Prezident
İlham Əliyevin maskadan istifadə etməsi hər birimiz
üçün nümunə olmalıdır
Azərbaycanda
həyata keçirilən siyasətin mərkəzində
ölkə vətəndaşları dayanır
İyunun
5-də Milli Məclisin növbədənkənar
sessiyasının növbəti iclası keçirildi.
Parlamentin Sədri Sahibə Qafarova ilk olaraq onu bildirdi ki,
dünən Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov ölkə vətəndaşlarına
müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın
məlumatı yayılıb.
Hər
bir vətəndaş Operativ Qərargahın tələb və
tövsiyələrinə riayət etməlidir
Son
vaxtlar vətəndaşların əksəriyyəti karantin
rejiminin tələblərinə əməl etmədiyinə
görə ölkədə koronavirusla bağlı epidemioloji
vəziyyətin pisləşdiyini, xəstəliyə
yoluxanlar ilə sağalanlar arasında ciddi fərq
yarandığını deyən spiker vurğuladı ki,
bununla əlaqədar karantin rejiminin yenidən sərtləşdirilməsi
qərara alınıb. Şənbə və bazar günləri
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində
və Abşeron rayonunda əhalinin yaşayış yerlərini
və ya olduğu ərazini tərk etməyə qadağa
qoyulub. Əhalidən xüsusi karantin rejiminin tələblərinə
əməl etmək tələb olunub.
"Bununla
əlaqədar mən də deputatlardan, parlament
Aparatının və İşlər İdarəsinin əməkdaşlarından
tələb edirəm ki, karantin rejiminin tələblərinə
ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə
hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən
istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl
etsinlər. Mən düşünürəm ki, iclasımızı
işıqlandıran media nümayəndələrinin də
bu tövsiyələrə əməl etmələri
yaxşı olardı” - deyə Sahibə Qafarova bildirdi.
Spiker
öz çıxışında daha sonra dedi ki, iyunun 3-də
Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri
Muzeyinin açılışında iştirak edərkən
maskadan istifadə etməsi hər birimiz üçün
nümunə olmalıdır: "Hər bir vətəndaş
öz şəxsi məsuliyyətini dərk etməli, Operativ
Qərargahın tələb və tövsiyələrinə
riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan
dövləti virusa qarşı mübarizədə
bütün lazımi tədbirləri həyata keçirir.
Möhtərəm Prezident İlham Əliyevin Ağcabədidə
"ASAN Həyat” kompleksinin açılışında qeyd
etdiyi kimi, Azərbaycan koronavirusa qarşı mübarizədə
nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o
cümlədən Ümumdünya Səhiyyə Təşkilatı
da ölkəmizdə atılmış məqsədyönlü,
səmərəli və cəsarətli addımlara yüksək
qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda
həyata keçirilən siyasətin mərkəzində
ölkə vətəndaşları dayanır və
onların sağlamlığı hər şeydən öndə
gəlir”.
"Onları
Heydər Əliyev dar ağacından xilas etdi”
Sonra
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə
çatdırdı ki, gündəliyə 4 məsələ
daxil edilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar
cari məsələlərə dair fikirlərini bildirdilər.
İlk söz alan deputat Aqil Abbas Şuşanın
salınmasının 270 illiyinin qeyd olunması ilə
bağlı təkliflərini bildirdi. Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov isə 1993-cü ilin
iyununda Gəncə hadisələrinin günahkarlarının
və o zaman Surət Hüseynovun əsiri olan şəxslərin
indi bəziləri tərəfindən qəhrəman kimi təqdim
olunduqlarını bildirdi. Onun sözlərinə görə,
o zaman hadisələrin qarşısını ala bilməyənlər
indi özlərini demokrat adlandırırlar: "Surət
Hüseynov dar ağacları qurmuşdu. Onları Ümummilli
Lider Heydər Əliyev dar ağacından xilas etdi. Dövlət
katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə
gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan
sonra hərəsi bir dərədən çıxıb
özlərini demokrat adlandırdılar”.
Bu
mövzuda danışan Milli Məclis Sədrinin birinci
müavini, Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli də son günlər
4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli
fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin
özlərinə bəraət qazandırmaq cəhdlərinin
müşahidə edildiyini, lakin bütün bu cəhdlərin
əbəs olduğunu bildirdi. Əli Hüseynlinin sözlərinə
görə, ozamankı Ali Sovet bu hadisələrə rəy
verib və qərar qəbul edib: "Əminəm ki, gələcək
nəsillər də həmin qərardan düzgün nəticə
çıxaracaqlar. Məlum hadisələr ozamankı hakimiyyətdə
olan 17 nəfərin səhvi üzündən baş verib.
Tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədənlərlə
həmin qiyamın qarşısını almağa
çalışan qüvvələr eyni cinayəti törədib.
Nəticə isə çox acınacaqlı olub. Ermənilər
baş verənlərdən istifadə edib, ölkədə vətəndaş
qarşıdurması yaranıb”.
İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlardan Naqif
Həmzəyev, Vahid Əhmədov, Ceyhun Məmmədov, Bəhruz
Məhərrəmov ölkə həyatının müxtəlif
sahələrində son vaxtlar baş verən hadisələr
barədə fikirlərini açıqladılar, təmsil
etdikləri dairələrdə seçicilərlə
keçirdikləri görüşlərdən
danışdılar. Deputatlar öz
çıxışlarında koronavirusla mübarizə sahəsində
həyata keçirilən çevik tədbirlərin vətəndaşlar
tərəfindən razılıqda qarşılandığını
söylədilər.
2019-cu
il Azərbaycanda sürətli islahatlar ili kimi yadda qalıb
Sonra
iclasın gündəliyindəki məsələlərin
müzakirəsi başladı. Spiker Sahibə Qafarova Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının üzvlərinin təyin edilməsi
haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar
layihəsi barədə məlumat verdi. Bildirildi ki,
komissiyanın Əsasnaməsinə görə onun 5
üzvü Milli Məclis tərəfindən təyin edilməlidir.
Qeyd edildi ki, namizədlər səriştəli, cəmiyyətdə
nüfuz sahibi olan insanlardır.
Qərar
layihəsi səsə qoyularaq qəbul edildi.
"Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi
birinci oxunuşda müzakirəyə təqdim olundu. Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili bildirdi ki, qanun layihəsi
"Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə və formada Milli Məclisə təqdim
edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları
əhatə edərək qanunla müəyyən olunmuş
qaydada tərtib olunub. Qeyd edildi ki, 2019-cu ilin dövlət
büdcəsi Prezident İlham Əliyevin müəyyən
etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət
istiqamətləri ilə uzlaşdırılaraq qlobal
iqtisadiyyatda gedən proseslərin icmal və dövlət
büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri
nəzərə alınmaqla icra olunub.
Diqqətə
çatdırıldı ki, 2019-cu il Azərbaycanda ən
sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb.
İndiyədək heç bir ildə 2019-cu ildə olduğu
kimi, eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və
genişmiqyaslı addımlar atılmayıb. Təsadüfi
deyil ki, Dünya Bankı da "Doing Business 2019” hesabatında
Azərbaycanı dünyanın ən çox islahat aparan
ölkəsi elan edib.
Ötən
müddətdə qeyri-neft sənayesinin istehsalının 14
faiz, kənd təsərrüfatı istehsalının 7.3
faiz, əhalinin real gəlirlərinin 4.7 faiz, orta aylıq əməkhaqqının
14 faiz artması islahatların nəticələrinin qısa
müddət ərzində iqtisadi subyektlər və əhali
tərəfindən hiss edilməsinə səbəb olub. Azərbaycanda
2018-ci ilə nisbətən iqtisadi artım 0.7 faiz sürətlənərək
2019-cu ildə 2.2 faizə çatıb. Qeyri-neft sektoru üzrə
iqtisadi artım isə 3.5 faiz təşkil edib. 2019-cu ildəki
iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı
hesabına təmin edilib. Ümumiyyətlə, qeyri-neft
sektorunun ÜDM-dəki payı 2018-ci ildəki 58.3 faizdən
2019-cu ildə 61.7 faizə qalxıb. Ölkədə əməkhaqqı
fondunun ÜDM-də payının artırılaraq 6.1 faizə
çatması təqdirəlayiq haldır.
2019-cu
ildə ölkənin strateji valyuta ehtiyatları artaraq 51.4
milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən
çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar
balansında 4.3 milyard manat həcmində profisit qeydə
alınıb.
Xarici
və daxili investorlar üçün əlverişli biznes
mühitinin yaradılması, biznesin vergi yükünün
optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən
sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də
xüsusi əhəmiyyət kəsb edib. Prezident İlham
Əliyevin bilavasitə tapşırığı ilə
biznes mühitinin yaxşılaşması istiqamətində
son illərdə həyata keçirilmiş tədbirlər
Dünya Bankının sonuncu "Doing Business”, biznes
üçün şərait hesabatında yüksək qiymətə
layiq görülüb, ölkəmiz 190 ölkə
arasında 25-ci yerə yüksəlib.
Qeyd
olundu ki, ötən il dövlət və icmal büdcələrinin
gəlirləri proqnozla nəzərdə tutulduğundan
artıq, xərcləri isə təsdiq edilmiş büdcə
ayırmaları həddini aşmadan icra olunub. Belə ki,
2019-cu il üçün icmal büdcənin gəlirləri
34 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat
çox, xərcləri isə 26,5 milyard manat icra olunub.
İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat
və ya 4 dəfə çox, yəni 7,5 milyard manat büdcə
artıqlığı (profisit) yaranıb.
2019-cu
ildə dövlət büdcəsinin gəlirləri 24 milyard
218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və
ya 4,5 faiz çox icra edilmişdir. Təqdirəlayiq haldır
ki, əldə olunan bütün əlavə gəlirlər və
dövlət büdcəsində ənənəvi
formalaşan ehtiyatlar istisnasız olaraq dövlət
başçısı tərəfindən əhalinin sosial
müdafiəsinin güclənməsinə yönəldilmişdir.
Ötən
il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə
24 milyard 426 milyon manat təşkil etmişdir. Proqnoza nisbətən
büdcə xərclərinin az icra olunmasına baxmayaraq
heç bir sosial layihənin, prioritet xərclərin və tədbirlərin
ixtisar olunmaması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Tahir
Mirkişili qeyd etdi ki, 2019-cu il üçün dövlət
büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən
etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi,
əsas dövlət və sosial vəzifələrin həyata
keçirilməsi, əhalinin sosial müdafiəsinin
yaxşılaşdırılması, ölkədə
makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın
stimullaşdırılması istiqamətində öz
müsbət rolunu oynayıb.
Maliyyə
naziri Samir Şərifov bildirdi ki, Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsində
2019-cu il üçün dövlət büdcəsinin
icrası haqqında qanun layihəsi və müvafiq hesabat ətraflı
müzakirə edilib. İclasda faydalı, konstruktiv fikir
mübadiləsi aparılıb.
Hesablama
Palatasının sədri Vüqar Gülməmmədov da
öz çıxışında 2019-cu ilin dövlət
büdcəsinin icrası ilə bağlı Milli Məclisin
komitə iclasında məhsuldar müzakirələrin
aparıldığını qeyd etdi. Bildirdi ki, rəhbərlik
etdiyi qurumun rəyi Milli Məclisə təqdim olunub.
Müzakirələr
zamanı komitə sədrləri Qənirə Paşayeva,
Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Aydın Mirzəzadə,
Fazil Mustafa, Elşən Musayev, Azər Badamov, Əli Məsimli,
Qüdrət Həsənquliyev, Azay Quliyev, Məlahət
İbrahimqızı, Tahir Kərimli, Musa Qasımlı,
Aydın Hüseynov, Aqiyə Naxçıvanlı, Rauf
Əliyev məsələ barədə öz fikirlərini
açıqladılar, təkliflərini verdilər.
Maliyyə
naziri Samir Şərifov səsləndirilən fikirlərə
münasibət bildirdikdən sonra qanun layihəsi birinci
oxunuşda qəbul edildi.
Məhkəmə-hüquq
islahatlarından irəli gələn dəyşikliklər
Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini
(birinci oxunuş) müzakirəyə təqdim etdi. Dəyişiklik
ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin
artırılması sahəsində görülən tədbirlər
çərçivəsində məhkəmələrin fəaliyyətinin
monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini
daşıyır.
Milli
Məclis Sədrinin birinci müavini Əli Hüseynli, komitə
sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, Ziyafət
Əsgərov, deputatlar Qüdrət Həsənquliyev, Jalə
Əliyeva bu məsələyə münasibət bildirdilər.
Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Gündəliyin
sonuncu məsələsi - "Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə
(birinci oxunuş) də Əminə Ağazadə məlumat
verdi. Qeyd olundu ki, məcəlləyə təklif olunan dəyişikliklər
bir neçə istiqamət üzrə hazırlanıb.
Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə
verilmiş tapşırıqların icrası ilə
bağlıdır. Belə ki, ədalət mühakiməsinin
əlçatanlığını və şəffaflığını
daha da artırmaq məqsədilə məcəlləyə
bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər
"Elektron məhkəmə” informasiya sisteminin tətbiqini,
müasir informasiya-kommunikasiya texnologiyalarının
üstünlüklərindən istifadə edilməklə
xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə
davam etdirilməsini təmin edən yeni maddələrin əlavə
edilməsini, məhkəmə icraatının obyektivliyini
daha dolğun şəkildə təmin etmək
üçün bütün məhkəmə
iclaslarının fasiləsiz audioyazısının
aparılmasını və protokolun məhkəmə
iclasının audioyazısına uyğun tərtibini nəzərdə
tutur.
Növbəti
istiqamət cinayət mühakimə icraatında kassasiya
şikayəti icraatının təkmilləşdirilməsindən
ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin
məhkəmələrinin hökmlərinin və ya digər
yekun qərarlarının tanınması üzrə
icraatın prosessual qaydaları ilə bağlıdır.
Bununla əlaqədar olaraq Cinayət-Prosessual Məcəlləsinə
həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə
edilməsi təklif olunur. Qanun layihəsinin 2020-ci il iyul
ayının 1-dən qüvvəyə minməsi nəzərdə
tutulub.
Müzakirələr
zamanı çıxış edənlər təklif olunan dəyişiklikləri
məqsədəmüvafiq hesab etdilər. Yekunda qanun layihəsi
birinci oxunuşda qəbul edildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2020.- 6 iyun.- S.1;3.