Gənclərə geniş imkanlar yaradılır

 

Hər bir ölkənin, cəmiyyətin gələcəyə baxışında gənclər siyasəti xüsusi yer tutur. İstənilən strateji qərar böyüməkdə olan nəslin maraqlarının təmin olunması, onlar üçün layiqli həyat şəraitinin yaradılması üçün atılır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Gənclər cəmiyyətin aparıcı qüvvəsidir”. Gənclik dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalmış gözəl adətlərimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Gənclər siyasəti böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə almasına, perspektivli vətəndaşlar kimi formalaşıb gələcək fəaliyyətlərində cəmiyyətimizə töhfə verməsinə hədəflənmişdir. Bakıda, respublikamızın müxtəlif regionlarında Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş gənclər evləri, mədəniyyət mərkəzləri hər birimizin asudə vaxtının səmərəli keçməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə xidmət edir.

Ölkənin taleyüklü məsələlərində gəncliyin sözü və birliyi aparıcı, həlledici bir amilə çevrilmişdir. Hazırda gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və başqa sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə, yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət qurumlarından, ölkələrarası mübadilə proqramlarından, intellektual bilik yarışlarından gəlir. Azərbaycanda xalqın iqtisadi, sosial-mədəni səviyyəsi yüksəldikcə, cəmiyyətdə də müsbət proseslər baş verir.

İstedadlı gənclərin dünyanın tanınmış universitetlərində təhsil alması məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc xarici ölkələrə təhsil almağa yollandılar. Hazırda məzun olub, vətənə qayıdan gənclər ölkəmizdə müxtəlif dövlət orqanlarında yüksək vəzifələr tutmaqdadırlar. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan həkimlərimiz "COVID-19” virusuna qarşı ön cəbhədə vuruşaraq vətəndaşlarımızın sağlamlığının qorunması uğrunda mübarizə aparırlar. Gənclərimizin təqaüdlə xaricdə təhsil alması məqsədilə dövlətimiz xarici ölkələrlə əməkdaşlıq etməkdədir. "Hökümətlərarası Təqaüd Proqramı”na əsasən azərbaycanlı gənclər Macarıstan, Latviya, Qazaxıstan, Türkmənistan və Çin Xalq Respublikasının ali məktəblərində təhsil almaq hüququ əldə etmişlər. 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması gənclərin cəmiyyətdə daha da fəallaşmasına şərait yaratdı. Onların fərdi layihələrinin maliyyələşdirilməsi, istedadlı tələbələrin xaricdə təqaüdlə təhsil alması, beynəlxalq və yerli könüllülük proqramlarına cəlb olunmasında Gənclər Fondu mühüm rol oynayır.

Gənclərimiz yeni bacarıqlar əldə etmək üçün müxtəlif təşkilatların rəhbərliyi altında könüllülük proqramlarına cəlb olunurlar. Pandemiya ilə mübarizə dövründə könüllülərimiz yaşlı insanlara yardım göstərmiş, maarifləndirmə işləri aparmışlar. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən başladılan "Bir-birimizi qoruyaq!” adlı kampaniya Azərbaycan Respublikasının müxtəlif bölgələrində fəaliyyət göstərmişdir.

Bu günlərdə 3 saylı DOST mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: "Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir”.

 

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda da uğurla davam etdirilən gənclər siyasəti Azərbaycan Respublikasının inkişafına öz töhfəsini verməkdədir. Gənclərimiz dövlət başçısının ətrafında birləşərək, onun daxili və xarici siyasətini dəstəkləyirlər.

 

 

Əşrəf XANƏLİYEV,

Bakı Dövlət Universitetinin tələbəsi

Azərbaycan.-2020.- 6 iyun.- S.5.