Baş
Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov
əhaliyə müraciət edib
Azərbaycan
Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri
Əli Əsədov iyunun 4-də ölkəmizdə
koronavirusa yoluxma hallarının kəskin artması ilə
bağlı əhaliyə müraciət edib.
AZƏRTAC
müraciəti təqdim edir.
"Hörmətli
həmvətənlər!
Məlum
olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq
dünyada cərəyan edən və fevral ayından Azərbaycana
da idxal olunan koronavirus infeksiyasının
qarşısının alınması məqsədilə
dövlət və hökumət tərəfindən ilk
günlərdən təxirəsalınmaz və qətiyyətli
tədbirlər görülüb və görülməkdədir.
Profilaktik və təxirəsalınmaz tədbirlərin
operativ həyata keçirilməsi üçün Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı
ilə Nazirlər Kabineti yanında Operativ Qərargah
yaradılmışdır. Operativ Qərargah "Sanitariya-epidemioloji
salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən
aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan
etmişdir, kütləvi tədbirlər ləğv edildi,
ölkəmizin quru sərhədləri bağlanıldı,
şəhər və rayonlararası gediş-gəliş
dayandırıldı. Xəstəliklə mübarizənin
gücləndirilməsi məqsədilə xüsusi karantin
rejimi mərhələli şəkildə sərtləşdirildi.
Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində
yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə
dövlət başçısının
tapşırıqlarına uyğun olaraq bütün sahələr
və istiqamətlər üzrə lazımi tədbirlər
görülüb və görülməkdədir.
Atılmış bütün addımların əsas məqsədi
vətəndaşlarımızın
sağlamlığının və həyatının
qorunmasıdır.
Görülmüş
tədbirlər müsbət nəticələr vermişdir və
bu, statistik göstəricilərdə də öz əksini
tapmışdır. Həkimlərin tövsiyələri və
statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən
Operativ Qərargah mərhələli şəkildə
yumşaldılma tədbirlərinə
başlamışdır. Karantin dövrü ərzində istər
həkimlərin, istərsə də digər rəsmi şəxslərin
müraciətlərində mütləq olaraq
sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas
tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi
görülmüş işləri yüksək qiymətləndirərək
həmrəylik göstərdi və ilkin olaraq həmin
tövsiyələrə və tələblərə riayət
edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son
yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın
böyük bir hissəsi müəyyən olunmuş qaydalara
və təcrid tövsiyələrinə riayət etmədi.
Bunun nəticəsi olaraq son günlər infeksiyaya
yoluxanların sayı kəskin artmışdır.
Bunlara
əsaslanaraq və tibbi qərargahın müraciəti ilə
Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən
6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma
hallarındakı artım səbəbindən Bakı,
Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində
və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Qərarda göstərilən tələblərə riayət
olunması məcburidir və mütləqdir.
Xəstəliyin
yoluxma halları digər şəhər və bölgələrdə
artacağı hallarda sərt tədbirlər gələcəkdə
həmin bölgələrdə də təkrarən tətbiq
olunacaqdır.
Qərarın
icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə
həvalə olunmuşdur.
Sonda
bir daha bildirmək istəyirəm ki, görülən
bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın
sağlamlığının və həyatının
qorunmasıdır”.
Azərbaycan.-2020.- 5 iyun.- S.6.