD” publik
hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı
ailələrinin sayı 16 nəfər artaraq 429-a
çatıb və onlara 30-a yaxın xidmət göstərilir.
Daha
sonra Prezident İlham Əliyevə innovativ yeniliklər barədə
məlumat verildi. Qeyd olundu ki, "ASAN İnnoland” pandemiya ilə
əlaqədar bir sıra yeniliklərə imza atıb, onlardan
biri də istehsalçısı milli startaplar olan süni nəfəs
aparatıdır.
Prezident
İlham Əliyev: Bu, sınaqdan keçib?
Ülvi
Mehdiyev: TƏBİB müayinədən keçirib, müəyyən
rəy yazıb, o rəyə uyğun da baxacağıq. Bu isə
gündəlik istifadə edilən əşyaların
dezinfeksiyası üçündür. Bu, eskalatorlar
üçün hazırlanıb, fırlandıqca ultrabənövşəyi
şüalarla dezinfeksiya olunur. Bu isə temperaturu müəyyən
edir, virusu yandırır, onu içəri keçməyə
qoymur. Bu isə üz maskasıdır, bizdə istehsal olunur.
DOST mərkəzlərinə paylamışıq, əməkdaşlar
xidmət zamanı istifadə edirlər.
Sonra
dövlətimizin başçısına smart aptek aparatı
barədə məlumat verildi. Bildirildi ki, bu aparat vasitəsilə
vətəndaşlar onlara lazım olan dərmanları
seçə, dərmanın qiyməti, təyinatı barədə
məlumat ala və ödəniş edib preparatı
götürə bilər.
Ülvi
Mehdiyev: Vətəndaş pulu daxil edir, kağız pul da
alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə
ərzində içəridə tapır və təqdim edir.
Prezident
İlham Əliyev: İndiki
şəraitdə bunun xüsusi əhəmiyyəti var.
Ülvi
Mehdiyev: Sizin tapşırığınızla müəyyən
pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq
üçün mütləq tibb müəssisinə getməlidir.
Amma bu smart apteklər hər yerdə quraşdırıla
bilir.
Qeyd
edək ki, yerli istehsal olan smart aptek aparatının
küçələrdə, iri ticarət mərkəzlərində,
"ASAN xidmət”lərdə qoyulması
planlaşdırılıb. 500 dərman növünün
olduğu bu aparatın xaricə ixracı nəzərdə
tutulub.
Daha
sonra dövlətimizin başçısına dezinfeksiya
robotu barədə məlumat verildi. Qeyd olundu ki, bu robot vasitəsilə
bütün ictimai məkanları dezinfeksiya etmək
mümkündür. Xaricdə istehsal olunan bu aparatın yerli
istehsalı planlaşdırılır. Bundan əlavə,
Prezident İlham Əliyevə rəqəmsal icra hakimiyyəti
sistemi barədə də məlumat verildi. Bu sistemin fəaliyyəti
sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının
yaradılmasına nail olmaq mümkündür. Bunun sayəsində
tələb olunan sənədlərin sayı 225-dən 104-ə
enəcək.
İnnovativ
yeniliklərdən biri də pandemiya şəraitində
dövlət orqanlarında vətəndaşları qəbul
etmək üçün vahid e-qəbul portalının
yaradılmasıdır. Vətəndaş mobil telefon və
elektron hökumət portalında yaratdığı kabinetindən
istifadə edərək qəbula yazıla bilər.
Ülvi
Mehdiyev: Onun üçün qəbul vaxtı müəyyən
olunur. Həmin vaxt videoqəbul keçirilir. Hətta biz
şikayətləri prioritetləşdirə bilirik.
Bütün bunlar vahid sistemdə toplanır, analitik təhlil
olunur. Şikayətləri təsnifatlaşdırmaq
mümkündür.
Bundan
başqa, yeni elektron rəngləmə sistemi də
hazırdır. Onun vasitəsilə ağ-qara foto və video
materialları rəngləmək mümkündür. Onu da deyək
ki, Ağcabədi "ASAN Həyat” kompleksi üçün
ayrılmış ərazidə geniş park salınıb,
100 avtomobil üçün dayanacaq yaradılıb.
Mərkəzlə
tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN
könüllüləri ilə görüşdü.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Bu
gün növbəti "ASAN Həyat” Mərkəzinin
açılışını edirik. Bu münasibətlə
sizi təbrik edirəm. Mənim göstərişimlə
Ağcabədi rayonunda müasir, gözəl "ASAN Həyat”
Mərkəzi yaradılıb və bu gün istifadəyə
verilir. Mərkəzlə tanışlıq çox xoş təəssürat
bağışlayır. Həm xarici
görünüşü, həm də daxili dizaynı, tərtibatı
çox gözəldir. Ən önəmlisi odur ki, burada vətəndaşlara
320 xidmət göstəriləcək. Bu bölgədə
yaşayan səkkiz yüz min insan bu imkanlardan istifadə edə
bilər.
Növbəti
"ASAN xidmət” mərkəzinin açılışı
çox əlamətdar hadisədir. Çünki biz qısa
müddət ərzində "ASAN xidmət” mərkəzlərinin
sayını 19-a çatdırdıq və bu proses davam
etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə
tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində
isə işlər davam etdirilir. Beləliklə, biz
bütün ölkəmizi "ASAN xidmət” mərkəzləri
ilə əhatə edəcəyik. Əslində, bizim
planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü
irəli sürəndə mənim qəti fikrim ondan ibarət
idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən
buna şübhə etmirdim, - bütün ölkə üzrə
"ASAN xidmət” mərkəzləri yaradılmalıdır
və bütün vətəndaşlara keyfiyyətli xidmətlər
göstərilməlidir. Biz bu işi ardıcıllıqla
görürük. Bu gün bu mərkəzin işinə start
verərkən gördüm ki, "ASAN xidmət”in fəaliyyətə
başladığı dövrdən indiyə qədər təxminən
38 milyon müraciət olmuşdur. "ASAN xidmət”in fəaliyyətini
ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların
bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar
ki, 100 faiz vətəndaşlarımız "ASAN xidmət” mərkəzlərindən
məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz
də, istəyimiz də insanlar üçün çox
gözəl, rahat və şəffaf xidmət yaratmaqdır.
Biz buna nail ola bildik.
Bu
gün "ASAN xidmət” ölkəmizin intellektual məhsuludur.
Mən bir dəfə demişəm, bir daha demək istəyirəm
ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə
ölkə ilə bizim "ASAN xidmət” mərkəzlərinin
o ölkələrdə yaradılması ilə əlaqədar
müqavilələr imzalanıb. Bəzi ölkələrdə
artıq "ASAN xidmət” mərkəzləri fəaliyyətə
başlayıb. Bu, bizim milli brendimizdir. "ASAN xidmət”in fəaliyyətə
başlaması və uğurla fəaliyyət göstərməsi
bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir.
"ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin
açılışında mənə yeni innovativ layihələr
təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu
layihələrin böyük əksəriyyəti həyatda
öz əksini tapır.
"ASAN
xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların
inkişafına da çox böyük təkan vermişdir.
Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad
edən gənclərdir. Beləliklə, qısa müddət
ərzində ölkəmizin ictimai xidmətlər sahəsində
inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il
bundan əvvəl heç kim təsəvvür edə bilməzdi
ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər.
Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni
zamanda, bu mərkəzlərdə şəffaflığın
dərəcəsi mütləqdir. Yəni, "ASAN xidmət”in
əsas xüsusiyyətlərindən biri də odur ki,
insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan,
korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar
ki, ən korrupsiyalaşmış sahələrdən biri idi.
İnsanlar onlara qanun çərçivəsində təqdim
ediləcək bir arayış üçün həftələrlə,
bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan
xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri
rüşvət müqabilində alırdılar. Amma
artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə
aradan qaldırılıb. Bu, bir də onu göstərir ki,
harada güclü iradə var, düşünülmüş
siyasət var və icraedici mexanizmlər təkmilləşib,
orada həmişə nəticə də olacaq.
Bildiyiniz
kimi, "ASAN xidmət” mənim təşəbbüsümlə
yaradılmışdır və mənim göstərişlərim
əsasında öz fəaliyyətini genişləndirmişdir.
Ancaq "ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir -
"ASAN xidmət”in rəhbərləri, kadrları,
işçiləri. Bu gün biz elə bir mükəmməl
sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə
bilərik. İnsanların rahatlığını, ədaləti,
şəffaflığı təmin etdik. Ona görə
"ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi
deyil, tamamilə yeni bir təfəkkürün ortaya
qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin
tətbiq edilməsidir. Ölkəmizin müasir
inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür,
böyük bir layihədir. Bunun çox böyük ictimai mənası
var. Əlbəttə ki, burada işləyən insanlar, öz
xidmətləri, öz işləri ilə "ASAN xidmət”i
bu yüksək səviyyəyə qaldırdılar.
Çünki hətta ən yaxşı bir layihə, ən
yaxşı bir təşəbbüs əgər
düzgün icra edilmirsə, onun səmərəsi olmur.
Mən
çox şadam ki, "ASAN xidmət” mərkəzlərində
işləyənlərin mütləq əksəriyyəti,
demək olar ki, hamısı gənclərdir, o cümlədən
könüllülər bütün mərkəzlərdə
fəaliyyət göstərirlər. Mənə verilən məlumata
görə, Ağcabədi "ASAN xidmət” mərkəzində
200-dən çox işçi və 45 könüllü fəaliyyət
göstərəcək. Əslində, Azərbaycanda
könüllülər hərəkatı "ASAN xidmət”dən
başlamışdır. O vaxta qədər Azərbaycanda
könüllülər hərəkatı
olmamışdır. "ASAN xidmət”dən sonra digər sahələrdə
də könüllülər fəaliyyətə
başladılar. O cümlədən ölkəmizdə
keçirilmiş böyük beynəlxalq idman
yarışlarında – Avropa və İslam Həmrəyliyi
oyunlarında könüllülər böyük xidmət
göstərmişlər. Könüllülərsiz biz bu
böyük yarışları keçirə bilməzdik. Bu
gün mənim göstərişimlə digər sahələrdə
də könüllülər fəaliyyət göstərir.
Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında,
nazirliklərdə, dövlət şirkətlərində
könüllülər işə cəlb edilsin, onlar təcrübə
keçsinlər. Çünki bugünkü
könüllülər sabahın rəhbərləridir. Təsadüfi
deyil ki, mənim Sərəncamımla bu il
"Könüllülər ili” elan edilmişdir. Bu, bir daha
bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz
diqqəti və münasibəti əks etdirir.
Beləliklə,
gənclər "ASAN Həyat”, "ASAN xidmət” mərkəzlərində
fəaliyyətləri ilə Vətənə çox
böyük xidmət göstərmiş olurlar. Əlbəttə
ki, burada peşəkarlıq da yüksək səviyyədədir.
Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin
tamamilə yeni forması Azərbaycanda tətbiq olunur.
Çünki əvvəlki dövrdə ictimai xidmətlər
sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa,
deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala
çevrilmişdir. Amma "ASAN xidmət” mərkəzlərində
buraya gələn hər bir vətəndaşa hörmət
göstərilir, onların problemləri operativ qaydada, şəffaf
şəkildə həll olunur. Ona görə biz haqlı
olaraq fəxr edə bilərik ki, "ASAN xidmət” Azərbaycanın
milli brendidir. Təsadüfi deyil ki, BMT "ASAN xidmət” mərkəzlərinin
fəaliyyətini yüksək qiymətləndirib, xüsusi
mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq
müstəvidə tanıdılması ölkəmiz
haqqında düzgün təsəvvürün yaranmasında
da rol oynayır.
Biz əməkdaşlığa
açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə
ölkə ilə bu mərkəzlərin o ölkələrdə
yaradılması ilə əlaqədar işlər
görmüşük və müvafiq addımlar da
atılıb. Növbəti mərhələdə həm bu
il, həm gələn il bölgələrdə, Bakı
şəhərində yeni mərkəzlərin
açılışı nəzərdə tutulur. Hazırda
Bakıda beş mərkəz fəaliyyət göstərir.
Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə
sıxlıq müşahidə olunur. Çünki birincisi,
xidmətlərin sayı artdı. "ASAN xidmət” fəaliyyətə
başlayanda xidmətlərin sayı, səhv etmirəmsə,
100-ə qədər idi, indi isə 320-dir. Əhali də
artır və müraciətlərin sayı da artır. Ona
görə Bakı şəhərində əlavə iki mərkəzin
yaradılması ilə bağlı qərar qəbul edildi.
Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin
hər birində ikinci mərkəzin
açılışı nəzərdə tutulur və digər
şəhərlərdə.
Nəzərə
alsaq ki, "ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət
göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində
ölkəmizin bütün bölgələrini əhatə
edəcəyik və insanlara çox gözəl xidmət
göstərəcəyik. Mən hər bir yeni mərkəzin
açılışında bir yenilik də görürəm.
Çünki "ASAN xidmət” öz fəaliyyətini
genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir
və ailə təsərrüfatlarının inkişafı
ilə əlaqədar dövlət dəstəyi xüsusi rol
oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət
göstərən ailə təsərrüfatları öz məhsullarını
artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə
başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza
böyük töhfədir.
Bildiyiniz
kimi, hazırda biz özünüməşğulluq
proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10
min insan bu proqrama cəlb ediləcək. O cümlədən
ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri
də özünüməşğulluq proqramına
böyük dəstəkdir. Bilirəm ki, mənim
çağırışımla özəl şirkətlər
də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait
ayırıb ki, bu sahədə işlər daha geniş
vüsət alsın.
Bu mərkəz
Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət,
eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada
iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə,
Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin
asudə vaxtlarını keçirmələri
üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət
göstərir. Ona görə bu mərkəz insanları cəlb
edəcək. Ağcabədi gəncləri burada işlə təmin
olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri
yaradılır ki, bu iş yerlərində gənclər
çalışacaqlar.
Bu mərkəzin
Ağcabədi rayonunda yaradılması təsadüfi deyil.
Ağcabədi əhali baxımından ölkəmizin ən
böyük rayonlarından biridir. Ağcabədi Qarabağ
torpağında yerləşir və son illərdə rayonun
inkişafı üçün bir çox işlər
görülübdür. Bu, mənim Ağcabədiyə
Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində
çox böyük işlər görülübdür.
Ağcabədidə infrastruktur tamamilə təzələnib.
Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə
problemlər var idi. İndi bu problemlər aradan
qaldırılır. Bu gün Ağcabədidə
açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji
ilə təchiz edəcək. Ağcabədidə
qazlaşdırmanın səviyyəsi 90 faizdən
çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada
insanlar ümumiyyətlə qazın nə olduğunu
unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı
yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni
yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda
yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait
ayrılması nəzərdə tutulub. Mənə verilən
məlumata görə, Ağcabədi rayonunun şəhər
və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40
faiz üçün də bizim proqramlarımız var.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında onlar təsbit edilib. Biz bütün yolları
abadlaşdıracağıq.
İçməli
su layihəsi öz həllini tapır. Bu gün biz Ağcabədi
şəhərinə içməli suyun verilməsini qeyd edəcəyik.
Bu da böyük layihədir. Çünki həmişə
Ağcabədidə içməli su böyük problem idi. Bu
məsələ də öz həllini tapır. Mənim Sərəncamımla
suvarma suyu ilə bağlı 115 subartezian quyusu
qazılıbdır və əlavə 30 quyu qazılacaq.
Çünki kənd təsərrüfatının
inkişafı üçün su əsas amillərdən
biridir.
Rayon
mərkəzi xəstəxanası tikilib. Ölkəmizin
rayonlarda yerləşən ən böyük xəstəxanalarından
biridir. Özü də müasir standartlara cavab verən
avadanlıqla təmin edilib. Olimpiya İdman Kompleksi, Qarabağ
Muğam Mərkəzi, "ASAN Həyat” kompleksi -
bütün bunlar mənim təşəbbüsümlə və
dövlət büdcəsi hesabına görülmüş
işlərdir. Ona görə Ağcabədi rayonunun
infrastrukturuna, sosial obyektlərinə, insanları narahat edən
problemlərin həlli üçün nəzərdə
tutulmuş layihələrə çox böyük vəsait
qoyulubdur. Bu, bir daha onu göstərir ki, ölkəmizin hər
bir yerində işlər bu səviyyədə görülməlidir,
plan üzrə, ardıcıllıqla, prioritetləri
düzgün müəyyənləşdirməklə.
Bunları biz etmişik. Əgər infrastruktur layihələri
icra edilməsəydi, o biri layihələrin, ümumiyyətlə,
əhəmiyyəti olmazdı. Bu təməli biz
yaratmışıq. Ona görə indi iqtisadi inkişaf daha
sürətlə getməlidir.
Kənd
təsərrüfatını texnika ilə tam təmin
etmişik. Bu gün Ağcabədidə biçin
mövsümünə artıq start verildi. Nəinki Ağcabədi
rayonunu, bütün ölkəmizi, taxılyığan,
pambıqyığan kombaynlarla tam təmin etmişik,
özü də dünyanın ən qabaqcıl şirkətlərinin
istehsalı olan kombaynlarla. Bizim kəndlilər, fermerlər
bunu görməyiblər. Sovet vaxtından qalan
sınıq-salxaq kombaynları onlar güc-bəla ilə təmir
edirdilər, çalışırdılar ki, onlara xidmət
göstərsinlər. Onlar da dəqiqəbaşı
sınırdı, sonra sıradan çıxırdı. Bir
neçə il ərzində texnika təchizatı, ümumiyyətlə,
mövcud deyildi. Ona görə torpaqlar qalmışdı
başsız, əkin-biçin getmirdi. Bunu da həll
etmişik. Ona görə bu, gözəl bir təməldir.
İndi bütün infrastruktur yaradılıb, texnika ilə təchiz
edilib. Əsas indi sahibkarlar gərək öz
sözünü desinlər. Ağcabədidə dörd iri
fermer təsərrüfatı yaradılıb.
Taxılçılıqda fermer təsərrüfatlarının
xüsusiyyəti ondadır ki, məhsuldarlıq ölkə
üzrə orta məhsuldarlıqdan qat-qat üstündür,
o cümlədən pambıqçılıqda. Biz ölkəmizi
bu yolla inkişaf etdirəcəyik və
iqtisadiyyatımızın şaxələndirilməsini təmin
edəcəyik.
Əlbəttə,
"ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir
daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim
müasir yanaşmamız görünür. Onu
görürük və sübut edirik ki, korrupsiya ilə,
rüşvətxorluqla nəinki mübarizə aparmaq
mümkündür, uğur qazanmaq mümkündür. Biz
bütün vasitələrdən istifadə edirik. Əlbəttə,
hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir.
Çünki artıq "ASAN xidmət”in timsalında
görürük ki, burada bu, mümkündür. Ona görə,
bu sistem xarakterli institusional tədbirlərlə biz
korrupsiyanın, kölgə iqtisadiyyatının
meydanını daraldırıq. Ancaq bununla yanaşı,
inzibati tədbirlər və cəza tədbirləri
görülür və görüləcək. Azərbaycan
ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır.
Deyə bilərəm ki, mənim ünvanıma gələn
minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə
bağlı bizim mübarizə çox yüksək qiymətə
layiq görülür. Vətəndaşlar bunu təqdir edir,
bəyənir və biz görürük ki, yerlərdən
artıq siqnallar gəlməyə başlayır. Mən bir
daha demək istəyirəm ki, mütləq ictimai nəzarət
olmalıdır. Məmur özbaşınalığı ilə
bağlı hər bir siqnal araşdırılacaq. Təbii
ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa
qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii
yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq.
Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir
məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir,
onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona
görə, ilk növbədə, ədalət və ictimai nəzarət
təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizədə də
qalib gələcəyik. Təsadüfi deyil ki,
Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə
mübarizə sayəsində görülmüş işlərə
yüksək qiymət verərək Azərbaycanı nümunəvi
ölkə adlandırıb. Bəlkə də başqa
ölkələr haqqında oxşar fikirlər səsləndirilib,
amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə,
Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat
ki, dünya miqyasında bütün səhiyyə sahəsində
işlərə rəhbərlik edir və işləri
koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə
adlandırıb.
Bütün
bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan
güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır, onun
sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz
məqsədyönlüdür, səmərəlidir,
vaxtında atılmış cəsarətli addımlardır.
Biz insanların həyatını qorumaq üçün
şüurlu şəkildə iqtisadi tənəzzülə
və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq
ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik.
İnsanların sağlamlığı birinci yerdədir. Bu,
onu göstərdi ki, ən çətin böhranlı anlarda
biz düzgün addım ata bilərik və güclü iradə
göstərə bilərik. Mən hər gün insanlardan
yüzlərlə təşəkkür məktubu alıram.
Onların cəmi bir hissəsi mətbuatda dərc edilir.
İnsanlar bu məktublarda minnətdarlıqlarını
bildirirlər. Mənim üçün görülmüş
bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların
buna münasibətidir.
Mən
bir daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Sizə fəaliyyətinizdə
uğurlar diləmək istəyirəm. Əminəm ki, siz -
"ASAN xidmət”də çalışan işçilər,
könüllülər, öz işinizlə ölkəmizin
ümumi inkişafına töhfə verəcəksiniz. Bir
daha təbrik edirəm. Sağ olun.
X X X
Sonra
Ağcabədi "ASAN xidmət” mərkəzinin əməkdaşı
Tural NAĞIYEV çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident, Sizi
Qarabağımızın doğma diyarı olan Ağcabədidə
salamlayıram. Bu gün Sizin qarşınızda
çıxış etməklə böyük qürur
yaşayıram.
Möhtərəm
cənab Prezident, dövlətçiliyimizin, müstəqilliyimizin
inkişafı meyillərinə uyğun olaraq, gənclərimizin
daha da yaxşı təhsil alması və aparıcı
qüvvəyə çevrilməsi olduqca önəmli amildir.
Bu baxımdan Sizin rəhbərliyinizlə gənclərlə
bu formada görülən tədbirlər sayəsində Azərbaycan
gəncliyinin inkişafına təkan verilmiş və bizlərin
cəmiyyətdə fərd olaraq özümüzü təsdiq
etməyimizdə böyük rol oynamışdır. Bu dediklərimə
bariz nümunə olaraq, Sizin müəllifi olduğunuz və
dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət” mərkəzləri
dövlət idarəetməsində mühüm bir istiqamətə
çevrilmişdir. Belə ki, yarandığı gündən
etibarən şəffaflığı, korrupsiyaya qarşı
mübarizəni və eləcə də elektron sahədə
institusional islahatların səmərəliliyinin
artırılması və nəhayətdə Sizin
tapşırığınıza əsasən vətəndaşlara
ləyaqətlə xidmət etməyi özünə ümdə
vəzifə seçmiş "ASAN xidmət” mərkəzləri
bu gün, Sizin də bayaq qeyd etdiyiniz kimi, 38 milyon vətəndaş
müraciətini cavablandırmışdır. Sevindirici digər
bir hal ondan ibarətdir ki, bu xidmətlərin həyata
keçirilməsində 4500 nəfər işçi heyəti
iştirak etmişdir. Bunların da mütləq əksəriyyəti
məhz gənclərdir.
Cənab
Prezident, COVID-19 virusu qlobal təsirini hələ də
saxlamaqdadır. Lakin buna baxmayaraq, ölkəmizdə virusun
yarandığı ilk dövrdən etibarən dövlət tərəfindən
aparılan təcili, zəruri və təxirəsalınmaz tədbirlər
sayəsində pandemiyanın zərərləri minimuma
endirilmişdir. Bununla bərabər, Sizin təşəbbüsünüz
və rəhbərliyinizlə dünya ölkələri, beynəlxalq
təşkilatlar və eləcə də tanınmış nəhəng
şirkətlərin rəhbərləri ilə videokonfrans
vasitəsilə həyata keçirdiyiniz tədbirlər
düşünürük ki, pandemiyaya qarşı ümumi
mübarizəni daha da mütəşəkkil etmişdir. Bu tədbirlər
fonunda qeyd etmək istərdim ki, may ayının 14-də
hökumətlərarası COVID-19-a qarşı mübarizədə
"ASAN Qlobal” veb-forumu keçirilmişdir. Bu veb-foruma
dövlət agentliyi ev sahibliyi etdi. Forumda mütləq olaraq
qeyd edildi ki, ölkəmizdə pandemiya dövründə vətəndaşlarımıza
bir çox sahələrdə və bir çox xidmətlər
üzrə yeni innovasiyalardan, texnologiyalardan istifadə edilərək
rahat, çevik və fasiləsiz çıxış
imkanı təmin olundu. Bir çox dövlətlər bu
fürsətlərdən istifadə etmək, eyni zamanda, bu təcrübədən
yararlanmaq üçün öz rəsmi müraciətlərini
ünvanlamışlar.
Möhtərəm
cənab Prezident, çıxışımın sonunda qeyd
etdiyim bütün bu məqamlar, əslində, ölkə rəhbərliyinin
xalqa, bilavasitə gənclərə olan diqqət və
qayğısını əks etdirməkdədir. Belə ki,
biz bir gənc olaraq öz üzərimizə düşən
vəzifəni anlayaraq, yaxşı təhsil alıb öz
ixtisasımıza dərindən yiyələnib, heç bir əks
təsirin Vətən sevgisini üstələməsinə
izn vermədən bu mirası gələcək nəsillərə
ərməğan etməliyik. Odur ki, yaşasın dövlətimiz
və onun müstəqil, müasir və mübariz gəncliyi!
Diqqətinizə
görə minnətdaram.
x x x
Daha
sonra "ASAN könüllüsü”Aytac Abdullayeva
çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident, əvvəla, Sizi
salamlayıram. Sizi doğma Ağcabədimizdə görməkdən
çox şadıq. Ağcabədi sakinləri, eləcə
də biz gənclər rayonumuzda "ASAN xidmət” mərkəzinin
açılacağı günü səbirsizliklə
gözləyirdik. Bir tərəfdən region əhalisi bir məkandan
şəffaf qaydada bir çox dövlət və özəl
xidmətlərdən yararlanacaq, digər tərəfdən isə
gənclərimizə əlavə fürsətlər
açılacaq. Biz və bizim kimi çoxlu gənclər bu
qurumun bir parçası olaraq könüllü fəaliyyət
göstərmək, dövlətimizə və
xalqımıza fayda vermək istəyirik.
Möhtərəm
Prezident, "İnsanların əsl gücü ən çətin
məqamlarda bilinir”, - deyə bir deyim var. Bu gün pandemiya
dövründə Sizi yanımızda görmək bizim
gücümüzə güc qatır. Biz bu çətin
günlərdə Sizin "Biz birlikdə güclüyük!”
şüarınız altında xalqımızın birliyinin
bir daha şahidi olduq. Biz könüllülər də
"Könüllülər ili”ndə bu prosesdən kənarda
qala bilməzdik.
Siz
çıxışlarınızdan birində yaşlı tənha
insanların ehtiyaclarının təmin olunması
üçün biz könüllülərə səsləndiniz.
Elə bununla da ölkəmizin hər yerində bütün
könüllülər səfərbər oldular. "ASAN
könüllüləri” olaraq yaşı 65-dən yuxarı
tənha yaşayan mindən çox insanı ərzaqla və
bir çox tibbi vasitələrlə təmin etdik. Bizlər
karantin elan olunan vaxtdan tibb işçiləri ilə birgə
aeroportda vətəndaşların qarşılanmasına, məlumatlandırılmasına
və zəruri ilkin tibbi ləvazimatlarla təmin olunmasına
kömək etdik. Biz "ASAN könüllüləri” qana
ehtiyacı olan, qan xəstəliyindən əziyyət çəkən
insanlara qan donorluğu edib onların həyatda qalmalarına
yardımçı olduq. Xüsusi qayğıya ehtiyacı
olan 2 mindən çox uşağı və ailəsini ərzaqla
təmin etdik. Biz "Könüllülər ili”nin tam mənada
fədakarcasına yaşandığını gördük.
Biz hamımız əminik, Sizin dediyiniz kimi, milli həmrəylik,
məsuliyyət, milli birliyimiz imkan verəcək ki, biz bu xəstəliyə
qalib gələk.
Bu
gün biz Qarabağ gəncləri olaraq çox rahatıq.
Çünki bilirik ki, arxalana biləcəyimiz dövlətimiz
və Siz varsınız, cənab Prezident. Eyni zamanda, dövlətimiz
də bizə arxalana bilər. Çünki biz də digər
könüllülər kimi xalqımızın və dövlətimizin
rifahı üçün əlimizdən gələn hər
şeyi edəcəyik. Hər zaman yanımızda olduğunuz
üçün Sizə təşəkkürümüzü
bildirirəm. Bunu da qeyd etmək istəyirəm ki, biz də hər
zaman Sizin yanınızdayıq.
x x x
Prezident
İlham Əliyev: Çox sağ olun. Sizi bir daha təbrik
edirəm. Sizə uğurlar arzulayıram. Özünüzə
yaxşı baxın, vətəndaşlarla məsafə
saxlayın.
Azərbaycan.-2020.- 5 iyun.- S.3-4.