Yeni
Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans
formatında növbəti iclası keçirilib
İyunun
4-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
videokonfrans formatında növbəti iclası keçirilib.
YAP-dan
AZƏRTAC-a bildiriblər ki, iclasda pandemiya ilə əlaqədar
Yeni Azərbaycan Partiyasının gördüyü işlər
barədə məlumat dinlənilib.
Qeyd
edilib ki, Azərbaycan Respublikasında koronavirus
pandemiyasının geniş yayılmaması və
pandemiyanın vura biləcəyi zərərin
qarşısını almaq üçün sistemli tədbirlər
həyata keçirilib. Görülən tədbirlər
sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi
də xüsusi diqqət mərkəzindədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü
və birbaşa rəhbərliyi altında epidemiyanın
qarşısının alınması və fəsadlarının
aradan qaldırılması istiqamətində həyata
keçirilən tədbirlərdə Yeni Azərbaycan
Partiyası yaxından və fəal iştirak edib, bu istiqamətdə
bir sıra mühüm aksiyalar keçirib. Yeni Azərbaycan
Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə yaradılmış
Koronavirusla Mübarizəyə Dəstək Fonduna
bütövlükdə 500 min manat, Naxçıvan Muxtar
Respublikasında Koronavirusla Mübarizəyə Dəstək
Fonduna isə 30 min manat ianə edib. Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə ayrılmış ərzaq
yardımları YAP-ın könüllüləri tərəfindən
33355 imkansız ailəyə çatdırılıb.
Yeni
Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində
”Sağlamlığımız milli həmrəyliyimizdədir”
devizi ilə keçirilən kampaniya çərçivəsində
bütün respublika ərazisində ahıl, imkansız və
ehtiyacı olan 7780 ailəyə könüllülər vasitəsilə
gigiyenik vasitələr çatdırılıb. YAP tərəfindən
aprelin 4-də start verilmiş və xüsusi karantin rejiminin tətbiq
olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində
partiyanın rayon təşkilatlarının, eləcə də
fəalların maliyyə dəstəyi ilə 17324 ailəyə
ərzaq və digər yardımlar göstərilib.
Yeni
Azərbaycan Partiyasının və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-də
başladığı birgə sosial aksiya çərçivəsində
isə 21138 ailəyə sosial xidmət göstərilib.
İclasda,
həmçinin Yeni Azərbaycan Partiyasında fəaliyyət
göstərən komissiyaların yenidən formalaşması
məsələsi müzakirə edilib. Qəbul edilmiş qərara
əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər
edilib. İclas iştirakçıları komissiyaların fəaliyyətinin
daha da gücləndirilməsi istiqamətində təkliflərlə
çıxış ediblər.
Daha
sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər
müzakirə olunub.
Azərbaycan.-2020.- 5 iyun.- S.5.