Milli
Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
İyunun
4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti
iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, komitənin sədri Əhliman
Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19)
pandemiyasının Azərbaycanda geniş
yayılmasının qarşısının alınması,
bu sahədə həyata keçirilən tədbirlər barədə
danışıb. Bu sahədə Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini
yüksək qiymətləndirən komitə sədri ölkə
vətəndaşları tərəfindən karantin rejiminin
yumşaldılmasından sui-istifadənin yolverilməz
olduğunu vurğulayıb.
Sonra
iclasda "İnsan orqan və toxumalarının donorluğu və
transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda
müzakirə edilib. Əhliman Əmiraslanov sənədi ətraflı
şərh edib. Qeyd olunub ki, qanun layihəsi ölkə
Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq,
Azərbaycanda insan orqan və toxumalarının donorluğunun
və onların transplantasiyasının hüquqi əsaslarını,
donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində
fəaliyyət göstərən tibb müəssisələrinin,
tibb işçilərinin hüquqlarını və vəzifələrini
müəyyən edəcək, bu sahədə yaranan
münasibətləri tənzimləyəcək. 5 fəsil,
35 maddədən ibarət sənəddə qanunun tətbiq
dairəsi, donorluğun və transplantasiyanın əsas
prinsipləri, qayda və şərtləri, bu sahəyə
yardımın təşkili, transplantasiya işini həyata
keçirən mütəxəssislərin hüquq və vəzifələri,
resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası,
donor orqanlarının resipiyentlər arasında
bölüşdürülməsi kimi məsələlər
ətraflı ehtiva olunub.
Komitə
üzvləri Rəşad Mahmudov, İlham Məmmədov,
Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət
olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı
fikirlərini bildirərək, bu sahədə dünya ölkələrinin
qabaqcıl təcrübəsindən danışıblar.
Gündəliyin
ikinci məsələsini təqdim edən Milli Məclis
Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin
müdiri Məhəmməd Bazıqov "Sanitariya-epidemioloji
salamatlıq haqqında”, "Yerin təki haqqında” və
"Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif
olunan dəyişiklikləri diqqətə
çatdırıb və bildirib ki, bu dəyişikliklər
ekoloji təhlükəsizliyin qorunması məqsədi
daşıyır.
İclasda
gündəliyin üçüncü məsələsinin -
"Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklərin
(birinci oxunuş) mahiyyətini açıqlayan Məhəmməd
Bazıqov diqqətə çatdırıb ki,
"Əhalinin sağlamlığının qorunması
haqqında” Qanunda dəyişiklik edilməsi barədə”
2019-cu il 27 iyun tarixli Qanunda tibb müəssisələrinin
akkreditasiyası nəzərdə tutulub. Bunu TƏBİB-in
tabeliyindəki tibb müəssisələrinə münasibətdə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
digər tibb müəssisələrinə münasibətdə
isə Səhiyyə Nazirliyi həyata keçirəcək. Sənəddə
ambulator xidmət göstərən tibb müəssisələrinin
akkreditasiyasının keçirilməsinə görə
tutulan dövlət rüsumunun məbləği ərazi
(regional) prinsipinə görə, stasionar xidmət göstərən
tibb müəssisələrinin akkreditasiyasına görə
tutulan dövlət rüsumunun məbləği isə
çarpayı sayına görə
diferensiallaşdırılır. Tibb müəssisələrinin
akkreditasiyasının məqsədi əhaliyə göstərilən
tibbi xidmətin keyfiyyətinin, əhalinin yüksək keyfiyyətli
tibbi xidmət göstərən müəssisə tərəfindən
müayinə və müalicə olunması üçün
seçim hüququnun təmin edilməsidir.
Ətraflı
müzakirələrdən sonra hər üç qanun layihəsi
Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Azərbaycan.-2020.- 5 iyun.- S.6.