Rusiya
Ermənistana güzəştə getmir
Paşinyanın
xarici siyasəti işğalçı ölkəni fiaskoya
uğradıb
Ermənistanın
bütün cəhdlərinə rəğmən bu ölkənin
Rusiyadan aldığı qazın qiymətində hələ
də hansısa güzəşt edilməsi gözlənilmir.
Buna görə Nikol Paşinyan iqtidarı ciddi tənqid hədəfinə
çevrilib. Xüsusən də Rusiyanın Gürcüstana
satdığı qazın qiymətini aşağı salması
bu prosesi daha da qızışdırıb. Ermənistanın
"Vətəndaş şüuru” ictimai təşkilatının
sədri Narek Samsonyan bu xüsusda bildirir: "Rusiya
Gürcüstana tədarük edilən qazın tarifini 15 faiz
aşağı saldı. Nikol faydasız, Nikol
yalançı, Nikol cinayətkar, Nikol yaramaz...”
Qeyd
edilib ki, ruslar dost olmayan Gürcüstana qazın qiymətini
aşağı salırlar, strateji müttəfiq Ermənistana
isə qiyməti qaldırırlar. Bütün bunlara əsas
səbəb isə Ermənistanın baş naziri Nikol
Paşinyanın yarıtmaz siyasətidir. Xatırladaq ki, qaz məsələsi
sonuncu dəfə Ali Avrasiya İqtisadi İttifaqının
iclasında müzakirə predmeti olub. Burada Nikol Paşinyan
qurumun ümumi enerji bazarının yaradılması və qaz
qiymətlərinə vahid tariflə yanaşma məsələsini
həll etmir. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib
ki, vahid tarif yalnız vahid büdcə və vergi sisteminin
olduğu bazarda tətbiq edilə bilər: "Bu inteqrasiya səviyyəsinə
çatmayana qədər qazın qiymətləri bazar şərtləri
əsasında formalaşdırılmalı, tədarükçülərin
xərcləri və investisiyaları nəzərə
alınmalı və istehsalata yatırılan kapitala uyğun
gəlir dərəcəsi təmin edilməlidir”.
Lakin
indiki halda Gürcüstanla olan durum göstərir ki, Ermənistanın
xarici siyasətini Rusiya qəbul etmir. Belə ki,
Gürcüstan "Qazprom”la qazın qiymətinin azaldılması
ilə bağlı razılaşmaya yenidən baxır.
Gürcüstanın yeni təyin olunmuş İqtisadiyyat və
Davamlı İnkişaf naziri Natia Turnava məsələ ilə
bağlı bildirib: "Güclü rəqabət fonunda
dünya neft bazarında qiymətlərin
düşdüyünü nəzərə alsaq,
"Qazprom”la qüvvədə olan razılaşmaya yenidən
baxılması qazın qiymətini azaltmağa kömək edəcək.
Ticarət sirrinə əsasən rəqəm deyə bilmərəm,
amma təbii qazın qiymətinin təxminən 15 faiz
ucuzlaşacağını deyə bilərəm”.
Ermənistanın
"168.am” internet nəşri yazır ki, bununla faktiki olaraq
Ermənistanın arxa planda qaldığı nümayiş
olunur. Eyni zamanda baş verənlər göstərir ki, Tiflis
Rusiya ilə gərgin münasibətlər fonunda qazın qiymətində
güzəştlər əldə etdiyi halda özünü
strateji müttəfiq kimi təqdim edən Ermənistan bu məsələdə
aciz qalıb.
Ermənistanın
Enerji Təhlükəsizliyi İnstitutunun sədri Vahe Davtyan
isə qeyd edir ki, Rusiya tərəfindən belə bir qərar
özündə erməni tərəfinə bir mesaj əks
etdirir: "Bu həm də Yerevana göndərilən bir mesaj
kimi qəbul edilə bilər. Ermənistan üçün bir
tərəfdən sərhəddə qazın qiymətinin
aşağı salınması məsələsinə
baxılmır, digər tərəfdən daxili tariflərin
artırılması üçün müraciət edilib.
Rusiya-Gürcüstan qaz müqaviləsi ilə bağlı və
müəyyən edilən qiymət ticarət sirri olsa da,
tendensiyanın özü əhəmiyyətlidir və dərin
siyasi məzmuna malikdir.
Son
zamanlar Rusiya-Gürcüstan münasibətlərinin daha
konstruktiv bir sahəyə keçdiyi nəzərə
çarpır, belə bir vəziyyət barədə dalana
dirənən Ermənistan-Rusiya münasibətləri
haqqında danışmaq olmaz. Bu kontekstdə qaz tarifi məsələsi
ikitərəfli münasibətlərin əsas indikatoru kimi nəzərdən
keçirilə bilər”.
Gürcüstan
məsələləri üzrə ekspert Coni Melikyan isə nəşrə
verdiyi müsahibəsində bildirib ki, bu, Ermənistan tərəfi
ilə problemlər fonunda gözlənilən idi:
"Gürcüstan və "Qazprom” 2006-cı ildən bəri
ildə bir dəfə, 2017-ci ildən bəri isə hər
iki ildənbir tranzit olaraq Gürcüstan vasitəsilə Ermənistana
qaz ötürülməsinə dair razılaşma
imzalayır. 2016-cı ildə başa çatan
razılığa qədər Gürcüstan tərəfi
Ermənistana tranzit üçün "Qazprom”dan tranzit həcminin
10 faiz həcmi qədər təbii qaz alırdı.
2017-2018-ci illərdə bağlanan razılaşmaya əsasən
isə Rusiya tərəfinin tələbi ilə
Gürcüstan tranzit üçün qismən qaz və
maliyyə kompensasiyası alırdı, yəni müəyyən
bir həcmdə pul müəyyənləşdirildi.
Gürcüstanın "Qazprom”la son müqaviləsi 2019-cu
ilin martında 2019-2020-ci illər üçün
imzalanıb. İndi maraqlı olan odur ki, 2017-ci ilə qədər
Gürcüstan demək olar ki, Rusiya qazı almırdı və
son iki ildə məhdud miqdarda, o cümlədən 2019-cu ildə
- təxminən 160 milyon kubmetr qaz alıb, bu da idxal olunan
qazın 5 faiz həcmini təşkil edir. Cari ildə isə
170 milyon kubmetr qazın idxalı planlaşdırılır.
Burada istehlak üsulu maraqlıdır. Onlar qaz alırlar və
artıq birjada iri şirkətlər bu qaz ehtiyatlarını
rəqabətli qiymətə alma imkanı əldə edirlər.
Tranzit üçün müəyyən bir miqdarda vəsait
var və razılaşmanın ikinci elementi odur ki,
Gürcüstan tərəfi kompensasiya edilən qazın əlavə
həcmi üçün müraciət edə bilər”.
Ekspert
istənilən halda Ermənistanla müqayisədə
Gürcüstanın uduşlu bir mövqedə olduğunu,
baş verənlərin Ermənistan hakimiyyətinin yarıtmaz
siyasətinin nəticəsi olduğunu bildirir. Keçmiş
gürcü diplomat, siyasi analitik İrakli Menaqarişvili də
bildirib ki, Rusiya Gürcüstan üçün qazın qiymətini
azaltmaqla sırf maraq kəsb edən qərar qəbul edib və
bu qərarda siyasi elementlər də var. Menaqarişvilinin
sözlərinə görə, Ermənistan halında vəziyyət
fərqlidir: "Rusiya bilir ki, əsas tədarükçüdür,
Ermənistanın enerji alternativi yoxdur və rus qazından
imtina edə bilməz, qiymət Ermənistanı qane etməsə
də, "Qazprom” bu bazarı ələ keçirib, siyasi
problemlər buna əlavə olunur və başqa qiymətin
razılaşdırılmasının
alınmadığı məlum olur”.
Belə
vəziyyətdə Ermənistanda Paşinyan hakimiyyəti daha
çox tənqid hədəfinə çevrilir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 5 iyun.- S.1;4.