Könüllülər
hər işdə öndədirlər
Azərbaycan
Prezidenti tərəfindən 2020-ci ilin "Könüllülər
ili” elan edilməsi bir sıra ictimai təşkilatlarda birləşən
gənclərimiz üçün geniş imkanlar
açmışdır. Elə bütün dünyanı
bürümüş COVID-19 pandemiyasına qarşı
mübarizədə də onların fəallığı
ikiqat artdı. Dövlət başçısının
çağırışına cavab olaraq könüllülər
həyatımızın bütün sahələrini iflic edən
bu gözəgörünməz bəlanın
qarşısının alınmasında öz sözlərini
deməklə nəyə qadir olduqlarını sübut etdilər.
Belə
bir çətin dövrdə naftalanlı könüllülər
də fəallıqlarını ikiqat artırmışlar.
Koronavirus (COVID-19) epidemiyası başlayan andan şəhərdə
fəaliyyət göstərən könüllülər əhali
arasında bu dəhşətli bəlaya qarşı maarifləndirmə
işlərinə başlamış, küçələrdə,
ticarət və ictimai iaşə obyektlərində təbliğat
işləri aparmaqla, əhalini Nazirlər Kabineti yanında
Operativ Qərargahın göstərişlərinə və qərarlarına
sözsüz əməl etməyə səsləmiş,
insanları şəxsi gigiyena qaydalarına əməl etməyə
çağırmışlar.
Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın pandemiyaya qarşı mübarizə ilə
bağlı çağırışına ilk qoşulanlar
da könüllülər oldular. Koronavirus infeksiyasının
ölkəmizdə yayılmasının və onun törədə
biləcəyi acı nəticələrin
qarşısının alınması istiqamətində
dövlət tərəfindən atılan bütün zəruri
addımları dəstəkləyən könüllülər
əhalinin maarifləndirilməsində və qayğıya
ehtiyacı olan inşanlara sosial xidmətlərin göstərilməsi
istiqamətində həyata keçirilən tədbirlərdə
əsl nümunə göstərdilər və indi də bu
işi uğurla davam etdirirlər. Onlar ölkə rəhbərinin
koronavirusla əlaqədar verdiyi tapşırıqların
yerinə yetirilməsi üçün tez-tez şəhər
xəstəxanasında olur, əhalinin tibbi müayinədən
keçirilməsi sahəsində tibb işçilərinin
yaxın köməkçilərinə çevrilirlər.
Bunun nəticəsidir ki, şəhər əhalisinin xeyli hissəsi
koronavirusla əlaqədar müayinələrdən
keçirilmişdir.
Şəhərdə
fəaliyyət göstərən könüllülər
karantin dövründə Heydər Əliyev Fondu, SOCAR, şəhər
icra hakimiyyəti, millət vəkilləri, "Regional
İnkişaf " İctimai Birliyi və şəhərdə
fəaliyyət göstərən sahibkarlar tərəfindən
ayrılmış ərzaq bağlamalarının və tibbi
vasitələrin şəhid ailələrinə, tənha
yaşayan ahıl insanlara, aztəminatlı ailələrə,
əlillərə, eləcə də qayğıya
ehtiyacı olan və ailə başçısını itirməyə
görə sosial müavinət alan ailələrə
çatdırılmasında fəal iştirak edirlər.
Bundan başqa, gənc könüllülər "Evdə
qal!” çağırış vərəqələrinin
çoxmərtəbəli yaşayış binalarının
sakinlərinə çatdırılmasında da fəallıq
göstərirlər. Məhz bunun nəticəsidir ki, karantin
dövründə qaydaları pozan və cərimə olunan
ahıl vətəndaşlar və aztəminatlı ailələr
qeydə alınmamışdır.
Karantin
dövründə 65 yaşdan yuxarı insanların evdən
çıxması qadağan olunduğu müddətdə
onların sifarişi ilə ərzaq məhsullarının və
dərman vasitələrinin alınıb evlərinə
çatdırılması da könüllülər tərəfindən
yüksək səviyyədə təşkil edilmişdir.
Bundan başqa, tənha yaşayan ahıllara aidiyyəti
qurumlarla birlikdə sosial məişət xidmətləri, o
cümlədən ev təsərrüfatı ilə
bağlı işlərdə, əsas tələbat
mallarının alınması, kommunal ödənişlərin
verilməsi və s. işlərin görülməsində
xüsusi fərqlənirlər. İcra nümayəndələrinin
və bələdiyyələrin tərtib etdikləri
siyahıya əsasən öz işlərini yüksək səviyyədə
quran könüllülər indiyədək 1000 nəfərə
yaxın ailəyə ərzaq bağlamalarının
çatdırılmasında yaxından iştirak etmişlər.
Lakin
Naftalan könüllüləri öz işlərini bununla
bitmiş hesab etmirlər. Onlar digər sahələrdə də
fəallıq göstərir, "Könüllülər
ili”ndə üzərlərinə düşən işin
yüksək səviyyədə həyata keçirilməsini
vətəndaşlıq borcu hesab edirlər.
Sabir
ƏLİYEV
Azərbaycan.-2020.-
6 iyun.- S.5.